Emin Piri
GECİKMİSƏN (ƏZRAYILA)
Məni sevənlərin çoxu gecikdi
Sən də gecikdin
Əzrayıl.
Səndən öncə bir qız gəlib,
Göz dikdiyin canımı,
səndən öncə apardı.
Gəlirsən günorta gəl,
Gecə evdə olmuram.
Mən sözümdə oluram,
Heç özümdə olmuram.
Gəlirsən, vaxtsız gəlmə.
Heç kimə yoxdu etibar,
Bir də gördün yaradana
Çatdırıblar,-
Aramızda nəsə var!
ƏYYUB QİYASA
Bürkülü yay,
bürkülü insan baxışları
soyundurub
şəhərin tərli pəncərələrini.
Ağaclar sinəsindən
cırıb yaşıl köynəyini
İstidən susayan quşlar
yolub lələklərini
bir əlçim buluda
çırpır özünü.
Dodağı çatlamış asfalt küçələr
silir
dənizdən qayıdan
maşın təkərlərinin tərini.
Bu bürküdə sərindi
yəqin “Qarışqa yuvası”.
Yuxarılarda necədi
“Köpək bürcü”nün havası?!
SÜKUTLU SƏNGƏR
Pozulur
səssiz gecələrdə
gözlərdən qovulmuş
səngərin sükutu.
Torpaqdan dən yerinə
barıt dənləyən sərçə dimdiyi.
Və bir də
sərçə kimi qorxu dənləyirdi
əsgər ürəyi.
emin1_86@mail.ru
Комментариев нет:
Отправить комментарий