28.01.2013

Məmur eşşək


Ramiz Qusarçaylı

Gələn kimi ucadan eşşək “himni” oxutdu,
Vətən deyib gözündən “milli” yaş da axıtdı,
Sonra yerli atları işdən qovdu, dağıtdı
Qalan uzunqulaqlar üzünə qımışdılar,
Bir bazar eşşəyindən məmur qayırmışdılar...

Hər tində, hər dalanda bir axuru varıydı,
Quba boyda yoncalıq gödəninə darıydı,
Divanı, kreslosu... kabinet gülzarıydı
Ağnayıb anqırmağa yer də ayırmışdılar,
Bir bazar eşşəyindən məmur qayırmışdılar...


Bir havaya oynayıb yüz hava çaldırardı,
Bir manatlıq xeyrinə quyruğun qaldırardı,
Mobil tele-nəfsinə kontur da aldırardı
Qarnı sallaqxanaydı, güclə doyurmuşdular,
Bir bazar eşşəyindən məmur qayırmışdılar...


Qanqalı az düşəndə şıllağını atardı,
Bilsə böyüdəcəklər dədəsini satardı,
Gedəndə maşın-maşın xalça-palaz apardı
Sanki ərə gedirdi, cehiz buyurmuşdular,
Bir bazar eşşəyindən məmur qayırmışdılar...

“Eşşəknamə” kitabı, Bakı-2006

Комментариев нет:

Отправить комментарий