10.09.2012

Tarantino ilə Fictional müsahibəm

Tarantinonun özü ilə həmişə tapança və samuray qılıncını gəzdirdiyini nəzərə alıb müsahibəyə bir az hazırlıqlı getmişdim. Altdan gülləkeçirməz cilet, əlimdə də qalxan. Amma qardaş uzaqdan məni görcək üzünə yaradıcılıq təbəssümü qondu, gözlərinə Tunqsten işığı gəldi. Elə bil məni yox, Rodriqezi görmüşdü. Yaxınlaşanda qucaqlaşıb öpüşmək, nə bilim əlimi sıxmaq, lap məəttəl qalmışdım. Görən deyərdi ki, mən yox, o məndən müsahibə götürməyə gəlib. 1 dəqiqə 36 saniyədən sonra məlum oldu ki, Tarantinoya məni səhvən məhşur bir kinotənqidçi kimi təqdim ediblər və rejissorun da onun qarşısında bu cür qıvrılması təbii idi. Amma inanın ki, bu hərəkəti gördükdən sonra, gözümdən Spilberq düşən kimi düşdü. Dedim ki, acığa sındıracam bunu suallarımla.
Özü də biləndə ki, səhvən mənə girənlik edib, onda lap tərs-tərs baxmağa başladı mən tərəfə. Mən də başladım, nə başladım. Sənətə dəxli olmayan nə suallar var idisə, hamısını tökdüm ortaya…
Tarantino müəllim, o düzdür ki, rejissor olmayana qədər prokat dükanında işləmisiz və ora gələn bütün müştərilərə əxlaqsız filmlər məsləhət görmüsüz?
-Düzdür, prokat dükanında işləmişəm, amma..
Amması lazım deyil, demək düz imiş. Bəs 60-70-ci illərin kinolarına baxıb onları müasir üslübda plagiat etməyinizi boynuna alırsız?
-60-70-ci illərin filmlərini çox izləmişəm, təsirlənmişəm, lakin..
Aha, demək bunu da boynunuza alırsız. Mən elə bilirdim sizin işiniz deyil belə şeylər yaratmaq. Sizinki ancaq uzun-uzadı mənasız dialoqlardır. Bunu sizə yəqin çoxları deyir, eləmi?
-Bəli, birinci adam deyilsiz. Bu mənim üslubumdur. Dəyişmək fikrim də yoxdur.
Demək tamaşaçıların fikri sizin qulağınıza deyil də?  Heç utanırsız?  Onların hesabına Tarantino olmusuz, indi deyirsiz ki, bu mənim üslubumdur?
-Məncə sizin kinodan xəbəriniz yoxdur..
Nə danışısan…Mən kino təhlil edəndə sən giydirmə ssenarilərini rəhmətlik Tonni Skota sırıyıb Kriminal Qiraət üçün pul toplayırdın. Sən elə bilirsən guya sən bomba rejissorsan, guya səni hamı tanıyır?
-Məni tanıyanlar çoxdur, tanımayanlar da ən azından filmlərimi tanıyır, dolayısıyla da məni tanımış olurlar.
Tarantino, qaqaş, ola bilsin bunu sənə indiyəcən heç kim deməyib, amma gərək həqiqəti dediyim üçün məni bağışlayasan. Sən özün haqqında böyük (HD) fikirdəsən. Hərçənd indi bu da keçəcək. Desəm ki, bizim tərəflərdə səni az adam tanıyır ağ olar. Çünki o tərəflərdə səni demək olar ki, heç kim tanımır. Elə filmlərinə də 5-6 nəfər baxıb. Ümumiyyətlə biz səviyyəsiz filmlərə baxmırıq. Siz yaxşısı budur filmlərinizdə Ceyson Stethemi, Stalloneni, ya da Nikolas Keyci çəkin. Bəlkə onların hesabına sizi də tanıdılar.
-Heç vaxt.
Çox şükür. Deməli sizi heç vaxt tanımayacaqlar. Bəs o düzdür ki, yeni filminizi də plagiat eləmisiz? Yəni artıq Tarantino tükənib? Özü bir şey yarada bilmir? Hərçənd bundan öncəkiləri də özü yaratmamışdı, amma heç olmasa onda adı özünüzkü olurdu. Bu Canqoda isə ad qarışıq hər şey oğurlamısız. Yəni bundan sonra hələ də sənətdə qalmaq fikrindəsiz?
Bu sualı verdikdən sonra Tarantino qardaş bir az susdu, sonra sifəti qızarmağa başladı, daha sonra ispan öküzləri kimi nə təhər qızdısa, əlini atıb böyründəki (təbii ki daşı yox) tapançanı çıxardıb tutdu (yenə də təbii ki mənə yox) öz başına və dedi ki – Öldürəjəm özümü. Elə bu moment mən də əlimi atıb fotoaparata çəkdim şəklini.))

mirbagir.wordpress.com

Комментариев нет:

Отправить комментарий