01.03.2013

Sumqayıt hadisələri... Xuraman Abbasovanın kəlağayısı və 25 il

Aida Eyvazlı

Ermənistan-Azərbaycan münaqişəsi, 20 faiz torpaqlarımızın işğalından söhbət düşəndə 1987-ci ilin noyabr-dekabr aylarını xatırlayıram. Moskvadan “Время”  xəbərlərdən ibarət  informasiya proqramına baxırdıq. Mixail Qorbaçovun Amerikaya Ronald Reyqanın yanına olan səfərini göstərirdilər. Güya Ronald Reyqanla nüvə silahlarının məhvi haqqında saziş imzalayırdılar. Erməni katolikosu da bu görüşdə idi. Gözümə bir məqam sataşdı. Erməni katolikosunun arvadı əlində bir xəritə Qorbaçovun “gorbagor” arvadı Raisaya yaxınlaşıb, xəritəni ona göstərir, nəyisə izah edirdi. Sonradan bildim ki,  arzu etdikləri “Böyük Ermənistan torpaqlarının” xəritəsini göstərir və həmin görüşdə ondan Qarabağı da istəmişdi. Əvəzində isə Raisa Qorbaçovaya bahalı, çox bahalı bir boyunbağı verdilər.
Bunlar hamısı xəbərlər proqramı vasitəsi ilə translyasiya olunurdu.
... Hədiyyə öz işini görmüşdü. Aradan çox keçməsini gözlətmədi. 1988-ci ilin sonunda İrəvanda yaşayan soydaşlarımız  doğma torpaqlarından bir gecənin içərisində qaçıb, canlarını qurtarıb gəldilər. Hərdən fikirləşirəm ki, gərək  gəlməyəydilər. Dayanaydılar. Öldürülsələr belə, dayanaydılar. Heç olmasa üç gün. Bəlkə belə olsaydı, dünyaya səs salmaq olardı ki, ermənilər rusun əli ilə bizim soydaşlarımızı qırır. Axı onda, hələ 1918-ci ildə ilk müstəqilliyini qazanan Azərbaycanın 114min  kv.km torpaqlarından 86 min kv.kilometri bizdə idi. 28 min kv.kilometrini Sovet İmperiyası paylamışdı. Yəni ki, indi işğalda olan 20 faiz torpaqlarımız getməmişdi. Ayaqyalın, başı açıq, soyuq qış günündə İrəvandan qatarlarda, maşınlarda gəlib Bakıya tökülüşdülər. İnsanlarımız şokda idi. Axı çoxumuz heç nə bilmirdik. Axı bizə zaman-zaman “Qardaş olub Hayastan-Azərbaycan” mahnısını öyrətmişdilər. Yəni ermənilərin zaman-zaman rusun, ingilisin əli ilə başımıza gətirdikləri müsibətləri nənə-babalarımız, ata-analarımız Sovet rejimindən  çəkinərək danışmamışdılar. Arxivlərdə, kitabxanalarda isə demək olar ki, axtaranımız yox idi. Axtaranlar da  dərdi ürəklərində gəzdirirdilər, ya da ki, sovet zindanlarında dissident qismində həbs olunub, sonra da “dəlilik” kağızı ilə buraxılırdılar ki, danışdıqlarına kimsə inanmasın. Biz Aleksandr Şirvanzadənin erməni-Azərbaycan dostluğunu vəsf edən “Namus”, “Nakam qız” əsərini oxumuşduq. Biz ermənilərlə can bir qəfəs qonşu idik. Vəzifəli kişilərimizin əksəriyyətinin  arvadı və ya sevgililəri  erməni idi. Çünki arvadı erməni, rus olmayanı vəzifə kürsüsünə  çəkmirdilər.  Bizə sövet bu həyat və dostluq dərslərini öyrədirdi.
...Onu deyirdim axı. İrəvandan  bütün azərbaycanlılar qaçıb gəldilər. O da yadıma gəlir ki, gələnlərin 50 yaşından yuxarı olanları Bakının, Sumqayıtın havasını götürməyib, dərddən bağırları çatladı. Öldülər. Qoyub gəldikləri Vətənlərinin ağrısını çəkə bilmədilər. Bizim kəndləri də bəyənmirdilər. Lap elə haqlı olaraq ağız büzürdülər ki, İrəvanda kənd yolları asvaltlıdır, kəndlərdə qaz, işıq problemi yoxdur. Məktəbləri, mağazaları, iaşə obyektləri daha mükəmməl imiş. Bu da Sovetin Azərbaycana münasibətindən irəli gəlirdi deyəsən. Bəlkə də elə deyildi, bəlkə təqsirkar elə özümüz idik ki, öz kəndlərimizə işıq, yol, qaz çəkmirdik. Özü də bol olan işığımız və qazımızdan.
...Qorbaçovun Qarabağı  ermənilərə “peşkəş” etmək planı baş tutmuşdu. Əslində Azərbaycan və Ermənistan  arasında  başlaycaq  münaqişə Amerikanın Soveti dağıtmaq mübarizəsinin ilk mərhələsi idi. Bu oyunun da Sovetlər Birliyində ən gözəl oyunçusu Qorbaçov idi. Münaqişənin yaradılması tapşırığı əslində Qorbaçova  Reyqan tərəfindən verilmişdi. Və İrəvandan azərbaycanlıların  qovulması ilə,  Soveti dağıtmaq planı işə düşmüşdü.  Sonra Ağdamın mərkəzində baş verən  hadisələr, hay-küy, qara-qışqırıq, Sosialist Əməyi Qəhrəmanı Xuraman Abbasovanın  erməniləri öldürməyə qalxan  həmyerlilərimizin ayağına atdığı kələğayısı...  
Sonra da dünyanın düzənini dəyişən Sümqayıt hadisələri. Qorbaçovun  Sovet İmperiyasını yıxmaq üçün aldığı tapşırığın yerinə yetirilməsi üçün obyekt seçilən beynəlmiləl Sumqayıt şəhəri. Və həmin ərəfədə şəhərə gələn liviyalı ermənilər, bu mənfur cinayəti həyata keçirmək üçün illərlə hazırlanmış  xüsusi təyinatlı sovet KQB-sinin dəstələri... və bizim tora düşən, dünyadan xəbərsiz cavanlarımız.
Elə burada, yaddaşımın uşaqlıq illərinə qayıtmaq istəyirəm. Sumqayıtda 4-cü mikrorayonda Xruşovka deyilən beynəlmiləl bir binada yaşayırdıq. 8-10 yaşım olardı. Təkcə bizim  blokda 3 erməni ailəsi var idi. Rus, erməni, azərbaycanlılar. Can deyib-can eşidərdik. Bizdən bir mərtəbə yuxarıda Artuş  Arakelyan ailəsi yaşayırdı. Mənim iki qardaşımla, bu ailənin iki oğlu həmyaşıd idilər. Və təbii ki, bu dəcəl oğlanlar  gah bizdə, gah da Arakelyan ailəsində yığışıb oynayırdılar. Atam ailənin başçısı  Artuş Arakelyana heç vaxt salam verməzdi. Bilmirdik ki, niyə sevmir onu. Ancaq ailənin qadını Asya xalanı, bütün məhəlləmiz sevirdi. Çox hörmətli, abırlı bir qadın idi.  Deyirdi ki, atası  yunandır. Anamın da, bizim də əzizimiz idi.  Bir dəfə də yenə iki qardaşımla Arakelyangilə qalxmışdıq. Ata Arakelyan oğlanları ilə mənim qardaşlarımı güləşdirirdi və tez-tez də “türkes”, “hayes” deyərdi. O yadımdadır ki, qardaşlarım döyüşdə məğlub olanda o çox sevinə-sevinə, ürəyi köksündə partlayırmış kimi “Hayes” deyib az qala bağırardı. Bir dəfə atamdan soruşdum ki, Artuş dayı belə bir iş eləyir. Ondan sonra, atam bir dəfə onun qarşısını kəsib nəsə demişdi.  Sonra böyüyəndə bildim ki, onun cavabını yaxşıca vermişdi.
Aradan illər keçmişdi. Biz köhnə məhəlləmizdən, təzə məhhəllədə aldığımız  mənzilə daşınmışdıq. Bizim blok qonşumuz olan Arakelyanlar ailəsi də  həmin məhəllədə, lakin başqa binada mənzil almışdılar. Biz yenə mehriban qonşuluq münasibətlərində idik.
...1988-ci il 15 fevralı.  İndiki kimi yadımdadı. Boz bir fevral ayı idi. Mən Daşkəndə uçmaq üçün yola hazırlaşırdım. Birdən  məndən kiçik bacım Sevda əlində dolu bir çanta içəri girib dedi ki, qonşumuz Leyla, bu həmin Leyla idi ki, anası erməni idi, qızı da Qukasyan Slavikə ərə getmişdi. Qukasyan Slavik Sumqayıtda böyük bir ticarət mərkəzinin direktorunun oğlu idi. Həm də mənim  təhsil aldığım 23 saylı məktəbdə fizika və riyaziyyatdan dərs deyirdi. Çox şık yaşayırdılar. Qonşulara qarışmırdılar. Kimsə onları, bir xeyir, şər məclisində görməzdi. Nə isə... bacım Sevda dedi ki, Leylagil köçürlər. Təcili paltarlarını satır. Paltarların içərisində xəzdən olan üst geyimləri daha çox idi. Sevda sonra onu da əlavə etdi ki, büllur çılçıraqlarını da satırlar...
Məni yola salmağa gələn Asya xala və başqa qonşular da bu alverdən şübhələnmədik. Kimsə bilmədi ki, bu təlaş nə üçündür. Aradan 2 həftə keçəndən sonra mən Sumqayıtda o hadisələrin baş verdiyini eşitdim. Qukasyan ailəsi itkin düşmüşdü. Onları görən olmadı. Arakelyan Asya xalanın ailəsində isə çox fəlakətlər oldu. Asya xalanın başına çox işgəncələr gətirilmişdi, ərini isə yandırıb külə döndərmişdilər. Anam ağlaya-ağlaya deyirdi ki, onların evinə gələnləri heç kim tanımayıb. Bu adamlar əksəriyyəti erməniyə oxşayırmış və ermənicə danışırlarmış.
... Və mən bir dəfə həmin hadisələrin güya “təşkilatçısı ” olan, güllələnmə cəzası alan Əhməd Əhmədovun barəsində yazı hazırlayırdım. O zaman Sumqayıt şəhər prokurorluğunda Əzizağa adlı (üzr istəyiəm ki, indi soyadını unutmuşam)  bir hörmətli xüsusilə mühüm işlər müstəntiqi ilə söhbət elədim, o mənə Arakelyan ailəsinin niyə elə faciəyə məruz qaldığının səbəbini dedi. Sən demə Arakelyan 1950-ci illərdən  fəaliyyət göstərən  “KRUNK” cəmiyyətinə, Sumqayıtda yaşadığı müddətdə 1 qəpik də olsun pul ödəməyibmiş... buna görə də aqibəti belə oldu...
“Space” televiziyasında , “Panorama” qəzetində işlədiyim vaxtlar, nə vaxtsa Gənclik şəhəri adlanan Sumqayıtımı sevən birisi kimi, jurnalist  səlahiyyətlərimdən istifadə edib, 1988-cu ilin fevral ayının 28-də baş verən dəhşətlər barədə televiziya və qəzet üçün materiallar  hazırlayırdım.  Və hər il Sumqayıtın məktəbliləri, gəncləri arasında  bu tarixi bilib bilmədikləri barədə sorğu aparırdım.  90 faiz respondent xəbərsiz idi. Bilmirdi. Unutmuşdular.
Bu problemlə bağlı müxtəlif vaxtlarda, müxtəlif insanların oturduğu kabinetlərinin qapısını döyüb  dəfələrlə Sumqayıt hadisələrinin baş verməsini anladan 5-6 metirlik bir lövhənin şəhərin görkəmli yerində qoyulması barədə xahişlər etdim, təkliflər verdim. Gülə-gülə “Borcumuzdur! Əlbəttə”- deyib yola saldılar. Mənə verdikləri sözü unutdular.  Bu gün həmin hadisələrdən 25 il ötür. Bu 25 ildə Sumqayıtın o qədər torpaqlarını iş adamlarına, ev tikmək istəyənlərə istədikləri qiymətə satıblar. Yaxşı alver gedib. Qazanıblar. Bu günə qədər də  Sumqayıtda mən və mənim kimi şəhərinin taleyi üçün narahat olan onlarla vətəndaş bu lövhəni görmək istəyir.
Uduzan isə gəncliyimizdir. Çox vaxt tarixindən xəbəri olmayan,  dünənki tarixini bilməyən gəncliyimiz.  Bəs onlar bunu bilməyəcəklərsə, o şəhərə, bu Vətənə necə sahib çıxa bilərlər?!
Qədim türk tarixini daşlara yazan Güntəkin yadınıza gəlirmi?! Türk dünyasıının tarixini bu günümüzə Güntəkinin daşlara yazdığı gətirdi, daşlar o tarixə şahidlik etdi. Nə olar, ay Sumqayıt İcra hakimiyyəti, Bələdiyyə rəisləri,  Siz də Sumqayıtda bir balaca torpaq sahəsi tapıb,  bir daş abidə qoyun, o daşın üstünə şəhərimizin başına gətirilən bəlanın  doğru olanını yazdırın. Yoxsa ki, ermənilər başqa cür, özlərinə sərf eləyən kimi yazacaqlar. Necə ki, yazırlar.
NƏTİCƏ: Yuxarıda kələğayı söhbətini yarımçıq saxlamışdım.
Sumqayaıt hadisələrindən sonra Qarabağın alınması planı mərhələ-mərhələ həyata keçməyə başladı. O vaxtdan bu günə kimi,  22 ildir ki, deyirik ki, torpaqlarımızı alcağıq.  Mənim üçün ən ağrılısı odur ki, gəzdiyim ölkələrdə məndən “Torpaqlarınızı nə zaman geri qaytaracaqsınız?” soruşulanda , xəcalət çəkirəm. Deyirəm ki, “rus qoymur ki, rus dayanıb erməninin arxasında. Dünya ictimaiyyəti də erməniyə  bir güllə atan kimi, deyir ki, beynəlxalq qaydaları pozursunuz. Ona görə də  bacarmırıq”.
Bir dəfə belə söhbətlərin birində bir dəliqanlı mənə bilirsiniz nə dedi?! Dedi ki, “vuran oğul atasına baxmaz. Siz vuruşun qabağa gedin, sonra erməni gücünüzü görüb geri çəkiləcək. Halal torpaqlarınızı geri almaq üçün, çəkinməyin!!! Onlar Sizin torpaqlarınızı zəbt ediblər...”. Razılaşdım dostumla.  Ancaq  biz hələ də dünyanın reaksiyasını və “HƏ” deməsini gözləyirik.
... HƏ... Onu deyirdim axı. O kələğayıını o vaxt tapdamadılar. Üstündən keçmədilər. Dedilər qeyrətimizdir. Ancaq ondan sonra papaq qoymağa haqqı olmayan kişilərimizn hamısı papaqla gəzir. Çünki nə qədər ki, əsirlikdə qızlarımız, gəlinlərimiz qalıb, bəlkə ləhcəmizi də itiriblər, ermənilərə küçük doğublar, o papağı gəzdirməyə haqqımız yoxdur axı. Bunu mən belə fikirləşirəm.  Hərdən generallarımıza da acığım tutur. Fikirləşirəm ki, qəhrəmanlıq  adları qaliblərə yaraşır:
                                     
... Xilas eləmirsə əsir qızları,
O əsgər, general nəyimə gərək.
Vətən torpaqları yağmalanıbsa,
Vətən Qəhrəmanı nəyimə gərək?!

Aida  Eyvazlı,
Azərbaycan Televiziya və Radio
QSC-nin Özbəkistan və Mərkəzi Asiya
Respublikaları üzrə xüsusi müxbir
postunun rəhbəri

Комментариев нет:

Отправить комментарий