15.01.2013

İlhamiyyə Rza: “Peşəkar olmayanlar ulduza çevrilir”

Tanınmış telejurnalist İlhamiyyə Rza indiki fəaliyyəti, gördüyü işlər barədə sualları cavablandırıb

- İlhamiyyə xanım, siz hardasınız, nə işlə məşğulsunuz?
- SOS uşaq kəndləri Azərbaycan Assosiasiyasında PR işləri ilə məşğulam. Təşkilatı tanıtmaq, onun ətrafında dəstək verən qurumların və fərdlərin sayını artırmaq deməkdir. Bu təşkilat 133 ölkədə valideynsiz uşaqlara ailə qayğısı verməklə məşğuldur. Bundan əlavə, sosial layihələr də gerçəkləşdirirəm. Bu, risk altında olan ailələri dəstəkləmək məqsədi güdür ki, hər bir uşaq öz bioloji ailəsində özünə zəruri olan qayğını əldə edə bilsin.

- Jurnalistika ilə bağlı fəaliyyətiniz nə yerdədir?
- Həftənin bir günü televizyonçuluğla bağlı təlimlər keçirəm. Bu işi çox bəyənirəm. Mənə təlimçiliyi bəyəndirən də tələbələrin özləridir.
Məhz onların sayəsində mən bu işin faydalı olduğuna inanmağa başlamışam. İlk dəfə jurnalistika təlimləri aparmaq təklifi alanda fikirləşdim ki, axı bu nəyə lazımdır? Mənim öyrədəcəyim şeylər olmadan belə, bugünkü TV-lərdə çox sayda insan çalışır. Heç bir peşəkarlıq tələbinə cavab vermədən belə, ulduza çevrilə bilirlər. Düzgün televizyonçu lazımdırmı, axı buna ehtiyac yoxdur. Amma sonra gördüm ki, təlimə gələnlər məhz peşəkar bilgilər almaq arzusundadırlar, gördükləri işin keyfiyyəti ilə seçilmək istəyirlər. Başa düşdüm ki, ehtiyac olmasa belə, tələbat var. Əlbəttə aralarında sadəcə ekrana düşmək və tez bir zamanda tanınmaq istəyənlər də çoxdur. Lakin mənim onlara verəcəyim tək mesaj budur: Bəli siz tanınacaqsınız, çünki onsuz da ekrana çıxınca çox adam görəcək sizi. Lakin siz savadsız , başarısız birisi kimi tanınacaqsınız. Adınızın, gördüyünüz işin keyfiyyətinin qayğısına qalın. Naşı jurnalist olmaq bəlasından qaçın.

- Sizcə əsl jurnalist hansı keyfiyyətlərə malik olmalıdır?
-  Naşı jurnalist deyilən sözü elə təhrif edə bilər ki, sənin fikrinin tam əksi ifadə olunsun. Bunu çox müşahidə etmişəm. Lakin böyük bir kütləyə xitab edən şəxs, jurnalist, aparıcı hər sözün məsuliyyətini hiss etməlidir.

Bahadur                    aznews.az

Комментариев нет:

Отправить комментарий