02.03.2013

Həya hissinin məhvinə “STOP”!

Rövşən Yerfi

Və ya Seymur Baycan kimilər həyaya rişxənd etməkdə nə qədər haqlıdırlar? 

Ölkəmiz müstəqilliyə qovuşandan qazandıqlarımızla yanaşı bir çox itkilərə də məruz qaldıq. Xüsusilə, bu dövrdən başlayaraq mənəviyyatımızda çox qorxulu bir kabus dolaşmağa başladı – həyasızlıq kabusu... Bəşər yaranışından ən gözəl insani keyfiyyətlərdən biri sayılan həya hissinə səlib yürüşü, “ölüm” elan edildi. Aşkarlıq açıq-saçıqlıq kimi başa düşüldü. Həya hissi olanları qorxaq, bacarıqsız  saydılar. Həyasızlıq yüksək insani keyfiyyət normasına qaldırıldı. Həyasızsansa demək cəsarətlisən, qabiliyyətlisən. Özünü tərifləmək, gözə soxmaq adi hala çevrildi. Ardınca yeri gələndə sərfəli yalanlar uydurmaq bacarığı – artıq bu, belə insanlarda həyasızlığın çiçəklənməsindən xəbər verir.

Bir doğru atalar sözü var: utanmasan oynamağa nə var... Həqiqətən utanmayandan sonra insan abırdan kənar hər əməli etməyə qadirdir.Sözümün məğzini çatdırmaq üçün həya haqqında Əli əleyhissalamın gözəl bir hədisini yada salım: “Həya bütün yaxşılıqların açarıdır.” Bu nöqteyi-nəzərdən həyasızlığı da bütün pisliklərin açarı adlandırmaq olar. Həyasızlığın əmələ gətirdiyi pis əməllərdən biri də acgözlükdür - nəfsin çəkən hər şeyin acgözü olmaq. Müqəddəs peğəmbərimiz Məhəmməd əleyhissalam isə nəsihətlərində bildirmişdir ki, “tamahkar adamın şərəfi olmur”. Fikrimizi dəqiqləşdirsək görərik ki, həyasızlıq şərəfsizliyə gedən yolun başlanğıcıdır.
Avropa mədəniyyəti və müasirlik adı altında təbliğ edilən həyasızlıq daha çox şou aləmində və internet mediasında özünü göstərir. Azad seks, açıq-saçıq geyim, bədən əzalarının nümayişi yüksək zövqlülük, mədəniyyət kimi təqdim olunur. İsmət, bakirəlik, adət-ənənələr ələ salınır. Diqqətlə nəzər salsaq  bu mövzuda təbliğat aparanlar əsasən subay və yaşlaşmağa başlamış normal sevgisi, ailəsi olmayan adamlardır. (Qadınını, ailəsini sevənlər bəhs edilən məsələlərdə son dərəcə həssas və mühafizəkar olurlar.)  Daxili dünyasının boşluğu üzündən səfil həyatına bənzər ömür sürən belə “istedadlılar” guya ehkamlara, köhnəliyə qarşı çıxıb yeni təfəkkür uğrunda mübarizə aparırlar.
Arzusunda olduqları, ictimaiyyətə sırımaq istədikləri düşüncə və yaşayış tərzini görən bu insanlar  öz ana-bacılarına, sevdiklərinə, gələcək uşaqlarına rəva bilərlərmi?
Ailə üzvünün bakirə olmaması ilə, seksuallığı ilə öyünmək, fəxr etmək istəyirlərsə bunun bir yolu var: müsəlman dinindən dönmək, imtina etmək. Sonra nə cür istəyirlər yaşasınlar – lap bir çox canlılar kimi azad və utanmadan, həyaya ehtiyac duymadan...  Amma bunun üçün həyasızlığın təbliği ilə başqalarının da mənəviyyatını korlamaq, dünya görüşünə nüfuz etmək yolunu tutmasınlar.
Sonda Əli əleyhissalamdan yenə bir hədis xatırlatmaq istəyirəm: “Həya və utanma namus və abırla iç-içədir”...

Комментариев нет:

Отправить комментарий