19.04.2014

Hicab qadınların istedadlarını məhv edir?

Ülviyyə Tahir

Keçən günlərdə Uruqvayda narkotikin istifadəsinə dövlət tərəfindən rəsmi icazə veriləndə, təbii ki, buna ilk reaksiya  mətbuatdan gəldi. Prezidentin özündən müsahibə almağa gedən jurnalist elə onun qarşısında marixuana tüstülətməyə başladı. Jurnalistin bu hərəkətini dünyanın ən kasıb prezidenti (hərçənd bu kasıbçılıq məsələsini mən mif hesab edirəm) kinayəli təbəssümlə qarşılayır və o dəyərli cümlələrini qurur:" Sənin üçün azadlıq narkotik maddələrdən azad şəkildə istifadədədirsə, deməli sənin beynində problem var. Zərərli alışqanlıqlardan azad şəkildə istifadə heç də fərdin azadlığı anlamına gəlməz."  Bu hadisəni təhlil etmək, ya da bununla hansısa nəticə varmaq istəməzdim. Lakin azadlıq  o zaman əldə edilməyə layiq olur ki, ondan fərdlər deyil, bütün cəmiyyət yararlana bilsin.İndi Avropa və Qərb mədəniyyəti deyərək insanların dini inanclarını Şərq buxovu hesab edən insanlar, qətiyyən hicab  və azadlıq məvhumunu başa düşə bilməzlər. Çünki onlar üçün azadlıq beyində başlamır. Ona görə ki,onlar marixuana qəbul etməyin azadlığını, hər hansı bir beyin azadlığı ilə müqayisə edə bilməzlər.

Yenə sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olmuş məsələlərdən biri də Türkiyədə önəmli yazarlardan biri olan Pınar Kürün telekanallardan birinə verdiyi müsahibədə hicab və azadlıq haqqında dediyi sözlər oldu. O, hicabın, yəni örtünmənin necə bir azadlıq olacağını anlamadığını etiraf etdi. Hətta daha da irəli gedərək, "Mənim üçün “Playboy” jurnalı üçün soyunan və ya dini üçün qapanan bir qadının fərqi yoxdur"- deyib iyrənc bir şüara da imza atdı. Əgər ziyalı bunu deyirsə, İslamdan xəbəri olmayan, ya da bəsit şəkildə xəbərdar olan hicabda azadlığı necə görə bilər? Hicab həqiqətənmi azadlıqdır və bundan ötrü zahiri görkəmdən vaz keçməyə dəyərmi?!...
`İlk növbədə Pınar Kürə cavab olaraq, elə büt kimi tapındıqları Nitsşedən balaca bir sitat gətirək, ondan sonra hicab məsələsinin ictimailəşdirilməsindən bəhs edərik. Filosof  və eyni zamanda çox qarışıq bir cərəyan yaradan Nitsşe baxın, qadınlar haqqında nə deyir: "Bu gün qadınlarla çox mehriban olmaq comərdliyə ziddir. Bu gün comərdlik tamamilə itib, öz yerini yaltaqlıq və digər mənfi xüsusiyyətlərə verib. Aşiqlərə şücaət verən və hər bir qüdrəti daha da artıran abır-həya əsassız məşhurluğa çevrilib. Qədimdə çox ismətli  və abır-həyalı olan qadınlar indi öz gizli gözəlliklərini qarşı tərəfə elə sərbəst nümayiş etdirirlər ki, indi daha maraq, şövq evlənməyə səbəb olmur. Ədəbiyyatımızın çox hissəsi şəhvani məsələlər barəsindədir."  Buradan tamamilə aydındır ki, qadınının açıq-saçıq şəkildə ortada olması heç əxlaq məsələlərində ən modern şəkildə düşünən Nitsşenin belə xoşuna gəlməyib. İndi gələk hicabın İslam aləmində yerinə və ona qarşı işlədilən arqumentləri cavablamağa.
Müsəlman qadının örtünmə tərzinin hicab adlandırılması yeni bir termindir. Qədim dini qaynaqlarda, xüsusilə fiqh kitablarında qadınların örtünməsi "sətr "adlanır. Bu ifadələrin fərqi odur ki, hicab pərdə anlamına gəlir və bunu əllərində əsas tutan bir çoxları İslam dininin qadınları pərdə arxasında gizlində tutmaq kimi məqsədi olduğunu nəzərə çarpdırmaq istəyirlər. Amma İslami hicab qadınların evdən çölə çıxmaları və ev dustağı olmaları anlamına gəlməz. İslami hicab qadının yad və naməhrəm kişilər qarşısında örtünməsi , özünü nümayiş etdirməməsindən ibarətdir. Hicaba qarşı çıxanlar yuxarıda qeyd etdiyim kimi, ilk öncə " hicabın heç bir məntiqi əsası yoxdur"-deyə, arqument irəli sürürlər. Onlar hicabı ataxaqanlığın, tərki-dünyalığın və ya kişi xudbinliyinin nəticəsi hesab edirlər. Lakin Quran ayələri qətiyyətlə bu fikirləri rədd edir və qadın kişi münasibətlərini tənzimləyən ayələrdə nə tərkidünyalıqdan, nə ataxaqanlıqdan, nə kişi xudbinliyindən əsər- əlamət yoxdur.
İkinci böyük arqument isə hicabın qadınların azadlığını əlindən almasıdır.
BMT-nin qəbul etdiyi " İnsan haqqları" bəyannaməsinə əsasən, hər bir insan, cinsindən , irqindən, milliyyətindən, dinindən, hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq azaddır. Qadını hicablanmağa vadar etmək isə onun azadlığını əlindən alıb ev dustağı etməkdir və bu,qanun pozuntusudur.Buna  cavab isə qadının örtünməsi onun dustaq olması anlamına gəlməz, çünki İslam qadının evdə oturmasını təbliğ etmir. İslam qadının təhsillənməsinə, işləməsinə və cəmiyyətə yararlı olmasına maneçilik törətmir. İslam dini əksinə qadını əmtəə kimi satışa çıxaran kapitalizmin cəngindən qadını xilas edir. Bu gün kişilərə aid məsələlər də belə reklama çəkilən qadındırsa, podiumlarda soyunan qadındırsa, nəhəng şirkətlərin yenə çılpaqladığı qadındırsa, görəsən, bu hansı konvensiyalarla nizamlanır?! Bu məsələnin bir tərəfi. Digər tərəf isə cəmiyyəti iflasdan qorumaq üçün bəzi qanunlar qəbul edilir. O qanunlara boyun əyən fərdlər ümumilik xatirinə buna dözürlər. Ya da hansısa əcnəbi ölkəyə gedərkən turistləri qeyri-adi bir qanundan xəbərdar edirlər ki,  buna etiraz etmək sadəcə olaraq səfehlikdir. Məsələn, bəzi ölkələrdə ev paltarında- pijamada cəmiyyət içinə çıxmaq qadağandır. Bu digər insanları təhqir etmək kimi başa düşülür. Biz burada qətiyyən qadının hicablanmasını düzgün bir cəmiyyət uğrunda verilmiş  qurban kimi dəyərləndirmək istəməzdik. Çünki, dinimizdə hicab məcburi deyil. Hicabı qəbul edən modern qadın nə etdiyinin fərqindədir.
Üçüncü arqument: Hicab qadınların istedadlarını məhv edir!
Hicabın müxalifləri iddia edirlər ki, hicab qadınların istedadlarını məhv edir. Qadın da bir insandır və onun da özünə görə düşüncəsi, zəkası, zövqü və istedadı vardır. Bunları  Allah-Təala  ona bəxş etmişdir, deməli, əbəs deyildir  və qadın onu ortaya qoymalıdır. Bu arqumentə qarşı nə deyə bilərik?... Yenə israrla qeyd edirik ki, hicab qadını cəmiyyətdən təcrid etmir, sadəcə olaraq ictimai mühitə çıxan qadına şərt qoyur: Qadın örtünməli, yad kişilərin nəzərini cəlb etməməlidir. Sizcə, əgər evdən xaric olarkən kişinin də qadının da fikri-zikri işləmək, xidmət etmək və halal ruzi qazanmaqdırsa , belə bir cəmiyyət sağlam və fəal cəmiyyət olar, yoxsa qadın öz vaxtını saatlarla güzgünün önündə bəzənməyə, kişi də hərisliklə bu gözəllikləri seyr etməyə sərf edərsə?!
İslam dinini dərindən mütaliə edən hər bir kəs anlayır ki,  dinimiz kimlərisə zəncirləmir ,sadəcə birmənalı olaraq bir məsələni diktə edir: Sağlam ailə bağları, iffəti olmayan cəmiyyət iflasa məcburdur.
Dördüncü arqument:  Nəyəsə məhdudiyyət qoymaq özü ilə fəsadlar gətirir.
Kişilərlə qadınlar arasında sərhəd qoymaq xoşagəlməz hallarla nəticələnir. Bir qayda olaraq, insan həmişə ona qadağan olunanlarla daha çox maraqlanır. Bertrand Rassel  " Mənim tanıdığım dünya" adlı əsərində "Qadağanın ən adi və ibtidai təsiri insanlarda maraq hissinin artmasıdır"-deyə, qeyd edir. Buradan yola çıxan hicab əleyhdarları qadına qoyulan bu qadağanın cəmiyyətdə fəsad törətdiyini önə çəkirlər. Buna cavab olaraq isə aşağıdakıları qeyd edə bilərik. Bəli, insanın təbii ehtiyaclarına qadağa qoymaq fəsadlar törədə bilər. Lakin hansı təbii ehtiyaca? Yemək, içmək, yatmaq kimi təbii ehtiyaclara yoxsa cinsi tələblərə?!  İnsan ruhunun istəkləri qeyri-məhddudur.Cinsi təmayülün də öz növbəsində iki yönü vardır. Cismin ehtiyacları baxımından məhdudur, bu mənada ki, bir kişiyə bir neçə qadın kifayətdir, amma ruhun yanğısını  və daim yenilik axtarışını firavanlıqla doyurmaq mümkün deyil. Bu ona bənzəyir ki, alovlanan atəşə odun atmaqla onu söndürmək istəyirsən. Ümumiyyətlə ,  insan ruhunun istəkləri bitməz-tükənməzdir. Bir mərhələyə çatanda daha üstün bir mərhələni arzulayır.
Şəhvətin və "nəfsi əmmarənin" tüğyan etməsinin təkcə qadağalarda görənlər yanılırlar. Bu medalın bir üzünü görməklə, digər üzündən qafil olmaq kimi bir haldır. Şəhvət hissinə qadağa qoymaq onu necə alovlandırısa, ona qeyri-şərtsiz tabe olmaq da onun tuğyanına səbəb olur. Buna görə də daxili meyilləri iki yolla sakitləşdirmək mümkündür: birincisi, daxili meylləri insanın təbii ehtiyacları həddində təmin etmək. İkincisi, bu meylləri təhrik etməmək. Nə qədər ki, cismani tələblər təhrik olunacaq, bu ayının yadına armudu salmaq kimi bir şey olacaqdır.

ƏN SON NƏTİCƏ OLARAQ BİZİM DƏ BU ARQUMENTLƏRİMİZƏ CAVAB VERİLMƏSİNİ İSTƏRDİK:
1.Hicabın məntiqi əsası yoxdur deyənlər, modern və təhsilli qadının geyindiyi hicabı hansı məntiqlə görmək istəmirlər və Qərb mədəniyyətinin təsiri ilə geyinmiş bir qadını nə üçün təsirə düşməkdə günahlandırmırlar?
2. Bu gün müəyyən ölkələrdə Nəqliyyat naziri vəzifəsinə qədər yüksələ bilən hicablı  xanımlar elmdə və təhsildə neçə-neçə uğurlara imza atıblar. Halbuki, hicab qadının azadlığını əlindən alır deyərkən bir hicablının ölkənin idarəetməsinə və təhsil sisteminə buraxmamaqla onun azadlığını əlindən alan qarşı tərəf olmurmu?
3. Hicab qadınların istedadını məhv edir deyərkən, hər hansı bir istedadın geyimlə necə uzlaşdığını izah edə bilərlərmi?
4.Qadının qapanması və əlçatmaz olması cəmiyyətdə kimlərə sərf etmir?

xeberlent.az

Комментариев нет:

Отправить комментарий