13.12.2014

Saməddin Sami - Gedirsən

Hərdən ki, gəlirsən xəyallar kimi,
Könlümü oxşayıb çıxıb gedirsən.
Qəlbimdə qurursan məhəbbət evin,
Sonra əllərinlə yıxıb gedirsən.

Alıram ətrini güldən, çiçəkdən,
Gözlərim qan salır yol gözləməkdən,
Bəlkə də bilmirsən, ya bilərəkdən,
Od salıb könlümü yaxıb gedirsən.

Ürəyim hər görüş sevincdən dolur,
Elə ki, gedirsən dünyam qaralır,
Gözlərim bulud tək dolur, boşalır,
Başımda şimşək tək çaxıb gedirsən.


Gec gəlib, ayrılıb gedirsən erkən,
Qalıram baş-basa həsrətinlə mən,
Elə bil əl tutub sağollaşarkən,
Ovcunda qəlbimi sıxıb gedirsən.

Bilmirəm sevirsən, ya sevməyirsən,
Könlümdə özgəsi vardı deyirsən,
Bəs onda de nədən hər gedəndə sən,
Arxamca boylanıb baxıb gedirsən?..

Комментариев нет:

Отправить комментарий