30.01.2013

Tural Qul - Nə qədər gec deyil

BU GÜNDƏN BELƏ

Dünya sıxıntısı - Vətən həsrəti,
Bu həsrət mənimdir bu gündən belə!
Bir çörək yoğuran, göz yaşlarıyla
Min çörək yoğurar bu gündən belə!

Qanı içən insan, qan satan oldu,
Canı boğazında, can satan oldu.
Bu bahar qışına qar satan oldu,
Bülbülü can verər bu gündən belə!

Bu tərslik, qəbahət gətirəcəkdir,
Qəbahət xəyanət gətirəcəkdir,
Sonra da cinayət gətirəcəkdir,
Ədalət hökm edər bu gündən belə!


Qoyar qanununu, qurar taxtını,
"Qulaqlar" "dillərə" verib baxtını...
Bir şahın önündə Qulun haqqını
Lal verər, kar verər bu gündən belə!

OYANMAQ GƏRƏK

Ayrılsan canından, can da ayrılsa,
Bir qədər səbr edib, dayanmaq gərək.
Ömür yollarından yar da ayrılsa...
Nə qədər gec deyil, oyanmaq gərək!

Qaçdığın keçmişə dön yeriyərək,
Çürüyən almanı böl çürüyərək,
Zamanın içində vaxt böyüyərək...
Nə qədər gec deyil, oyanmaq gərək!

Yoxluqla varlığı ayır ağlınca,
Bir gecə, bir gündüz daşı yanınca.
Dünyanın qapısı bağlı qalınca...
Nə qədər gec deyil, oyanmaq gərək!

Gözləmə ulduzlar tökülən günü,
Gözləmə günəşin son dönüşünü;
Belə gözləməklə vermə ömrünü,
Nə qədər gec deyil, oyanmaq gərək!

Комментариев нет:

Отправить комментарий