31.01.2013

Fikrət Qoca: “Əkrəm getsin, kimin ayağını yalayırsa, yalasın”

Olsa-olsa nökər ola bilərsən, qapı süpürən olarsan

"Yerazlar oradan (Ermənistandan) gələndə necə gəlmişdilər, necə qovmuşdular onları, birinin qulağı kəsik, birinin burnu kəsik"

"Camaat elə indi də dostdu, görüşəndə ağlaşırlar hələ də"

Bu sözləri azxeber.com-a açıqlamasında Azərbaycan xalq şairi, Azərbaycan Yazarlar Birliyinin (AYB) katibi Fikrət QocaYazıçı Əkrəm Əylislinin Rusiyanın“Drujba narodov” jurnalında dərc olunmuş “Daş yuxular” romanına münasibət bildirərkən söyləyib.
Onun sözlərinə görə, Əkrəm Əylislinin bu əsəri Azərbaycan xalqını ayaqlar altına almaqdan başqa bir şey deyil:

“Əkrəm Əylislinin əsərini oxumuşam. Mənə çox ağır təsir etdi. Deyirlər ki, guya o, ermənilərlə aranı düzəltmək istəyib. Amma, mənim fikrimcə, belə eləmək aranı daha da pis salır. Çünki özünü alçaltmaqla şirin düşmək olmur, olsa-olsa nökər ola bilərsən, qapı süpürən olarsan. Əkrəm Əylisli əsərdə yazır ki, yerazlar elə etdi, belə etdi. Bəs yaxşı, yerazlar oradan (Ermənistandan) gələndə necə gəlmişdilər, necə qovmuşdular onları, birinin qulağı kəsik, birinin burnu kəsik, başlarına min oyun açmışdılar, bunu niyə yazmır? Həqiqəti belə demək olmaz, həqiqət necə var, elə olmalıdı. Yazıçısansa, mütləq həqiqəti de. Əgər Əkrəm onlarla dost olmaq istəyirdisə, mütləq həqiqəti deməliydi, onda, bəlkə, dostluğun özəyi qoyulardı.
Camaat elə indi də dostdu, görüşəndə ağlaşırlar hələ də. Ancaq o siyasətpərəstlər fırıldağı qurdular və millətləri düşmən saldılar. Bunun da kökü lap irəlidən gəlir, elə həmin Əkrəmin təriflədiyi Andranikdən gəlir. Dost olacam deyə, bütün milləti ayaq altına salıb kölə eləmək nə deməkdir? Bu onun vicdanına düşür. Görünür, Əkrəm hələ yaxşı qocalmayıb, qocalanda bunların cavabını alacaq. Ona yaxşılıq edən adamlar haqqında nələr deyib o povestlərində. Halbuki bu adam ona atasından çox hörmət edib. Əkrəm Əylisli atasından heç nə görməmişdi, amma o adamdan çox şey görüb. Əkrəmin qazandığı ordenlər, adlar hamısı onun sayəsində idi. İndi isə öz povestlərində onu məsxərəyə qoyur.
Yenə deyirəm, Əkrəm Əylisli yazıçıdı, nə yazırsa, özü bilər. Ancaq o belədirsə, mən onunla şərik deyiləm. O qul olmaq istəyirsə, olsun. Getsin kimin ayağını yalayırsa, yalasın”.
Qeyd edək ki, Əkrəm Əylislinin Rusiyanın“Drujba narodov” jurnalında dərc olunmuş “Daş yuxular” romanında Qərbi Azərbaycandan olan azərbaycanlıların erməniləri öldürməsi və işgəncə verməsi qeyd edilib.

Комментариев нет:

Отправить комментарий