25.04.2014

İbrahim Sel - Cındır otaq

(Tələbəlik dəftərindən)

Tələbkar tələbə -2

Səhər tezdən yenə də
ev sahibəsinin quduz səsi
başına ğötürüb evi
“Bu gün ev pulunu çatdırmasanız 
tökəcəm şələ-şülənizi çölə”
Əzizinəm, Heyne
sən də nəyi qoyub nəyi axtarırdın
Mən bütün Avropada
asanlıqla sülh yaradardım
ancaq qabağıma bir-iki
azəri qadın çıxdı ki onları
heç sakitləşdirə bilmədim
Səhər tezdən durub sol gözümlə
bu cındır otağı bir xeyli seyr edirəm
sağ gözüm nədənsə bir müddət 
gec açılır sol gözümdən
Yox mən solaxay da deyiləm
sadəcə evpulunun vaxtı çatanda 
bütün hisslərim sola verir
Evpulunun vaxtı isə
yaman tez-tez gəlib çatır 
Otaq yoldaşım İntiş çoxdan getmiş
nə imiş
günortayadək yatanıydı
mamış oğlu mamış
yerini də yığışdırmamış
sınmış divanın nəvazişli dillərindən
qıc olmuş sol qolum
gizildəyir biləkdən
sol əlimi açıb yumuram dalbadal
bu da mənim səhər idmanım
guya ki məndə gənc nəslin 
sağlam nümayəndəsiyəm
Aclıq səni çapırsa, ay Alı kişi
nəyin sağlam ola bilər
dirsəyindən başqa
kəsilmir ev sahibəsinin quduz səsi
Yenə fikirlərimi aparır
sola, sola, sola!
Durub İntişin köynəyini
əynimə keçirdirəm…
bilsə itə dönəcək
sonra otaqda əlimə keçən
daşdan yumşaq nə varsa
hamısını yeyirəm
heç ağlım kəsmir
başımıza gələn bu hadisələrin 
təsirindən çətin avropalaşaq biz
kəsilmir ev sahibəsinin quduz səsi
öz otağında oturub bizim otağa tərəf 
hürür, hürür, hürür
özü də öz evi olduğu üçün
it kimi çox zildən hürür
bəsdi də ay xala
yəqin ki intiş axşama
pul tapıb gətirər
it balası it
Qoy zəhrimarımızı yeyək
Ey xırçaxırçla təpişdirdiyim
kifsimiş çörək arasındakı
qənd qırıqları
siz axşam xəyalıma gətirdiyim 
iudey qızı Saradan 
şirin ola bilməzsiniz mənə
itirlmiş enerji bərpası
sürtülmüş qızlarda bir cür olur
əzgin tələbələrdə başqa cür
Dörd il ərzində anladığım 
ən elmi şey elə bu oldu
Yox bu xırtçanaq çörəklə
yavan qənd qırıqlarından
fatıya tuman olmaz
gərək bir şeir yazam bu münasibətlə
Ruh ki var divanə dərvişdi, xala
şairlik, dərvişlik bir işdi, xala
gəlib başımıza
yazırdım
yazıram
yazacam
vərdişdi, xala
prostu
mənim şairliyim pis vaxta düşdü dana
şairlər qurşandı dərd alverinə
mənim şairliyim, ay xala
pis vaxta düşdü
necədir
deyəsən heç də pis alınmadı hə?
intiş də deyir mən də şairəm
bilsə mən də gizlincə şeir yazıram
itə dönəcək 
Demək, İntiş, əvvəl necə olur
şeirimiz yalnız bir qadını istəyir
poemamiz bir neçəsini
şöhrət qazanandan sonra isə 
hamısı keçir könlümüzdən? 
Yox, İntiş 
mən sənin kimi ola bilmərəm
əgər məşhurlaşsam da
hər yoldan ötən qızla sevişməyəcəyəm
söz verirəm
Nəyimə lazımdır
yöndəmsiz poza
bir neçə dəqiqəlik kayf
xərci də çox böyük
Hələ arada sənin kimi 
xəstəliyə tutulmağı da var
Qonorar arzusundan qonoreya yuxusuzluğuna
şanlı bir döyüş yolu
keçmək istəməzdim əsla
Yox, mənə belə həyat
lazım deyil, qardaş
ondansa xəyalımdakı çılğın Sara
çatar imdadıma
Tfu sənə, İntiş
eşq virusuna yoluxanın
nə odu olar, nə əlacı
Ay canı yanmış Fəridə
qadınlar əri öləndən sonra
nə yaman quduzlaşırmış, ilahi
az hür də
çatar pulun darıxma
qoy şeir yazaq dərdə
gərək indidən 
birdəfəlik müəyyənləşdirim
hansı yöndə yazacağımı
öz imicimi formalaşdırım 
biz şairlər böyük bir tayfayıq, qardaş
yerdə olub qələmlə gor qazanlar var-
onlar realistlərdir
yerdə olub yerə siyənlər var-
onlar romantiklərdir
yerdə olub göyə daş atanlar-
modernistlərdir
göydə uçub yerə zıllayanlar- vay!-
baxışlarını deyirəm-
bax onlar postmodernistlərdir
bunların heç birindən olmayanlar-
bizdən deyil koroçe
müəyyənlik təyini-
budur yazar olmağın 
ən vacib şərti
bu kirayə otağın köhnə divar kağızları
solğun çiçəkləriylə kimləri qarşılayıb
kimləri yola salıb
divardan asılmış islamın müqəddəsləri
dərdi lap artırır
yox, üzümü çevirirəm yana
mənim o dünyayla nə işim var
mənimki bu dünyalıqdı
poeziyada mənim cənnətim
elə bu cındır otaqdı
masamın küncünü
divarın bir hissəsini
sol əlimi seyr edirəm
pəncərədəki pərdənin
üstündəki gül rəsmləri
çağırsalar da gəl
dur yığ dəstə bağla
onlar mənə gərək deyil
gülə-bülbülə şeir qoşmaq
mənlik deyil
yaşıma yaraşmaz
nə danışırsan
onu yalnız
qoca perdunlar yaxşı bacararlar
masamın küncündə vazaya taxılmış
dekorativ çiçəklər bəs edir mənə
ilham almağa
bir də ki
başımın üstündə çıqqıldayan
çin səddində istehsal olunmuş
saatın içindəki
xırda süni çiçəklər
böcək boyda olsalar da
göz oxşayır ruhuma
ayın günün nə vaxtıdır
ay qocaman şairlər,
deyirəm görəsən
ilk dəfə şəbi-hicrana şeir qoşan şair 
dünyadan köçəndə saat neçəydi
ay qocaman şairlar,
ayın günün nə vaxtıydı
helmsiz şair olmaz
ay qocaman şairlər
olmaz olmaz olmaz 
o eynəkli gözünüzün tozunu silib
diqqətlə baxsanız
əslində səma parçasını seyr etməklə 
bir şey tapmazsınız
olsa-olsa bəlkə axşam
heç mən onu da qəbul etmirəm
Rədd olsun ay işığı
onun da işığı özündən qaynaqlanmır
onun da üstündən bir xətt çəkirəm
onu da buraxıram barmağıyla heca sayan
qocaman şairlərin öhdəsinə
qoy ayın da polajennisinə
onlar baxsın
ürəyim tək düyünlənmiş
sol əlim kölgə salır
yazılarımın üstünə
lakin iliç lampasına güvənirəm
əslində 
universitetimizin auditoriyalarını bəzəyən 
qlobollaşmanın məhsulu olan
neon lampaları belə
zövq vermir mənə
çünki xəstəlik yaradır adamda
beyin şüalanması
böyük məmnuniyyətlə 
təbii alovun işığına
şeir yazardım
məsələn, gənclərin
yığışdığı tonqalın şöləsinə 
bu başqa məsələ ki
həm zövq alırsan
həm qızınırsan
həm də şeir uydurursan
bala-bala
yaman od vurdu
qocaların atasına
şeytan qız Nərmin Kamal
yanmış xarabalıq ortasında
şeytan qədər qəşəng görünürdü
şeytan qız Nərmin Kamal
Bu hadisədən dərhal sonra
Azərbaycanın Milen Farmeri 
elan etdim Nərmini
Minilliyin qadını seçdim
onu arzularımın qanadlarında
mənim Janna de Arkım
mən də şeirlərimlə 
səkkizinci möcüzəni göstərmək istəyirəm
gənc dostlarıma
od vurmaq istəyirəm 
vətənimin nemətlərini çapıb talayan
sionistlər evinə 
və həmin odun şöləsinə
qızındırmaq istəyirəm gənc dostları
stalinin vətənpərvər ruhunu
şölələndirmək istəyirəm
bunu hətta düşünərkən belə
istilik gəlir mənə
durub fortoçkadan başımı çıxardıram
can ey
küçə itlərinə aclıq gəlir
şairlərə mövzu
küçə itlərinə ruzi gəlsin
şairlərə qonorar
(İlahi, xırdalama
bütöv yetir bizə)
Bir iş də var ki
itlər tapanı özü yeyir
şairlər tapanı hamı
odur ki 
Əzizinəm, Heyne
ey şeir ilahisi
özünü yetir
ilham ver mənə
Axı biz qohumuq 
sevdiyim çılğın Sara da
sənin kimi cühud balasıdır
nə baharı sevdim
nə çiçəyi
nə göy üzünü
Səni sevdim, Sara
otağı ölçməkdən
ayaqlarımın altı ağrımağa başlamış
stolun üstünə qoyduğum
beş-altı vərəq də qalmış ağappaq
ürəyim sıxılır vərəqin üstə
lənət sənə kor şeytan
başqa bir ağız istəyirəm
bir ağız ki
sözlər avtomatik deyilsin
bir sehrbazın papağından çıxan
göyərçinlər tək pırıl-pırıl
deyirəm mən şeir yazmağa
söz tapmıram
bunlar hardan tapırmış
bu qədər sözü
Can ay Süleyman Rüstəm
bu keçəl kişi
göydə uçan laykadan üzü belə 
ilham götürürmüş:
“Layka uçur göydə eləyir ham ham!
Mən yerdə onun səsinə 
alıram ilham”
əhsən bərəkallah
Biz olsaq utanıb yerə girərdik vallah
onların dili var
qulaqsa kardı
Deyirəm, yaxşı ki, layka vardı
yoxsa ki yazıqlar 
nəyə şeir yazardı
bekar qalardı
Gəl oxucum onlara gülək doyunca
Biz gülsək onlara dərdlər azalar
onlar çox ağır adamlardı
gəl tullayaq onları boynumuzdan
hürüşə bu qədər şeir uydurunca
bir şum vursaydılar meşə olardı
elə deyilmi?
Mənimsə şeirlərimdə fırlatmaq yoxdu 
məndə konkretdi
ya sevişmək var
ya da sevişməmək
bir də ki
ay dadi-bidad
ay səni ölmüş Fəridə 
səsi kəsilmək bilmir
imkan vermir yazmağa
verərik də
nə olub az
yəqin ki İntiş axşama tapıb gətirər
əgər yolda qabağına yağlı bir qız çıxmasa 
əclafın
Ah, bu İntiş
nə dillər bilir, Allah
deyir
hərdən quş dilini də 
öyrənmək lazımdır
civildəməmək şərti ilə
Ancaq yaxşı kı elə İntiş
cənnətə getməyəcək
Nə ola-ola bu məni sakitləşdirir
Yoxsa heç elə də iş olar
İntiş də cənnətə gedə 
kənddəki itim də, 
mən də?
Hələ o da ola bilər ki
cühud qızı Sara
məni qapı ağzından
geri qaytartdırsın
çifayda heç kim 
göydəki atamız tək
eybsiz deyildir
eh onsuz bu alın yazısıyla
məni cənnətə buraxan kimdi 
mən ki namaz qılmadım
oruc tutmadım
ağac basdırmadım
bulaq çəkdirmədim
yol saldırıb 
deputat seçilə bilmədim
ailə qayğısı çəkmədim
balalarıma bir gün ağlamadım
hamısını doğulmamışdan
unitaza töküb qırdım
elə belə
alıb verə
iş düzəldə
iş verə 
savab və pul qazana
bilmədim qardaş
bacarmadım
bacarammadıım
həyatımın problemlərindən 
qaçıb qurtula bilmədim
hamısı üstümə qalandı
bir-iki yazı yazdım
gördüm bundan da o yana
gedəcək təbi-tavanım yox
onun da başına buraxdım
başqasının zir-zibilini oğurlayıb
bəzəyib düzəməklə məşğul oldum
“mənim yazıq balam- çirkin plagiat,
xoş gəlmisən”
deyərək basacaqlar bağırlarına 
və məni dartacaqlar 
cəhənnəm darvazasından içəri
əziz və çoxdan yeri görünən
bir qonaq tək 
Ay dad 
mən hələ təyinat yazmalıyam
rayona praktikaya
göndərirlər bizi
anket doldurmalıyam
elə yaxşı oldu 
tez çıxıb gedərdik
canımız qurtarardı
bu quduz Fəridənin əlindən 
salam anket
çoxdandır doldurmuram səni
Ailə vəziyyəti gərgin
yaşadığı yer
cəhənnəmin dibi 
anam evdar qadından çox
maldar qadındır
Düz deyirsiniz, cənab dekan
halaldı, yaxşı dediniz o gün
düz qəlbindən vurdunuz 
ailə kiçik dövlətdir
nə gözəl dediniz
sən bir söhbətə bax
Biz də elə İntişlə 
kiçik dövlətik
ancaq pulumuz olanda
qardaş oluruq
pulumuz qurtardı ki
savaşırıq həmişə
qırırıq bir-birimizi
İntiş deyir mən ailənin 
11 illik məktəb görən
ardınca ali məktəb bitirən 
yeganə üzvüyəm
elə bu keçidlərə görə
“kiçik dövlət” tərəfindən
dinsiz imansız yalançı
fırıldaqçı pozğun oğru
avaragor və sair 
damğalarla damğalanıb
ən böyük müttəhim oldum 
yaman ama
Heç mən də ondan
geri qalmadım
Bu ilki ən böyük uğurum
dişimi çəkdirməyim
və ev sahibəsinin gombul ərinin
öskürəkdən yıxılıb ölməsi oldu
çünki hər ikisi artıq
cana bezdirmişdi 
bu dünyada diş ağrısından 
və öskürəkdən pis şey yoxmuş
bu il başa düşdüm bunu
anlayınca mənki mənə gəldi
Heç mənki bu il gətirmədi 
heç keçən ildə
Neyləmək
zəhrimar səadət ərzaq deyil ki
tapan kimi soxasan soyuducuya
bir qara daş tək düşdüm
dünyanın orta göbəyinə
ilk bahar gəldi də nəyə yaradı
könüllər yenə qırğın
ürəklər atəş içində can verir
ağaclar yaşarırkən 
həyat saralır
sevgisiz
hesabsız
vəfasız
şeir yalan, şair də yalançı
çiçək solmağa məhkum
insan ölməyə
Ay səni ölmüş Fəridə
Ay səni yanmış Fəridə 
Mən nə hayda
sən nə hayda
sən bir soruş gör
kəsirim nədən qalıbdır
şillədən sırtılan uşaqlar kimi
sırtıldım kəsir əlindən
qoy heç olmasa
təyinatımı axıracan yazım
rədd olum gedim
tələbə yoldaşlarım da
vızıv atmağa vaxt tapırlar
cin vurur təpəmə
telefonda kontur yox
anketi cırıb tullayıram
kağıza verdiyim
bir abbası da belə getdi
bu günümüz də zəhrimar oldu
dünya beş günlükdürsə
ay hörmətli dekan
bəs şənbəylə bazar
hara getdi?
Bir keçəl başına vur də 
arada dınqıldat
sonra tumarla
o boş başını
durum çıxım şəhərə
görüm nə var nə yox
tərk eləyim
öz kiçik cənnətimi 
bu cındır otağı
yoxsa bir az da keçsə
partlayacaq bu mənzil
“aman rəbbim” bilməyən
deyingən ağız yenə coşar
və püskürər çölə
milli söyüş ehtiyatını
mən getdim, ay xala
sən elə də fikirləş
fırfıra adamların fırıldaqdı gördüyü
yəni zahiri görünüşün 
həmişə aldadıcı olduğunu
hörümçək torlu 
künclərlə əhatələnmiş
cadu etdiyin bu otaq da
köhnə bir çemodana bənzəyir
içində nəfəs də almaq olmur
özünə tabut olsun…
mən getdim
Ah səni yanmış Fəridə
Ah qadınlar qadınlar
o vaxt Adəmi də cənnətdən
qadın qovub çıxarmışdı…

2000

Комментариев нет:

Отправить комментарий