14.09.2012

“Bura bazar deyil, sənətə xidmət yeridir”

Ancaq əsərlər satılır, ən bahalısı 5 min manatdır

Bu həftə ərzində bir neçə rəsm qalereyalarına baş çəkdim, amma məni öz aurası və xoş atmosferi ilə özünə cəlb edəni “Bakı” rəsm qalereyası oldu. Qapını açıb içəri daxil olanda bir anlıq elə bildim, nağıllar aləminə düşmüşəm, amma divarda natürmortların təsvir olunduğu rəsmləri görəndə əhvalım dəyişdi. Şair, rəssam Adil Mirseyidin sözlərini xatırladım. O deyirdi ki, insanlar məni çox incitdiyi üçün artıq natürmortlar çəkirəm...
“Bakı” rəsm qalereyası çox geniş otaqlardan ibarətdir, ancaq müştərilərə daha böyük dünyaları, hətta o böyük dünyaların daxilində məkan və zaman anlayışlarını belə, özündə əks etdirə bilən rəsmləri, təsviri sənət əsərlərini təqdim edir.
Qalereyada fərqli və yeni üslubda əsərlərə də rast gəldim, amma diqqətimi çəkən daha bir məqam bu yeniliyi öz üzərində saxlayan milli köklərin hiss edilməsi, duyulması idi. Milli adət-ənənələrimiz, tarixi köklərimiz və bir sözlə, Azərbaycan adlı bir məmləkətin varlığı duyulurdu.
Tarixi bir məkanda bir tarix yaradan “Bakı” rəsm qalereyasının rəhbəri Eldəniz Babayevlə söhbətə bu sənət ocağının yaranmasından başladıq.

“Öz kursumuza davam edirik” 

“Bakı” rəsm qalereyasının rəhbəri Eldəniz Babayev qalereyanın 1998-ci ildə Bakı şəhər Mədəniyyət və Turizm idarəsinin nəzdində fəaliyyət göstərən “Qala” rəsm qalereyasının bazasında yarandığını söylədi: “Həmin rəsm qalereyası o dövrün həm mədəniyyət, həm də təsviri sənət aləmində çox böyük rol oynadı, tədbirlərlə yadda qaldı. Mən on ilə yaxın o qalereyaya rəhbərlik etmişəm. Amma sonra ətrafımda olan çox tanınmış rəssamlar, bir də bir sıra səfirliklərdə çalışan fanatların köməyi ilə hazırda oturduğumuz “Bakı” qalereyasını təşkil etdik. 2006-cı ildən “Bakı” qalereyası fəaliyyətə başladı. O dövrdə Bakı şəhərində rəsmi olaraq ancaq Səttar Bəhlulzadə adına bir qalereya vardı. Yəni qalereyaların sayı çox az idi. Bakı şəhərində ilk şəxsi qalereyalardan biri də “Abşeron” qalereyasıdır. Özəl bir qalereya da Qız qalasının arxa tərəfindədir. Belə baxsaq, indi İçərişəhər yetərincə rəsm qalereyaları ilə əhatə olunub.
Sərbəst şəkildə fəaliyyət göstərməklə dövlət qurumunun nəzdində fəaliyyət göstərməyin fərqli olduğunu deyə bilərəm. Dövlət qurumunun nəzdində olmağımız bir çox rəsmi idarələrin qapılarını bizim üzümüzə açırdı. Doğrusunu desəm, bizim fəaliyyətimizi boğan, qısan heç bir məqamla, məhdudiyyətlə üzləşməmişdik. Oradan qopandan sonra isə biz sanki keçmiş kursumuzu davam etdirmiş olduq. Yaxın günlərdə Azərbaycan Rəssamlar İttifaqında Misirin Azərbaycandakı səfirliyi, Misir Mədəniyyət və Kültür Mərkəzi ilə bərabər iki ölkə uşaqlarının, birbaşa “Esmiralda” uşaq və yeniyetmə rəsm studiyası yetirmələrinin əl işlərindən ibarət çox böyük sərgi təşkil elədik. Tədbirə hər iki tərəfdən vəzifəli insanlar qatıldı. Baş təşkilatçı bizim qalereya idi. İndi düşünürük ki, Misirdə də analoji tədbir təşkil edək. Bu istiqamətdə danışıqlar gedir”.

“Bakı” rəsm qalereyasının qapıları hər kəsə açıqdır 

Müsahibimiz qeyd edir ki, qalereyanın qapıları hər kəsin üzünə açıqdır: “Qalereyamız hamını qarşılamağa hazırdır. Biz heç vaxt bilet və buna bənzər hər hansı pullu giriş vasitəsindən istifadə etməmişik. Bəzən turistlər bizim qalereyamıza daxil olur və heyrətə gəlirlər ki, niyə giriş biletlə deyil. Biz belə düşündük ki, “Bakı” qalereyası pulsuz olsun. Ümumiyyətlə, turizm qonşu ölkələrə baxanda bizdə hələ öz zirvəsinə çatmayıb. Bunu etiraf etmək lazımdır. Təbii ki, “Eurovision” müsabiqəsindən sonra ölkəyə axın oldu, amma yetərincə yox...
Bəzən gələn turistlər, elə öz ziyarətçilərimiz də deyirlər ki, siz böyük iş görürsüz. Qalereyaya gün ərzində 20-30 insan gəlir. Amma ən çox alıcı bayram günlərində olur. Bir maraqlı məqam da var, bəzən hər hansı bir ünvanı soruşmaq üçün qapımızı açırlar, sonra maraqlanıb qalırlar. Getmək istəmirlər, hətta Azərbaycanın tarixini kiçik bir varlığını burda görənlər də var”.

“İstərdim insanlar canlanma yaratsınlar” 

Eldəniz Babayev düşünür ki, İçərişəhərin Qız Qalasına yaxın hissəsində bir canlanma var: “Mən çox istərdim ki, qalereyamız yerləşən hissədə də eyni canlanma olsun. İnsanlar bura da tez-tez baş çəksinlər. Ola bilsin, İçərişəhər rəhbərliyi bu yöndə hansısa addımlar atmaq barədə düşünür. Elə günlər olur, bir nəfər də qapımızı açmır. Məni daima incəsənətə, təsviri sənətə olan maraq düşündürür. “Eurovision” ərəfəsində ölkəmizə gələn turistlər bizim milli dəyərlərimizi özündə əks etdirən əsərlərə daha çox diqqət göstərirdilər. Müasirlik lazımdır, amma milli elementləri unutmaq olmaz. Bizim qalereyada milli dəyərləri özündə yaşadan yaşlı nəslin nümayəndələri ilə bərabər gənc nəslin də rəsm əsərləri var.
Həmişə hesab eləmişəm ki, gənclərdə düşüncə tərzi daha çağdaşdı. Onlar novatorluğu daha çox sevirlər. Təbii ki, klassik Azərbaycan təsviri sənətində öz sözünü demiş rəssamlar da az deyil. Gənclərin bəzi əsərlərinə baxanda öz sözünü demiş rəssamların da ruhu duyulur. Amma bu o demək deyil ki, onun əsərinin surətini çıxarıb, yox, əsla, belə deyil. Sadəcə o ruh hiss olunur və mən sevinirəm ki, bu ənənə itmir. Ənənənin qorunub saxlanmasında təbii ki, rəsm qalereyalarının da böyük rolu var. Mən öz həmkarlarıma həmişə deyirəm ki, sərgi salonuna bir bazar mənbəyi kimi baxmayın. Bura incəsənətə xidmət yeri kimi baxmaq lazımdı. Əgər qismətində varsa o ruzi gəlib səni özü tapacaq”.

Narahatlıq 

Müsahibimiz onu narahat edən məsələlərdən də danışdı: “Məni narahat edən bir məsələ haqqında da danışmaq istəyirəm. Özünüz şahidsiniz ki, televiziyalarda hər mövzu ətrafında söhbətlər, müzakirələr gedir. İstər musiqi, istər teatr və incəsənətin digər sahələri haqqında. İstərdim təsviri sənətlə bağlı məsələlərə də toxunulsun, o insanlar da verilişlərə dəvət alsınlar. Gömrük işçilərinə səslənmək istəyirəm ki, rəsm əsərlərinin aparılıb-gətirilməsinə mane olmasınlar. Olur ki, bir iş adamı, ya bir turist bir günlük gəlir, rəsmi bəyənib alır, aparanda gömrükdən buraxmırlar. Axı o əsərlər xaricdə bizim mədəniyyəti təbliğ edəcək. Hətta emalatxanalardan alınan əsərlər belə, sənədi olmasa ölkədən kənara buraxılmır”.

Hər şey insanların ruhu ilə bağlıdır

“O dövrdə insanların ruhu daha təmiz olub. İndi nə qədər çox informasiya verilsə, insanların fikirlərində bir o qədər də sapmalar olur. Türklər demişkən, hər şeyin kolaylığına qaçırlar. Bəziləri də kompüter qrafikası ilə iş görür. O kompüter nə qədər dəqiq işləsə belə, insan əlini əvəzləyə bilməz. Rəssamın əlindən çıxmış əsər tamamilə ayrı bir dünyadır. O rəsm insanla danışır sanki”- deyə Eldəniz Babayev bildirdi.

Ən bahalı əsər 5000 manatdır 

Rəsm qalereyasının rəhbəri əsərlərin qiymətlərindən də danışdı: “Qalereyamızda olan bəzi seçmə əsərlər var ki, onlar satış üçün deyil. Bəziləri nümayiş üçün bura qoyulub. Amma satış üçün olan əsərlərdən də danışmaq istəyirəm. Ən bahalı əsər isə 5000 manatdır. Fərqli qiymətlərə olanlar da var. 4000 manata və ondan da aşağı qiymətlər də var. Əsərə ucuz deyə bilmədiyim üçün ən ucuzunun qiymətini deyə bilməyəcəm”.

“Xarici ölkələrlə mübadiləni düşünürük” 

“Bakı” rəsm qalereyasının rəhbəri xarici ölkələrlə gələcəkdə rəsm və təsviri incəsənət əsərlərinin mübadiləsi barədə dedi ki, qalereyaya bəzi təsviri sənət əsərləri Türkiyədən gəlir: “Biz orda olan emalatxanalarla işbirliyi edirik. Gələcəkdə düşünürük ki, bizim də rəssamların və təsviri sənətlə məşğul olan insanların əsərlərini göndərək. Cənubda olan qardaşlarımızın da işlərinin bizə gəldiyini qeyd edim”.

Millət vəkilləri daha çox gəlir 

Qalereyaya gələn məşhurlar da az deyil: “Mən hamının adını çəkməyəcəm. Deyim ki, ziyarətçilərimiz arasında hüquqşünaslar, millət vəkilləri, səfirlik əməkdaşları olur. Millət vəkillərindən Ceyhun Osmanlının, Gülçöhrə Məmmədovanın adını qeyd edə bilərəm. Bir dəfə millət vəkili Qənirə Paşayeva bizim qalereyada olub”.
Mən “Bakı” rəsm qalereyasından xoş təəssüratlarla ayrıldım və özüm üçün yəqin etdim ki, Azərbaycanın kiçik bir parçası olan bu qalereyanın mənim qəlbimdə də özəl bir guşəsi olacaq.

Könül Səid                                  teleqraf.com


Комментариев нет:

Отправить комментарий