Bu günlərdə mətbuat İran İslam Respublikasında istehsal edilən yeni təyyarənin şəkillərini yaydı... Hamı məəttəl qaldı, təəccübləndi, bir məndən başqa. Bir dəfə, lap çoxdan təəccübləndirib onlar məni. O zamandan bəri daha heç nələrinə təəccüblənmirəm. Sabah desələr ki, İran kosmonavtı Aya uçub, uzaqbaşı soruşacam ki, nə qədər qalacaq orda? Başqa heç nə, çünki mənim üçün təəccüblü bir şey yoxdur...
TELEVİZOR ƏHVALATI. 1992-ci il idi, İranın Azərbaycandakı səfirliyində işləyirdim. Tehran kinofestivalına qonaq getməliydim, fikirləşdim ki, özümlə Azərbaycan kinoklassikasının incilərini aparım, qoy dünyadan gələnlər istirahət saatlarında bizim filmlərə də baxsınlar. Festivalın rəhbərliyilə əlaqə saxladıq, çox sevindilər...
Getdim də, göstərdim də, məmnuniyyətlə baxdılar da... Tədbir bitdi, bağlanış mərasimində İranın vitse-prezidenti Həbibi yeganə təmsilçisi məndən ibarət olan Azərbaycana təşəkkürünü bildirdi, salamlarını xalqımıza yetirməyi xahiş etdi. Sonra cibindən bir kağız çıxarıb, oxumağa başladı. Təşəkkür məktubu idi. Deyilirdi ki, mənə İran – Azərbaycan dostluğunun möhkəmlənməsi naminə çəkdiyim əziyyətlərə görə məxsusi bir hədiyyə təqdim olunur, “SONY Trinitron” televizoru! Ağaye Həbibi axırda zarafatla bunu da əlavə etdi ki, hər dəfə baxanda, burdakı qardaşlarınızı xatırlayarsınız...
Səhəri gün lentlərimi yığışdırıb, maşına yüklədik, amma nə qədər əlləşsək də, televizor salona girmədi ki, girmədi. Əlac yox idi, baqaj yerində olsa da, aparacaqdım. Yola düşdük. Maşının baqaj yeri açıq olduğundan, bizi əsas yola buraxmadılar, ikinci dərəcəli dolanbac yollarla, gec də olsa, Astaraya yetişdik. Məni sərhəddən ötürməyə Astara valisi, İslami İrşad nazirliyinin, Təhlükəsizlik nazirliyinin, bir də Sepahe Pasdaranın Astara şöbə rəisləri gəlmişdi. Bu hörmətdən nə təhər şişmişdimsə, o boyda televizor yanımda quş kimi görünürdü. Yükümü gömrüyə saldılar, yoldaşlarımdan aralanıb, gömrük masasına yaxınlaşdım. Təxminən 25 yaşında cavan oğlan idi gömrükçü. Əliylə televizor qutusunu göstərib, soruşdu: “Ağa, bu nəmənədi?” Dedim: “Televizyondu”. Soruşdu: “İran malıdı?” Dedim: “Yox, Japon malıdı.” Bir az duruxdu elə bil, dilləndi: “Ağa, İrandan xarici mal çıxarmaq olmaz. Bu televizyonu apara bilməzsən”. Çaşqın-çaşqın yoldaşlarıma boylandım, amma birdən Həbibinin məktubu yadıma düşdü, çıxarıb şəstlə qoydum masanın üstünə. “Hədiyyədi, ağaye Həbibi verib – ağaye Rəfsəncaninin müavini...” Məktubu soyuqqanlıqla götürüb oxudu. “Hə, özü verib...” –dedi. Sonra da əlini yanındakı kitab rəfinə atıb, bir nazik kitab götürdü, ara səhifələrdən birini açdı, barmağını bir cümlənin üstünə qoyub, soruşdu: “Farsca oxuya bilirsən? Bunu da ağaye Rəfsəncani yazıb”. Oxudum. Düz deyirdi, idxal malını ölkədən çıxarmaq olmazdı.
Söhbətin nəsə uzun çəkdiyini görən yoldaşlar yaxınlaşdılar, gömrükçünü bir kənara çəkib, nələrisə anlatmağa çalışdılar. Onlar danışır, oğlan da başıyla razılığını bildirirdi. Təxminən on dəqiqə söhbətdən sonra, gömrükçü yenə yerinə keçdi. Mən məsələnin bitdiyinə əmin olduğumdan, əlimi televizora atdım, oğlan isə başını buladı: “Ağa, dedim axı, olmaz... Ağaye Həbibi sizə o məktubu yazmaq əvəzinə, bizim qanuna düzəliş etsəydi, olardı. Amma indi, olmaz...” Yenə yoldaşlarıma tərəf baxdım, gömrüyün ofisinə girmişdilər, rəislə çənə-boğaz edirdilər. Hələ telefona əl atıb, Tehranla da danışdılar bir-iki dəfə. Nə başınızı ağrıdım, təxminən yarım saat çabaladılar... Gömrükçü isə pərt olduğumu düşünərək, könlümü almağa çalışırdı: “Ağaye Qasemov, xətrinizə dəyməsin, biz qardaşıq. Amma bu işə girəndə, Allaha and içmişik. Andımızı necə pozarıq?” Özümü saxlaya bilmədim, oğlanı qucaqlayıb o üzündən, bu üzündən öpdüm. Mat qalmışdı hərəkətimə...
Beş dəqiqədən sonra lent qutuları yüklənmiş araba sərhəd xəttini keçdi, göbəyi mənə kəsilmiş “SONY” televizoru isə ağzıaçıq qutudan dalımca boylana-boylana o tayda qaldı...
news.lent.az
Комментариев нет:
Отправить комментарий