23.12.2014

İbrahim Sel: İndi Rusiyapərəst olmaq moddadır

Avrasiya Hərəkatı – Azərbaycan təşkilatının rəhbəri İbrahim Sel ilə müsahibə

İbrahim Sel: Putin Suriyadan başlanan şiə qətliamını dayandırdı

-Rəhbəri olduğunuz Avrasiya Hərəkatı – Azərbaycan təşkilatının əsas məram və məqsədləri nədir?
-Mən öz missiyamız haqda yazsam, bir dəftər vərəqində yerləşər. Çox qısa proqramımız və konkret amallarımız var. Hal-hazırda ideyalarımızın genişləndirilməsi ilə məşğuluq. Rusiyanın suveren, qüdrətli dünya dövlətinə çevrilməsi, onun beynəlxalq siyasətdə önəmli rol oynaması bizim ümumi prioritetlərdən biridir. Bildiyiniz kimi, Qərb Rusiyaya sanksiyalar tətbiq edib, bizim bəzi sadəlövhlər isə həmin sanksiyalardan 60 dərəcə şaxtada futbolka ilə gəzən rusların sarsılacağını zənn edirlər. Onlar Putini yıxmaq istəyirlər. Rusiyanı parçalamaq arzusundadırlar. Uzaqvuran planları var.
Kuril adalarını Yaponiyaya, Kareliyanı finlərə, Kalininqradı almanlara, Krımı türklərə vermək istəyirlər. Sizcə, Krım türkü Rusiyanın tərkibində olsa yaxşı yaşayar, ya Türkiyənin? Ümumiyyətlə, insan Rusiyada xoşbəxt olar, ya Türkiyədə? Vay o türkün halına ki, Türkiyədə doğula. Vay o insanın halına ki, Türkiyədə böyüyüb başa çatmaq “xoşbəxtliyi” ona nəsib ola! Acından ölən, əhalisinin 85 faizi yazıb-oxuya bilməyən, 90 faizinin şəxsi evi olmayan, kirayələrdə sərgərdan yaşayan, kredit içində çabalayan, əsas şəhəri İstanbul əhalisinin 80 faizi kürdlərdən ibarət olan Türkiyə bizim də ən yaxın müttəfiqimizdir. Ən böyük arzumuz da belə bir zəlil ölkənin tərkibinə qatılıb onun əyaləti olmaqdır. Niyə? Biz buna niyə razı olmalıyıq? Ağlı başında olanlar, intellektuallar, bu xalqın önündə gedənlər, sizlə biz xalqı ayıltmalıyıq, onu boyunduruğa girməkdən saxlamalıyıq, düzgün yola istiqamətləndirməliyik. Bizim Avropaya pəncərəmiz Türkiyə deyil, Rusiyadır. Peterburqu elə Avropaya pəncərə adlandırırlar. Peterburq elə bizim də Avropaya pəncərəmizdir, onu itirməklə biz nəfəs borumuzu kəsirik. Azərbaycan kontekstində bizim konsepsiyamız təbii sərvətlərimizin milliləşdirilməsi, BP və digər yəhudi transmilli şirkətlərinin ölkəmizdən qovulması kimi tələblərdə özünü göstərir. Biz solçuluğa yaxın olsaq da, şəxsi əmlakın olmasına qarşı deyilik. Əlbəttə şəxsi marşrut xəttinin, şəxsi təyyarənin olması qəti qadağan edilməlidir, lakin əgər kimsə kommersiyanı yaxşı bacarırsa və ticarət obyekti varsa, ona şərait yaradılmalıdır. Monopoliya olmamalıdır. Biz iqtisadiyyatda dövlətin rolunun genişləndirilməsi, idarə rıçaqlarının möhkəmləndirilməsi tərəfdarıyıq. Beləliklə ideoloji müstəvidə biz dövlətçilik, mədəni müstəvidə isə tarixi ənənələrimizin qorunması, modernizm adı altında yeridilən biabırçılıqların qadağan olunması tərəfdarıyıq. Biz sağlam düşüncə hərəkatıyıq, hansı ki indi insanlarımızın çoxu eyforiyaya qapılıb, beyin yuyulmasına məruz qalıb, saxta dəyərlərin əsiri olub. Hökumətin siyasətini də yalnız o məsələlərdə dəstəkləyirik ki, həmin məsələləri məqbul hesab edirik. Və bu həmişə belə olacaq: yaxşı addımları dəstəkləyəcəyik, zərərli addımları isə tənqid edəcəyik.

-Sizin təşkilatı Rusiyaya bağlı təşkilat saymaq olarmı?
-Bəli, bizim təşkilat elə baş ofisi Moskvada yerləşən, professor Duqinin rəhbərlik etdiyi Ümumdünya Avrasiya Hərəkatının Azərbaycan filialıdır. Bütün dünyada antiqlobalist hərəkatın genişlənməsi prosesi gedir. Baxın kanallara, Amerikanın özündən tutmuş Yunanıstana kimi əhali əlində Putinin şəkilləri nümayışlərə çıxır, rus ordusunun gəlməsini, Putinin onların da prezidenti olmasını istəyir. Belə şeyləri bizim televiziyalarda göstərmirlər ki, xalq ayılar. Bilən bilir ki, Putin sivilizasiyanı ölümdən qurtardı. Putin 3-cü dünya müharibəsinin qarşısını aldı. Putin Suriyadan başlanan şiə qətliamını dayandırdı. Putin bir fenomendir. Bu gün hətta Fransada hər yerdə “Putin, bizi pedarastlardan xilas et!” plakatları qaldırıblar. Amerikada Putinin şəkilləri ilə keçirilən kütləvi mitinqlər yəqin yadınızdadır. Sorğu göstərdi ki, ABŞ əhalisinin 40 faizi Obamanı yox, Putini öz prezidentləri hesab edirlər. Fransızlar və ispanlar gəlib Donetsk və Luqanskda müqavimətçilərə qoşulurlar ki, bəlkə rus ordusu gəlib onları da qurtara! Xalq hər yerdə nicatı Rusiyadan gözləyir. Azərbaycanda da xalq böyük səbirsizliklə Qızıl Ordunun gəlməsini gözləyir, çünki yaxşılığa doğru heç nə görünmür. Hamı cana bezib, əsəblər gərilib.

-Bəziləri Rusiyanın bizim strateji düşmənimiz olduğunu və imperiya ambisiyalarının həyata keçməsinin ölkəmiz üçün faciələrlə nəticələnəcəyini iddia edirlər...
-Tutaq ki, qərbçi beşinci kolonun həyat arzusu hansısa möcüzəvi şəkildə həyata keçdi, Rusiya geosiyasi oyunçu olmaqdan çıxdı, deyək ki, o ümumiyyətlə dağıldı, onun yerində yaranmış yeni dövlətlər Qərbin dostuna çevrildilər. Transatlantik imperializmlə, elə istənilən maliyyə kapitalı ilə dostluq hinduların konkistadorlarla dostluğunu xatırladır. Onlar Sibirin, Uzaq Şərqin ələ keçirilməsi, həmin coğrafiyanın təbii resurslarının vəhşicəsinə məhv edilməsi və mənimsənilməsilə dayanmayacaqlar. Rusiya zəifləsə və Qafqaz regionundan sıxışdırılıb çıxarılsa, Azərbaycanın taleyi necə olacaq?! Bu haqda fikirləşmisiz? 

-ABŞ imperializmin geniş şaxələnməsinə və bu qədər uzunömürlü olmasının səbəbi sizcə nədədir?
-Pul. ABŞ-nın Pul Evi, yəni pul kəsən, dollar hazırlayan maşını bu ölkədə pul kəsməyə lisenziyası olan yeganə təşkilatdır. Çoxları elə bilir ki, digər normal dövlətlərdə olduğu kimi, ABŞ-da da Pul Evi dövlətə mənsubdur. Amma yox. ABŞ Pul Evi kommersiya təşkilatıdır və yəhudilərin bankına məxsusdur. ABŞ 7 yəhudi bankiri idarə edir. Təsəvvür edin ki, ABŞ hökuməti yəhudilərə məxsus Pul Evindən pulu kreditə götürür və bu krediti illərlə bağlaya bilmir. Faiz get-gedə şişir. ABŞ hökumətinə hər dəfə əsas məbləği ödəmək lazımdır, faizi bağlamaq üçün lazım olan əsginas isə hökumətdə sadəcə yoxdur. Və bu faizi ödəmək üçün hökumət yenidən Pul Evindən kredit götürməyə məcburdur ki, bunun da nəticəsində ABŞ hökumətinin Pul Evinə və deməli, yəhudi bankirə olan borcu astronomik qaydada artır. ABŞ dövləti yəhudi bankının əsiridir. “ABŞ-ı banklar idarə edir” deyənlər heç də yanılmırlar, çünki ABŞ hökuməti daim bankdan asılı vəziyyətdədir. Bankın həmsahiblərindən biri isə mason nəsli olan Rokfellerlərdir.

-Bir çoxlarını maraqlandıran odur ki, necə olub siz indiyədək sağ qalmısız? Nəyə görə hegemon qüvvələr sizi yox etmək üçün çalışmamışlar? Habelə hesab edirsinizmi ki həyatınız təhlükə altındadır?
-Bunu hərdən məndən də soruşurlar və heç də həmişə nəzakətlə deyil. Bu sualları eşitdikdə mən adətən gülmüşəm. Amma indi yox. İndi özüm də təəccüblənməyə başlamışam. Heç kimi ruhdan salmaq istəmirəm. Vəhhabilərin Azərbaycandakı bazalarından tutmuş İsrailin lokasiya sistemlərinə kimi, Türkiyədə Azərbaycana qarşı hazırlanan yeni genetik planlardan tutmuş NATO agentlərinə kimi adbaad açmışıq. Təhlükənin miqyası başadüşüləndir. Sosial paylaşım şəbəkəsi olan feysbukun qurucusu Mark Zukerberqin özünün ABŞ ilə İsrail agenti və İran İslam Respublikasını məhv etmək üçün planlar hazırlayan bir layihəçi olması, Türkiyədə dəhşətli xəstəlik yayan gənələrin Qara dəniz sahillərinə turist qismində gəlmiş Mossad agenti olan qadın tərəfindən gətirildiyi, genetik modifikasiya olunmuş pomidorların yerli istehsalçıları çökdürmək məqsədilə İsrail tərəfindən göndərildiyi və buna bənzər digər iddialar həqiqətən adamı “yox, bu artıq ağ oldu” deməyə məcbur edir. Feysbuk özü İranı dağıtmaq üçün yaradılmışdı, indi biz nə edək ki, həmin proyekt İranı dağıtmaq istəyənlərin özünə qarşı işlədi? Məhz bizim kimilərin sayəsində! İkincisi də, özümüzü qorumaqdan başqa, öz tərəfdarlarımızı, xüsusən də aktiv qrupumuzu qorumaq lazım gəlirdi, üzərimizə düşən məsuliyyətli vəzifələrdən biri də tərəfdarlarımızı qorumaqdır. İndi dövlət siyasəti də dəyişib. 10 ildən artıq biz pressinq altında olduq. Əlaqədə olduğumuz adamlarla maraqlanırdılar, dostlarımızı güdürdülər, telefonlarımızı dinləyirdilər, profillərimizi bloklayırdılar, səhifələrimizi bağlayırdılar, ölkədən çıxıb getməyimizi tələb edirdilər. Hədə-qorxu gəlirdilər, üstümüzə öz gənc torpedalarını göndərirdilər. Mənim feysbukda altı profilimi sildilər, ləğv etdilər, hərəsində də 3-4 min dost, batdı getdi, indi işlətdiyim yeddincidir. Bizi dişlərinə vurdular, gördülər girməli kol deyil. İndi hərdən eşidirəm ki, gənc üzvlərimizə təhdidlər gəlir. Çoxu da türkçülərdir. Çünki bizim yazdıqlarımız onlara ləzzət eləmir. Mən bilirsiz nəyə təəccüb eləyirəm?! Bakıda, Ankarada bir türkü vəzifəyə gətirə bilmirlər, amma Ulan-Udeyə kimi türk imperiyası qurmaq sevdasına düşüblər! İbrahim Fərhadoğlu demişkən: “Sən Maqa yox, Məmişsən!”. Bəxbəxt uşağı, 10 kilometr uzağı düz vura bilmirlər, 10 min kilometri dəqiqliyi ilə vuran rusa şıllaq atırlar. Qəribə günlərə gəlib çıxmışıq. Ət və sümük yığını, yarım vedrə qan, beyninin də cəmi 3 faizi anlamaq qabiliyyətinə malikdir, amma özünü elə aparır, elə bil Babaxanlıdakı dağları bu yaradıb! Mən elə burdan öz aləmlərində antirus siyasəti aparan həmin debillərə üzümü tuturam! Səhiyyə nazirliyi adından sizə bir daha xəbərdarlıq edirəm ki, Rusiyaya qarşı çıxmaq sağlamlığınız üçün ziyanlıdır! Bu məsələlər sizçün yaxşı bitməyəcək. Əyri bitəcək, səsinizə də qonum-qonşular yığılacaq. Geydiyiniz kostyuma görə də, əlinizdə tutduğunuz qələmə görə də Rusiyaya borclusunuz! Ağıllı olun! Hərdən tünd reaksiya vermək lazım gəlir. İnformasiya müharibəsi gedir, düzdür, ölən yoxdur, amma çoxlu başından yara alanlar var. İndi işləri yekunlaşdırmaq, əldə edilənləri qiymətləndirmək və yeni raunda hazırlaşmaq vaxtı çatmışdır. Baş daşımıza yazı yazılması hələ tezdir, bizim möhkəm özüllərimiz, dayanıqlı arxamız və geniş qübbəli tavanımız var. Özləri də bilirlər. Biz xalqa bağlıyıq, gücümüz də ondadır. Bilirsiz əvvəl çox olurdu, ağzımızı açan kimi deyirdilər dindarsan, ya İran agenti, ya da belə bir söz düşmüşdü ağızlarına, Rusiyameylli sözünü az qala söyüş yerinə işlədirdilər. Görən desin Rusiya meylli olmaq böyük günahmış. Rusiya meylli olana elə baxırdılar, elə bil erməni agenti zadı tutublar. Halbuki sovet vaxtı 6 milyon əhalinin 5 milyonu Rusiya meylli idi, hər şey də normal, öz axarı ilə gedirdi. Qınından çıxanlar qınını bəyənmir. Donqili bir qrup düşüb ortaya, atalarımızdan, babalarımızdan ağıllı çıxıblar. Necə yaşayacağımızı bizə onlar diqtə edirlər! Nəyin bizçün yaxşı olacağını bu donqililər bizdən yaxşı bilirmişlər. Əvvəl belələri ilə tez-tez rastlaşırdıq, indi ortada yoxdurlar. İndi işlər yüngülləşib, rus ayısı gəlib buralara çıxıb, gəmimiz Bakı buxtasına dirənib. Dövran dəyişib, şimal küləkləri əsir. İndi Rusiyapərəst olmaq moddadır.

Hazırladı: Alı Vüsal

Комментариев нет:

Отправить комментарий