20.04.2014

Bizi çörəklə necə zəhərləyirlər?

Biz heyvanlar üçün nəzərdə tutulan unun çörəyini yeyirik

Digər xalqlarla müqayisədə daha çox çörək yeyirik. Bunu xarici ölkələrdə səfərdə olanlar da deyir. Gündəlik qida rasionumuzun əsas hissəsini təşkil edən çörəyimizin keyfiyyətindən isə razılıq edən yoxdur. Səbəblər çoxdur. Un tələb olunan şəraitdə saxlanılmır, çörəyin bişirilməsi zamanı beynəlxalq standartlara riayət olunmur. Hazır çörəyin satış nöqtələrinə daşınması zamanı gigiyenik qaydalara əməl edilmir. 
Bütün bunlar bir yana, bu gün çörəklər əslində insan yox, heyvanlar üçün nəzərdə tutulan un növündən hazırlanır. Buğda istehsal edən böyük sexlərdə keyfiyyətsiz buğdadan üyüdülən una adı bəlli olmayan, Çindən gətirilən ağ toz şəklində maddə vurulur. Bundan sonra un birinci növ “olur”.

Çörəkbişirmə sexlərinə çatdırılan unun saxlanma qaydasına əməl edilmir. Un əslində rütubətsiz, çörək bişirilən yerdən kənarda saxlanılmalıdır. Əgər un isti və ya rütubətli yerdə saxlanılırsa o zaman kartof xəstəliyi yaranır. Yay aylarında alınan çörəkləri artıq ikinci gün yemək olmur. Çörəyin içi yapışqanlaşır və qəribə kimyəvi maddə qoxusu gəlir. Bu, kartof xəstəliyinin əlamətidir. Rütubətli yerdə saxlanılan un artıq kartof xəstəliyinə yoluxub.
2013-cü ilin dekabrında benzinin və dizelin qiymətinin 30 faiz qalxması ölkədəki bütün istehsal sahələrinə təsir etdi, o cümlədən də çörəkbişirməyə. Söz yox, bu qiymət artımından sonra çörək çeşidlərinin qiyməti 30-60 qəpik arasında saxlanıldı. Lakin sexlərdə çörəyin çəkisi azaldıldı, nəmliyi artırıldı. Ekspert Eyyub Hüseynov deyir ki, beynəlxalq normalara görə, çovdar çörəyinin keyfiyyət standartlarına görə, 51 faiz nəmlilik , turşuluq 12 dərəcə, 48 faiz məsaməlilik olmalıdır. Amma bizim çörək sexlərində istifadə edilən unun istehsalı haqqında məlumat verdik. Burada ikinci növ undan istifadə edilir. Beynəlxalq standartlarda ağ çörək isə əla, birinci və ikinci sinif buğdadan hazırlanmalıdır. Nəmlilik 42-45 faizdən yüksək olmamalı, turşuluq isə 2.5-5 dərəcə, məsaməlilik 65-75 faiz təşkil etməlidir: “Beynəlxalq Səhiyyə Təşkilatı bildirir ki, standartların pozulması insan orqanizminə ciddi mənfi təsir göstərir. Xüsusilə, nəmliliyin və turşululuğun yüksək olması mədə-bağırsaq xəstəliklərinin artımına, xərçəng xəstəliyinin genişlənməsinə təkan verir”.
E.Hüseynov onu da vurğuladı ki, çörəyin nəmliliyini artıb-azaltmaq texnoloji baxımdan çətin deyil. Sadəcə çörək bişirən sobada temperaturu yüksəltmək lazımdır: “Çörəyin üzünə baxanda qızardığını görüb, əla bişdiyini zənn edə bilərsən. Lakin bu, belə deyil, bu çörək tam bişməyib. Çörəyin üzərinə əl ilə vurandan sonra əvvəlki formasına qayıtmırsa, deməli nəmliyi çoxdur”.
İndi mağazalarda müxtəlif çeşidli çörəklər satılır. Ağ və qara çörəklərin çeşidləri çox olsa da, pəhriz saxlayanlar əsl qara çörəyi çox axtarırlar. Azərbaycanda qara çörəklər əsasən kəpəkli undan hazırlanmır. Qara çörək əldə etmək üçün adi una kakao və ya rəngləndirici qatqı əlavə olunur.
Həkimlər isə deyir ki, çovdar unundan hazıranmış çörək daha rahat həzm olduğu üçün orqanizm üçün çox faydalıdır. Çovdar çörəyinin spesfik qoxusu olur.
Alıcılar daha çox sellofanda olan çörəyə üstünlük verirlər. Çünki bu çörək əldən ələ keçmir. “Baker” çörək zavodunun istehsalı olan çörək də sellafonda satılır. Amma bu günlərdə aldığımız “Baker” çörəyinin içindən siçovul zibili çıxdı. Belə çıxır ki, çörəyin sellafona bükülməsi də onun təmizliyinə zamanət vermir. 
Azərbaycan taxılı Qazaxıstandan idxal edir. Son illər bu ölkədə taxılın keyfiyyəti aşağı düşüb, hətta məhsulun keyfiyyəti 3-4 sinif standarta qədər düşüb. Azərbaycanda bu keyfiyyəti aşağı olan taxılı baha qiymətə alıb çörək hazırlayırlar. Ona görə də fərqli qiymətli çörəklər satışa çıxarılsa da, keyfiyyət eynidir.

Abuzər Azəroğlu            interpress.az

Комментариев нет:

Отправить комментарий