31.01.2013

Vicdan məhbusu Hilal Məmmədovun bəyanatı

hilal mamedovAçıq Məhkəmə prosesinin keçirilməsi tələbiylə bağlı vicdan məhbusu Hilal Məmmədovun Bəyanatı

Barəmdəki “cinayət” işi ilə əlaqədar olaraq, 9, 10 yanvar 2013-ci il tarixli məhkəmə-açılışı proseslərində qəbul olunmuş qərara əsasən, mənə elan olunmuş 234.4.3 (narkotik vasitələrinin satışı) maddəsində nəzərdə tutulmuş ittihamla bağlı məhkəmə iclasları açıq, 274 (dövlətə xəyanət) və 283.2.2. (milli-dini ayrıseçkilik salma) maddələrində nəzərdə tutulan ittihamlarla bağlı məhkəmə iclasları isə qapalı keçiriləcəkdir. Həmin qərarda Məhkəmə proseslərinin qismən qapalı kecirilməsi – guya “cinayət” işində “dövlət sirrlərinin” mövcudluğu ilə izah olunmuşdur. Halbuki, işdə iki vəkilimdən alınmış iltizamdan başqa, olmayan “dövlət sirrinin” yayımlanmaması barədə nə istintaq qrupunun üzvlərindən, nə prosessual rəhbərliyi həyata keçirdən prokurordan, nə məhkəmə nəzarəti qaydasında işə baxan hakimlərdən və katiblərdən, nə hal hazırdakı məhkəmə tərkibindən, nə də prosesdə iştirak edən ittihamçıdan (istinad olunan “sirrlərin” yayımlanmaması barədə) heç bir iltizam alınmamış və işə əlavə edilməmişdir.

Saniyən, 5 il öncə (2007, fevralda) eyni məzmunlu iş və ittihamlarla (CM 274 m.) mühakimə olunmuş “Tolişi Sədo” qəzetinin və Respublikanın Talış Mədəniyyət Mərkəzinin (RTMM) rəhbəri, (hüquqlarını müdafiə etdiyimiz) mərhum prof. Novruzəli Məmmədovun mühakiməsilə bağlı bütün məhkəmə prosesləri də, onunla birgə azadlıqdan məhrum olunmuş və üzünə dayandırılan, 1973-ci ildən KQB – MTN sistemində işləmiş və bu son 40 ilin ərzində yüzlərlə günahsız (hakimiyyətə müxalif) insanların sifarişli həbsində (o cümlədən, mənim həbsimdə) bir oyuncaq alət kimi istifadə olunan Elman Quliyevin: “Açıq məhkəmə proseslərində guya həyatına təcavüz oluna biləcək təhlükəsinin dəf edilməsi naminə”, - yazdığı ərizəsinə istinadən qapalı keçirilmişdir.
Bu iki qondarma iş üzrə məhkəmə səhnələrində – istər öz “iş”imdə, istərsə də mərhum prof. N. Məmmədovun “iş”ində ümumiyyətlə heç bir “sirrin” olmadığı aydın olmasına baxmayaraq məhkəmə prosesinin qapalı keçirilməsi qərarı əsil reallıqların, yəni, biləvasitə ictimai fəaliyyətimizlə bağlı olaraq, bizə qarşı sifarişlə qurulmuş bu iyrənc oyunların Azərbaycan ictimaiyyətindən, beynəlxalq hüquq-müdafiə təşkilatlarından, ölkəmizdəki xarici dövlətlərin rəsmi nümayəndəliklərindən, ölkədaxili və xarici mediadan gizlətmək məqsədinə xidmət edir.
Məhz bu deyilənləri nəzərə alaraq, mən 30 yanvar 2013-ci il tarixli məhkəmə prosesində Bakı Ağır Cinayətlər Məhkəməsinə ünvanladığım ərizəmlə məhkəmə proseslərinin tam şəkildə açıq keçirilməsi barədə qərar qəbul edilənəcən, hüquqlarımın müdafiəsiylə bağlı olaraq vəkillərimin (Yalçın İmanov; Ramiz Məmmədov; Anar Qasımlı; Cavad Cavadov; Xalid Bağırov) səlahiyyətlərinin məhdudlaşdırılması və onların məhkəmə proseslərində (tam açıq keçırilənəcən) iştirakını (onlardan imtina edilməmək şərtiylə) qadağan etmək məcburiyyətində qaldım. Saniyən, həmin ərizəmdə tələbimin yerinə yetirilməyəcəyi və ya məhkəməyə məcburən gətiriləcəyim hallarda saxlanacağım “dəmir qəfəscikdə” üzümü əks tərəfə çevirib susmaqla məhkəmənin bütün tələblərini rədd edəcəyimi bildirmişəm. Eyni zamanda, həmin sənəddə artıq ilkin məhkəmə proseslərindən bəlli olduğu kimi, istintaq işimi aparan müstəntiqlər kimi hakimlərin də həbsimə sifariş vermiş eyni bir mənbədən idarə olunduğuna heç bir şəkk qoymadığını nəzərə alaraq, bütün məhkəmə tərkibinə öz etirazımı bəyan etmişəm.
Beləliklə, bir daha bəyan edirəm ki, məhkəmə proseslərimin qismən, əslində isə tam qapalı keçirilməsi – biləvasitə həbsimə sifariş vermiş mənbənin   açıq məhkəmə proseslərində ortaya çıxacaq bütün iyrənc oyunlarının və cinayətlərinin “dövlət sirri” adıyla bilərəkdən (!) gizlədilməsi və ört-basdır edilməsinə xidmət edir. Odur ki, Qanunun mənə verdiyi imkanlara əsaslanaraq, pozulmuş hüquqlarımın bərpası naminə, məhkəmə prosesləri açıq keçirilənəcən, “Məhkəmə tədbirlərini rədd etmək” aksiyasını davam etdirmək məcburiyyətindəyəm. Tələblərimə məhəl qoyulmadıqda, barəmdə istənilən vaxt, istənilən hökmü, istənilən şəraitdə elan edə bilərlər.

Məmmədov Hilal Əlif oğlu,
Siyasi məhbus,
30 yanvar 2013-cü il

Комментариев нет:

Отправить комментарий