27.01.2013

HOLLİVUD və AXIRƏZZAMAN

Füzuli Şəfiyev

 İlk baxışda çoxlarına qəribə görünə bilər: Hollivudun axirəzzamanla nə əlaqəsi? Dünyaya “demokratiya ixrac edən”  bir məmləkətdə dini mövzulara maraq bu qədərmi böyükdür ki, hətta Hollivud kimi nəhəng bir kino mərkəzi də bu yöndə  öhdəlik götürüb filimlər istehsal edir?! Hollivudla “axirəzzaman”ın adını bir yerdə görəndə bəlkə də çoxlarını gülmək tutur, bir az da təəccübləndirir. Əksər müsəlmanlar elə düşünürlər ki, dinlə bağlı yaşanan “xurafatlar” ancaq müsəlman ölkələrinə, yaxud Asiya və Afrikanın geridə qalmış ölkələrinə xasdır. Daha dəqiq desək, Avropa və inkişaf etmiş ölkələr xaric olmaqla, digər ölkələrdir ki, belə “cəfəngiyyatlara” vaxt ayırır və elə buna görə də geridə qalır.
Məqsədimiz nəyin xurafat, nəyin həqiqət olduğunu, eləcə də ölkələrin tərəqqi və geridəqalma səbəblərini araşdırmaq deyil. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Qərb cəmiyyətlərində dini mövzulara, bizim xurafat kimi baxdığımız məsələlərə münasibət daha ciddidir. Bu məsələlər ciddi şəkildə, siyasi müstəvidə təhlil edilib araşdırılır, müvafiq qabaqlayıcı tədbirlər görülür. Hollivudun bu yöndə öhdəsinə götürdüyü missiyasının bir hissəsi - həmin xurafatların “görülmüş tədbirlərin nəticəsi”nə uyğun ictimaiyyətə aşılanmasıdır.
Axirəzzaman mövzusuna və onun şərtlərinə inanc bütün dinlər, millətlər arasında o həddə dərin və müştərəkdir ki, bu inancın fitri olduğunu qəbul etməkdən başqa çıxış yolu qalmır. Bu, həmin o şeydir ki, Karl Qustav Yunq onu insanın “kollektiv şüuraltı düşüncə”si adı ilə rəsmi olaraq qəbul edirdi. Karl Yunq bu fikirləri “arxitip” (qədim ülgü) adlandırırdı.
Həqiqətdə  də axirəz-zaman kollektiv bir “qədim ülgü” kimi insanları  irqindən, rəngindən, vətənindən aslı olmayaraq, müştərək bir inanc ətrafında, yəni dünyanın sonu haqqında inanclar çevrəsində bir yerə yığır.
Əgər dünyanı bir kitaba bənzətsək, axirəz-zaman onun son fəsli olardı. Dünyanın Xaliqi dünyanı əbəs və hədəfsiz yaratmadığı  üçün, bütün yaradılışın son qayəsi, aləmin xülasəsi bu kitabın son fəslində aşkar olmalıdır.
Necə  deyərlər, kitabın tamamlanmamış hekayələri son fəsildə öz layiqli sonluğuna çatır və kitaba nöqtə qoyulur.
Bu əsasla, axirəzzaman varlıq aləminin bütün natamam suallarına cavab verməlidir.
Bu inanca əsaslanaraq axirəzzamanı, yəni yaradılış kitabının son fəslini özlüyündə üç zaman kəsiminə ayırmaq olar: Birinci mərhələ çətin imtahanlar dövrüdür. Fitnə-fəsadın tuğyan etdiyi bu dövrü “çətinliklər əsri” adlandırırlar. Bu dövrdə fitnələr, bəlalar biri digərinin ardınca üzə çıxır və insanı təsəvvürəsığmaz bəlalara qərq edir. İkinci mərhələ “Xilaskarın zühuru” dövrüdür. Bu dövr - ümid qapılarının açılması ilə başlayır.
Xilaskarın zühuru yaxınlaşanda haqq və batil arasındakı savaş  özünün kulminasiya həddinə çatır. Elə ki, iş  bu yerə çatdı, “son savaş” başlayır.
Üçüncü mərhələdə haqqın batilə qələbəsindən sonra şər qüvvələrin yer üzündən çəkilməsi başlayır. Bu dövrə “qızıl əsr” deyirlər. Qızıl əsr başlanandan sonra insan özünün son kamillik həddinə nail olur və varlıq aləminin bütün potensialı aktivləşir.
Demək olar ki, bütün ilahi dinlərdə, qədim millətlərin əsatirlərində bu üç mərhələni müşahidə etmək olur. Axirəzzamandan bəhs edən bütün rəvayətlərdə həmişə Xilaskarın ziddində bir varlıq durur. Xeyrin qarşısında duran bu şər qüvvə “Dəccal” və “Antaqonist” adlandırılır. Antaqonist, xilaskarın irəliləməsinin qarşısını alan mühüm maneədir. Bütün şər qüvvələr, zülmət və qaranlıqlar Antaqonistin tərəfində dururlar.
Sonda Xilaskarla Antaqonistin arasında həlledici savaş başlayır və Xilaskar bu savaşda qalib gəlir.
Bütün deyilənlər həqiqətdə insanın öz fitrərinə qayıdır. İnsan həm öz daxilində - nəfsi ilə mübarizədə, həm xarici aləmdə xeyirlə şərin daim mübarizəsini hiss edir.
Heç  də təsadüfü deyil ki, əksər dünya korifeyləri, xüsusilə  də dünya klassikləri öz əsərlərində bu mövzuya geniş yer ayırmışlar. Bu qəbildən olan əsərlərin cazibədarlığını nəzərə alaraq, xüsusilə də yeniyetmələr və uşaqlar arasında özünü qəhrəmana bənzətmə, mübarizəyə qatılma, şəxsiyəti isbatlama meyillərinin güclü olduğunu bilərək, bu mövzuda çoxlu kino və cizgi filimlərinin istehsalına başlanıldı.
Təbii ki, dünyanın ən böyük sinema imperiyası olan Hollivud müxtəlif səbəblərlə bu cazibədar sujeti sinema pərdəsinə  çıxartdı. İndinin özündə Amerika sinemasında axirəz-zamanla bağlı müxtəlif növlü filimləri müşahidə etmək olar. Bu baxımdan Amerika kinosunda “axirəzzaman xilaskarı” da növbənövdürlər. Axirəzzaman filimlərini sadə bölgüdə bir neçə yerə ayırmaq olar: 1.texnoloji axirəzzaman; 2.təbii axirəzzaman; 3.dini axirəzzaman; 4 elmi-təxəyyülü axirəzzaman; 5. əfsanəvi axirəzzaman. Bu sujetlərin hər birinin özlərinə məxsus şərtləri və qəhrəmanları müəyyən edilir.
“Texnoloji axirəzzaman” da insan öz əlinin istehsalı olan texnoloji varlıqlarla savaşır. Öz yaradıcısı - insana qarşı üsyana qalxmış yaradılmış süni varlıq, insan üçün axirəz-zaman şəraiti yaradır. Bu qəbildən olan axirəzzaman filimlərinin ilk işartılarını “Doktor Frankşteyn” filmində, daha sonra isə “Terminator-2”, “Matriks” filimlərində müşahidə etmək olar.
Bu filimlərin əksəriyyətində insan öz əlinin məhsulu olan texnologiyanın qarşısında aciz görsənir. İnsan öz kimliyini dərk etməyə çalışır və çox vaxt hüviyyət, şəxsiyyət böhranına düçar olur. Bu əsərlərdə xilaskar adətən bilikli və cəsur bir insandır. O, öz elmindən və şücaətindən bəhrələnərək, öz davamçılarına yol göstərir. Filmin sonunda “ağıllı və əxlaqlı” texnik, texnoloji antaqonistə qalib gəlir.
“Təbii axirəzzaman”da səbirli və insan təcavüzünə məruz qalmış təbiət bəşər əleyhinə üsyana qalxır. Bu üsyan özünü tufan, sel, zəlzələ, sunami, vulkan, meteroitlərin yerə düşməsi şəklində büruzə verir və axirəzzaman şəraitini yaradır. Bəzən isə insanın lüzumsuz tədqiqatları, genetik analizləri nəticəsində təbiətdə naməlum varlıq peyda olur və dünyanı təhdid edir. Bu filimlərə misal kimi “Armaqedon”, “Dante qalası”, “Su dünyası”, “Qodzila”, “Yura dövrünün parkı” filimlərini göstərmək olar.
“Dini axirəzzaman” - Hollivudun ən çox önəm verdiyi, üstündə dayandığı mövzudur. Hollivud axirəzzaman şəraitini ya birbaşa təsvirə çəkir, ya da simvolik şəkildə göstərməyə  çalışır. Bu növ axirəzzamanda antoqonist dini dəyərlərin ziddində dayanan (məsələn:şeytan,antixrist,dəccal) bir varlıq kimi xüsusi bir vaxtda zindandan azad edilir. Dünya ciddi təhlükə ilə üz-üzə dayanır.
Təbii olaraq bu əsərlərdə xilaskar dindar bir şəxs (məsələn: keşiş, rahib, qiddis) olur. Mömin şəxs öz fədakarlığı, imanı, şücaəti sayəsində antaqonisti məhv edir. Hərdən bu filimlərdə İsa Məsih və onun tərəfdarları şər qüvvələrlə qarşı-qarşıya dayanır. “Cintutan”, “Nəhs tale”, “Dünyanın axırı” filimləri dini axirəzzamanla bağlı filimlərin bir nümunəsidir.
Hollivudun ekranlaşdırdığı sujetlərdən biri də “elmi-təxəyyüli axirəzzaman”dır. Bu tipli kino əsərində antaqonist yad planetdən gəlmiş varlıqlar qəlibində zühur edir.
Qaranlıq fəzanın dərinliyindən gələn yadellilər yer üzündə insan həyatını təhlükiyə salırlar. Bu əsərlərdə xilaskar insan zəkasını işə salaraq, birgə həmrəylik göstərərək yad planetlilərlə müharibəyə başlayır və sonda qələbə çalır. Deyilənlərə misal olaraq “Özgə”, “İstiqlal günü”, “Beşinci ünsür”, “Ulduz müharibəsi” filimlərini göstərmək olar.
“Əfsanəvi axirəzzaman”da isə həqiqətin sərhədindən kənarda, hardasa röyalardan, sehrli dünyadan baş qaldıran, üstündən əsirlərin, minillərin qoxusu gələn antaqonist peyda olur .Əfsanələrin içindən çıxmış antaqonistin müasir dünyaya qədəm qoyması ilə paradoksal vəziyyət yaranır və axirəzzamanın şəraiti üzə çıxır. Bu qəbildən olan əsərlərin xilaskarları dünyanı xilas etmək üçün sehirli və əfsanəvi dünyaya səfər etməkdən başqa çıxış yolu görmürlər. Çünki heç bir müasir silahın tarixin dərinliyindən çıxıb gəlmiş antaqonisti məhv etməyə gücü catmır. Sonda xilaskarın tilsimi sındırması, antaqonistin cadusunu batil etməsi nəticəsində dünyada yaranmış böhran aradan qalxır. Misal olaraq “Mumiyalı”, “Mumiyalı qayıdır”, “Şah əqrəb”, “Üzüklər padşahı” filimlərinə işarə edə bilərik.
Göründüyü  kimi, Amerika kino sənətində siyasi kurs təyin edənlər, daha dəqiq desək Hollivudun düşüncə otağının kontingenti, axirəzzaman sujetlərinin bənzərsiz cazibadarlığını kəşf edərək son illər düşünülmüş məqsədlər və hədəflər əsasında belə filimlərin istehsalına xüsusi yer ayırmışlar.
Bu hədəflər nədən ibarətdir? İlk hədəf təbii ki, çoxlu gəlirin əldə edilməsidir. Axirəz-zaman mövzusuna həddən artıq maraqlı  olan insanların təbii duyğularından, fitri və mənəvi ehtiyaclarından sui-istifadə edərək mənfəət əldə edilir. Bu məsələyə normal yanaşmaq olar. İndiki zəmanədə bu çox adi və normal qəbul olunur. Kino sənəti tarixində bu qəbildən olan filimlər ən çox gəlir gətirən filmlər hesab olunur və özünə çoxlu tamaşaçı cəlb edir.
İkinci hədəf - axirəzzaman məsələsinə baxışda məhz Hollivudun nəzərdə tutduğu, məsləhət bildiyi baxışların kök salıb yayılmasıdır. Bu filimlərin vasitəsilə insanların bilmək istədiyi axirəzzaman məfhumlarının - yəni xilaskar, dəccal, armageddon kimi anlayışların Tövratın və İncilin təlimləri əsasında tərif edilib qavranılmasıdır. Bu növdən olan kino əsərlərində şeytan, antixrist, cənnət, cəhənnəm, xeyir və şər kimi mövzular - hamısı Müqəddəs kitabın (İncilin) vəsf etdiyi şəkildə açıqlanır və sonda Müqəddəs Kitabın təlimlərini təbliğ edir. Bu işə də təbii baxmaq olar. Çünki bu filimlərə əsər yazan, yön verən hansısa Andrey və ya Con, məsihi ola-ola gəlib filmin sujetini Qurandan çıxarmayacaq ki. Təbii ki, o, bunu inandığı, oxuyub öyrəndiyi dini inanclara istinadən etməlidir.
Amma... İşin bu əmması olmasaydı, hər şey qaydasında olardı. Bu əmma da ondan ibarətdir ki, bu filimlərin mənfi obrazları  yaradılanda, yəni şər qüvvələrin, Şeytanın dəstəsinin təsviri veriləndə, nədənsə çox vaxt Şərq ölkələrinin, İslam dünyasının simasında verilir. Bu əsərlərin əksəriyyətində Şeytan və ya antaqonistin mənşəyi Şərq olur. Adətən bu şər qüvvələr İslam ölkələrinin birindən baş qaldırır. Maraqlı burasıdır ki, yad planetdən gəlmə varlıqların simaları da Şərqin tipində olur.
Sizcə  bu, o demək deyil ki, Hollivudu düşüncə otağında əyləşənlər bəşəriyyətə simvolik şəkildə özlərinin gələcək döyüşlərinin İslam dünyası ilə olacağını aşılayırlar?
Bu növdən olan filimlərin istehsalında nəzərdə tutulan digər hədəf - dünyada xof, qorxu yaratmaqla dünyanın siyasi, hərbi idarəçiliyində xüsusi ixtiyarların əldə edilməsidir. Hollivud öz filimlərində axirəzzaman faciələrini həddən artıq şişirtməklə öz tamaşaçılarını axirəz-zaman təhlükəsi ilə mübarizədə rejissorun planları, ideyası ilə həmrəy olmağa vadar edir. Bir növ ona çıxış yolunu göstərir və qeydsiz, şərtsiz deyilənlərə tabe olmağı aşılayır.
Əslində sinemanın gücü və imkanları sayəsində Qərb özünün nəzəri baxışlarını, yəni ideyalarını və gələcək məqsədlərini “ekran dilinə” tərcümə edir. Başqa ibarə ilə desək, Hollivudun ən böyük xüsusiyyəti mənanı görüntüyə çevirməkdir. Psixoloqlar da bu qənaətdədirlər ki, heç bir kəlamın görüntü qədər təsir gücü yoxdur.
Əgər diqqət etmisinizsə, axirəzzaman filimlərində dünyanı son anda təhlükədən xilas edən, insanları əsarətdən qutaran həmişə bir amerkalı olur. Sonda bu Amerikadır ki, bütün dünyada təhlükəsizliyi təmin etmək iqtidarındadır. Dünya dövlətləri ancaq Amerkanın rəhbərliyi altında şər qüvvələrə qalib gələ bilərlər.
Bildiyimiz kimi dünya son illər iki termini çox eşidir:
qloballaşma;
2. yeni dünya sistemi.
Dünyəvi svlizasiyanın (qoballaşma) formalaşdırılmasında informasiya vastələri Qərbin ən böyük və əsas mədəniyyət alətidir. Çünki ekran sənətinin beynəlxalq xüsusiyyəti var. Ümumi rəyin formalaşdırılmasında televiziyanın rolu əvəzsizdir. Demokratiyanın əsas götürüldüyü ölkələrdə ümumi rəy - güc deməkdir. Bu səbəbdən Qərb ölkələri ümumi rəyin cəlb olunmasını özünün ciddi hədəfləri sırasında yerləşdirir və istehsal etdiyi filimlərdə bu məqsədi güdür, xüsusi ilə də “Yeni dünya sistemi” məsələsi ortaya çıxandan sonra istehsal olunan filimlərdə bunu aydın hiss etmək olur. Məsələn “İstiqlal günü” filmində yadplanetlilər Yer kürəsinə hücum edirlər. Sonda amerikalılar Amerkanın istiqlal günü düşmənləri məhv edirlər. İlk baxışda adi görünən bu filimdə çox ciddi mesajlar var. Filmin çatdırmaq istədiyi əsas ismarıc bundan ibarətdir ki, Amerika və Qərbin malik olduğu mədəniyyət, ölkə sistemi dünyanı hər hansı bir bəladan xilas edəcək yeganə sistemdir. “Nastradamusun praqnozları” filmində müsəlmanların müqabilində duran ölkə yenə də Amerikadır.
Həmçinin, bəzi supergüclər öz hərbi istehsallarını artırmaq üçün ilk növbədə bu işin zəruriliyini xalqa başa salmaq istəyirlər. “Ulduz savaşı”, “Uçan boşqablar” - bir sözlə fövqəltəbii güclərin Yer kürəsini təhdid edən filimləri çəkməklə insanlarda belə bir təhlükənin hər an yaranacağı fikrini formalaşdırırlar. Bu cür təhlükələrə hazır olmaq üçün yeni modern silahlarla silahlanmanın məntiqi tərifini verməyə çalışırlar.
Bir yalan əgər çox deyilsə, sonda həqiqətə çevrilir. On nəfər bir yalanı təkrar-təkrar ardıcıl söyləsə, sonda pisxoloji cəhətdən onun təsiri altına düşürlər. Yer kürəsinə  yadplanetlilərin hücumları ilə əlaqədar filimlər  çəkməklə öncə xalqı qorxudur, sonda belə bir nəticəyə gəlirlər ki, mövcud şəraitdə silahlanmanı genişləndirmək - qaçılmaz zərurətdir.
Həqiqət budur ki, gələcəyə baxış, axirəzzaman düşüncələri Qərbdə  olduqca ciddi bir məsələdir. Hətta Şərq ölkələrindən daha ciddi bu məsələyə yanaşırlar. Müsəlmanlar “intizar”, “zühur” məsələlərinə ancaq dini aspektdən yanaşırlar. Həzrət Məhdinin (ə.f.) zühuru məsələsində müsəlmanların elə də praqramlaşdırılmış ictimai, siyasi baxışlar yoxdur.
Bir qayda olaraq, son illər Hollivudun axirəz-zaman mövzusunda çəkdiyi filimlərə nəzər salanda görürük ki, bu qəbildən olan filimlər adətən Hollivudun əyləncə, başqarışdırıcı filimləri sırasından çıxıb modern Qərb dünyasının Şərqin sehramiz dünyası və zəngin İslami svlizasiyası ilə gələcək savaş protakoluna çevrilmişdir. Bu növdən olan filimlərin milyonlarla tamaşaçısı hətta Şərq ölkələrinin sakinləri və ya İslam dünyasına mənsub olsalar belə, Hollivudun məhsulu olan filimlərə təkrar-təkrar tamaşa etməklə öz əsli və milli mədəniyyətindən yadırğayır, modern dünyanın tələblərini axirəz-zamanda, yəni gələcəkdə üzləşəcəkləri problemlərin yeganə yolu kimi rəsmən tanımağa başlayırlar.
Bütün deyilənlər onu göstərir ki, Hollivudun bu filimləri istehsal etməkdə  əsas məqsədlərindən biri - dünya xalqlarının düşüncəsinə Amerkanın yeni dünyanın rəhbəri, bütün xeyir qüvvələrin sərvəri olduğunu yeritmək, Amerkanın hər hansı bir yerə, millətə basqısını, təcavüzünü dünya içtimaiyyətinin etirazları qarşısında sığortalamaq, dünya xalqlarının bu hərəkətlərlə uzlaşmasına, həmrəy olmasına zəmin yaratmaqdır. Təbii ki, xeyir və şər arasında olan son döyüşdə müxtəsər qan axıdılarsa, zorakılığa yol verilərsə (xüsusilə də bu hərəkətlər xeyir qüvvələrin rəhbəri tərəfindən edilərsə) buna göz yummaq, haqq qazandırmaq olar! Bu Hollivudun öz sehrli kino pərdəsi ilə əldə etməyə çalışdığı dünya üzərində tam səlahiyyət, külli-ixtiyardır.

Комментариев нет:

Отправить комментарий