01.08.2012

Ad günün mübarək...

Rövşən Yerfi                                      


Avqust ayının beşinci günü mərhum yazıçı dostum Rafiq Tağının ad günüdür. Sağlığında sadəliyindən istənilən təntənəni, özünə ad günü keçirməyi sevməzdi. Həbsdən çıxandan sonra hər il ad günündə telefon nömrəsinə mesaj yazardım. (Vəfatından səkkiz aydan çox keçməsinə baxmayaraq nömrəsini hələ də telefonumda saxlamışam: nə zəng edə, nə də poza bilmirəm...) İki il əvvəl “Oxu zalı”nda altmış yaşı münasibəti ilə dərc edilən müsahibəyə təbrik şərhi də yazmışdım. Ötən il isə onu Facebook səhifəsində təbrik etmişdim. Üstündən iki həftə keçəndən sonra mənə təşəkkürünü çatdırdığı məktubunu oxuyanda təəccübləndim. Səbəbini öyrənəndə məlum oldu ki, ad günü ilə bağlı göndərilən təbriklərin sayı minlərlə olduğundan, onların hər birinə cavab yazan Rafiqin siyahısında, demə mənə indi növbə çatıbmış... Mən heyrət etdim: saysız - hesabsız insanın ona olan hörmətinə və həm də Rafiqin qarşılıqlı, birəbir diqqətinə...

Bu günlərdə onun haqqında düşünərkən, yazdığı “İlk düşmənim” memuarı yadıma düşdü. Qəribədir ki, həmin memuarında, o, hər ad günündə Həsənağanı unuda bilmədiyini qeyd etdiyi sayaq, biz də bundan sonra Rafiqi ananda daim qatilini də xatırlamalı olacayıq. Xüsusilə, xəstəxanada verdiyi son müsahibəsində, onu bıçaqla vuran adam barədə dedikləri heç yadımdan çıxmır: “...tövşəməsindən hiss olunurdu ki, peşəkar deyil...”
Bu sözləri deməklə Rafiqin sanki, qatilinə yazığı gəlmişdi, halına, peşəkar olmamasına acımışdı. Mən yüz faiz əminəm ki, etdiyi cinayətə görə, o qatil nə qədər pul, ənam, vəzifə alsa da, ölən gününədək Rafiqi bıçaqlamağı yadına düşəndə mütləq yenidən həyəcanlanacaq, təntiyəcək, ən azından yuxularında tövşüyəcək, qaranəfəs olacaq...
 Hər kəsə qayğıkeş yanaşan səmimi, mehriban insanı diqqətsizliyimizin, laqeydsizliyimizin ucbatından itirdik. Allah bədxahlarının “əcirini” versin, Rafiq. Ad günün mübarək, əziz dostum...

Комментариев нет:

Отправить комментарий