24.04.2014

Qəribə canlılar

Əli Şirin Şükürlü

Səhər iş otağımda oturub ötən gecə gördüyüm yuxu barədə düşünürdüm. Bilmirəm məni bu düşüncəyə sövq edən nə idi. Amma yuxunun doğurduğu bəzi fikirlər qeyri-ixtiyari məni çulğaladığından onlardan yan keçməyi bacarmırdım. Yuxuda gördüklərim təfsilatı ilə yadımda qalmasa da bəzi fraqmentləri xatırlayırdım. Elə bu fraqmentlər də məni düşünməyə vadar edir və real həyatla gördüyüm yuxu arasında körpü axtarırdım.
Yuxuda görürəm ki, gəzintiyə çıxmışıq. Bir neçə adamdan ibarət dəstədi. Turist səfərinə bənzəyir. Məkan aydın deyil. Vaxt da həmçinin. Necə olursa dəstədən ayrı düşürəm. Elə bu zaman insana bənzəyən qəribə bir canlıyla rastlaşıram. Diqqətlə mənə baxdığını görüb salamlaşmaq istəyirəm. Amma o, dərhal məndən uzaqlaşır. Yaxınlaşmaq istərkən qəribə canlının artıq təcrid olunmuş bir ərazidə dayandığının şahidi oluram. Canlı daha çox “Qar adam”a bənzəyir.
Dayandığı yerdən mənə baxmaqda davam edir. Təcrid olunmuş ərazini əvvəlcə heyvanxanaya bənzədirəm. Sonra bu ərazinin bir şəxsə mənsub olduğu aydınlaşır. Ərazinin girişində arxayın oturan həmən şəxs nəsə söyləsə də anlamıram. Birdən ərazidə başqa qəribə canlılar da peyda olur. Bəlkə də elə əvvəlcədən orada imişlər, sadəcə mən müşahidə edə bilməmişəm. Axı bütün gördüklərim yuxuda baş verirdi.
Maraq məni üstələyir. Bir qədər ehtiyatlansam da əraziyə daxil olub, canlılara yaxınlaşmaq istəyirəm. Lakin canlıların qəzəbləndiyini görüb geri çəkilirəm və xeyli onlara tamaşa edirəm. Bəziləri ayaq üstə dayana bilsə də, bəziləri bunu bacarmır, elə olduğu yerdən gözlərini mənə dikib, təlaş qarışıq maraqla məni seyr edir.
Bu canlıların qəribəliyi onların hər birinin insana bənzəməsi idi. Bəzisi daha çox insana bənzəyir – “Qar adam” kimi, bəzisi qismən. Birinin başı insan başına bənzəyir, birinin bədəni, birinin baxışı. Biri dörd ayaq üstə dayanıb, biri iki ayaq üstə. Biri sürünür, başqa biri isə sürünə də bilmir. Sürünə bilməyənlərin bədəni torpaqdan ibarətdi. Daha doğrusu, torpağın üstündə baş bitib elə bil. Çox qəribə mənzərədir, gördüklərimin çoxunu təsvir etməyə çətinlik çəkirəm. Xülasə: canlıların hamısında insandan nəsə var. Sanki insan təsvir olunmuş hansısa müstəvi çiliklənib fərqli ölşülərdə ətrafa dağılmış və bu canlılarda təzahür etmişdi.
Yuxudan bir neçə gün əvvəl, doğurdan da, gəzintidə olmuşdum. Gəzintinin yeri də məlum idi, vaxtı da. Şahidi olduğum hadisələri də yaxşı xatırlayırdım.Bir gün əvvəl isə Frans Kafkanın “Qəribə heyvan” novellasını yenidən oxumuşdum. Novellada yarı quzu, yarı pişik heyvandan söz açılır. Doğrusu, movzu maraqlı olsa da bədii və fəlsəfi həlli bir o qədər də xoşuma gəlməmişdi. Məsələnin qoyuluşu daha dərin məqamlara işıq tutmağa imkan verirdi, məncə.
Yuxuya qədər bu iki müxtəlif hadisəni xatırlamağım yuxu adlı fenomeni heç də keçmişlə əlaqələndirmək fikrimdən irəli gəlmir. Çünki mən yuxunun təkcə nə keçmişin, nə də gələcəyin göstəricisi olduğuna tam inanmıram. Fikrimcə, yuxu – movcud olduğumuz məkan və zamandan fərqli məkan-zaman kəsiyində baş verən gerçəklikdir. Yəni yuxu həmən gerçəkliyin təsviridir sadəcə.
Bütün təsvirlərdə bir yanlışlıq var ancaq. Güzgü, foto və s. kimi. Məsələn, güzgü, elə foto da real həyatda üz ölçüdən ibarət olanı ikiölçülü göstərir. Əslində insan idrakı da təsvirdi – real olanın təsviri. Görünür, elə buna görə də əsl həqiqət zülmətdə uyuyur. Dünya bir bulaqdırsa, insan idrakı o bulaqdan su götürən bir fincandır (Ə.Ş. Şükürlü “Dünyaya yeni baxış” əsəri).
Burada bir məsələ də var: yuxular bəzi yanlışlıqlara yol versə də, digər təsvirlərdən fərqli olaraq bəzən gerçək həyatda olmayanları da göstərə bilir. Elə insanabənzər bu məxluqları göstərdiyi kimi. 
Bu səhər ötən gecə gördüyüm yuxu – daha çox qəribə canlılar barədə düşünərkən bir çox mətləbləri anladım. Əgər yuxu fərqli məkan-zaman müstəvisində keçmişin təsviridirsə, eybi yox, olan olub, keçən keçib. Yox, əgər gələcəkdən xəbər verirsə, o qədər də məmnun qalmadım. Bəzi mətləbləri anlasam da təkcə birini heç cür anlaya bilmədim: insana bənzəyən bu canlılar təcridxananın sahibi olan o şəxsdən savayı insan görərkən niyə qəzəblənirdilər, görəsən.

Комментариев нет:

Отправить комментарий