13.08.2012

Dış İntiş və Əsən

İbrahim Sel

(İntiqam Hacılının çöl üzü və Yaşar Əsənin unudulmağına qarşı)

Təsadüf

Mənim paralel dünyalarım ilə
buralardakı hər hansı “mən” üçün
mövcud olan paralel dünyalar
eyni deyil
paralel dünyalar
bir müstəvidə deyil
bütün kəsişən xətlərdədir
əzizim
Səni ilk gördüyümdə
şəhər bağında oturmuşdun
oturmuşdun qəmli-qəmli
yanında oturmaq olarmı soruşdum

bir müddət tutqun-tutqun baxıb
olar dedin
Sən hələ öz içindəydin
Güldürməyə çalışdım
Heç gülmədin də
Mənim necə sırtıq olduğumu dedin
sevindim və sağ ol dedim
Və yenə davam etdim
Ruh gəldi mənə
ağzım qızışdı
Sonra tək olub-olmadığını soruşdum
Bir az fikrə gedib
Təksən dedin
“Sən bir təsadüfə bax
mən də təkəm” dedim
Bir kafeyə gedib birlikdə
bir kofe içməyi təklif etdim
Sən qaşqabaqla qəbul etdin
Ancaq kofe əvəzinə
sevimli içkimi gətizdirdim
saatlarca danışdım
skandal və maraqlı həyatımdan
bir yüz də
bakı-ceyhan borusunun
şərəfinə qaldırdım
bəyənilsin
yalandan dedim ki
bir dostum ispaniyada yaşayır
bir dostum almaniyada doğulub
mənsə azərbaycanda
son qəmim olsun, ha-ha-ha…
O qədər uşaqlıq etdim ki
məcbur oldun yaşımı soruşasan
inanmadın
soruşdum o tayın
ən demokratik insanı
saymanı tanırsanmı?
Bu yaxınlarda təzyiqlərə məruz qalıb
dedin yox
O, madam, deyim deməyim
sizdə çox şeylər uyuşmyr
məsələn, gözəlliyinizlə
savadsızlığınız heç uyuşmur
Qadının qapağı gərək elə olsun
içi boş olsa da dolu görünsün
yaxşı ki demədim
susub danışmamaq
özün bilirsən
ən böyük sərvətdir
bu sərxoş həyatda
yadımdadır, bir dəfə
institut illərində bir qıza
dəhşətli dərəcədə vurulmuşdum
lakin onun hərfləri
necə eybəcər yazdığını görən kimi
məhəbbətim bircə anda
uçdu getdi quşlar
Sonra bizə qonaq
getməyini xahiş etdim
duruxdun
susmaq razılıq əlamətidir deyib
qoluna girdim
Sonrası yadıma gəlmir
çünki belə işlərdən qabaq
həmişə çox vururam
İnsafən deyim ki
heç getmək istəmirdin
zorla çəkə-çəkə apardım
doğrudan da zatən də
həqiqətən də deyim ki
belə o saat razılaşmayan
qızlardan xoşum gəlir
Səhər xasiyyətimə uyğun
yatağına kofe gətirdim
üzündən öpərək
həmişə qaşqabaqlı olmağının
səbəbini soruşdum
kofedən bir qurtum içib
saçını geri tulladın
deyəsən kofe
tünd olmuşdu
incə bir mətinliklə
çünki mən spidəm
dedin
əsən yaşa
yox əlimdəki kofe stəkanı
yerə sallanmadı
təkcə qaşqabağım sallandı
kibrit qutusundan küsdü siqaret
Tezcə bir kibriti alışdırıram
Odu siqaretlə barışdırıram
canını alıram siqaretin
xəyalın fikir yelkəni
dartdı apardı məni
o tarixi tireyə
ömrün məzar daşındakı
doğumla ölüm arasındakı
o kiçicik tirəyə
divarın o üzündə
qonşunun zırrama oğlunu
ağlamaq tutdu
səsi diksindirdi məni
başımı qaldırıb
o kişiyə dua etmək istədim
çılçıraq tavandan üstümə gəldi
durub balkona çıxdım
Bir taksi də durub yol ortasında
baxırsan içində sürücüsü yox
evlərdə işıq var
radio yanır
fəqət camaatın gurultusu yox
paltarlar iplərdə quruyub qalıb
fəqət götürəni yox
geyəni də yox
Biri yaşıl işıqda yolu keçir
ona dayan deyən yox
dur deyən yox
Qəribləşdi dünya
batdı günəşi də həmin səhərin
arzum, ümidim də
üfiqdə itdi
əlimi üzümə apardım
ilk dəfə üzümü qırxdığım gün
yadıma düşdü
gülümsündüm
Yolumu azdıran şeytan
Dincəldin?
Bu da Bethoven musiqisi altında
romantik sevgi gecəsi sənə!
Doydun?
Ac ruhum eşq üçün
yaman darıxmışdı
Ac və yoxsul göründü mənə
bu günkü sevgimiz
oturdu bir gecəyə
yedi kefimi getdi
Ac və yoxsul göründü mənə
bu günkü sevgimiz
bilirdim ki havayı sevgi olmur
ancaq yenə…
ancaq yaxşı deyib şair
adam çaş qalanda
kaşları çox olur ortada…
Nə olaydı kaş
sən də o birilər tək
get anqır tayını tap
deyəydin
əlbəttə
mənim üçün
paralel olan dünyalarda
yaşayanların özləri üçün də
paralel dünyalar vardır
Bəli, hər bir başqa
paralel dünyanın da
öz paralel dünyaları vardır...
Necə yəni mən spidəm?!

Kofe süzdü stəkana
Siqaret yandırdı.
Çəkdi
Çəkdi
Siqareti
Közü dağılmadı yerə.
Qurtum-qurtum
Kofe içdi.
Baxdı əqrəbsiz saatına
Saymağa başladı
1-2-3
Nəsə fikirləşdi.
Bəsdi.
Qalanını
Çiynimdəki mələklər sayacaq.
Bəmbəyaz divar idi önündəki
Güzgüsü göz vurdu.
Əcdadını düşündü;
Necə qaranlıq mağarada
Tonqal yanır
Bu tonqalın önündə
Rəqs edən
Qadının kölgələri
Divara düşür
Qadınla divar arasında
Üzü divara doğru
Bir adam oturub
Kölgələrin titrəyişini izləyir
Ancaq qadını
Və tonqalı
Görmür
Əsdi
Gərnəşdi
Zülmət deşiklərdən
Yer üzünə çıxan
Siçovul tək
Çıxdı
Çölə.
Mənim spidli sevgilim

bax, ot yarpaqlarının şüaları
yatağına doğru yönəlir
və səni
saysız-hesabsız otların
dilçəkləri ilə öpür
öpür sənli duaları…
sən məni öpmürsən amma.
daşlara toxunub
yazıb doldurulmuş divarların
bütün sərvətləri oxunub
bu işarələrin arasında
mənim fikirlərim də köhnəlib
köhnələr arasında…
təzə bir şey yoxdu
heç yerdə indi…
bax, mən sakitəm
mənə təyin olunmuş
tale möhüründən qaçmışam.
söylə, indi acmısan?..
axı necə oyanmayasan,
şən şərabı istəməyəsən…
saçlarını tumarladım,
bütün libaslarının
əynində qırışlarını düzəltdim,
hamarladım.

“Spidli günlər” seriyasından daha bir

ah, nə ağılsızsan sən!
mən necə unuda bilərəm
çox günlər öncəki çayı,
sən necə gənc idin.
bir ruh keçdi
sənin üzərindən
və mən gəldim.
qanad açdım üzərində
burunlarını ovdum,
və onların hamısını qovdum.
çox yaxın idim sənə,
yollarını tanıyırdım
sənin budaqlarına,
qırış basmış ovcuna,
toxunmuşdummu məgər
barmaqlarının ucuna?..
sənin üzərindən
və təpələrin ətrafında uçarkən
necə daxil ola bilərdim
sənin içinə,
məgər mən səndən
və sən deyildim…
heç bir günəş mənə tərəf gəlmir
qəlbim bir viranlıq
qəlbimi dağıdır sərxoş qaranlıq
üzərimdə parlamır heç bir şüa da
və sən günbəgün susursan
susur dilindəki şüa da…
ah, bütün işarələrə,
bütün bu ibarələrə
və qapı üzərindəki sehrli gücə
baxmayaraq
çıxıb getməyə məcbur edə bilərdim
özümü…
hər şey sakitdir, 
hələlik,
tərəddüd də etmirəm
mən heç yana getmirəm,
mən heç yana getmirəm!..

Mən spidəm

ola bilsin ki, mən
başdan-başa müqəddəsəm;
sən gəldiyin andan
sarsılıb ətrafdakı məkan…
payız güllərindən toxunub o…
o qızılı rəng başqa…
və kimsə ki,
belə incə,
dalğaya bənzər lentləri olan
gələcəyi bu əşyalarda görür
dalğaların solğun,
asta yaşıl burulğanı altda
özünü hörümçək toruna hörür…
var-dövlət deyə saxlayacağıq
o əşyaları ki
öz adlarından daha yaşlıdır
o əşyaları
biz allaha bağlayacağıq…
                    
Özgürlüyə çıxan yol
(Rusiyada təcrübə keçməyə gəlmiş ellimlə baş-başa)

Sən ilə baş-başa
mətbəxdə oturmuşduq
önümüzdə Jiquli pivələri
və dolu bir butul araq
Danışırdıq öz dilimizdə
arada baxaraq
yanındakı xalaşkanın donuq gözlərinə
Yanımızdakı xalaşkan
həmişə olduğu kimi bu gün də
gözəl və seksi idi
Bilmirəm o bunu sənə göstərirdi
yoxsa ki mənə
Danışırdıq
bir ortaq nöqtə axtarırdıq
amma alınmırdı
Araq qoymurdu yenə
Hə, igid oğlan
başını dik tut
köksünü ver qabağa
sonra danışarsan dostlarına
necə bir xalanın
duyğularıyla oynadığına
və kimliyinə toxunduğuna
Adam içəndə necə də dili açılır
bu araq da
qabında olanda cansız olur
elə ki içəri getdi
şirə dönür
Demək nədən danışırdıq, ellim Eli?
Yox, sənin xalaşkanın gözlərindən yox
bilirəm onlar sənindir
Bilirəm indi deyəcəksən
“sən ağıllanmadın də
dilinə dəydi ki, həmişə çaşırsan”
Fikir vermisənmi, Eli
adam əsl seks görəndə çaşır
Sənin xalaşkanın da
gözləri əsl seksdi
Elə sənin həyatın kimi
Yaxşı sakitləş, Eli
üstümə gəlmə
tələsmə məni öldürməyə
İllərin sənə lazım olacaq
Harda qaldıq, Eli?
Keçək mətləbə.
Demək dedilər
ən böyük elm həyatdı
keçdik onu öyrənməyə
gördük ki, ən böyük həyat seksdi
düşdük çöllərə
Qələt elədi o vaxt
cənnətdə lüt gördü həvvanı adəm
biz də o vaxtdan girişdik
buğda alverinə
əkdik, biçdik, yapdıq
belimiz doysa da
gözümüz doymadı
heç elə də iş olar
bizə az veribdir
taxılı yığıbdır dünya
cumduq münbit torpaqlar axtarışına
Fırlandıq bu fırlanan dünyanın
bu başından o başına
Ay sağ ol
Dünyanın fırlanma mexanizminə
bir az sperma töküb
yağlamaq lazımdır ki
qoy yaxşı fırlansın
cırıldamasın
zırıldamasın
Sən demə dünya boyda bu tarlada
bütün insanlar sevə bilər
amma bütün insanlar sevişmək bilməz
Bu da həyat
Ya sevmək
ya sevilmək məktəbi
və nə olsun ki ən acı dərsi
sonunda qala biləcək
boz yalqızlıq ola bilər
boş şeydir hamısı
vətən elə ən çox bazlıq edən
hətəm kişidi ki durub
harda yaxşıdır çıx get ora
Döşəməyə tavan yalnız
tökülüb dağılanda qovuşar
Bəs neyləməliydik ki?
İnsanlar məgər yalnız
vətənin əziyyətini çəkmək üçündür?
Vəssalam?
Bizdə uşaqlar
hər şeyi qarışdırıblar
savabdır deyə qurbağanı
ilanın ağzına atırlar
Yox mən belə acı
piroqlardan istəmirəm
Yaxşı deyib yoldaş Çao Mao Çunq
Bir ölkədə ki
rüşvətə hörmət derlər
xiyara ziyalı
ağ çaqqala ağsaqqal
o ölkədən qaç qurtar
Ağ çaqqallar
durublar başımız üstündə
ağıl öyrədirlər bizə
gah burda, gah da orda
yeri düşdü düşmədi
sən də özünü elə göstərirsən ki
guya bu adamlar olmasa
bir addım da ata bilməzsən
Kim, nə üçün düşünüb bütün bunları?
Qara kahinlərmi zaman-zaman?
Ağlın ağlasığmaz yerinə girmək üçün
pıçıltıyla deyilən sehrli dualar bunlar
həyatın ağlasığmaz girdabına
yuvarlanmaq üçün…
min il sərasər
yolumuza işıq saçır
qaranlıqda bir ərəb
yarıaçılmış ağzında ay
hər yerdə əvvəl söz oldu
sonra da gülüş səsləri
bizim xarabadasa
əvvəl söz olur
sonra da göz yaşları
şərab da içmək olmaz bizə
ki əsəblərini sakitləşdirəsən
min il qabaq hansısa bədəviyə
haram buyrulub deyə
onu da bizə qadağan ediblər
ən pisi turşumuş şərab üstündə
cərimələnməkdi
çünki şərab əslində
turşuyub eləməyib
sadəcə içmək istəyirlər
onunçün satmağa apardığın şərabı
bir bəhanə ilə əlindən alırlar
hazırının vergüllər nazirləri
bir sərxoş soruşdu bir gün ilandan
niyə düz keçmirsən yolu, ay heyvan?
dedi: düz keçməkdə varsa bir məna
özün səndələmə o yan bu yana.
Bir ilan qədər də olmadıq
saxladıq içimizdə mumladıq
bilinmədi nədən bu çoxalan yalqızlıq
çevrəmizdə olan inanc binalarının
gündə biri uçub töküldü
bəzən hətta özünü zorla saxlayırsan
ki ağsaqqala şillə vurmayasan
hərdən tutub lap xurdxəşil
etmək də istəyirsən
ancaq lazımdı
yüngülcə şapalaq da olsa lazımdı
qoy yerlərini bilsinlər
o istiotlu fikirlərini
öz keçəl başlarının
yelbeyin divarlarına sürtsünlər
saxla ağsaqqal çatmışıq
fərz etmək olar ki, biz hamımıız
bir az qoymaağıl yaranmışıq
yəqin ona görə də bu qədər
beyni tərpədilmişsayağıq
saxla ağsaqqal, sən cəddün
nurunu bir az uzaq elə
işığın düşür sönürəm
sənin ləyaqətin varsa
köpək oğlu deyilsənsə əgər
hər şeyi öz adı ilə çağır
elə etməyə səni nə qoymur ki?
saxlaaaaa ağsaqqal!
alo qaraj kişi!
Sən və sənin xalqının
nə elektrikdən xəbəri var
nə də onun qanunlarından
siz ancaq cəhənnəmi
yaxşı vəsf edə bilərsiniz
cin və şeytanı
yaxşı tanıda bilərsiniz
nağaranın səsinə bənzəyir
sənin çaldıqların
uzaqdan qəşəng eşidilir
yaxındansa
hava ifrazına oxşayır
bağırsaqlardan çıxan
ayda dalğalanan bayrağın rəngi
de yer kürəsində duyulurmu?
xəzan tək tökülür insan həyatı
sarsıntılar boğur onun mənliyini
deyəsən çox içmişəm
ancaq bir özün de də, Eli
öz kəndlərindən çıxıb buraya
təcrübəyə gələn uşaqlar
ən azı bunu bilməlidirlər ki,
onların “kişi” olmaması prosesində
əsas günahkar elə qoyunlardı
hind kinosunda tanıdıq məhəbbəti
kövrəldik və axtardıq
reallıqda leyli-məcnunu
Nə edək? Tapmadıq
Gözsüz və ürəksiz yaşamaqsa
yaşamamaqdır
Bax elə sən
indiyədək özünü
çox öldürməyə çalışdın
Ancaq burda anladın ki,
özünü öldürməyinin səbəbi
elə həmin qoyunlarmış
Qoyun- bax budur ən böyük sərvətimiz
allah bilir o Azərbaycanda
nə vaxtdan mövcuddur
deyirlər ki islam dini qəbul ediləndən
bu yana mövcud olan
məxluqların ən məsumudur
Nə olsun ki bir balaca
qanmaz təhərdi
əslində belə olması daha sərfəlidi
ağlı olsa ətinə həsrət qalarlar axı
Ey allahlar, allahlar
niyə siz bizi cəzalandırdınız?
Bizim əlacımız yoxmu
dərmanımız yoxmu görəsən?
Çalışaq başımızı tərpətməyək?
ancaq örüşdə otlayaq?
qabağımızdan yeyək?
Yapışıb sarmaşıq günəbaxanın
gövdəsinə bərk-bərk
onu özünə çəkərək
“Qınama məni, ağrın aleym,
axı seveyrəm səni…” deyir
Günəbaxan sərvətlərə
günəbaxan qüvvətlərə
baş əyə-əyə yaşayın
quyruq bulayın, bullanın
çörək verin, şirinlik verin
hörmət edin, hörmətli olun
qoyunları arvad edin
uşaqları qurbanlıq
quzuları parçalayın
canavara day-day deyin
güclülər hər sözünü
tam deyib qurtarmamış gülümsəyin
şalvara qurtarın
onlarıın hər təbəssümündən
bəli baş üstə rəis
sevimli sözləriniz olsun
yaltaqları avtoritet
işverənləri ağsaqqal seçin
bu ikiüzlülük çarxı
qiyamətədək beləcə fırlansın
bu çarxı fırladan boynunuz da
bir gün əyri bitəcək
Bizsə gəl vuraq səninlə
qədəhini bəri gətir, Eli
Başını dik tut
və addımlarını sərt at
yeni bir həyata
Bəli, qucaqla boynunu
yanındakı xalaşkanın
Qoru onu
Bu xala
Hələ ölməmiş duyğularıyla
tərk edilməmiş
dəyişdirilməmiş cazibəsiylə sənindir
Modası keçmiş telefon tək
ocağı kordur deyə
sən yaşamaq istəyirsən onunla
yaşamadıqlarını
məsələn, gəncliyini
bu qəhbənin qoynunda
unutmaq istəyirsən
bu dünyanın qəhbəliyini
Yaxşı əsəbləşmə
Otur yerində
Mən heç də özümü
pis hiss eləmirəm
yaman cındır araq imiş
üstündən də Jiquli içdin
lap pis günə qoyur adamı
Heç sənin bu gözəl qadınının
xətrinə də dəymək istəmirdim
Qoru onu qoru
və inan gücünə
bil ki kişilik
yazığı gəlmək prinsipindən
heç də uzaq deyil
sözün düzü bilmirəm
sənin ona yazığın gəlir,
yoxsa onun sənə
əsas odur ki qulağına nəsə pıçılda 
axı dünyada xoş sözə aldanan
qadına bir daha harda rast gələrsən
cümlələri sən qur,
həyatını o
oyunun olsun
oradakı qoyun
heç dünyanın öz oxu ətrafında
fırlandığına da inanmır
buradakı xala isə
lap qatığın qara olduğuna da
inanar
harda görüb ki sadəlövh
Yalanlar bizi çıxardı oradan
burdasa yalanla baş girlədik
ev yıxıb, şər atıb ara vurursa
gərəyi deyildir yalan insanın
əgər sevənləri qovuşdurursa
gözündən vurubdur sənin o yalanın
uzansa qəmginlik
dərd etmə özünə
arağını iç
və dinlə səsini kədərin
dinləmək ən doğru xilasıdı
kədərin
Arada çıx küçəyə
özünü ver havaya
küçəyə bir bax
küçənin seks işi
pivədən də ucuz
bir havanı dəyiş
elə yaxşı elədin gəldin
neynirsən o dünyanı ki
öküzün buynuzu üstə fırlanır
şumlatdırırlar öküzə
yiyəsiz torpağını
O öküzü ki, süd əvəzinə
təmiz neft verir
kəsəcəklər öküzünü
yeyəcəklər bir gün
ətini, südünü, sümüyünü
hətta şeyini belə yeyəcəklər
bəlkə silkələnmək zamanıdı,
öküzüm?
Ey öküzü buynuzundan
dartan şahım!
Ona rahatlıq ver
ona həyat ver
o zaman
necə xoşbəxt olduğunu
görəcəksən
bunu necə bacardığını
görəcəksən
yaşamağın nə olduğunu
göstərəcək sənə
Deyirlər ki,
rəhbər xalqına görə
kəndli belinə görə
tələbə də sağ əlinə görə
cavab verməli olacaq
eşitmisənmi?
Eh, onsuz da heç kimin
heç nəyə inamı yox
elə yaxşı elədin gəldin
orda qarnımız həmişə acdı
doydurmaq üçün məgər
həmişə savaşmalıyıq?
Bu vurhavurda
çəmini tapan gərək
elə yaxşı elədin gəldin
bəs nə edək?
dua edək ulu yaradana
ki, qurumsaqları yaratdı
bizi satmağa?
Yoxsa üzü üstə üzü yuxarı
sürünən padoş məmurlara girək?
Ey ana vətən
bilirdim ki, yaman gündə
dala verənsən
de də sən
sən de də
Nə qədər dərd-sər lazımdır
düzüb-qoşursan həmişə
böyüdürsən yumağımızı
heç bilmək də istəmirsən
səndən nə umacağımızı
işə salıb duyğularımızı
artırırsan qayğılarımıızı
çox vaxt heç eşitmirsən bizi
dinləmirsən səsimizi
bir qırağa tullayrsan
ümidlərimizi, diləklərimizi
sonra da “başını soxma!”
bağırırsan üstümüzə
Biz də əlacsız qalırıq
çarəsiz yollar arayırıq
sənin həyatından yoxa çıxırıq
E yana vətən
nə baxırsan əyri-əyri
alın yazısından mənə
kimin həqiqəti eşitməkdən
xoşu gəlir ki?
Bizdə həqiqətin
bir pişik tullantısı qədər də
qiyməti yox
Qaçıram,
karvanam, qaçıram
hürən itlərindən
qaranlıq gecənin rütubətindən-
sayrışıb göz vuran
çılçrağıma qaçıram
qaranlıq üstümə çəkib ahımı-
saralıb tökülən kipriyimdən
qaçıram
qayıtmaz dən atma
hər uçan quşa
əlçatmaz göylərdir
verər can ona
ürək azadlıqdan gələndə cuşa
oxuyan o dilə, dodağa qaçıram
tükənir ömür
gedir son kimi
ancaq qəbrimizi
sevib medalyon kimi
yaxasından asan
torpağımızdan qaçıram
çıxdıq
sərhəd qapıları çırpıb
getdik
hətta sərhəddə belə
bürokratik nailiyyətlərə
heyran qaldıq
cana doyduq yetər
Elə yaxşı elədin gəldin
nə dinən var nə gülən
çoxdandır güllələnən də yoxdur
Bir gün əşyalar da yeriyəcəklər
başını götürüb gedəcək hər şey
üzür erkək əkələrimizin
ünlü üzləri
üzü gündoğana
üzür ürkək-ürkək
sürüyürlər dallarıyca
üzüntülü görünüşlərini
üzür, üzür yeddi arxın ayrıcında
yarıb ulu suları
köhnə qayıqlar kimi
üzür ulusumuzun solğun üzləri
bir cənnət sorağında
yola çıxır hamı
eh, ümidsiz yolun yolçuları…
Elə yaxşı elədin gəldin
sən bu hərəkətinlə
sanki üzlərinə durdun-
nə cinsi əlaqə
əməlli-başlı
seks gedir
Elə yaxşı elədin gəldin
burda başa düşdük ki
səni sevirəm demək
səninlə yatmaq üçün bir bəhanədir
sevgi pulsuz seksin
bir növüdür
Sən bizə fikir vermə, ay xala
arada gülümsə mışıl-mışıl
bu bizə ləzzət eləyir
biz dərdlər, qüssələr ölkəsindənik
qəm-kədər yeməkdən doyub gəlmişik
arada tumarla bu enerjisi içində
qırılmış igid oğlanının başını
bu bizə ləzzət eləyir
Biz hələ körpələrik
Lap hələ yaranmamış
doğulmamışıq
Ananı qarnında qoyub gəlmişik
şeytanın fəndindən doyub gəlmişik
Allahın dərsindən qaçıb gəlmişik
Qoysa da adımıza qayıb
gəlmişik
bax beləcə
Qorka
öpüşün
Nəsə
siz işinizi görün
mən deyəsən
çox vurmuşam
otaq başıma hərlənir
və başım stolda artıq…

2000

Комментариев нет:

Отправить комментарий