15.01.2013

Tuva türklərinin musiqisini dinlədikdən sonra

Qadir Cəfəri

Demirəm ən doğmamsan mənim. Ancaq bir parçam. Hardasa yaddaşımda izin var bilirəm. Hansı uzaqlar burulğanında itirmişdimsə də, yenidən tapılır, cücərirsən. Hardan doğuldun yenə məndə sən? Nayman məni buraxsana! Burası şaxtadır. donuq bağırtılar sarayıdır. Səsim üşüdü. Sızıltılarımı Vərziqana qusdum, ağılarımı qarabağa. Artıq, Aral quruluğundan Urmu gölünə dammağına inanmışam. Bu nə coşğudu səndə? Bir an dayan mən unutqanam. Yuvanyuvanlar qəbiləsinə Yalamanam. Çoxdandı ormanlara yadırğamışam. Beləcə kişnərtmə atını ərənlər sayaq. Qışqırmaq Koroğlu dolu nostalogyamdı mənim. Şaha qalxırsa ilk yıxılan mənəm.

Yıxıldım at belində Donkişot mən. Oyanınca baxdım və baxınca ötükən ormanının saçına ilişdiyimi sezdim. Bir daha yaşamaq gərəkirdi səni. Ax! Haçandı unutmuşdum doğa doğmanı. Hansı hənirtidi beləcə toxunur mənə? Hansı boyanmış dodağın öpüş izidi beləcə köçür tinimə? əsliydi. Hər nəyin əsliydi kərəm. Yenə alma yedim. Yenə qovuldum. Qulağıma tanış səslər gəlir bu meşədə. Tanış ulamalar. Auuuu ulayıram bu tümcədə. Ram etməliyəm bütün yırtıcı boz qurdları. Qa!"laçınım laçınım laçınım mənim". Laçınlar çiynimdə, ovuna çıxıram aslanların. Meşələr xaqanı olammaz qorxaq aslanlar. Yenidən qurd ürəkliyəm. Aslan peşində boz qırlar adlayıram. Səsin Qobustan daş nağarasında döyülür. Bir daha səsini Kültəkin daş kağızlarının üstünə cızmalı. Azığ mağarasında "Sarı gəlin"in qızlığını yırtmalı. Yallı gedir günəşə doğru mahnılarım, və günəş dediyin günəş deyil, Qorqud dədəmdir. Qopuzunu köklədi doğa dilində ozan. "Hanı öydüyüm ərənlər?". Yenidən hünər göstərməli xanım. Yenidən ad qazanmalı. Beyrək, yenidən çiçəkli gecələrə layiq olmalı.
Savalana ucalırsam oradan Qafqaza baxa bilərmiyəm? Promtəlik ciyarım yox mənim. Qaf dağında alovlanaram. Qaf qazıyam. Qəzvin dənizindən üzüb gəlmişəm və mən gəldikdə, Otnapiştəm gəmi ilə keçirdi urmu gölündən. Bax qıyha çəkirəm. Qıy gözlərini badam gözlüm. Qoşa badam sığmayan dar ağızlım. Alton gəbələr sərdim yenidən. Üç təpədə üç çardaq, üç təpədə üç ocaq. Qamar xan oldu. Şaman xanım. Qamğan oğlu xan bayındır sultanım. Yeg deyil sonu bu boyların bilirəm.
Bir tonqal yanırdı ağrı dağlarında. "hop, bul, hop". Gopurdum İstanbulun qızıl almalığına. Hopurdum Ağrı dağlarının "dalğa kimi dağlarına". Hopurdum Qara dənizin "dağ kimi dalğalarına". Bulurdum məni. Sonra düymələrini açdım hopum səni. Sonunda dilə gətirdim Fuzulini: "surəti halım görən surət xəyal eylər məni"

......................................................................................................
"hop,bul, hop" sözünü yanılmasam öncə Kiyan bəy Xiyavın şerində oxumuşam.
"dağlarla dalğalarla, dağ kimi dalğalarla, dalğa kimi dağlarla" nazim hikmətdəndi

Комментариев нет:

Отправить комментарий