06.05.2021

Şeyx Şamilin katibi Hacı Əli onun oğulları barədə

Şeyx Şamilin katibi işləmiş Hacı Əli onun harınlamış oğlanlarının xalqın başına gətirdiyi oyunlar barədə 1873-cü ildə çap olunmuş kitabında belə yazır:

“Şamilin kiçik oğlu Məhəmməd Şəfi tez-tez qalmaqal yaradırdı və süründürməçiliyə meylli idi. Bir yaxşı xüsusiyyəti vardı ki, səxavətli idi. Ortancıl oğlu Qazi Məhəmmədə Şamil bütün naibləri tabe etmişdi, Dağıstanın idarəçiliyini ona vermişdi, fikirləşirdi ki, onun yolunu davam etdirəcək. Camaat Qazi Məhəmmədə imam deyirdi. Naiblər həmişə Şamilə yaltaqlanırdılar ki, oğlu Qazi Məhəmməd yaxşı adamdır, onun hərəkətlərini tərifləyirdilər və pis əməllərini gizlədirdilər. Bununla da onlar Şamilə xəyanət edirdilər. Naiblər bütün işlərin Qazi Məhəmmədə tapşırılmasını istəyirdilər, çünki onun zəifliyindən və təcrübəsizliyindən istifadə edirdilər. Onlar Şamilin üzünə belə deyirdilər: “Oğlun yaxşı adamdır və səndən də tədbirlidir”. Bununla belə gözəl bilirdilər ki, Qazi Məhəmməd xəsis, axmaq və qorxaqdır. Mühacirlər və atıb-vuranlar daim çalışırdılar ki, soyğunçuluqdan əldə etdikləri puldan onun xəzinəsinə versinlər. Dağıstanın nə qədər igid adamları onların yolunda öldü, nə qədər ailələr başsız qaldı! Ələ keçirdikləri qənimətin təyin edilmiş hissəsini beytül-mala vermədiklərinə, gizlətdiklərinə görə çoxları öldürüldü və ev-eşikləri də əllərindən alındı. Belə öldürülənlər barədə Şamil ilk əvvəl əmr vermişdi ki, belələrinin həm yürüşdən çapıb gətirdikləri, həm də şəxsi əmlakları müsadirə edilsin, onda belələrinin ailələri hər şeydən məhrum olaraq çöllərə düşməyə məcbur qalırdılar. Şamil sonra əmr verdi ki, belələrinin əmlakına toxunulmasın, öldürülənin arvad-uşağı orda qalıb yaşaya bilsin. Lakin naiblər Şamilin əmrlərini yerinə yetirmirdilər, Qazi Məhəmmədin dəstəyi ilə çoxlarını qəsdən öldürürdülər ki, əmlaklarını ələ keçirib onunla bölüşsünlər. Bu isə Şamilin hakimiyyətini zəiflətdi və xalqın ruhunu aşağı saldı. Belə tədbirlərin nəticəsi o oldu ki, kişi xeylaqlarının sayı azaldı, qadınların sayı isə çoxaldı. Məhsul əkib-becərməyə və yığmağa adam olmadı, xalq müxtəlif xəstəliklərə yoluxdu. Allaha and olsun ki, dağlılar bəzən on günlərlə acından ot yeməyə məcbur qalırdılar. Amma belə vəziyyətə baxmayaraq onlar yenə Şamilə və oğluna itaət edirdilər. Nəhayət ki, ruslar hər tərəfdən Dağıstana girdilər. Xalq bilmirdi neyləsin. Şamil öz təbəələrinə diqqət verməyərək çox kəndləri yandırdı və Qunibə qaçdı. O dağlıları hər tərəfə səpələnmiş qoyunlar kimi qoyub getdi. Allahın qəzəbi Şamili tutdu. Allah imkan verdi ki, düşmənləri onun xəzinəsini, qızıllarını və mal-mülkünü ələ keçirsinlər. Odur ki, Qazi Məhəmməd Dağıstan sakinlərindən gileylənməsin ki, atasını və onu köməksiz qoydular, ayıbdır. Allaha and olsun ki, dağlılarin igidliyi olmasaydı, Şamilin oğlanları indi də Gimridə yaşayırdılar və dədə-babaları kimi eşşək quyruğu dartırdılar, soğan satırdılar. Dağıstanlılar Qazi Məhəmmədin əlindən olmazın zülmlər çəkdilər. Hətta açıq-aşkar öldürə bilməyəndə o bəzi müridlərini, yaxınlarını və alimləri boğaraq öldürürdü. Dağlıları qabağında qul kimi işlədirdi və Şamilin ona rəğbətini görüb ondan şikayətlənməyə qorxurdular. Əgər Qazi Məhəmmədin ürəyində azca da olsa cəsarət olsaydı, Karatanı qoyub qaçmazdı, əlində qılınc Karatanın girişini qoruyardı, ölənədək vuruşardı. Heç olmasa belə dövlət, imamət və xəzinə yolunda bir damla qanını axıdardı. Həm də o simic idi və xalqa baxmırdı. Şamilin oğlanları uşaqlıqdan atalarının günbəgün artan hakimiyyətini və var-dövlətini görmüşdülər. Yeniyetməlik həddinə çatanda onların gözü var-dövlətdən, şöhrətdən, cah-cəlaldan və qadınlardan doymurdu. Onlar Dağıstan xanlarının bütün xəzinələrini, hətta Gürcüstan knyazlarının sərvətlərini ələ keçirdilər. İgid dağlıların əlində nə yaxşı silah görürdülər, götürürdülər, Çeçenistanın bütün yaxşı atlarını tutub almışdılar- və bütün bunları hədiyyə et adı ilə qoparmışdılar, ya da adamı vurub öldürərək ələ keçirmişdilər. Onlar Şamilə tabe olmurdular, qulaq asmırdılar, tez-tez onun əmrlərini pozurdular, amma ataları onlara mərhəmət və sevgiylə yanaşırdı, əməllərini görməməzliyə vurub cəzalandırmırdı. Ətraflarını müğənnilərlə və etibarsız adamlarla doldurmuşdular, ataları bunu onlara irad tutanda deyirdilər ki, yaxşı adamlardır. Naiblər də Şamilin oğullarına baxıb onlar kimi hərəkət edirdilər. Bütün xalq Allahı çağırırdı ki, bizi bu qaniçmişlərin əlindən xilas et. Və Allah doğrudan da onların yalvarışlarını eşitdi”.

Комментариев нет:

Отправить комментарий