29.01.2013

“Qara qızıl” qızdırması (I)

Elçin Bayramlı

İstər qəbul edək, istərsə yox, beynəlxalq aləmdə Azərbaycan sözü neftlə assosasiya olunur. Bu həm təbiidir, həm də qeyri-təbii. Təbiidir ona görə ki, bu, təzə bir şey deyil, çox qədimdən bura neft mərkəzi olub. Hətta yeni eradan 5-6 əsr əvvəl Abşeronda neft çıxarılıb istifadə edilməsi, tacirlərin bu nöyütü ətraf ölkələrə də aparması haqda qədim mənbələrdə qeydlər var.
Orta əsrlərdə Abşeronda neft öz-özünə çıxır və yerli sakinlər bundan istifadə edirdilər. Lakin XIX əsrin əvvəllərindən vəziyyət dəyişdi. Əsrin ortalarında isə Bakıda neft bumu başladı.

1825-ci ildə Abşeronun 5 yerində - Balaxanı, Sabunçu, Binəqədi, Bibiheybət və Şubanıda əl quyularından neft çıxarılırdı. Nəhayət, 1844-cü ildə F.N.Semyonovun səyi ilə Bakı mədənlərində dünyada qazma üsulu ilə ilk dərin quyu qazıldı. ABŞ-dan 11 il əvvəl!
1871-ci ildə Balaxanıda texniki üsulla quyu qaza bilirlər. Bu quyu gündə 700 ton neft verir. Quruda neft quyularının qazılması üçün müvafiq texniki vasitələrin istehsalı neft hasilatının kəskin artımına imkan verdi, hərçənd bəzi yerlərdə neft elə özbaşına fontan vururdu. Lakin əldə qazma texnologiyası olanda bu “tükənməz” sərvət milyardlar qazandırırdı.
Neft qızdırması Azərbaycanın və dünyanın hər yerindən Bakıya axını sürətləndirdi və kiçik İçərişəhər iri sənaye mərkəzinə çevrilməyə başladı. Bakının Rusiya şəhərləri arasında nüfuzu və mövqeyi xeyli artdı və möhkəmləndi.
Artıq Bakı  neftinin şöhrəti Rusiya çərçivəsindən çıxmışdı. Neftin bütün üstünlüklərini və gələcəkdəki əhəmiyyətini yaxşı bilən imperialist dövlətlərin rəhbərləri bu misilsiz yanacağa yiyələnmək üçün planetin neft yataqlarını ələ keçirməyə can atırdılar. Xarici şirkətlərin Bakıya axını başladı, Rotşildlər, Nobellər, Deterdinqlər, Rokfellerlər... Bakı neftinə daraşıb talamağa başladılar.
Əcnəbi kapitalistlər neft sərvətinin gələcəyini, neft çıxarma qaydalarını pis bilən bakılılardan torpaqlarını “baha” qiymətə alırdılar. Bununla da Abşeron yarımadasının tükənməz sərvətinə yiyələnirdilər. Neft arabalar, qatarlar və boru kəməri ilə uzaqlara axıb gedirdi...
Yerli milyonçular da onlardan geri qalmırdılar. 1900-cu ildə Azərbaycanda neft hasilatı 11,5 milyon tona çatmışdı. Bu cür istismardan geoloqlar çox narahat olurdular, çünki neft təbəqəsi hədər yerə gücünü, sərvətini itirib, zay olur, çıxan neftin çoxu torpağa hopur, dörddə üçü təbəqədə qalıb “ölürdü”. Kim idi geoloqlara qulaq asan milyonlar fontan edən yerdə...
Lakin bu milyonlar xalqın sosial vəziyyətinin yaxşılaşmasına gətirib çıxarmamışdı. Əksinə, xalqın vəziyyəti getdikcə pisləşirdi. Boş torpaqlar sürətlə zəbt edilir, sakinlərin əlindən neftli torpaqlar su qiymətinə alınır və orda qazma üsulu ilə neft fontanları təşkil edilirdi. Yerin altından həqiqi mənada “qara qızıl fontan” vurur, göydən isə pul yağırdı.
Güclü fontandan neft nəhr kimi axıb yaxınlıqdakı kənd və qəsəbə evlərini, tövlələri basır, uçurdur, hər şey qalırdı neft selinin altında; ölənlər olurdu, binalar, idarələr dağılırdı. Fəlakətə düşən adamlar tez-tələsik başqa yerə köçürdülər. Neftli torpaqlar üstündə tez-tez dava düşür, adam öldürülürdü.
Bakı və Abşeron qara cəhənnəmə dönmüşdü. Yalnız İçərişəhərdə və ətrafında iri malikanələr gözə dəyirdi və neftxudalar burda cah-cəlal içində yaşayırdılar. Ətrafda isə cəhənnəm mənzərələri hökm sürürdü. Hər tərəf neftdən çirklənmiş torpaqlar, qazma qara damlarla dolmuşdu.
Yerlilər bir yana qalsın, İrandan mədənlərdə işləməyə gələn minlərlə insan ağlagəlməz dərəcədə dəhşətli vəziyyətdə yaşayırdı. Xəstəlik, aclıq, istismar tüğyan edirdi... Neft isə sürətlə talanırdı...
Bu prosesə 1920-ci il sosialist inqilabından dərhal sonra neft sahəsinin  milliləşdirilməsi ilə son qoyuldu. Beləliklə, XIX əsrin ortalarından XX əsrin 20-ci ilinədək davam edən neft qızdırmasının I mərhələsi başa çatdı. Azərbaycan xalqı bu “qızdırmadan” halsız vəziyyətə düşdü.
Yeri gəlmişkən, o dövrün sosial-iqtisadi, ictimai-siyasi mənzərəsini görkəmli tədqiqatçı yazışı Manaf Süleymanov “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” əsərində daha geniş təsvir edib.
P.S. Neft qızdırmasının 2-ci və 3-cü mərhələləri haqda növbəti yazılarda söhbət edəcəyik.

elçin.bayramli@hotmail.com                     teleqraf.com

Комментариев нет:

Отправить комментарий