20.12.2014

Səməd Vurğunun əsli-nəsli Diyarbəkirdən gələn kürddür

“Diplomat” qəzetinin baş redaktoru Tahir Süleymanın Azərbaycanın görkəmli şairi Səməd Vurğunla bağlı səsləndirdiyi “Xalq şairi Səməd Vurğunun əsli-nəsli Diyarbəkirdən gələn kürddür” sözləri ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı.
Publika.Az tanınmış ziyalılara müraciət edərək, bununla bağlı onların fikirlərini öyrəndi.
Xalq şairi Sabir Rüstəmxanlı bildirdi ki, T.Süleymanın sözlərinə ciddi yanaşmaq düz deyil:
“Onun başı xarabdı. Qeyri-ciddi adamın heç bir sözünə ciddi yanaşmaq lazım deyil. O özü etnik-goreşənənliklə məşğuldu. Səməd Vurğun Azərbaycan dilinin ölçülərini yaradan bir şairdir. Haradan çıxıb, hara gəlib - bunu axtarmaq alimlərin işidir. 
Fakt odur ki, Səməd Vurğun Azərbaycanın böyük şairidir. Kürd olsaydı, deyərdi ki, “mən kürd şairiyəm”. Bütün həyatını Azərbaycana həsr etmiş adam haqqında necə bunu deyə bilərik?! Onun kimi şairlər bütün millətlərin şairidir. Səməd Vurğun bütün yaradıcılığı, qanı ilə türk oğlu, türkdür”.
Şair Musa Yaqub da bu fikirlərin əsassız olduğunu qeyd etdi:
“Bu tarixi söhbətdir. Hərəmiz bir yandan köçüb gəlmişik. Belə söhbətləri gərək tarixi faktlarla isbat edəsən. "Səməd Vurğun kürddür" deyə bimərik. Heç bizim üçün bunun mənası da yoxdur axı... Bu barədə heç bir söhbət olmayıb, məncə, absurd söhbətdir. O, bizim üçün Səməd Vurğundur, vəssalam”.
Yazıçılar Birliyinin mətbuat katibi, şair Ədalət Əsgəroğlu da məsələyə münasibət bildirərək, ədəbiyyatda tez-tez belə halların baş verdiyini vurğuladı:
“Son illər ədəbiyyatda belə hallar tez-tez olur. Mən hər bir Azərbacan vətəndaşını belə söhbətlərə qoşulmamağa və kənar gəzməyə çağırıram. Bizdə kürd əsilli yazarlar olub ki, onlar daha çox türkçülüyə, azərbaycançılığa çağırıblar. Ümumiyyətlə kürdçülük nə deməkdir? Hamısını PKK-çı etmək olmaz. Belə söhbətləri, çağırışları ortaya atan adamlara  hörmət edilməyəcək”.
Şair, publisist Murad Köhnəqala isə bildirdi ki, kürdlərin S.Vurğunu “özününküləşdirməsində” qorxulu bir şey yoxdur:
“Azərbaycan kürdləri zaman-zaman Azərbaycanda çox görkəmli adamları kürd adlandırıblar. Aşıq Ələsgəri, Aşıq Alını, Aşıq Ədaləti, Qaçaq Kərəmi, Koroğlunu... Azərbaycanda yaşayan kürd saza qulaq asır - çünki bu onun ruhuna yaxındır. Ona saz o qədər yaxın olur ki, elə bilir kürdlərə məxsusdu. Səməd Vurğunu da o qədər sevirlər ki, özlərininki hesab edirlər. Səməd Vurğun Qara Yusifin oğludu, təmiz türkdü”.
S.Vurğunun oğlu şair Vaqif Səmədoğlu isə T.Süleymanın səviyyəsiz söhbətlər etdiyini və bu barədə danışmağı özünə sığışdırmadığını bildirdi:
“Tahir Süleyman hansı dildə yazırsa, dediyi də odur. O qədər aşağı səviyyədə danşıb ki, bu barədə danışmaq istəmirəm, heç ehtiyac da yoxdur. Səməd Vurğun Azərbaycanın mənəvi şeirini yazıb, əsas budur”.

Gülər Nizamiqızı                     publika.az

Комментариев нет:

Отправить комментарий