13.04.2012

HƏMİD HERİSÇİDƏN İDDİALI VƏ QEYRİ-ADİ MÜSAHİBƏ

“Daha mən postmodernist deyiləm”


“Bu gün facebook-da olmayan, ictimai həyatda da yoxdur”

Baxmayaraq ki, Həmid Herisçi mütəmadi olaraq, portret yazıları ilə çıxış edir, amma belə bir təəssüratım var ki, o hücrətə çəkilib, özünə qapanıb. Elə, başında, ətrafında dəstə ilə gəzib dolaşdığı vaxtlarda da onun tənha bir fərd olduğu bəlli olurdu hər şeydə: mövqeyində, üslubunda, fikirlərində, tərzində, hətta ad və soyadında... heç kimə bənzəməyən Həmid Herisçi... Qəzetimizdə portret yazılarla çıxış edən müəllifin özünün portretini yaratmaq iddiamız olmasa da, bu portretin bəzi cizgilərinə işıq salacaq müsahibə etmək qərarına gəldik...

- Həmid bəy, ilk sual kimi ondan başlayaq ki, haralardasınız?
- Nizaminin “Sirlər xəzinəsi”ndə. Sirli-sehrli hikmət aləmində.

- Bu, sualıma poetik cavab oldu Həmid bəy, yəni nisyə cavab. Bəs nağd?
- Dəqiqləşdirirəm. Daha çox, facebook-dayam. Qısaca FB deyək. “Bu meydan, bu da şeytan” deyiminə daha çox uyğun gələn FB- da.
Həm sehrli qutudur, həm də sehrli xalatdır o. İnsan təfəkkürünün son redaksiyası FB sistemi çərçivəsində baş verib. Çoxumuz bu prosesin canlı iştirakçısıyıq. O cümlədən, bu günkü ədəbi proses  də FB cəngəlliklərində baş alıb gedir. (Nəzərə alın ki, Azərbaycanda statistik hesablamalara əsasən, hər dəqiqə bu sehirli oyunun bir iştirakçısı da artır.)

- Təkcə omu?
- Reallıqda meydan tapa bilməyənlər, meydana buraxılmayanlar, bütün saxtakarlıqlardan qaçanlar, hamısı   FB- da sığınacaq tapıb. Burda həm  ədəbi proses,  həm televiziya, həm siyasət meydanı, həm də mətbuat var. Bir sözlə, reallıqda saxtalaşdırılmış hər nə varsa, onun saxtalaşdırılmamış, gerçək variantı FB-dadır.  Amma  burda da saxta profillər, saxta hərəkatlar, gözə kül üfürmələr, qaraguruh kampaniyalar kifayət qədərdi. Arada təkcə miqyas fərqləri var.
Bu gün FB da olmayan, ictimai həyatda da yoxdur.
FB -a qədər Azərbaycanda canlı ədəbi proses AYO da baş verirdi. AYO yeni imzalar, yeni müəlliflər yetişdirdi. Onları mass mediaya, FB- a ötürdü.

- Bu idimi onun əsas missiyası?
- Bundan böyük missiyamı  var? Ədəbi prosesə iddiası olan şəxslər, ilk növbədə yeni imzalar, yeni insan, yeni müəllif yetişdirməlidirlər. AYO bunun öhdəsindən layiqincə gəldi. AYO fəaliyyətə başladığı dövrdə, istər iqtidar, istərsə də müxalifət mətbuatı, həm də yaradıcı qurumlar, bir növ qısırlaşmışdı, “şinellərindən” subyektlər çıxmırdı. AYO- nun tarixi missiyası bu tilsimi qırmaqdan ibarət oldu. Biz o cadunu qırdıq. Onlarla yeni insan, subyekt yetişdirib onları cəmiyyətin istifadəsinə  buraxdıq.

- Xidmətinə, yoxsa istifadəsinə?
- Zaman göstərdi ki, istifadəsinə. AYO- dan sonra, maraqlıdır ki,  ədəbi prosesə iddialı olan bir neçə qurum gündəmə gəldi. Mədəniyyətə yeni istedadları, SUBYEKTLƏRİ təqdim etmək xoşbəxtliyi isə  son 10 ildə ancaq Azad Yazarlar Ocağının  qismətinə düşdü-nə ANS, ATV  kimi telekanallar, "Qanun" nəşriyyatı kimi qurumlar, Kulis.az və digər  ədəbi-ədəbsiz saytlar, "525-ci Qəzet"lər, "Azadlıq" kimi radiolar, nə iqtidar, nə müxalifət nəşrləri, partiyaları bunu bacarmadılar. Subyekt yaratmadılar... Mədəniyyətimizin qara kürüsünü biz verdik... Mövzuları da... Demək, buddizmin dediyi “Çakravartin” –fələk çərxçevirənləri elə biz olmuşuq... Həmin əfsanələrə görə, 100  nəfər əsgər, dərviş, rahib yetişdirə bilmiş müəllim-hoca - bax bu “Çakravartin” mərtəbəsinə yetişərək, zamanın axarını dəyişə bilər. Çakravartin həm də yaxşı münəccim olmalı, yerdə aşkarladığı “ulduz”ların göy  cisimlərindəki, ulduz dünyasındakı oxşarlarını, bir növ əkiz qardaşlarını da axtarıb tapmalıydı... Əslində, nərd oyununda bu iki eyni dünya, iki eyni insan təcrübədən keçirilir, qoşa düşən zərlərdə xüsusi gizlinlər tədqiq edilirdi.
Nəysə...çox uzaqlara getdim, deyəsən. Hə, qayıdaq müasirliyə.  “Qanun” nəşriyyatı, Kulis.az saytı, “Azadlıq Radiosu”nun saytı, Milli Kitab Mükafatı...  müəyyən  işlər gördülər, tərcümələr, nəşrlər etdilər. Amma yeni simalar yetişdirmədilər. Vaxtilə AYO- nun yetişdirdiyi subyektlərin istismarı ilə məşğul oldular.  Məsələn, bir zaman tək Azad Yaşar qələmindən çıxmış tərcümə nümunələri, indiki tərcümələrdən həm çox, həm də samballı idi. Halbuki, nə bunun başlanğıcında dayanan  AYO və AYO -çular, nə “Alatoran” dərgisi və saytı, nə  “NAR” qəzeti, nə də edilən tərcümələr qara qəpik qədər də maliyyələşdirilmirdi. Verdikləri töhfələrsə müqayisəyə gəlməz dərəcədə böyük idi.
Biz ədəbiyyata yeni  nəzəriyyələr, ideyalar, kreativ üslublar, postmodern ideologiyasını gətirdik. Təəssüf ki, ədəbi proses elə bunda da ilişib qaldı. Çünki, postmodernizmi tam qavramadı, onun ideologiyasını deyil, cığallığını götürdü ki, bu da ədəbiyyatdan çox, şou biznesə töhfə verdi.  Bir sözlə, ədəbi proses kor dalana dirənib, öz mövqelərini şou biznesə təslim etdi. Yeni ədəbi prosesin sükanını əlində saxlamaq istəyən məlum qüvvələr şou biznes mədəniyyətindən, daha dəqiq desək, mədəniyyətsizliyindən, onun metodlarından istifadə etdilər. İdeoloji-elmi təfəkkür onları özünə cəlb etmədi. Onlara, gündəm, belə deyək, əbədiyyatdan daha cazibədar göründü.

- Bəs Siz özünüz,  postmodernist deyilsiniz? Axı sizi çox vaxt belə təqdim edirlər.
- İndi yox, daha mən postmodernist deyiləm. Özümü konspiroloji estetikada yazan bir müəllif bilirəm.

- Vaxtilə postmodern estetikasında yazdığınız əsərlərdən də imtina edirsiniz?
- Qətiyyən. Həyatın, hər bir şəxsiyyətin inkişaf trayektoriyası  zaman-zaman müxtəlif təfəkkür mərhələlərindən  keçir. Mən postmoderndə ilişib qalmadım. Dünya dəyişir, postmodern təfəkkür arxivə gedir. Dünya yenidən süjeti bərpa edir, postmodernin ləğv etdiyi, kənara itələdiyi, sual altına qoyduğu bütün anlayışlar, yəni, süjet, qəhrəman, Allah, sirr, mistika yenidən özünə ikinci nəfəs qazanır. Bu mənada, konspirologiyanı neoklassizim də saymaq olar...  Konspirologiyada klassisizmin bütün dəyərləri yenidən bərpa olunur-süjet, sirr, sehr, qəhrəman, məntiq, Allah, qəhrəmanlıq yenidən ədəbi mətndə mərkəzi nöqtələrə çevrilir... Fonosentrizm itir, loqosentrizm öz əvvəlki gücünü bərpa edir bədii mətndə. Məsələn, götürək Den Braun, Stiven Kinq, Umberto Eko, Paola Koelo yaradıcılığını. Onların əsərləri postmodernə sarsıdıcı cavabdır. Deyərdim ki, postmodernin müasir böhranı məhz onların yaradıcılığı sayəsində meydana gəlib. Bəli, bu müəlliflər sirr-sehr fenomeni əsasında postmoderni darmadağın etdilər. Sirr olan yerdə isə mütləq ədəbi süjet də var.
Bir sözlə, postmodern dəyərsizliyi təbliğ edirdisə, bu gün ədəbiyyat yenidən dəyərlərə qayıdır....

- Görünür, insanlar bu əbədi dəyərlərsiz keçinə bilmirlər?
- Bəli, razıyam. Postmodern,  janr  olaraq, ideologiyaların əleyhinə hazırlanmış bir nəzəriyyə olub... Vaxtı ilə kommunizmin əleyhinə işlədilib...
Yazıçının nəinki yaradıcılığı, həm də dağıdıcılığı olmalıdır. Tarixin müəyyən dövründə və özünün bir müəllif olaraq inkişaf yolunda o, yazıçıya lazım olur. Postmodernlə konspirologiya bu sahədə bizlərə geniş imkanlar yaratdı.
Lakin postmodernizm,  əbədiyyətlə ədəbiyyatın sinonimi deyil... Məsələni bir qədər xırdalayaq. Əsil ədəbiyyat nümunəsi o əsər deyil ki, onu müəllif özü qələmə alır, əsil əsər odur ki, onu yazıçının seçdiyi süjetin özü yazır. Yəni süjet özü həmmüəllifə çevrilir. Seçdiyim konspiroloji ədəbi üslubda bu, vacibdir. Əslində, mənim "Damğa", "Dəli Kür", "Əli. Nino.Bakı" romanlarımda konspirologiya postmoderndən çoxdu... Yəni, mən, həmişə daha çox konspiroloq olmuşam..."Konspiroloq" əsərimdə isə bu janr artıq bütün əsərlərimdə ön sıradadır - oradakı şeirlərdə, nəsr, publisistika nümunələrində. Son dövrdə “Yeni Müsavat”da yazdığım portret yazılarımda da mən bu şərtə əməl etmişəm.

- Yeri gəlmişkən, bu proyekt barədə... Siz bunu portret yazılar adlandırdınız. Amma ənənəvi portret yazılarından seçilir. Siz sanki, portretin əsas fırçasını vurub kənara çəkilirsiniz. Qalanı artıq oxucunun öhdəsinə buraxılır. Lakin bununla belə, portret tamamlanmış kimi görünür. Əsas söz deyilir, əsas hökm verilir. Bu metod məncə yenidir? Razısınız?
- Hə. Bunun müəllif haqqı özümdədir (gülür)

- İndiki oxucunu tənbəl sayırlar. Yarımfabrikat, fast-food yazılar daha çox sevilir. Siz isə qəliz  yazan bir yazıçı hesab edilirsiniz. Bununla belə, portretlərin oxucu sayı rekordları sındırır. Nə baş verir? Bu, layihənin uğurudur, ya sizin daimi oxucularınızın marağı? Son portret yazınızı elə ilk gündəcə 10 minə yaxın oxuyan oldu.
- Bayaq da dedim, məndə üslub yeniliyi var. Oxucu güman ki, bunu hiss edir. Çünki, oxucu yenilik  istəyir. Bu, həm də “Yeni Müsavat” qəzetinin,  baş redaktor Rauf Arifoğlunun nə qədər uzaqgörən olduğunu bir daha isbatladı-özünün bu yeni layihəsi ilə, artıq çox bəsitləşmiş qəzet-sayt bazarına yeni nəfəs gətirdi. Məncə, bu tək mənim deyil, həm də “Yeni Müsavat”ın uğuru idi.

- Sonda istərdim ki, hazırki ədəbi prosesi qısaca da olsa təyin edəsiniz.
- Ədəbiyyatla ədəb sözünün qohumluğu heç də təsadüfü deyil,
postmodernistlərə buna xüsusi fikir verməyi məsləhət görərdim. Hazırda konspiroloji dünyamın füsunkar sehrini yaşayıram-sanki Ayın görünməyən tərəfinə də yolumu bələdləmişəm. Xatirələrim tamam başqa dildə mənlə danışmağa başlayıb. Mən bilirəm ki, yazar təkcə şüur aləmi ilə kifayətlənməyib həm də insan şüuraltısını da yaxşıca bilməlidir, ordakı rəmzləri, nişanları düzgün deşifrə etməlidir. “Soyuq müharibə” illərində SSRİ,  kommunist ideologiyası vasitəsiylə insanın şüur aləmini hədəfə almışdı. Amerikalılar buna tam assimmetrik cavab verdilər-sovet insanının şüurunu deyil, şüuraltısını hədəfə, nişana götürdülər. Hollivud filmləri, reklam çarxları, neon reklamları, postmodern estetikası, neyrolinqvistik proqramlaşdırma fəndləri ilə sovet insanının alt şüuruna nüfuz etdilər. Əslində, bax, bu proses bir növ “gizli ədəbi proses” kimi cərəyan edib və hələ də davam edəcək.
Düşünürəm ki, yalnız konspiroloji bir cavabla biz bu oyunun qalibinə çevrilib yeni əsərlərimizlə oxucularımızı sevindirə bilərik.

musavat.com

Комментариев нет:

Отправить комментарий