12.08.2012

ÖLƏ BİLMƏYƏN ANA

AZAD QARADƏRƏLİ

Ağır olsa da elatın ağsaqqalı son qərarı verdi: igidlərin rahat döyüşə bilməsi üçün qız-gəlini, bir də uşaqlarla qocaları elatdan çıxarıb arxaya – yaxındakı şəhərə aparmaq lazımdır! Bu qərar nə qədər acı olsa da ondan qaçmaq mümkün deyildi, davanın qanunu belə tələb edirdi.
Ağır köç əli silahlı igidlərin müşayətiylə qayalıqlardan ötüb keçəndə pusqudakı düşmən əsgərlərinin nişangahına tuş gəldi. Igidlər düşmən pusqusunu dağıdanacan silahsız adamlardan bir neçəsi oxlandı. Yaralanan yaralandı, canını tapşıran tapşırdı.
Ağca ana da sinəsindən oxlanmışdı. Çox qan itirsə də, igidlər onu sağ-salamat şəhərə çatdıra bildilər. Təbib, loğman qalmadı, anaya çarə qıla bilmədilər. Ox ürəyi yaralamışdı. Amma hələ də davadan dönməyən elat ağsaqqalı olan ərinin, bir cüt oğlunun yolunu gözləyir, ölümə can vermirdi ana.

Neçə il əvvəl şəhərə köçürdüyü qızının evində  xəstə yatan ananın vəziyyəti get-gedə ağırlaşırdı. Ölüm mələyi dizinin dibini kəsdirmişdi. Ana gözlərini açıq pəncərədən bilinməz bir məkana zilləyib baxır, baxırdı. Tez-tez anasının qurumuş dodaqlarını yaş pambıqla isladan qızını yandıran o idi ki, anasının nitqi yox idi. Şirin-şirin söhbətləriynən adamları ovsunlayan el anası indi heç üfüldaya da bilmirdi. Hərdən gözlərini dolandırıb otaqda əyləşmiş qohumlarına  baxır,  yenə baxışlarını pəncərəyə döndərirdi. Pəncərədə isə bir qızının toy güzgüsü, bir də iri dibçəkdə əkilmiş ətirşah gülü vardı. Gözlərini pəncərəyə dikmiş ananın güzgüyəmi, ətirşahamı, ya da elə işıq mənbəyi pəncərəyəmi baxdığını bilmək olmurdu.
Yazıq qızı anasının ürəyindən keçənləri oxumaq üçün hərdən eynən xəstə anası kimi pəncərəyə sarı boylanır, amma bir şey kəsdirə bilmirdi. «Güzgüyə baxır? Mənim toyumda onu özü əlində oynada-oynada cehizimin içinə qoymadımı? Axı bunun nəyinə baxasıdı? Bəlkə ətirşaha baxır? Onun nəyinə baxacaq axı? Əri, oğlanları davada olan, eli-obası düşmən  çənginə  keçən, ürəyi düşmən oxundan parçalanan el anasının gülə baxası halımı var?! Elə bu gülü də öz əlləriylə əkib-becərib mənə cehizlik vermədimi? «Qoy cehizindən gül ətri, evindən ətirşah qoxusu çəkilməsin» demədimi?.. Ya bəlkə anam çöl istəyir, işıq istəyir? O işığın çəhlimiylə bəlkə elatımıza boylanır?»
Cavabsız suallardan əzab çəkən qızı ayağa qalxdı. Toy güzgüsünü qəsdən pəncərədən götürüb o biri otağa apardı ki, görsün anasında bir dəyişiklik olacaqmı? Sonra ehtiyatla gözünü dolandırıb oğrun-oğrun anasına baxdı, yox, ana elə əvvəlki tək pəncərəyə zilləmişdi gözlərini. Elə bil kiminsə götürüb aparmağından qorxur – sanki gözləriylə saxlayırdı pəncərəni…
Növbə ətirşahın idi. «Indi də bu gülü götürəcəm. Amma  dibçək çox ağırdı, tək gücüm çatmaz. Qoy xırda qızımı çağırım…»
Ana-bala köməkləşib dibçəyi pəncərədən götürdülər. Elə bir az oradan aralanmışdılar ki, oda qalanmış adamın səsini andıran bir səs, bir fəryad eşidildi:
- Ehhheeee!
Səsin yaratdığı qorxunc ovqatdan dibçək əllərindən sərpib yerə düşəcəkdi, amma xırda qızı cəld tərpənib dizini dirədi dibçəyin altına, birtəhər saxladı. Xəstənin qızı isə əlində elə bil dibçək əvəzinə bir külçə yanar od tutmuşdu. Bilmirdi kiçik qızının dizini əzən dibçəyə kömək eləsin, ya bayaqdan onu odlayan yanıq səsin yanına qaçsın… Geri qanrılıb anasına baxanda qızının damarlarında sanki qan dondu: ana əllərini dibçəyə  sarı uzatmışdı! Yalvarıcı baxışlarıyla  sanki demək istəyirdi ki, dəymə ona, qaytar qoy yerinə.
Ağır dibçəyi əllərində güclə saxlayan ana-bala deyəsən elədikləri günahın dərəcəsini başa düşdülər. Ətirşahı gətirib əvvəlki yerinə qoydular.
Ananın əlləri hələ də dibçəyə tərəf uzanılı qalmışdı. Xəstənin istədiyi nə idi? Otaqdakıların heç biri heç nə başa düşə bilmirdi. Elatda işi düyünə düşənlər onun yanına qaçardılar. Cavan ailələrin məsləhət yeriydi. Ağır xəstələri min cür otdan, çiçəkdən düzəltdiyi türkçarəylə sağaldardı. Qolu-qıçı sınanı yumurta sarısıyla əhəngi qarışdırıb elə sarıyardı ki, olardı anadangəlmə… Bir dəfə yanına xəstə bir qız gətirmişdilər. Gün-gündən saralıb-solan bu qızın dərdinə loğmanlar əlac eləyə bilməmişdi. Varlı-hallı bir nəslin qızı idi. Üç gün dava-dərman eləyəndən sonra atasına demişdi: «Qızının dərdi eşqdi». Elimizin  adətinə görə qızlar eşqini aça bilmirlər, gərək oğlan qabağa düşsün. Oğlanın da bu sevdadan xəbəri yoxdur. Bu işi mənə həvalə eləyin». Sonra oğlan olan elata yollanmışdı, neynəmişdi, neyləməmişdi, oğlan gəlib yatmışdı xəstə qız yatan evin kənarında. Beləcə bir gənc ailənin təməli qoyulmuşdu… Amma indi özünə təbiblik eləyə bilmirdi, qalmışdı dərdin əlində aciz…
Qızı başa düşdü ki, anasının dərdi adi dərdlərdən deyil. Bu dərdin nə olduğunu bilməkçün canından keçməyə hazır olan qızı anasının yastığının dibini kəsdirib onun hər hərəkətini izləyirdi. Qorxurdu ki, anasının ürəyi tablaşa bilməz, son arzusuna çatmamış dünyadan gedər. Qızı yaxşı bilirdi ki, bundan sonra onun öz ürəyi də partlayar…
Əyilib anasının dibçəyə sarı uzalı qalmış qolunu büküb qoydu yanına. Elə bu  dəm qəribə bir hal baş verdi. Ana yay kimi gərildi, qıvrılıb açıldı, gözləri dirəkləndi və onu içəridən didən ağrı-acılar bir səsə-ünə dönüb ananın ağzından çıxdı:
- Gül-torpaq!
Qız əvvəl elə bilmişdi ki, ananın son nəfəsi ağzından çıxır. Ona görə də ananın dediyi sözü yaxşı eşitmədi. Bilmədi «kül-torpaq» dedi, yoxsa «gül-toraq»? Əyilib anasının çoxlu-çoxlu sözlər yazılan, fəqət oxunması müşkül olan dodaqlarından öpdü və başını qaldırıb qeyri-ixtiyari pəncərədəki dibçəyə baxdı, bir də anasının «gül-torpaq» deyən dodaqlarına nəzər saldı və qışqırdı:
- Kül başıma! Dibçəkdəki torpaq elatımızın torpağıdı axı!
Yüyürüb əllərini soxdu dibçəyin içinə, bir sıxma torpaq çıxardı, sonra yüyürdü anasına tərəf. Torpağı tökdü anasının sinəsinə,  sürtdü gözlərinə. Elə bil bayaqdan bunu gözləyən ölüm mələyi də çəkilib durduğu küncdən gəlib dizinin dibində əyləşdi. Bir azdan ananın gözlərində sırğalanan sonuncu yaş damcıları süzülüb sifətinə yayıldı. Qızı ananın dirəklənmiş gözlərini qapamaq üçün onun üstünə əyildi. Bu dəm pəncərədəki ətirşah gülünün zərif budaqları, incə yarpaqları ünnəşdi, titrəşdi. Elə bil kimsə əliylə gülün ləçəklərinə sığal çəkirdi.

Комментариев нет:

Отправить комментарий