17.03.2013

Vəfa Mürsəlqızı - Daha heç nə istəmirəm


 Ata güllü bir corab al,
 Daha heç nə istəmirəm.
 N. Həsənzadə.

 Gecələri rahat-rahat,
 Balışa baş qoyan canım,
 Çiçəklərə yoldaş olan,
 Küləkləri duyan canım.
 Daha heç nə istəmirəm.

 Gecələri ulduzları sayır yenə,
 Amma qəmgin baxışlarım,
 Balışıımı bezar edib,
 Göz yaşlarım.
 Sən getmisən, sən getmisən,
 Daha heç nə istəmirəm.


Bu dunyanın sevgiləri,
 Adiləşdi gözlərimdə,
 Mən böyüdüm, böyüdükcə,
 kirpiyimdə nəm böyüdü,
 Heç bilmədim, mən böyüdüm?
 İçimdəki qəm böyüdü?
 Çiçəklərə, mələklərə,
 Oxşadardın məni bir vaxt,
 Sonra sən də adiləşdin,
 Dünya kimi.

 Bir vaxt yerə döyərdim mən
 ayağımı,
 Onu verin, bunu verin,
 Deyə - deyə,
 İndi niyə istəmirəm,
 Səni axı,
 Ayağımı yenə yerə
 döyə-döyə.
 Axı niyə mən möcüzə gözləmirəm,
 Daha heç nə istəmirəm.

 Mən böyüdüm,amma yenə,
 Dünya böyük, mən kiçiyəm,
 Gözlərində.
 Gözüm yoxdur bu dünyanın,
 Axşamında, səhərində,
 Ətirində, çətirində,
 Heç nəyində,
 Bircə səni istəyirəm,
 Bu çarəsiz ürəyimdə,
 Bircə səni istəyirəm,
 Daha heç nə istəmirəm,
 Daha heç nə istəmirəm.

Комментариев нет:

Отправить комментарий