21.12.2014

"Ata yurdu" - tarix kitabı

Murad Köhnəqala

Qeyd olunduğuna görə, kitabın elmi redaktoru əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Yaqub Mahmudlu, rəyçilər isə, tarix elmləri doktoru, professor Süleyman Məmmədov, pedqoji elmlər namizədi, dosent Mübariz Əmirov və Bakı şəhər “Intellekt” liseyinin müəllimi Elmin Imanovdur. Aşağısından yazılıb: “Dərslik metodik cəhətdən Nərgiz Məmmədova tərəfindən işlənmişdir” (Bakı-2008, Askoliqrafiya).
Kitaba, mən başa düşə bilmədim, ön sözdü, girişdi, siftədi-nədi, “Vətənim Azərbaycandır!” adlı düz 12 səhifəlik yazı verilib. Bu yazını oxuyanda bilmirsən Zəlimxan Yaquba qulaq asırsan, bilmirsən meyxana yarışındasan, yoxsa rəhmətlik Şirin Zərdablı ilə şirin-şirin söhbət eləyirsən. Yazı başdan-ayağa yersiz-səbəbsiz gur-gur guruldayır. Hər cümlədə - Zəlimxan Yaqubun cümlələri kimi - həmcins üzvlər mütləq sadalanır. Meyxanada olduğu kimi, hər bəndin arxasında cümlələr təkrarlanır.
Bəs Şirin Zərdablı haradan yada düşür? Çünki, yazının cümlələri rəhmətliyin prezidentliyə namizəd olanda oxuduğu platformanın cümlələrinə çox bənzəyir. 12 səhifəlik bu yazının sonunda isə belə yazılıb: “Yaqub Mahmudlu, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü”. Sanki şairin şeirlərinə uğurlu yol yazıb. Hər halda mən tarix kitabına yazılan bu siftənin janrını dəqiq müəyyən eləyə bilmədim. Yazı, aşağıdakı xırda başlıqlara bölünüb: “Ulularımızın müqəddəs əmanətidir - Vətən!” “Namusum, qeyrətimdir - Vətən!” “Dünyanın ən qədim məmləkətidir Vətənim!” “Bol sərvətli: min nemətli, qızıl körpü - Azərbaycan!” “Qədim dövlətlər diyarı - Azərbaycan!” “Vətən üçün yaşayanlar yaşadırlar Vətəni!” “Birlik yox olanda yox olur Vətən də!” “Dirçəlir Vətən”… Yarımbaşlıqların hər biri tapança kimi açılan bu sözlərlə qəfil tamamlanır: “Can Azərbaycan!” 
Həyatında belə bir tarix dərsliyindən istifadə eləməyən vətəndaşlar tamarzı qalmasın deyə, Yaqub müəllimin bu yazısından onlara sürpriz eləmək istəyirəm. Elə ilk cümlələrdən başlayaraq ki, 5-ci sinif şagirdinin sentyabr dilxorçuluğunu hərə özündə sınasın: “Vətənim Azəraycandır, ulu babalarımızın bugünkü nəsillərə müqəddəs əmanəti - Azərbaycan! Atalarımızın hər bir Vətən övladına candan əziz yadigarı - Azərbaycan! Vətən mənim tərcümeyi-halım, şanlı keçmişim, bu günüm, sabahım, əbədiyyətimdir”. Bəsinizdimi? Hələ sonra nələr yazılıb… Nə bilim, Vətən bir əmanətdir, əmanətə xəyanət eləməyin və s. Və birdən qara seçmə hərflərlə yazır: “And içirəm Vətən şəhidləri, şəhid babam, atam, anam, qardaşım, bacım… müqəddəs ruhlarınız qarşısında and içirəm: bizə əmanət etdiyiniz müqəddəs Vətən torpağını göz bəbəyi kimi qoruyacağam! Nə qədər canda canım var, sənə sadiq qalacağam, müqəddəs Ata yurdum mənim! Yolunda canından keçməyə hazıram, Azərbaycan, Azərbaycan! Can Azərbaycan!” Necədi səninçün? Əsgərlikdəki andiçmə mərasiminə bənzəmir ki?.. Sonra hər başlıq altında nələr yazır, nələr yazır… Nə bilim, “şanım-şöhrətim, namusum-qeyrətim, vüqarımsan, qürurumu səndən alıram, elim-günüm, yurdum-yuvam, bəxtim-taleyim, gücüm-qüdrətim, arxam-dayağım, əbədi sığınacağım, son mənzilim, əbədiyyətim Azərbaycan!” Arxasınca yenə: “Can Azərbaycan!” Təzədən o məsələ yenə başlayır, nə bilim: “Dünyada hərə öz ölkəsinə bağlıdır, mən də öz ölkəmə - Odlar yurdu Azərbaycanıma bağlıyam. Yer üzünün ən qədim mədəniyyət ocağı, Avropanın ən qədim sakinləri (guya biz! - M.K), Qədimdən də qədim diyarım…” Sonra yenə bir dənə gurultulu: “Can Azərbaycan!” 
Dayanın, dayanın, hələ qaçmayın, bu hələ harasıdır. Bezdirəcəm sizi. Niyə maraqlanmırsınız, görək, uşaqlarımıza dərsliklərdə nə keçirlər? Xeyri yoxdur, buraxmayacağam sizi, xahiş edirəm, öz cəzanızı çəkibən axıra qədər oxuyun bu yazını! Sonra yazır: “Ulu Tanrı heç nəyi əsirgəməmişdir mənim Vətənimdən - doğma Azərbaycanımdan! Başı qarlı dağları, şəfalı yaylaqları, bağlı-bağatlı, minbir nemətli vadiləri, bərəkətli düzləri, bol sulu çayları: gölləri, ovalıqları, sıx meşələri, ormanları, ucsuz-bucaqsız çölləri, səhralıqları, qışlaqları, gül-çiçəkli çəmənləri, buz bulaqları… var yurdumun!” Bir az nəfəs alın, arxasını gedəcəyik… Hazırmısınız?.. Onda getdik: “Ana torpağımın altı da, üstü də min cür sərvətlə zəngindir. Dünyaya səs salan neftim, qazım, filiz yataqlarım, pambığım, taxılım, ipəyim, çayım, meyvə bağlarım… daha nələrim, nələrim var mənim! Bu bol sərvət, hər cür nemət anamız Azərbaycana, qədirbilən xalqımıza ilahidən bəxş olunub. Bəxş olunub ona görə ki, Vətən övladları heç zaman, heç nəyə möhtac olmasınlar, yadlara əl açmasınlar!” Axırda yenə: “Müqəddəs ata yurdum - Azərbaycan!” Can Azərbaycan!” Hər şeyi var, bircə tarix kitabın yoxdur!
Sonra müəllif heç bir tarix göstərmədən, heç bir tarixi mənbəyə istinad etmədən Azərbaycan torpaqlarında tarixən qurulmuş dövlətlərin adını fəxrlə sadalayır. Tarixi düşmənlərimizi isə “qara donlu kafirlər” adlandırır. Müəllif ermənilərə və qeyri-müsəlmanlara öz nifrətini daldeyləyə bilmədiyindən “qara donlu kafirlər” ifadəsini xüsusi qara qrafikada verir. Mətnin qıraqlarını isə müxtəlif şəkillər bəzəyir. Məsələn, hansısa tarixi xəritədən kəsilib götürülmüş, üstündə “Şəki xanlığı”, “Quba xanlığı”, “Təbriz xanlığı”, “Gəncə xanlığı” yazılan bu anlaşılmaz şəkillərin ölçüsü kibrit qutusunun yarısı, yaxud komsomola keçmək üçün tələb olunan fotoşəkil ölçüsündə olar. 
Bayaqdan sizə sürpriz eləmək istədiyim məsələnin də üstünə gəldik. Məsələ ondadır ki, sən demə, Yaqub Mahmudlu həm də şair imiş. Bəs bayaqdan guruldatdığımız “Can Azərbaycan!” ifadələri elə-belə yaranmayıb ki!!! Yazının düz 11-ci səhifəsində belə bir tükürpədici şeir parçası da verilib:
“Şaqqalandı, parçalandı Azərbaycan, Öz içindən parçalanmış Azərbaycan!”
Sonra mötərizə açılıb, arasında yazılıb: Yaqub Mahmudlu. Sonra yenə: “Can Azərbaycan!” Bayaq sizin üstünüzə dirənməyimə baxmayın, artıq mən özüm bıkdım bu yazıdan. Mən başa düşmürəm, bu tarix kitabıdır, yoxsa deklamasiya konspekti?
Yaxşı, adlayaq əsas dərs mətnlərinə. Birinci paraqrafın adı: “Azərbaycan abidələr diyarıdır”. Mətn yenə başlayır zarıyıb zəhlə tökməyə, nə bilim abidələr tarixin yadigarıdır, babalarımızın qoyub getdiyi müqəddəs əmanət… Axır ki, gəlib çıxır Azıx mağarası haqda məlumat verməyə. Nəhayət, ilk təxmini tarixi rəqəm, Azıx adamı 350-400 min il bundan əvvəl yaşamışdır. Paraqrafın sonu seçmə qara hərflərlə belə qurtarır: “Ulu torpaqlarımızın xeyli hissəsini düşmənlər müxtəlif vaxtlarda ələ keçirmişdir. Bu ərazilərdə onlar özlərinə dövlət də qurmuşlar. Məsələn, hazırkı Ermənistan adlı dövlət də belə yaranmışdır. Xalqımızın yağı düşmənləri həmin torpaqlarımıza yiyələnmək, burada ulu babalarımızın izini itirmək üçün bütün bu abidələri məhv etmişlər. Ulu keçmişimizə, babalarımızın əmanətinə layiqli varis olmaq üçün həmin abidələr haqqında məlumatları dərindən öyrənməli, tarixi həqiqəti bilməliyik. Çünki zaman keçəcək, biz yenidən itirilmiş torpaqlarımızın sahibi olacağıq!” Bax, beləcə gurultulu sözlərlə mətni başa vurub və inanırıq ki, mütləq itirilmiş torpaqları atəşkəs yoluyla geri qaytaracağıq…
Keçi otaran qardaşlar
Ikinci paraqraf çox maraqlıdı, dadlıdı, ləzzətlidi, məzəlidi: “Azıx mağarasının sirri”. Mətnin əvvəlində bu cümlələr qara seçmə hərflərlə beş misralı şeir kimi verilmişdi: “Yüz min illərlə hesablanır Azərbaycan torpağında ömür sürmüş ən qədim insanın - Azıx adamının yaşı!.. Avropanın ən qədim sakinlərindən, dünyanın ən qədim xalqlarından biridir mənim xalqım - Azərbaycan xalqı!” Yaxşı, qoy bir-iki kəlmə də mən deyim. Birincisi, Azərbaycan Asiya qitəsində yerləşir. Azərbaycan insanı da asiyalı insan tipinə aid olunur. Ikincisi, “Azərbaycan xalqı” sözü lap bu yaxınların söhbətidir. Yaxşı, mən bu qədər. Keçək mətnə, görək Azıx mağarasını, əməkdar elm xadimi Yaqub Mahmudlunun bayaqdan dediyi ulu xalqımızın hansı ulu arxeoloqu, hansı ulu alimi kəşf etmişdir. Mən dedim, siz də inandınız… Nə arxeoloq, nə tarixçi, nə ulu alim?! Azıx mağarasını, sən demə, keçi otaran qardaşlar kəşf edibmiş. Mətndə deyilir ki, Bəşir və Lətif adlı iki qardaş Füzuli şəhəri yaxınlığında Kaha dərəsi deyilən qayalıqda keçi otarırmışlar. Qardaşlar keçiləri buraxıb moruq yığmağa gedirlər. Necə deyərlər, “soldat spit, slujba idyot”. Hə, bir də uşaqlar qayıdıb gəlirlər ki, bəs, keçilər yoxdu. Ora keçi, bura keçi… uzaqdan görürlər ki, keçilər bir kahanın ağzına yığışıblar. Yaxınlaşanda görürlər ki, keçilər yenə yoxa çıxdı. Lap sehrli nağıllardakı kimi. Sən demə, keçilər kahaya giriblər. Qardaşlardan Bəşir tayı ağıllı çıxır, ayağındakı qaloşunu kəsib ağaca keçirir və yandırır. Onlar düzəltdikləri bu məşəllə kahanın içinə doğru xeyli irəliləyirlər… Bax, Azıx mağarası belə kəşf olunur. Mətnin axırlarında belə bir ürəkparçalayan epizod yazılıb: “…Azıx sakinlərinin yeməyi qurtarmışdı. Iki gün idi ki, ovçular əliboş qayıdırdılar. Budur, bu gün də ovçu dəstəsi mağaradan çıxıb ova yollandı. Kahada qalanların isə hərəsi bir işlə məşğul idi. Kimi ocağın közünü qoruyur, kimisi ocaq üçün odun, çör-çöp yığır, kimisi də ətrafdan meyvə və s. yem toplayıb gətirirdi. Azıx adamlarının həyatı yem toplayanlardan və ovçulardan asılı idi”. Bu abzas bitdikdən sonra, ovçuları iki gün əliboş qayıdan Azıx sakinlərinin taleyi haqda heç bir məlumat verilmir. Başa düşülmür, əməkdar elm xadimi 5-ci sinif şagirdlərini nə üçün bilə-bilə belə nigaran qoyub? Hər halda arxeoloji qazıntılar nəticəsində “ata yurdu” elminə məlum olmuşdur ki, ulu xalqımızın ulu ovçuları ovdan düz iki gün əliboş qayıdıblarmış.
Novruz, Novruz bahari… Üçüncü paraqrafın adı nə olsa yaxşıdır? “Xalqımızın novruzu”. Bəli, sentyabr ayıdır, dərslər təzəcə başlayıb. Qəfil Novruz bayramı haqda gurultulu bir mətn gəlir. Müəllim də, şagirdlər də çaş-baş qalırlar. Dördüncü dərs “Azərbaycan dövləti Manna” adlanır. Dərhal qara hərfli bir pafos: “Dünyada ən qədim dövlətlər diyarıdır Azərbaycanım mənim!” Mətn başlayır: “Biz indi sizinlə çox uzaq bir keçmişə - üç min il bundan əvvəlki keçmişə - üç min il bundan əvvəlki dövrə səyahətə çıxırıq”. Sanki uşaqları avtobusa doldurub harasa aparırlar. Sonra nağıl başlayır. Manna dövləti haqda dəqiq tarixi bilgilər vermək əvəzinə, düz beş səhifə hansısa, xəyali iki tacirin söhbəti verilir. Maraqlananlar kitabı əldə edib oxuya bilərlər.
Can Yaqub Mahmudlu!
Nə isə, onsuz da, bundan tarix kitabı düzəltmək mümkün deyil. Keçək kitabın lap arxa səhifələrinə. Əlbəttə, bunsuz kitabmı olar? Heydər Əliyevin hakimiyyətə gəlməsi haqda “Yeni Azərbaycan qurucusu” adlı mətn 252-ci səhifədən 283-cü səhifəyə qədər uzanır. Mətndə Heydər Əliyevin düz 12 ədəd şəkli verilib. Insanı bu qədər bayağılaşdırmaqmı olar? Axı bu fotoalbom yox, tarix kitabıdır. Şəkil demiş, kitabın 215-ci səhifəsində maraqlı bir şəkil də var. Yaqub Mahmudlu və Abel Məhərrəmov yan-yana qurulmuş kürsülərə sinə gəriblər. Misir Mərdanov isə onların arasında məğrur dayanıb. Görünür kitaba bu qədər əziyyət çəkmiş Yaqub Mahmudlu özünü də əbədiləşdirməkdən geri qalmır. Can Yaqub Mahmudlu! /alatoran.org/

Комментариев нет:

Отправить комментарий