17.01.2013

Əli Şirin Şükürlü. İntellektual poeziya nümunələri

yoxluqların sevgisi- yuxu da gerçəklikdi

toxunuram O-na. sevirəm O-nu.
əlimdən tutub bərk-bərk. üzümə gülümsəyir
və sevir məni.
bu məkan və zaman kəsiyində
başqa heç nə və heç kim yox düşüncəmdə
O-ndan savayı.

nə ayrılıq barədə düşünürəm,
nə başqa biri ağlımda.

bu məkan-zaman kəsiyində
bir mənəm, bir O, bir də sevgi.

məkan – haradı,
zaman neçədi,
mən, O və sevgidən başqa
hadisələr
hara qeyb olub - hardadı?


oyanıram yuxudan.
mən varam, O yoxdu.
daha doğrusu,
indi mən olan yerdə
O yoxdu.

mən öz evimdə,
O öz evində.
O var olan yerdə mən,
mən var olan yerdə O yoxdu.

bəs bir az əvvəl yaşadıqlarım –
necə toxuna bilərdim yoxluğa,
yoxluq necə sevə bilərdi məni?

başqa necə ola bilər –
eyni vaxtda
həm eyni, həm də
ayrı-ayrı müstəvidə?

bir az əvvəl gecə idi;
mən öz evimdə, O öz evində.

bir az əvvəl
yoxluğumuz sevişirdi
mən və O olmadığı yerdə.

nöqtələr

nöqtələr nöqtələr nöqtələr –
hər nöqtə başlanğıc və son,
hər nöqtə son və başlanğıc.

başın üstə göy üzü –
ulduzlar, günəş, ay – nöqtələr.

ayağın yerdən üzülər,
qalxdıqca qalxarsan;
böyüyər buludlar,
böyüyər ulduzlar,
boyüyər günəş, ay.

kiçilər adamlar, ağaclar, evlər...
kiçilər kəndlər, şəhərlər, ölkələr –
nöqtələr nöqtələr nöqtələr
və sanki göy üzündən
göy üzünə baxırsan indi.

kiçilər;
nöqtə şəklində gözdən itər –
yox olmaz ki.

ağ nöqtəni bəyazlıq,
qaranı qaranlıq udar.

hər “yoxolma”da varlıq,
hər “varolma”da yoxluq gizlənər.

sevdiyim, sevəcəyim,
sən mənim yanımdaykən
mən sənin yanında –
varam, varam, varam...
həm də
yoxam, yoxam, yoxam
ölənə qədər.

sevdiyim, sevəcəyim,
mən sənin yanında
yoxam, yoxam, yoxam...
öləndən sonra.
həm də
varam, varam, varam –
nöqtələr nöqtələr nöqtələr.

metro

dayanıb metronun qarşısında.
seyr edir;

adamlar
tələsir, ləngiyir,
nə tələsir, nə də ləngiyir
canlı mənzərədə.

metroya  girir. ekskolator boyu üzü aşağı – yox olur.
çıxır metrodan üzü yuxarı – dəf edir yoxluğu.

yeraltı keçidə doğru – tədricən gözdən itir.
çıxır yeraltı keçiddən – hissə-hissə bərpa olunur.

gözəl bir qız yeriyir asta-asta, - üzündə məmnunluq.
yanında bir gənc - başı əyilmiş qıza sarı.
sevgi var ləngimədə.

qoca – zorla yeriyir. diqqətlə baxır
yanından keçənlərə. üzündə ümidsizlik.
ölüm yağır ləngimədən.

yeyin addımlarla
üz alıb metroya
zövqlə geyinmiş gözəl qadın.
üz-gözündən həyat yağır.
həyat yağır tələsmədən.

metrodan çıxıb harasa tələsir.
qalstuk taxıb, orta yaşlı. gecikməkdən qorxur.
yaşamaq gizlənib tələsmədə.

qaçıb sürətlə keçir
metronun qarşısından
kimsəyə fikir vermədən.
nə qocadı, nə cavan, amma
ölüm boylanır tələsmədən.

bəs o kimdi (nədi) –
obyektiv varolma gözəgörünməz.
nə həyata tələsir, nə də ölümə.
nə ölümə ləngiyir, nə də həyata.

paralel talelərin
kəsişmə nöqtəsidi metro, -
maraqlı, həm kədərli
əsrarəngiz mənzərə,
dayanıb seyr edəsən
vaxtı vecinə almadan.

bilirəm
bilirsən,
bilir,
bilirlər:
yaşanan hər an gecikməsidi ölümün.

ev

ev –
qapısı, pəncərəsi var.

ev.
pəncərəsi – sevdalı,
yağış, qar istər.
sonra günəş istər
yağışın, qarın üstünə.

sonra
yenə yağış, qar istər
günəşin üstünə.

ev.
qapısı – kədərli,
səs, ləpir, nəfəs istər
yağışın, qarın, günəşin üstünə.

sonra
yağış, qar, günəş istər
səsin, ləpirin, nəfəsin üstünə.

ev – darıxır, sevdalı-kədərli,
qapısı, pəncərəsi açılmaq istər
yağışın, qarın, günəşin üzünə.

Комментариев нет:

Отправить комментарий