03.12.2014

PKK-nın gizli Bakı planı

"Bakıda Qaraçuxur məscidini yandıranların ölkəmizdəki İraq səfirliyi qarşısında etiraz aksiyaları keçirmək planı olub. Onlar bu aksiyalarda qarışıqlıq salmağı nəzərdə tutublar. Bununla həm diqqəti İŞİD probleminə yönəltmək, həm də məsciddə xəvariclərin olduğuna işarə vermək istəyiblər”.
Bu xəbəri verən mötəbər qaynağın sözlərinə görə, PKK-nın Azərbaycandakı "Yekbun” təşkilatı həmtəsisçiləri Namiq Nəsibov və Elnur Ələkbərov ətrafındakı kürdlərlə etiraz nümayişləri keçirmək niyyətində olublar.
Onlar bu aksiyaları təşkil etməzdən əvvəl Qaraçuxur məscidini yandırmaq, diqqəti yayındırmaq planı cızıblar. Mənbənin sözlərinə görə, "Yekbun”çular məscidi yandırmaqla ibadət evində İŞİD tərəfdarı olan qüvvələrin namaza gəldiyini nəzərə çatdırmaq istəyiblər.
Çünki hazırda Kobanidə PKK və İŞİD arasında amansız savaş gedir. N.Nəsibov da Suriyadan qayıtdıqdan sonra planlaşdırdığı təxribatı həyata keçirməyə cəhd göstərib. Onun təsis etdiyi təşkilat "Yekbun” isə yeni yaranıb və rəsmi qeydiyyatdan keçməyib.
Milli Təhlükəsizlik Nazirliyinin yaydığı rəsmi məlumatda da qeyd olunub ki, onlar aksiya keçirmək istəyiblər. Lakin bu, baş tutmayıb. Mənbə qeyd edir ki, məscid tamamilə yansaydı və aksiyalar baş tutsaydı, onlar Bakıda böyük qarışıqlıq salmağa nail olacaqdılar. Amma hüquq-mühafizə orqanları tədbirli olub. 
Xatırladaq ki, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş anti-terror tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonunun Biləcəri qəsəbəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları - Nəsibov Namiq Kamil oğlu və Ələkbərov Elnur Tahir oğlu saxlanılıblar. Namiq Nəsibovun üzərindən "Makarov" tipli tapança və 8 ədəd 9 mm çaplı patron, Elnur Ələkbərovun isə üzərindən "Smit-Vesson" markalı revolver aşkar edilərək götürülüb. Müəyyən edilib ki, Namiq Nəsibov 2014-cü ilin avqust-sentyabr aylarında PKK terrorçu təşkilatının nəzarətində olan Suriya Ərəb Respublikasının ərazilərinə gedərək oradakı döyüşlərdə iştirak edib.
Namiq Nəsibov Suriyanın Kobani şəhərindən qayıtdıqdan sonra Elnur Ələkbərov ilə birgə PKK terrorçu təşkilatının respublikamızda qanadı olaraq qeyri-rəsmi "Yekbun” təşkilatını yaradıblar və ətraflarına tərəfdarlar toplamağa başlayıblar. Namiq Nəsibov və Elnur Ələkbərov İnternetdə sosial şəbəkələr vasitəsi ilə yaratdıqları təşkilatın adından Bakı şəhərində aksiyaların keçirilməsi üçün çağırışlar da ediblər. (Axar.az)

Комментариев нет:

Отправить комментарий