İbrahim Sel
Professional Oxucu Liqası
Amerika prezidentinin əqli inkişaf əmsalı orta amerikalının səviyyəsindən də aşağı idi...
Kremldə ABŞ prezidenti Corc Buşla Rusiya prezidenti Vladimir Putinin görüşündəki maraqlı mənzərəni tele və fotoobyektivlərin sayəsində çoxları seyr etdi. Danışıqlar stolunun arxasına keçməzdən öncə mizin üstündəki vazadan bir konfet götürən Amerika prezidenti onu təzəcə ağzına atmışdı ki, Rusiya prezidenti rəsmi danışıqları açıq elan etdi və sözü həmkarına verdi. Təzəcə sümürməyə başladığı konfeti tələsik ağzından çıxararaq masanın üstünə qoyan Buş bu məqamda müəllimin gözlənilmədən sinif otağına girməsindən özünü itirən şagirdə oxşayırdı.
Bu, yöndəmsiz və biçimsiz hərəkətlərilə məşhur olan ABŞ prezidentini səciyyələndirən mənzərələrdən, sadəcə, növbətisi idi. Bundan bir az qabaq Amerika prezidentinin bulka yeyərkən boğularaq huşunu itirməsi faktının nə qədər şaşırdıcı olduğunu, yəqin, xatırlayırsınız. Doğrudur, bu səhnəni Buşun sevimli itlərindən başqa, heç kəs görməmişdi, amma əvəzində bir müddət teleekranlar qarşısına sifətindəki göyərti ilə çıxan ABŞ prezidenti bunun səbəbini uzun-uzadı izah etməli oldu. Ağ Evin o vaxtkı sahibinin hərəkət və davranışındakı maraqlı cəhətlər o qədərdir ki, artıq bu barədə kitablar yazılmağa başlayıb. Buşun nitqi təzadlar, yersiz ifadələr, düzgün olmayan cümlələrlə doludur. Ötənlərdə prezident Tayvanı dövlət adlandırmaqla beynəlxalq qalmaqala səbəb olmuşdu. Pekin bununla bağlı Vaşinqtondan rəsmi izahat tələb etdikdən sonra ABŞ qiyamçı adanı əvvəlkitək Çinin əyaləti saydığını bir daha təsdiqləməli olmuşdu. Yaponiyaya səfəri zamanı nitqində buraxdığı bir səhvlə isə bu ölkənin iqtisadiyyatında güclü silkələnmə yaratmışdı. Buş guya baş nazir Koidzumi ilə söhbətində iyenanın devalvasiyası haqda danışdığını deməsi ilə dərhal Yaponiyanın birjalarında yaranan ajiotaj milli pulu az qala dəyərdən salmışdı. Əgər mütəxəssislər Buşun deflyasiyanı nəzərdə tutduğunu vaxtında üzə çıxara bilməsəydilər, bunun nəticələri daha ağır olacaqdı. İngilis dilində cinsləri qarışdıranlara bir təskinlik vermək istəyirəm - Buşun ingiliscəsində üçüncü şəxsin təkində şəxs əvəzliyi həm qadın, həm də kişi cinsində eyni cürdür.
Son zamanlarda Buş yeni bir söz öyrənmişdi - "dəhşət". Amma prezident bu təyini yaxşı mənada işlədirdi - lap bizim çayxanalarda olduğu kimi. Buşun nitqində "dəhşət" sözü "yaxşı", "əla", "gözəl", "ürəyəyatan", "gözəgəlimli", "cazibədar" məfhumlarının hamısını sıradan çıxarmışdı. Buş üçün Əfqanıstanda savaşan ABŞ hərbçiləri də, həyat yoldaşı Lora da, Texas və Alyaska ştatları, senator-demokrat Ted Kennedi və nəhayət, beysbol - bütün bunlar dəhşətdir. Və prezidenti dəhşətə gətirən şeylərin və adamların siyahısı sürətlə böyüməkdə idi.
Onun əhatəsindəki adamlar prezidentin nitqindəki anlaşılmaz cümlələri (Məsələn, "Gənc və cahil olduğum vaxt mən gənc və cahil idim", "Ailə elə bir yerdir ki, burada millət inam, qanadlar isə arzu tapır") və ya ABŞ dilçilərinin dediyi kimi, "buşizmlər"i sadə amerikalılara çatdırmaq üçün dəridən-qabıqdan çıxırdılar. Onlar prezidentin dizleksiya, dəyişik əvəzlik sindromu və ya sadəcə savadsızlığını ört-basdır etmək sahəsində bir növ ixtisaslaşmışdılar. Bir dəfə Buş Nebraskada çıxış edərkən "irsi qazanc vergisi" ("death tax") birləşməsi ilə "ölüm hökmü" ("death penalty") ifadəsini qarışdıraraq kənd təsərrüfatı sahəsində çalışanların ölüm hökmünün nə dərəcədə ədalətsiz olduğunu bildiyini demişdi.
Jurnalistlər dəfələrlə bildiriblər ki, prezident bir sual üzərində düşündüyü vaxt uzun bir "e" səsi ifadə edir. Səsin uzunluğu sualın çətinliyindən asılı olaraq prezidentin növbəti nəfəsalmasınadək davam edə bilirdi. Buş danışanda jestlərdən çox fəal şəkildə istifadə edir. Bu, söz bazası o qədər də zəngin olmayan adamlar üçün xarakterik keyfiyyət sayılır. Ümumiyyətlə, Buş o qədər də dərin biliyə malik adam deyildir. Mütəxəssislər Buşun intellektual səviyyəsini rəqəmlərlə ifadə etməyə çalışmışdılar. Pensilvaniyalı alimlərin hesablamalarına görə, Buşun əqli inkişaf əmsalı yalnız 91 bal təşkil edir. Bu isə orta amerikalının səviyyəsindən də aşağıdır. Son yarım əsrdə ABŞ dövlətinin başında dayanan prezidentlərdən heç biri Corc Buş qədər aşağı intellekt əmsalına malik olmayıb.
Комментариев нет:
Отправить комментарий