20.04.2014

Bir gün qapımı çal


Nuray Nur

Bir gün qapımı çal- bəyaz əlinlə,
Açarkən heyrətdən ayaqda donum.
Ömrümü beləcə döndər cənnətə,
O sənli cənnətdə ömürlük  qalım.

Bir gün qapımı çal səssiz-sədasız,
İnan hər halınla eylərəm qonaq.
Nə “bağışla!” söylə, nə üzr istə,
Baxışlar danışsın sevgidən ancaq.

Bir gün qapımı çal sən gecə yarı,
Heyrətdən qurusun dilim-dodağım.
Titrəsin əllərim həyacanımdan,
Tökülsün gözümdən sevinc yaşlarım.


Bir gün qapımı çal soyuq qış günü,
Dolsun otağıma səninlə  bahar.
Ərisin ömrümün həsrət buzları,
Məni o günəşli dünyana apar.

Bir gün qapımı çal- duymasın heç kəs,
Məni həsrətlərin əllərindən al.
Eşidə bilməyim səndən başqa səs,
Sənin tək qoy sirli olsun bu vüsal.

Комментариев нет:

Отправить комментарий