Demə, ayrılığa öyrəşəcəyik.
Yalnız xəyaldamı öpüşəcəyik?
Durma, qollarını boynuma dola!
Sonrası? Nə bilim, nə ola-ola!
Nə qədər doğmasan, nə qədər yaxın!
Yaxın gəl bir az da, yaxından baxım!
Gəl, sənə toxunum, şimşək tək çaxım,
Dağılsın buludlar qoy, sağa-sola!
Sonrası? Nə bilim, nə ola-ola!
Bacarıb, özünü alsan da ələ,
Titrəyir vücudun, gəlir zəlzələ!
Tamam alışmayıb tüstüdür hələ,
Söndürmə ocağı, yenidən qala!
Sonrası? Nə bilim, nə ola-ola!
Gözlər inkar edir dilin deyəni.
Yaşayaq iküzlü bir faciəni?
Qorxursan bu bizi bəlaya sala?
Sonrası? Nə bilim, nə ola-ola!
Alışan tonqalam mən ömrüm boyu,
Soyumaq mümkünsə, sən özün soyu!
Bir nakam sevgiyə qazırsan quyu,
Dəfn etsən, hönkürüb, ürəkdən ağla!
Sonrası? Nə bilim, nə ola-ola!
Bir arzu qəlbimin dərinliyində,
Deyir ki, mənim ol günün birində!
Dönsəm xatirəyə gündəliyində,
Şirin nağıl kimi oxu maraqla!
Sonrası? Nə bilim, nə ola-ola!
Sən mənim könlümə bir hədiyyəsən,
Sordum: "mənimkisən?"- tez "hə" deyəsən!
"Hə, yalnız röyada",- güldün deyə sən.
Mümkünmü Ələmi day oyaq qala?!
Sonrası? Nə bilim, nə ola-ola!
Комментариев нет:
Отправить комментарий