17.01.2013

KEÇMİŞDӘN GӘLӘN BӘZİ DӘYӘRLӘRİMİZ

Seyfəddin Altaylı

Yazının başlığı bәlkә dә biraz qәribә alındı, ancaq çox fikirlәşsәm dә bundan ayrı başlıq tapa bilmәdim. İstәdim ki, bu qısa mәqalәdә ulu babalarımızın bizlәrә miras buraxdığı, daha düzü bizim qoruyub-saxladığımız dәyәrlәrdәn birinә toxunam.
Öncәliklә Türk mәdәniyyәtinin әvәzsiz әsәri Kitabı Dәdә Qorquda yönәlmәk vә sizinlә birlikdә ona bir nәzәr salmaq istәyirәm. Türklәrdә düz mifoloji çağlardan üzü bәri heç vaxt dәyişmәmiş bir gәlәnәyimiz var. Bizim özümüzә mәxsus yer tutma anlayışımızın olduğunu hamı bilir. Daha düzü kimin harda yer tutacağı, harda dayanacağı, harda әylәşәcәyi, yazılmamış qayda-qanunlarımızla düz mifoloji çağlarda müәyyәn edilmiş vә tarix boyu pozulmamış, pozulmasına icazә verilmәmişdir.
Dәdә Qurqud dastanlarında, Bayandır Xanın qarşısında Qara Gönә, sağında nәvәsi, Salur Qazanın oğlu Uruz, solunda isә Qazılıq Koca Oğlu Bәy Yegәnәkin dayandığı qeyd olunub. Salur Qazanın divanında isә qarşısında oğlu Uruz, sağında qardaşı Qara Gönә, solunda dayısı Oruzun әylәşdiyi vurğulanıb.

Әslindә bu cür әylәşmә vә yer tutma nizamının banisinin Oğuz Xaqanın oğlu Gün Xanın vәziri Irqıl Ata olduğu vurğulanır. Maraqlıdır ki, tarixi mәnbәlәrdә Türk dövlәt sisteminin yaradıcısı kimi Oğuz, yәni Metә xaqanın adı ön planda çәkilir. Ancaq, Oğuz xaqan Hun dövlәtinin imperiyaya çevrildiyi anda qarşımıza çıxsa da ondan әvvәlki dövlәtlәrimizin hansı sistemә görә yarandığı, hansı qayda-qanun әsasında qurulduğu üstündә heç kәs baş sındırmır vә bu fakt yaddan çıxır. Әgәr Kitabı Dәdә Qorqudda әylәşmә vә yer tutma nizamı hәssasiyyәtlә vurğulanırsa vә hәmin nizamın banisinin Irqıl Ata olduğu qәlәmә verilirsә, demәli bu nizam-intizam daha әvvәllәr dә vardı, lakin Irqıl Ata onu dövlәtin pozulmaz bir sistemi kimi qәbul etdirmiş ola bilәr, bu mümkündür.
Mәsәlәn müqayisә aparmaq mәqsәdilә vurğulamaq istәyirәm ki, halhazırda Anadolunun cәnub hissәsindә yaşayan Türkmәn tayfalarının da yaylağa köçmәsi özünә mәxsus mәrasimlәrә malikdir. Onlar hәmişә Bolqar dağına yaylağa gedirlәr. “Yaylağa köç başlanır” xәbәrindәn sonra obada arı pәtәği kimi bir fәaliyyәt müşahidә olunur. Tayfanın başçısı hәrәyә bir iş tapşırır. Ancaq yüklәrin hazırlanması işi tamamilә qoca nәnәlәrin ixtiyarındadır. Onların icazәsi olmamış bir çöp belә yerә sancıla bilmәz. Onlar qabqarılmaq işini obanın әn qәdim әnәnәsinә vә qanun qaydasına görә tәnzim edirlәr. Köç vaxtı cavan qızlar vә gәlinlәr әn gözәl libaslarını geyinir elә yola düşürlәr. Bu faktı şәrqi vә cәnubşәrqi Anadoluda yaşayan Kürdlәşmiş Türkmәn tayfalarında da eynilә müşahidә edә bilәrsiniz. Yaylağa köç ildә bir olduğuna görә hardasa bu hadisә müqәddәs bir amal kimi qәbul edilir. Yolda qatarı idarә edәcәk “qatarbaşı qız”ın seçkisi aparıldıqdan vә başçı qız tәyin olunduqdan sonra obanın әn ulu şәxsiyyәti, “köç başlansın!” deyә әmr verir. O öz atının başını buraxır vә köç qatarı yerindәn tәrpәnir. İlk düşәrgәni әlbәtdә obanın başında gedәn әn yaşlı vә ulu şәxsiyyәt tәyin edir. Axşamlanacaq yerә çatdıqda onun әmri ilә oba yerişini dayandırır vә yüklәr heyvanların dalından endirilir, ocaqlar qalanır, qız gәlinlәr yemәk içmәk işinә başlayırlar.
Yenә Anadoluda yaşayan Elbәyli Türkmәn tayfalarındakı bәylәr dә köç әsnasında özünә göstәrilәn yerdә gedir vә çadırlar da müәyyәn bir nizam daxilindә yerlәşir. Oymaq bәyi әn qabaqda yer tutur. Köç qatarının düzülmәsindә, düşәrgә salınacaq yerdә kimin çadırı harda tikilәcәk, o müәyyәn bir qaydaya görә olur. Bәyin sağında ikinci  bәy, solunda isә üçüncü bәy әylәşir vә onların çadırları da bu әsasa görә tikilir. Köç qatarında isә hәr oymağın yeri öz nüfuzuna görә tәyin edilir.
Mәsәlәn Gavur dağında yaşayan Aydın vilayәtinin Türkmәnlәrinin düşәrgә әsnasında çadırları bu nizama görә qurulur: Әn qabaqda vә güney tәrәfdә bәyin “salamlıq çadırı” ilә öz çadırı yanaşı tikilir. Aş yeri, yәni yemәk yeyilәn yer salamlıq çadırındadır. Onun arxasında bәyin uşaqları ilә gәlinlәrinin çadırları yerlәşir. Onların arxasında bәyin qohum әqrәbaları, şimalda әn dalda isә kütlә içindә o qәdәr dә nüfuzu olmayanların çadırları tikilir.
Hamı bilir ki, Türklәrin yönlәrlә bağlı özlәrinә mәxsus anlayışları vardır. Hәmişә gündoğan tәrәfin birinci, güney tәrәfin isә ikinci dәrәcәli yön olduğu bütün tarixi mәnbәlәrdә vurğulanıbdır. Anadolu Türkmәnlәrindә hәlә dә qәdim Türklәrdәki yön anlayışının eynilә davam etdirildiğinә bugün dә  şahid ola bilәrsiniz.
Cәnubi Anadolu Türkmәnlәri Osmaniyә vә Çamçatağı yaylaqlarında çadır qurarkәn, girәcәğin daim gündoğan tәrәfdә olmasına diqqәt edilir ki, hәmin anlayış, biraz әvvәl işarә etdiyim Kürdlәşmiş Türkmәn tayfalarında da mövcuddur. Çadırın sol küncünә “igid dayanacağı” deyilir. Bura bir qurd dәrisi sәrilir. Ev yiyәsi bir qonaq gәldikdә “igid dayanacağı”nda әylәşmәk mәcburiyәtindәdir. Bunu etmәzsә gәlәn qonağa düşmәnçilik bәslәdiyi mәnası çıxır. İgid dayanacağının qarşısındaki yerә “Dәdә Bucağı” deyilir. Qonaqlar burada әylәşdirilir vә onların burada oturdulması onlara edilәn hörmәtin rәmzidir. Dәdә bucağının yanındaki yerә “Qonşu Oturağı” deyilir. Burada isә qonağı görmәyә vәya baş çәkmәk mәqsәdilә gәlәnlәr әylәşdirilir. İgid dayanacağında qonağı qoruyan igidlәr dә әylәşirlәr.
“Ocaq çağı” vәya “İşıq çağı” deyilәn yer çadırın güneyindә olan ocağın yanıdır. Evdә qonaq olduğu müddәt әrzindә qadınlar ocağın yanındaca әylәşirlәr. Ocağa Güney Anadolu Türkmәnlәri müqәddәs rәmz kimi baxırlar. Azәrbaycanda olduğu kimi Anadolu Türkmәnlәri dә ocağa and içirlәr. Onlar ocağın odunu әsla üstünә su tökәrәk keçirtmәzlәr. Ocağa tüpürmәz vә ona söymәzlәr. Ocaq Türk dövlәt gәlәnәğindә mikro dövlәt olan ailәnin, bir nöqtәdә dövlәtin simvoludur. Türklәr oğlan uşağına tarix boyu “nәslin davamçısı”, “ocağın mirasçısı” gözüylә baxmalarının vә oğlan uşağını qızdan üstün tutmalarının әsas amili dә budur.
Mәsәlәn Dәdә Qorqudda Uşun Qoca Oğlu Sәğrәk boyunda, Әğrәkin hamını basa basa keçib qabaqda әylәşmәsi sәbәbilә Tәrs Uzamış ona qayda qanunu yada salaraq; Ay uşun Qocanın oğlu, bu oturan bәylәrin hәr biri oturduğu yeri qılıncı ilә, çörәyi ilә alıbdır. Әyә sәn başmı kәsdin, qanmı tökdün, acmı doyuzdurdun, yalın adammı geyindirdin? -deyir vә onu danlayır.
Demәli qәdim vaxtlarda otağlarda müyyәn yerlәrdә әylәşmәk o qәdәr dә asan deyildi. Xalqa vә dövlәtә layığınca xidmәt edәnlәr onun bәhrәsini görürdü vә özlәrinә yer qazanırdı. Әn qәdim vaxtlardan üzübәri gәlәnәklәrimizin eynilә davam etdirilmәsi hәm hәdsiz dәrәcәdә gözәldir, hәm dә insana qürur bәxş edir.
Bizdә, “hәrәnin öz yeri vardır” deyimi dә elә bizim dövlәtçilik gәlәnәyimizdәn yaranmayıb?

altayli_s@yahoo.com

Комментариев нет:

Отправить комментарий