04.11.2010

FAZİL MUSTAFANIN ELNURAFOBİYASI

Anar GƏRAYLI                                                               anargerayli@gmail.com

Ömrünün tükənməyinə az qalmış, ən say seçmə milli adamların toplanıldığı parlamentimizdə Fazil Mustafa adlı bir deputatxana nümayəndəsi var. Bu bizim Fazil Mustafa eşitdiyimə görə, cavan vaxtı zor oğlan olub. Mən o vaxtı məktəbdə oxuyardım, amma sən demə, bizim bu Fazil Mustafa dəhşət radikalist adam imiş. Mətbuatda zırıltı tənqidlər yazar, biri o birindən dəhşətli müsahibələr-filan verərmiş. Fazil Mustafa adlı vəkilin (vəkil dedim, elə bilmə ki, “advokat”dı. Adam millət vəkilidi e, – hə, Quran haqqı) həmyaşıdları nağıl edir ki, sən demə, mənim uşaq, yazı qəhrəmanımın cavan olduğu zamanlarda Azərbaycana rəhbər gəlmək istəyən bir nəfər varmış və bizim bu Fazil Mustafa (o vaxt Fazil Qəzənfəroğlu) rəhbər seçilmək istəyən adama qarşı ağzına gələni danışarmış. Hətta bir nəfər adam var, yalan-gerçək deyir ki, bizim bu Mustafayev Fazil (bilirəm e, çaşdın, amma vallah yazdığım adların hamısı eyni adama aiddir) məmləkətimizə təzə rəhbər seçilmək istəyən adama müxalifətdə olan cəbhənin liderinə mənəvi-psixoloji-sosioloji-faktoloji-kitaboloji və hətta asqroloji (sözün kökü asqırmaqdır) dəstək verirmiş.

Hə, onu deyirem e, indinin indisində Allahın Hacıyev Hafizi qədər də olsa, bir kimsəni tənqid etməyən bizim bu Fazil Mustafa, o vaxtın xod gedən adamlarından biri imiş. Hətta yaramaz bir adam mənə deyir ki, Fazil məllim o vaxtı cavan rəhbərin rəqiblərinə dəstək verirmiş ki, dağıdıcı qüvvələr gənc rəhbərə qalib gəlsin, ölkəmiz də, o vaxtlar perspektivdə görünən, indilərdə isə reallaşan analoqsuz inkişafa nail ola bilməsin. Amma tarixin də “nakazat” etdiyi kimi, məlum oldu ki, Fazil Mustafa Qəzənfəroğlu Mustafayevin arzusu zadında, yəni ki, ürəyində qaldı.

Nəysə, mən bayaq sənə Hacıyev Hafiz adını elə-belə çəkmədim ee, uşaq ha deyilsən. Yenə Hacıyev Hafiz arada bir çıxıb, ölkə məmurlarını, jek müdirlərini, məktəb direktorlarını, nə bilim, canım sənə desin, kanalizasiya müdirlərini əməlli-başlı yıxıb sürüyür. Məktəbli vaxtımın radikal oğlanı olan Fazil Mustafa isə Azərbaycanda rəhbərin partiyasının qabağına çıxa biləcək “duxlu” oğlanların olmadığı barədə məktəbli uşaqlar üçün nağıl kitablarına düşəcək fikirlər söyləyir.

Yuxarıda nağıl elədiyim hadisənin – Fazil Qəzənfəroğlunun radikal-demokrat oğlan statusu daşıdığı zamanın üstündən çox yox e, cəmi 2-3 il keçməmiş ciddi mənada siyasi-iqtisadi-sosial-mədəni-asqroloji və astoroloji dəyişikliklərə məruz qalan yazımın uca qəhrəmanı vaxtilə özünün də etdiyi, lakin sonradan caydığı rəhbərə qarşı tənqidi fikir səsləndirənlərə qarşı ciddi patoloji hisslər bəsləməyə başladı. Belə ki, hörmətli millət vəkilimizin son zamanlarda maraqlı bir xasiyyəti üzə çıxıb.

Deyir ki, deputatın axır vaxtlarda yoluxduğu azarlardan biri də elnurafobiyadı. And içirlər ki, Fazim məllim harada Elnur adlı adam görürsə, təpəsin-gözün əzib, yola salır. Döymək imkanlarının məhdud olduğu Elnurlar barədə isə mətbuat vasitəsilə haqq-hesab çürüdür. Bu barədə orda-burda ağzına gələni danışanların sözünə ilk əvvəl əhəmiyyət vermədim. Hər halda 4-5 ildi Fazil məllimi tanıyıram və tanıdığım Fazil məllimin bu cür azara yoluxacağını düşünməzdim.

Deyilənləri araşdırmaq üçün şeytanın da aramsız təkidi ilə bəzi araşdırmalar apardım. Bəlli oldu ki, həqiqətən də Fazil məllim son zamanlarda elnurafobiya azarına tutulmuşa bənzəyir. Misalçün, Fazil Mustafanın son 5679 müsahibəsinə, çıxışına, açıqlamasına və açıqlamamasına diqqət yetirəndə aydın olur ki, deputatxana üzvümüzün danışdığı 10 kəlmədən biri Elnurdur. Pis çıxmasın, Fazil məllimin Elnur adını bu qədər çox hallandırmasından adamın ağlına səfeh-səfeh fikirlər gəlir. Niyə belə deyirəm? Vallah, mənim bir qrup yoldaşım var idi, gündə 39776 dəfə qrup qızlarımızdan birinin adını çəkirdi. İndi artıq neçə ildi ki, bir dam altda yaşayırlar, Allah saxlasın, bir dənə də uşaqları var. Bunun isə hörmətli deputatımızla Elnur adlı adamlara dəxli yoxdu. Elə belə yazdım sadəcə.

Hə, onu da deyim. Fazil məllimin dilinə düşən Elnur da deyir ki, millət vəkili bu il yenidən deputat seçilmək istəyir, ona görə seçkiqabağı belə fobiyalar yaşamağa başlayıb. Yalan söhbətdi, Ətağa, inanmaram. Heç olan şeydimi ki, Fazil məllim deputat seçilməkdən ötrü Elnurlarla münasibətini korlaya?! Olmaz! Haşa! PA-nın şöbə müdiri Elnur Aslanovun qulağından iraq.

Fazil məllim deputat seçilmək üçün ancaq xalqa güvənir. Xalqın səsi ilə deputat seçilmiş adamdı Fazil məllim, nə vecinədi onun. Elnur da elə danışır ki, guya Fazil məllimə hakimiyyət mandat-zad verib. Elə bil ki, Fazil məllim ona görə deputatdı ki, o, artıq heç kimi tənqid edə bilmir. Mən ölüm, uşaq söhbətləri eləmə. İndi nolsun ki, Fazil məllim özü müxalifətdə olan partiyanın sədri ola-ola deyir ki, YAP-ın qabağına heç kim çıxa bilməz?! İndi sən deyirsən, Fazil məllim kiməsə görə YAP-a olan səmimi sevgisini izhar eləməsin? Heç dəxli var, sən canı?

Mən inanıram ki, xalqımız Fazil Mustafa məllimi yenidən deputat seçəcək və hörmətli millət vəkilimizin elnurafobiyası çəkilib gedəcək.

Ramiz müəllim də xalqımızın bir nümayəndəsidir, hətta akademikdir.

                                                                                                                   pia.az

Комментариев нет:

Отправить комментарий