01.09.2012

Dünyadakı yadlar

Zümrüd Yağmur
                                                                                             
İt bir şeyi anlaya bilmirdi, bu dünyada adamların rahat yaşaması mümkünkən, niyə bu qədər əzab çəkən vardı. Bu dünyanı, adamları kim yaratmışdı, niyə belə yaratmışdı? Bu yoxsul, bax elə bu havada soyuqdan büzüşüb qaçışan insanlar, niyə belə yaradılmışdı, yaradan niyə hamını bərabər yaratmamışdı və qəribə bir iş idi, eyni olan bu qədər qeyri-bərabər idi. Bu yoxsul insanlar, ağaclıqda qoyub gəldiyi sahibi kimə, nəyə lazım idi?
İt dumanlı, düşünə biləcəyi qədər düşünüb cavab almaq üçün duyduqları, dərk etdiklərinin kifayət olmadığını hiss etdi. Anladı ki, çox şeyi dərk edə bilmir, dərk edə bilmir ki, yoxsul, bu əzab çəkən insanlar səbəbdir, o qaçqın damğası ilə damğalanmış sahibsiz, yoxsul sahibi onları əyənlər, əzib rahatlıq düzəldənlər üçün səbəbdir. Anlaya bilmədi ki, bu illər ərzində bu qaçqın damğalıların adına gələn yardımların hesabına nə qədər varlanan, rahat yaşayan vardı, əzilən milyonların, bu şəhərdəki, bundan o tərəfdə olan insanları idarə edib onlara xidmət etmək adı altında elə milyon-milyon zənginliklər qazananlar vardı.

Səbəb yoxsullar, nəticə zənginlərdir.
Yoxsullar zənginlərin qurbanlığıdır.
Anlaya  bilmədiklərinin görüntüsünü görüb mat qalan it haradasa, lap dumanlı şəkildə hiss edirdi ki, nəticələr səbəbləri əzir, didirdi, daha zəlil günə salırdı. Səbəblərə yazığı gəldi, hətta bu səbəblər öləndən də sonra nəticələr onların canından əl çəkmək istəmirdi. Və qəbirstanlıqdakı iri başdaşları kiçik başdaşlarını öz kölgəsindən buraxmırdılar. Segvindi ki, sahibini  belə qəbirstanlıqda basdırmamağı yaxşıdır, onsuz da sahibi səbəb idi, elə ölüsü də səbəb ola bilərdi, əgər rahat yaşayıb əziyyət çəkməyən bu adamlardan birinin yanında ölsəydi, yəqin onun ölümünü də səbəbə çevirəcəkdilər, xeyirxahlıq nümunəsi kimi kiçik bir iş edib, onu yoxsullara təqdim edib, digər səbəbləri əzmək üçün özlərinin daha da mərhəmətli olduqlarına inandıracaqdılar.
 Bu yoxsul, ac, qaçqın insanlar bunları başa düşmürdümü, İlahi?!
Yaxşı bəs Allah niyə bir qisim bəndəsini nəticələrə səbəb yaratmışdı?! Bu yoxsullar olmasaydı, birisi keyfiyyətsiz, xəstəlikdən başqa  bir şeyə səbəb olmayan bir malı kimə satıb zənginləşəcəkdi?! Bu adamların dünyasında niyə bu qədər ədalətsizlik, eybəcərliklər vardı?! Bunları anlamağa çalışdıqca, it burnuna dolan suyu fınxırıb it olduğuna sevindi.
Axşam düşənə qədər bir şey tapmaq ümidi ilə dolaşdı. Sahibinin yanına qayıdanda suda islanmış bir çörək parçasından başqa bir şey tapa bilməmişdi. Ağacların arasından keçib sahibinin cənazəsinə yaxınlaşdı, hərəkətsiz dayanıb key nəzərlərlə uzanmış sahibinə baxdı, ürəyi lap qüssə ilə dolmuşdu. Bu dünyada tamam tək-tənha qalmışdı, bundan sonra necə olacaqdı, necə yaşayacaqdı, bilmirdi.
 Bir qədər də belə keçdi, daha dözməyə halı qalmamışdı, neçə gündən bəri soyuqda qalması lap ürəyini göynətdi. Dəhşət idi, bu dünyada tək bir sahibinə də yiyə dura bilmirdi. Bu fikirdən sonra heç dayana bilməyib ətrafa göz gəzdirdi. Bir qədər kənardakı açıq yer diqqətini cəlb etdi, irəli yeriyib çalaya bənzər yeri diqqətlə nəzərdən keçirdi, çalaya düşüb yeri didməyə başladı. Torpaq yumşaq idi, palçıqlı olduğundan dırnaqlarına yenə sürətlə qazmağa başladı, pəncələrində taqət qalmamışdı, bir azdan qazdığı çalanın kifayət olduğunu hesab edib, azca dincəldikdən sonra sahibinə tərəf süründü. Yarpaqları təmizləyib, sahibinin didik-didik olmuş köynəyin qolundan yapışıb dartdı. Sahibi təsəvvür etdiyindən ağır idi, olan-qalan gücünü toplayıb bir daha dartdı, beləcə uzun müddət əlləşdikdən sonra sahibini qazdığı çalanı yanına qədər çəkib gətirdi. Amma əsas məsələ sahibini məzara qoymaq idi, it ürəyi ilə hiss etdi ki, sahibini itələyib çalaya salmaq düzgün deyil, sahibinin baş tərəfinə keçib bu dəfə çiyinlərindən dartıb, bir qədər çalaya yaxınlaşdırdı. Sahibinin quruyub taxtaya dönmüş cəsədi təkanla bir kötük kimi çalaya düşüb iti də özü ilə birlikdə məzara dartdı. İt çalaya yıxıldı, pəncəsi  cəsədin altında qalıb dartındı. Zingildəyib pəncəsini azad etdi, çaladan çıxıb ağrı, yorğunluqdan hərəkətsiz qaldı.Dırnaqları, bütün bədəni gizildəyirdi, pəncəsini yaladı, başını uzadıb gözlərini yumdu.
Aclıqdan əziyyət çəksə də, indi dərdi təklik dərdi idi, indi bu şəhərdə, ilk baxışdan sevə bilmədiyi bu yerlərdə tamam tək qalmışdı. Ürəyinə axan qüssədən şikayətli-şikayətli zingildəyib aşağı süzülən göz yaşlarını pəncəsinə sürtdü. Kəsik-kəsik ulayıb ağladı, qapqara göy üzünə göz gəzdirib bu dünyada təkliyin bütün nisgilinin dəhşətini hiss etdi. Adam olmağın dərdi böyük idi, it bunu sahibinin nisgilindən, tanımadığı məzarların üstündə ağlayan hiss etmişdi, amma bilməmişdi ki, it olmağın dərdi böyükdür, o qədər böyük ki, bu dərdi anlatmaq, tam anlamağın özü çətindir.
İt olmağın dərdi, bu dünya, bu gecənin qaranlığında, bu soyuqda ağlamaq idi, üzünü göyə tutub kimsənin başa düşmədiyi it dili, it naləsi ilə ağlamaq-ulamaq idi və bir də dərdini kimsənin anlamaması...   
Bütün dünyadan küsmüş halda, qaranlıqda seçilməyən sahibinin cənazəsinə tərəf baxıb üstünü torpaqla örtmək üçün səhərin açılmasını gözləməyi qərara aldı.
 Başını güclə qaldırıb gözlərini açanda səhər açılmaq üzrəydi. Sahibini qoyduğu çalaya yaxın gəlib əyildi, yoxlamaq üçün başını çalaya sallayanda, burnuna dəyən sudan diksinib geri atıldı. Təkrar irəli yeriyib çalaya baxanda dəhşətdən tükləri qabardı. Sahibinin məzarı suyla dolmuşdu, təşvişlə burnunu suya soxub cəsədin çiyinlərindən yapışıb bu dəfə bayıra çıxarmaq üçün dartmağa başladı. Cəsədi çıxarıb hərəkətsiz qaldı.
Bu nə idi, bu dünya, torpaq kimsəyə lazım olmayan, öləndə zər-ziba icində basdırılmayan, ölümündən kimsənin xəbəri belə olmayan kimsəsizi qəbul etmək istəmirdi. Nə dirisini görüb bilən olmuşdu, nə ölüsünü. Bu qanunauyğunluğun mahiyyəti vardısa, necə eybəcərlik idi? İlahi, bu nə hikmətdir ki, birinin bəxti gətirmək üçün digərinin bəxti qara olmalıdır?!
Və bu qara tale birinin diriykən taleyinə düşdüsə, demək, elə ölüsü də qara bəxtli olacaq. İt bu dünyanın işlərini düşünüb-düşünüb bir şey anlaya bilməyəcəyini anlayıb qərara aldı ki, heç düşünməyə dəyməz, elə yəqin belə də olmalıdır, yəqin yaradan, yazan belə rəva görüb, belə qərarlaşdırıb...
Sahibinin meyidi tamam islanmışdı, sakitcə şöngüyüb kədərli, islaq gözləri ilə cəsədə baxdı. Sonra asta-asta başını qaldırdı, yağış tam kəsməsə də, səngimişdi.
Daha səbri tam tükəndi, başını aşağı salıb ayaqlarını sürüyə-sürüyə naməlum istiqamətə üz tutdu, nə qədər getdiyini bilmədi, qəfil əyilib qulaqlarını şəkləyib ətrafa baxdı. Ağacların hər biri ona tənha adamı xatırladırdı və ağaclara da yazığı gəldi, bu ağaclar kimə lazım idi, bu bəxti gətirməmiş ağacların dəyəri nə idi?! İt özünün dəyərsiz, verciz olduğunu təkrar düşünüb birdən dikəldi, sol qulağını daha da qaldırıb ətrafı dinləyirmiş kimi dörd yanına baxdı. Bura hara idi, sahibi haradaydı? Qəribə bir qüvvə hiss edib, irəli atılıb gəldiyi yolla geri qayıtdı. Sahibini belə, açıq havada, bu yazıq ağacların əhatəsində qoyub getmək olmazdı, o, istəmirdi ki, belə etsin, qüvvəsi özünə qayıtmışdı elə bil, sahibinə çatan kimi onun çiyinlərindən tutub yenə harasa dartmağa başladı...
İt sahibini basdırıb üstünü torpaqlayanda artıq axşam düşmüşdü. Diqqətlə hər şeyi gözdən keçirdi, məzarın üstünə tökdüyü torpağı pəncələri ilə təkrar-təkrar sığallayıb hamarlamağa çalışdı, sonra ətrafdakı çör-çöp, yarpaqlardan məzarın üstünə töküb ayaq tərəfində uzandı. Hiss etdiyi güc hələ də onu tərk etməmişdi, indi ancaq məmnunluq hissi vardı, başqa heç nə...
Gecədən keçmiş göyün üzünə baxıb uladı, sahibinin yatdığı torpağa üzünü sürtüb başını elə o torpağın üstünə qoyub, gözlərini yumdu. Tək nigarançılıq sahibini burada kimin, nəyinsə narahat etməsi idi, amma onu başqa bir yerdə basdırmaq imkanı olmamışdı. Məzarın ayaq ucunda uzanıb gözləri yumulu halda sahibinin son dəfə hərarətini, istiliyini necə, hansı şəraitdə hiss etdiyini xatırlayıb içinə dolan qüssədən yenə ağladı. İtlərin ağlamağını adamlar görmürdülər, amma it sahibinin ağladığını dəfələrlə görmüşdü, hər dəfə də sahibinə qoşulub it ürəyi ilə ağlayıb, sızlamışdı. Ən kədərlisi, dəhşətlisisə bu idi ki, sahibinin ölməsindən, onun tək qalmasından bu dünyada kimsə xəbərdar deyildi, kimsə onların yoxluğunun, kədərinin fərqində olmayacaqdı. Min-min, milyon-milyon adamların fərqində olmayan bu dünya belə kimsəsizin heç fərqində olmayacaqdı. Bu dünyanın səbəblə əlləşən, səbəblə hesablaşan vaxtı olmamışdı, əsas nəticə idi, it belə görmüşdü və it ağlı ilə hiss edirdi ki, bundan sonra da belə olacaq.
Gecənin belə sabahladı. Məzarının ətrafında fırlanıb təkrar bir müddət ayaq ucunda oturub gözlədi, elə bil it ürəyi bu dəqiqə partlayacaqdı. Bu, nə dərd idi... Allah, o adamları etinasız olan bu şəhərdə necə qalacaqdı?!
 Yenə əvvəlki günləri, qoyub gəldikləri o torpaqlarda sahibi ilə keçirdiyi günləri xatırladı. Qəfil, özünə belə aydın olmayan bir titrəyişlə sıçrayıb, döyükdü. O torpaqlarda qoyub gəldikləri məzarlar yaddaşına gəlmişdi. İt mat qalıb hərəkətsiz dayandı, o torpaqların, məzarların hikmətini indi anladı, adamları göynədən məzar dərdini indi anladı, anladı ki, məzar son ümiddir, insanın bitməməsinə özünü inandırmaq üçün uydurduğu bir yalandır və bu nağıl əslində insan üçün ən böyük gercəkdir...
 İnsan özünü həyatla aldadıb ovundurmağı bacardığı kimi, məzarla da özünü ovundururdu və yalnız indi sahibinin hərdən tanımadığı birinin məzarına gedib orada oturub ağlamasının səbəbini anladı...
İt məzardan ayrılıb ağaclıqdan çıxdı. Sürətlə irəliləyirdi, heç kimə, bu qaynar şəhərin etinasızlığına fikir vermirdi, beynində o torpaqlar, o torpaqlarda qoyub gəldiyi məzarlardan başqa heç nə yox idi.
Başını sinəsinə sıxıb birdən dayandı. Dönüb gəldiyi yollara baxdı, artıq şəhərdən aralanmışdı, sahibi ilə orada qalmışdı, ömürlük, həmişəlik. Və it başa düşdü ki, sahibini qoyub gəldikləri torpaqlara heç vaxt apara bilməyəcəkdir. Ölmək istəyirdi, amma xatırlayanda ki, bu boyda dünyada sahibinin varlığından, ölümündən, məzarından ondan başqa kimsə xəbərdar deyildi, yaşamaq ümid artdı, o sahibi üçün yaşamaq istəyirdi.
Sahibi əslində o öləndə tam öləcəkdi.
İt yoluna davam etdi. Aramla, tələsmədən gedirdi, onu bu etinasız adamların yaşadığı yerə gətirmiş bu yol, indi onu qoyub gəldiyi torpaqlara çəkirdi.
O gün növbəti qaranlıq dünyanın üstünə səpələnəndə it o torpaqlara tez çatmaq ümidi ilə irəliləyirdi, sahibi, etinasız olsalar da, yad olmayanların arasında idi.
İt yadların arasında əsir qalmış məzarların keşiyini çəkməyə gedirdi...

Комментариев нет:

Отправить комментарий