27.01.2013

"Ağ qaranlıqlar" üçün

Cavidan

Öncə Söz!...

O da uşaq vaxtı dava-dava oynamışdı, beş daş oynamışdı, gizlənpaç oynamışdı, çilingağac oynamışdı…səmimi deyir, oğruluq etməyib!
Böyüyüb, müxalifətçi və şair olub…
Dəhşətə gəlmək olar onun şeirlərini oxuyanda.
Bir insan, bir əyalət şairi ilin-günün bu vədəsində, ölkəsinə məxsus olan Poeziya ruhunun sanki qəsdən və məqsədli şəkildə insafsızcasına darmadağın edildiyi bir zamanda bu dərəcədə istedadlıdır və onun istedadı onun həyatdan narazı ruh halına qurban gedir – mən bunu görməyə bilmirəm və bunu görmək o qədər ağır ki!!!

***
Onun imzasını ilk dəfə “Alma” qəzetindən tanımışam, o vaxt bir neçə gənc yazarımız yığışıb Qazaxa, Yaralı Bəxtiyar adlı daha bir gənc yazarın ziyarətinə getmişdi, mənim diqqətimi məhz adın Yaralı olması və qəzetdə verilən fotolardakı bir-birindən kasıb görkəmli gənclərin başına toplaşıb isinmək istədikləri dəmir soba çəkmişdi.
Adi, mənim də gözümü dünyaya açandan bəri evimizdə və ətrafımızdakı bütün evlərdə gördüyüm sıradan bir kənd evi sobası – düdkəşli, içi odunlu, üstündə həmişə dəmir çaydan və hərdən də dəmə qoyulmuş plov qazanı olan yəni...
***
Sonralar şeirlərini və ara-sıra da köşə yazılarını çox görüb oxudum internet saytlarında.
Sosial şəbəkədə paylaşdığı şeirlər üçün fikrimi soruşduğu zaman heç düşünmədən belə “O qədər deyinirsən ki! “ deyib gülmüşdüm.
***
O, doğrudan da deyinir şeirlərində!
Ölkəmizin ən deyingən şairidir Bəxtiyar Hidayət...
Kitabını oxuduğunuz zaman bunu siz də duyacaqsınız, siz də hiss edəcəksiniz bir istedadın, bir Allah əmanətinin necə lokal və məhəlli müstəvidə intihar etdiyini.
Muğannanın “Məhşər”indəki Nəsiminin fəryadını eşidirəm: “Niyə mənim əşarım qan ağlamalıdır???” kimi bir acı, zəhər kimi yayılır kitabın da, kitabın içinə sığışdırılmış zamanın da, həmin zamandan ta bu yana yaşamış bütün insanların da bütün zərrələrinə...
***
Niyə sənin əşarın qan ağlamalıdır, Bəxtiyar??? – soruşuram mən də.
Cavab olmayacaq, bilirəm.
Daha doğrusu, bu sualın müqabilində saysız-hesabsız cavablar yazıla bilər Bəxtiyarı tanıyanlar və onu tanımasalar da, şeirlərini oxuyanlar tərəfindən.
Bu saysız-hesabsız cavabların hər birisindən Azadlıq, Demokratiya, İnsan haqları, Vətəndaş cəmiyyəti, Rejim dəyişmək istəyi, bütün ədəbiyyatımızı siyasi radikal müxalifətə qara qul etmək cəhdləri od püskürəcək – hər birisi də Bəxtiyarı Söz öndəri kimi təqdim edəcək mənə bəlkə, çünki, hər birisinə Bəxtiyarın məhz bu cür yazmağı lazımdır, hər birisi üçün Bəxtiyar poeziyası məhz radikal və siyasi müxalifət ruhundadır deyə önəm kəsb edir...
Çoxları üçün heç fərqi də olmaz, Bəxtiyar şeiri hansı ritmdə yazılıb, hansı vəznin yaşayıb gələcəyə ötürülməsi üçün ən ali missiya yüklüsüdür, hansı çalarıyla ən yüksək zirvəsini tutmağa qadir ola biləcək gücdədir çağdaş Azərbaycan poeziyasında. Qoy o, lap ən bəsit və ən sıradan misralar yazsın, ya da ən mənasız bir sərbəst hal seçsin şeirləri üçün, amma təki onlar iqtidara, mövcud hakimiyyətə, dövlətçilik prinsiplərinə qarşı olsun, yəni önəm verilən Poeziya yox, Siyasət olsun, məqsədə yolda isə Makiavelli ən gözəl ustaddır – Söz öndərlərini dar ağaclarına ötürməkdən daha romantik nə ola bilər ki?!.
Çoxlarına Bəxtiyar şeiri yalnız radikal rakursu, konkret hədəflər üçün istifadə edilə biləcək hazır silahdır və bu silah onlara ara-sıra primitiv, köhnə, dədədən-babadan miras qalmış ov tüfəngini xatırlatsa belə, onlar böyük məmnuniyyətlə bu silahı öz hədəflərinə qarşı yönəldər, sonra isə onun müsadirə olunmasını yad və uzaq üfüqlərdən alicənab bir ədayla seyr edərlər – həmən başqa kalibrli silahların axtarışına başlayaraq...
***
Yazıram bunları və bilmirəm, siyasi baxışlarımız bu qədər fərqliykən, hətta bir-birinə müxalifkən, Bəxtiyar razı olacaqmı onun kitabının ön sözünün bu cür yazılmasına? Verəcəkmi bu yazını – nöqtəsinə, vergülünə toxunmadan, heç bir yerini redaktə etmədən?
O qədər safdır ki Ruhu, o qədər genişdir ki Söz dünyası, o qədər güclüdür ki Poeziyası!!!
Heyran olmamaq olmur...
***
Təcnisin sonuncu Mogikanı deyirəm mən ona.
Kitabdakı təcnisləri, dodaqdəyməzləri oxuyanlar bunu mütləq görəcəklər.
Çağdaş ədəbiyyatımızda müstəsna, əvəzedilməz, yerinə kimsəni qoymaq mümkün olmayacaq bir şairdir Bəxtiyar Hidayət.
O, bir əyalət yazarıdır, kimi stolunun başında bilir söz yerini, kimi bir qəbir daşında bilir söz yerini, kimi də yazdığında özünü görüb, onu qızıl-ala qan içində görmək istəyir...O isə həyatın dibindədir!!!

Комментариев нет:

Отправить комментарий