27.01.2013

İSMAYILLI QIZ QALASI


İsmayıllı abidələri sırasında Xanagah Qız qalası mühüm yer tutur. Qala Xanagah kəndindən şimalda Axox çayın sahilində hündür qayanın üstündə yerləşir. Həmin qayanın bir tərəfi Axox çayın dərin dərəsi, digər tərəfi isə Qarasu dərəsidir. Qalaya yol Qarasu dərəsi ilə qalxır. Yolun üstündə Qarasu dərəsində möhkəm divarın qalıqları vardır. Qalaya gedən yolun üstündə olan bu divar sədd rolunu oynamışdır. Qayanın zirvəsinə digər tərəflərdən qalxmaq mümkün deyildir. Zirvəyə qalxmaq mümkün olan yerlərdə tikilmiş möhkəm və hündür divarlar qalanın müdafiə qüdrətini daha da artırır.

Qalanın memarlıq xüsusiyyətləri oradan əldə edilmiş maddi-mədəniyyət nümunələri onun VII-IX əsrlərdə tikildiyini təsdiq edir. Çox güman ki, qala XI əsrdə yenidən təmir edilmişdir. Qala kirəc məhlulu ilə əsasən yonulmamış çay daşından tikilib. Lakin bəzi yerlərdə yonulmuş daşlardan və bişmiş kərpicdən də istifadə olunub. Kərpiclər keyfiyyəti ilə diqqəti cəlb edir. Hörgünün keyfiyyəti yüksək səviyyədədir. Qalada tətbiq olunan kərpic üzləşmənin keyfiyyəti orta əsr Azərbaycan memarlığının yüksək inkişafına daha bir sübutdur.
Qalanın ümumi sahəsi 1,5 hektardan çoxdur. İçərisində hansı məqsədlərlə tikilməsi hələ də məlum olmayan çoxlu sayda tikililərin qalıqları vardır. Qala 9 əsr ərzində xeyli dağıntıya məruz qalmışdır.

Vüsal Hicranoğlu

Комментариев нет:

Отправить комментарий