13.12.2014

Baba Pünhan - Qudurğan Olsa Neynərsən?


Acından millətin bir gün yarımcan olsa, neynərsən?
O can üstə, sənin ömrün firavan olsa neynərsən?

Didərginlər səfalətdən əgər ölsə çadırlarda,
Vəkillər maliki-mülki-Süleyman olsa neynərsən?

Koroğlu qeyrətindən dəm vururkən Milli Məclisdə,
Müsəlman qızları məktəbdə üryan olsa, neynərsən?


Vəkil artist, vəkil şair, vəkil xanəndə və sair,
Dəyirmanın əgər dənsiz dəyirman olsa, neynərsən?

Əzilmişdən, üzülmüşdən, əyilmişdən, sökülmüşdən
Döyülmüşdən axan qanlar nahaq qan olsa, neynərsən?

Seçilməkçün düşüb mənzilbəmənzil yalvaran kəslər,
Seçildikdən bir az sonra qudurğan olsa, neynərsən?

Bu mavi ekranım çox əyrini düz göstərir, billah.
Tutub usta düzəltdirsəm, düz ekran olsa, neynərsən?

De ki, Pünhan, zaman dönsə, tutulsa Ay, Günəş sönsə,
Səmadan Zülfüqar ensə – o dövran olsa, neynərsən?

Комментариев нет:

Отправить комментарий