31.01.2013

İztirabın işiğı, yaxud həyata çağırış səsi

Nəriman Həsənzadə

Hörmətli Nuranə xanım, sizin şeirləri “Azərbaycan”, “Ulduz”, “literaturnıy Azerbaydjan” Türkiyədə çap olunan “Kardeş kalemler” jurnallarında, “Ədəbiyyat qəzeti”ndə oxumuşam. Və mənə bu yaxınlarda verdiyiniz şeirləri də oxuyandan sonra aldiğım zövqü o biri şeirlərin üstünə gəlsəm təsəvvürüm daha da genişləndi və sizin şair səciyyəniz ədəbi prosesdə özünüzə məxsus olan yeri mənə dəqiq göstərdi.  Öyrəndim ki, 2010-cu ildə “Yazıçı” nəşriyatında “Yanaqda yağış yeri” adlı şeirlər kitabınız işıq üzü görüb, həmçinin Türkiyədə, İranda, bir sıra xarici ölkələrdə ingilis dilində şeirləriniz çap olunub. Gənc olsanız da, artıq yetkin bir şair kimi tanınırsınız.
Şeirin daş-kəsəkli yollarında yalnız qəlbinizdəki sözə sığınmısınız. Əlbəttə, azərbaycanlı gəncin belə ədəbi uğurları məni çox sevindirir.
Yeni yazılarınızla tanışlıq zamanı gördüm ki, şeir diliniz özünəməxsus olmaqla tutumludur. Deməyə sözünüz var. Bəzən qafiyəli, qafiyəsiz, bəzən hecada, əsasən sərbəst yazılmış bu şeirlər epistolyar janrda qələmə alınmış bir kitab məktub təsiri bağışladı. Demək olar ki, bir-bir məktubların hamısını oxudum. Hisslər və mühakimələr toplusunda sevgi sarsıntıları keçirmiş qadın ürəyindən qopan nidalardı. Nə yaxşı ki, nida işarələri, pafoslu qışqırıqlar yoxdu.
Hıçqırıqlıdı. Bu hıçqırıqlar bəlkə gözlə görünməyən göz yaşıdı. Bax, şeir də budur, ədəbiyyat da. Bu iztirab bədbəxtlikdən uzaqdı. O həssas insanı müdrikləşdirə bilər.
Ləyaqət sahibinin ruhi sıxıntılarlı da ləyaqətli olmalıdır. Bu insani keyfiyyyətdi. Təbiidir ki, iztirabın özünə də layiq olmaq lazımdı. İztirablar bəlkə də həssas qadın ürəyi çəkdiyi üçün əvəzsiz, pak və bir az da dərkedilməzdi. Müqəddəs hissləri, duyğuları açmaq, xırdalamaq, izahına çalışmaq məlumdur ki, poetik düşüncəyə yaddır. Deməli, iztirab da müqəddəsləşə bilər və olur da. Bəzən bir “ah” , “uf” kimi qəfil hıçqırıqların özü də uzun müddət yadda qalır, insanı düşündürür.
Ayrılıq olan yerdə “…aramızda bir könül məsafə var”,-deyirsiniz. Gözəl təşbehdi. Həm uzaq, həm yaxın. Həm əbədi ola bilər, həm müvəqqəti. Onun yoluna - gedərkən arxasınca  “ yaz yağışlarından topladığım göz yaşları”nı  atmışam , - yazırsınız. Yaz yağışları şəffafdı, safdı, təmizdi. İztirabın işiğını, nurunu görmək və göstərmək istəyirsiniz. Tapdığınız bu gözəl poetik epitetlərə səadətə inam hisslərini həssaslıqla ifadə edirsiniz.
Bütün hekayət bəlkə də müəllifin yaşadığı əks-sədadır. Özünüz gəncsiniz. Qələminiz isə artıq püxtələşib. Bir qadın ürəyindən şüalanan iztirablar işıq, nur kimi oxucu ürəyini də qızdırır. Hənirtisi soyumur. O üzə çıxmalıdır. Bəlkə buna görə də “ şeir üzlüm” deyə müraciət etdiyiniz o məhkum varlıq belə təmizliyin timsalında təqdim olunur.
Siz iztirablarda paklığı, işığı və nuru axtarırsınız. Hər halda çox maraqlı və orijinal axtarışlardı. Əslində özünüzü axtarırsınız demək istəyirəm.       Şeirlərdəki “Mən” də axtarışıdır. Təbiidir ki, ömür boyu yox. 
Bəzən yazırlar ki, yaradıcılıq ömür boyu axtarışdı. Mən bu fikrin əleyhinə deyiləm. Axtara-axtara qalmaq və bunula fəxr etmək də mənasızdı. Sanki bir arxdolu su münbit torpağa yox, qumsallığa axır.
Platon deyir ki, Homer hər şeyi deyib. Nə yeni söz qoyub qalsın, nə yeni fikir. Ümumiyyətlə, böyük sənətkarlar haqqında həmişə belə deyirlər. Amma axtarıb tapanda dünyaya Nizami gəlir, Füzuli gəlir, Nəsimi gəlir.
Mən bu mülahizələri yeri gəlmişkən söylədim.
Kitabdakı şeirləri, məktubları vərəqlədikcə yadıma qədim dövr filosofunun, din xadiminin məşhur bir sözü düşür.
O deyir ki, həyat-iztirabıdı. İnsanların sonsuz istəklərə, zövqə, əyləncəyə göstərdiyi ehtiraslı meyl iztirabın mənbəyidir,- yazırdı. 
Təbii qanunauyğunluqları inkar edən bu fikir sonrakı dövrlərdə “səadətdən könüllü surətdə imtina etmək” kimi mənfi qarşılanmış, hətta göründüyü kimi, iztirab başqa bir mənada insan səadətinə bərabər tutulmuşdu. 
Lev Tolstoy da insanın göz yaşını incəsənətin yüksək növü kimi mənalandırırdı.
İztirab üzüntülü olmayanda, ləyaqət qədər ülvi təsir bağışlayır, yəni heyrət doğurur və bəlkə də insan özünə daha çox bənzəyir.
Görün böyük şair nə deyir:

“Var bir dərdim ki, çox dərmandan artıqdır mənə,
Qoy məni dərdimlə, dərman eyləmə, var, ey, həkim”.

“Füzuli dərdi” yüz illərdi beləcə yaşayır və yaşadır. İnsanı kamilləşdirir.
Ustadın “məşhur Ey həkim” qəzəlinə nəzirə yazmaq fikrində olmamısınız?
İnsanın üzüntülü iztirablara tabe olmaması isə ondakı ali hisslərin, duyğuların üzə çıxmasına səbəb olur ki, bunu xoşbəxtliyin başqa bir rəngdə görünüşü kimi hallandıranda, siz haqlısınız.
Yəqin insana həyatının dolaşıq qanunauyğunluqları dünyanın tarazlığı deməkdir.
 Həssaslıqla yazırsınız:

“Qürurunun kölgəsində daldalanan
Xoşbəxtliyi yalnız duyub 
Yaşaya bilməyənlər
Susurlarsa, 
Bu, fırtınaya işarədir.
Məni anlasa yalnız
Bir şair anlaya bilər”.
Kimdir “bir şair?”

Konkret mənada deyə bilmərəm.
Abstrakt mənada bəlkə Vaxt? Bəlkə Zaman?
Bəlkə o da üzünü müasirlərinə tutub Vertenin (V, Höte) demək istədiyi “Məni duyun, eşidin…” sözlərini demək istəyir?
Bəlkə bu sözlər hər əsrdə yenidən deyilməlidir?

Комментариев нет:

Отправить комментарий