20.12.2014

İlya Zemtsov. Oğurlanmış respublika -6

VI hissə: Heydər Əliyevdən qorxmayan o adam kim idi?

Bakının başçısı ilə valyuta alverçisini nə birləşdirirdi?

Əliyev idarəçiliyinə xas bir üslubdu, xəyanətkar, qaba, başqalarına meydan oxuyan

Sən Moskvaya gedirsən... mən isə xərçəngəm

Müəllif Ilya Zemtsov 70-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində şöbə rəisi işləyib. Sonradan Azərbaycanda əldə etdiyi təəssüratlar və faktlar əsasında kitab yazıb

Kommunistsənsə, azad deyilsən...


Özüm üçün çoxdan yəqin etmişdim: kommunist kimi azad olmaq mümkün deyil. Mən kimin üçünsə alət və vasitəyə çevrilə bilməzdim. Mən Əliyevlə daha yaxından tanış olandan sonra bunu bir daha yəqin etdim. Onun məqsədə çatmaq üçün istifadə etdiyi vasitələr mənim vicdan prinsiplərimə yaddı. Mən Rusiyadan getmək qərarına gəldim. İkiüzlülük olub və olacaq, vicdanla yaşamaq istəyirsənsə, ya mübarizə aparmalısan, ya da çıxıb getməlisən. Getmək yaxşı arzuydu, amma çox çətindi. Çünki birinci dəfə görürdüm ki, dostlar necə də asan səndən üz döndərə bilərlər, yazıqları gələr, kömək etməyə cəsarətləri çatmaz. Alçalmamağa cəhd göstərirsən, tək qalırsan. Həqiqətə qovuşanda daha bir istəyin külə dönür. Bəlkə də küldən öd törəməsi üçün... İnsanlar reallıqla arzularının qovuşacağına inanırlar.

Yaltaqlar xoru və akademikin “səriştəsizliyi”

Əliyevin səs-küylü yaltaqlar xorunda karyera qazandıran bir amili unutmaq olmaz: burda daimilik yoxdur, münasibətlərin yaxşılığı müvəqqətidir və səni cəzadan bir müddət sığortalayır. Bu xorda bir adamın, MK katibi Cəfərovun öz sözünü demək cəsarəti vardı, o bəzən çox məharətlə sözləri oynatmaqla birbaşa Əliyevin fikirlərinə, əsassız qərarlarına qarşı çıxırdı. O, çox savadlı və ağılı idi. Bilirdi ki, onsuz da Əliyev onu işdən çıxaracaq. Ancaq Əliyev onu vəzifədə saxlayırdı, zahirən özünü bitərəf göstərir, başqaları vasitəsi ilə gizli şəkildə, məharətlə ona qarşı hücuma keçirdi. Bu, Əliyev idarəçiliyinə xas bir üslubdu, xəyanətkar, qaba, başqalarına meydan oxuyan bir üslub...
Büro iclaslarında, yaxud plenumlarda kimsə Cəfərovun rəqibi rolunu öz üzərinə götürərdi. Onu yeri gəldi, gəlmədi söyərdilər, məsələn, Rus Dram Teatrına lazım olandan çox gedir, deməli, milli incəsənətə sayğılı deyil, onun öz kitablarını çap etdirməsini xidməti vəzifədən sui-istifadə kimi qiymətləndirir, səriştəsizliyini isə akademik olması ilə bağlayırdılar.
Cəfər Cəfərov Əliyevin əsas kartını açacağı günü gözləyirdi. Onun günahı vardımı: hədiyyələr hesabına dəniz sahilində iki bağ evi tikdirmişdi, Şərqdə qohumluq münasibətləri müqəddəs sayılır, - qohumu olan gəncləri Bakıya gətirir, instituta düzəldir, ev almalarına kömək göstərirdi. Əliyev Cəfərovu çıxarmağa tələsmirdi, o, Axundovdan MK-da qalan yeganə katibdi. Cəfərovun müxalifətçiliyi SSRI-də qeyri-adi görünürdü. Çünki burada yalnız “hə” deyənlərin deyil, bir nəfər “yox” deyənin, Cəfərovun da səsi eşidilirdi.
Məndən hərdən soruşurlar, büro iclasları necə keçirilirdi, orada müxtəlif fikirlilik mümkündümü? Həm hə deyə bilərəm, həm də yox! Çünki büroda müxtəlif təhsilli və maraq dairəsi olan adamlar toplaşır. Çünki partiya təcrübəsi bu adamları vahid düşüncə formasına salıb, onları seçərkən müəyyən keyfiyyəti və xasiyyəti olanlar və daha çox burada qalmaq istəyənlər düşür. Buna görə də əks fikirlilik ordaca qalır. Bu yalnız təzə gələndə, yaxud gedəndə mümkün olur.
Nəhayət, Cəfərovu işdən çıxardılar. Həmin ərəfədə o mənə zəng etmişdi:
-Sən “Pravda” qəzetinə məqalə yazmısan?
-Mən yazmamışam. Suxodayev yazıb.
-Yalan deyirsən. Hər halda, yaxşı deyil. İki xəbər var. Biri çox mühümdür, biri isə pisdir. Səni Moskvaya aparırlar, qurultayın sənədlərini redaktə edəcəksən. Və Əliyevi gözləyəcəksən. Onu Sov.İKP MK-ya katib aparırlar. Başqa xəbərsə mənim xərçəng olmağımla bağlıdır. Dəfn mərasiminə gələcəksən?
***
Partiya getdikcə “şərəf və vicdan”lıqdan çıxırdı. Düz adamlar belə alıb kiməsə verdikləri puldan “qorxu əvəzi” götürürdülər. Bir-iki min görəndən sonra “başqalarından nəyim əskikdir?” fikrinə düşürdülər. Çünki insanlar çox halda ələ düşən imkandan istifadə etmədiklərinə görə sonradan peşmançılıq hissi keçirir, özlərini qınayırlar. Cəmiyyətdə belə fikir formalaşıb: oğurlaya bilənə deyirlər ki, yaşamağı bacarır. Dəyişib kələk gələni isə işgüzar adlandırırlar. Çar dövründə də belə idi, indi də əxlaqdan üstün bu adətlə yaşayırlar.
***
İkinci rüşvət dayanacağında ayaq saxlamaq məqamıdır. Bələdçisiz, rayona ayağı bir dəfə düşənlər yaxşı bilirlər. Burda rayon üçün əlahiddə səlahiyyətləri olan partiya komitəsinin birinci katibi hər şeyi həll edir. Mərmər pilləkənləri görən kimi “Azərbaycanda kim yaxşı yaşayır?” sualı yada düşür. Cavab üçün düşünmək lazım deyil: rayon partiya komitələrinin katibləri. Elə milyonçular da onlardır. Düzdür, yığılan rüşvətin bir hissəsi rayon üçün əlahiddə səlahiyyətli adamların payına düşür. Amma onların da əlinə göz dikən MK katibləri, şöbə müdirləri, nəzarətçi təlimatçılar, nazirlər, Ali Sovet aparatının məsul işçiləri var. Çünki katib Ali Sovetin deputatıdır, MK üzvüdür,  onların da qarşısında sakit yaşamaq üçün öhdəlikləri var. Amma həyatları sakit keçmir. Bütün günləri gərginlik içində yaşayırlar, istehsal planları yerinə yetirilmir, aldatma, gözdən pərdə asmaq, rəqəmləri şişirtmək yolu tuturlar, vaxtaşırı komissiya gəlir, yoxlamaların da öz dərdi, idarəetmə islahatının öz qayğıları var, yaxud növbəti siyasi kompaniya, məsələn, seçkidən çox təyinatlı dinc seçkilər belə vaxt aparır.

Oğrunun 40 günü

Partiya rəhbərliyinə ağır gələn budur ki, guya özününkülərlə əhatə olunublar, birinə sən rüşvət verirsən, birindən sən alırsan, günlərin birində gündəlik işin “səsi” çıxan kimi, hər şey unudulur, işdən çıxarılırsan. Daha dəqiqi, yerini dəyişirlər, böyükdən kiçiyə enirsən, bəxtin onda gətirir ki, MK nomenklaturasında qalırsan.
Bakı şəhər Nərimanov rayon partiya komitəsinin birinci katibi Muradəliyev “pripiska”da yansa da... Məişət Xidməti naziri təyin olundu. Bakı şəhər Oktyabr rayon partiya komitəsinin birinci katibi Məmmədov Moskvada milyonlar üstündə “sürüşdü...”. Ehtiyatsızlıq edərək Moskvada əmanət bankına həyat yoldaşının adına 195 min rubl əmanət qoymuşdu. Onu Daxili İşlər Nazirliyinin Bakı şəhər üzrə hərbiləşdirilmiş mühafizə idarəsinə rəis göndərdilər. Məmmədovun belə gözdən düşməsi ona qarşı paxıllıqdan irəli gəlmirdi, Allaha şükür ki, onu işdən çıxaran Axundov birinci katibdən yoxsul deyildi. Axundov onun qaba hərəkətini bağışlaya bilməmişdi: 1965-ci ildə Məmmədov plenum üzvlərini onun yerinə MK-dan təklif edilən Rzayevə səs verməməyə çağırmışdı. Məmmədov bir il də vəzifədə qaldı. Sonradan ildırım sürəti ilə vəzifələrini itirdi. MK-dan çıxarıldı, deputat mandatı əlindən alındı. Məğrurluğu ilə öz başına oyun açdı. Mərkəzi Komitənin təklifi ilə razılaşsaydı, onda  Sosial Təminat Nazirliyində müavin vəzifəsi tutacaqdı.
Bakı şəhər partiya komitəsinin birinci katibi Allahverdiyev isə valyuta satan Rokotovdan (sonradan həbs edilib və güllələndi) qızıl aldığına görə ilişmişdi. Onu Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Texniki-Peşə Təhsili Komitəsinə sədr göndərdilər. Onun yerinə təyin olunan Nəsrullayev isə şəhvətin qurbanı oldu. Bakıda tanınmış bir alimin qızı zorlanmışdı. Müstəntiqlər istintaq apararkən gizli bir əxlaqsızlıq yuvası aşkar etdilər. Bu əxlaqsızlıq evinin daimi müştərilərindən biri də Nəsrullayev idi. Ancaq Nəsrullayev “əxlaqsızlıq evinə” tək getmirmiş: 7 nəfər MK üzvünün və 3 nazirin də yolu tez-tez bura düşürmüş. Bir neçə il keçmiş hər şey unuduldu və Nəsrullayev respublika rabitə naziri təyin olundu...

(Ardı var)        azadliq.info          Surxay Hüseynli

Комментариев нет:

Отправить комментарий