03.08.2012

UCUZ ƏTİN DÖNƏRİ... OLMAZ

Yayda dönər yeməzdən əvvəl yüz ölçüb, bir biçin...

Yay gəldisə, yeyib-içdiklərimizə maksimum önəm verməliyik. Hansı qida tez, hansı gec xarab olur? Küçədən yemək almalıyıqmı? Alırıqsa, konkret hansı növ qidalardan istifadə etməliyik? Suallar çox, amma bu yazıda biz daha çox gündəlik qida növlərindən biri olan dönər barədə danışacağıq. Hazırlanması və yeyilməsi tez başa gələn, amma mədə üçün bəzən ağır fəsadlar verən bu qida növünün özəllikləri ekspertlərin və dönər ustalarının təqdimatında xeyli marağa səbəb olur.

“Dönəri şişdə 6 saatdan artıq saxlamaq olmaz”

“Sahil” metrosu həndəvərindəki dönərxanalardan birində çalışan usta - türkiyəli Ərdal Özyığit bizimlə söhbətində dedi ki, Bakıya gəldiyi 3 il ərzində hələ də azərbaycanlı həmkarlarına dönərin hazırlanma qaydasını öyrədə bilməyib. Müsahibimizin sözlərinə görə, Bakıda dönəri şişdə çox saxlayırlar ki, bu da onun keyfiyyətinə mənfi təsir göstərir:
“Dönərin tərkibində elə maddələr var ki, onları 6-7 saatdan artıq saxlamaq olmaz. Elə ətin özü də keyfiyyətinə görə çox saxlana bilməz. Üstəlik, ona ədvalar və tomat vurulursa, bu, onun keyfiyyətinə, yəni tez xarab olmasına ikiqat artıq təsir edir. Mən Bakıda gördüm ki, dönər ətini səhər 7-8-də şişə taxırlar, gecə saat 11-ə qədər satırlar. O qədər saat ərzində isə dönərin keyfiyyəti aşağı düşür, zəhərlənmə riski artır”. 
Bu arada dönər deyib, keçməyin. Onun tərkibindəki ətin keyfiyyəti, satıldığı yer barədə seçimlər birbaşa nəticəyə təsir göstərir. Məlum, paytaxtda tez-tez murdar ət bazarı barədə yazılanlar ortaya acı bir gerçəyi çıxarır. Məlum olur ki, şəhərdəki bəzi dönərxanalarda məhz bu cür ətlərdən hazırlanan dönərlər satılır. Hazırda Bakıda ən ucuz dönərin qiyməti 1, ən bahası isə 11 manatdır. Sonuncunu türk iş adamlarının Bakıdakı restoranlarında tapmaq olur ki, onların tərkibi də, qarnirləri də kifayət qədər zəngin sayılır. 
Ekspertlər deyir ki, ət məhsullarının hazırlanması üçün ən münasib üsul kömürdür. Belə ki, ağac yanarkən heç bir zərərli maddə ifraz etmir. Dönərin hazırlanması zamanı istifadə edilən avadanlıq qızdığı zaman isə orada 23-24 min kilokalori istilik əmələ gəlir. Bu zaman ətin üzəri qaysaqlanır, daxili isə çiy qalır. Həm də onun tərkibindəki vərəm, qarayara, brusellyoz çöpləri məhv olmur və insan sağlamlığı üçün yolverilməzdir. Bu baxımdan istehlakçılar aldıqları qida məhsulunun tərkibi və hazırlanma qaydalarına diqqət yetirməlidirlər. 
Bu qədər problem varsa, bəs cəza haradadır? Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən aldığımız məlumata görə, zaman-zaman aparılan reydlər nəticəsində fəaliyyətində pozuntu aşkarlanan dönərxanaların fəaliyyəti dayandırılıb. Bundan başqa, dönərlərin bişirilməsində təbii qazdan istifadə olunması qadağan edilib. Mərkəz rəsmilərinin dediklərinə inansaq, hazırda Bakı şəhərində təbii qazdan istifadə edərək dönər bişirilən sahələr demək olar ki, yığışdırılıb. Eyni zamanda şəraiti olmayan dönərxanaların fəaliyyətinin dayandırılması istiqamətində tədbirlər aparılıb. 40-dan yuxarı dönər istehsalçısının haqqında inzibati tədbir görülüb.
Mütəxəssislər, ümumiyyətlə, Azərbaycanda sözügedən qida növünün hazırlanma texnologiyasına əməl olunmadığını deyirlər. Onların sözlərinə görə, əslində dönər adətən elektrik sobalarında hazırlanmalıdır. Bizdə isə həmin avadanlıqlar baha başa gəldiyindən dönərsatanlar işlərini qaz sobası ilə aşırırlar. Qazla birbaşa təmasda olan ətin tərkibində orqanizmin zərərinə dəyişikliklər baş verdiyindən sonradan təhlükə yaradır. Digər tərəfdən, dönəri hazırlayarkən onun zərərliliyini aradan qaldırmaq üçün ətin və istifadə olunan ərzaqların keyfiyyət göstəricisinin nəzərə alınması da vacibdir. 
Daha bir vacib məqam. Dönərin ən çox hazırlandığı Türkiyədə də qaz sobalarından istifadə edilir və zəhərli maddələrin ətə hopmaması üçün isə xüsusi torla əhatələnir. Onlar tez sıradan çıxdığından ayda bir dəfə dəyişdirilməsi vacibdir. Bizdə qaz sobalarının kütləvi şəkildə istifadə olunmasına baxmayaraq, qoruyucu torla əhatələnmir. Məsələn, sağlam insanın mədəsi açıq çəhrayı rəngdə olur. Həmin adam bir həftə ərzində mütəmadi olaraq dönərlə qidalanarsa, onun mədəsi soyutma əti xatırladar. Mədənin bu vəziyyətə düşməsi isə ətə hopmuş propanın təsiri ilə bağlıdır...

Yayda dönər yemək niyə məsləhət deyil?

Türkiyənin, Azərbaycan da daxil olmaqla, bütün dünyaya yaydığı dönər, xüsusilə Avropada çox sevilir. Bu qitədə satışı gündə 600 tona çatan dönərin ümumi dövriyyəsi 3.5 milyard avrodur. Almaniyada 25-30 min arasında dönər köşkü var. Burada gündə 350 ton dönər satılır. Bu sektorun gəliri “McDonalds”, “Burger King” və “Wienerwald fastfud” kimi dünya nəhənglərini belə keçir. Bundan başqa, Fransada 3000, Avstriyada 2000, İtaliyada 1600 dönər köşkü fəaliyyət göstərir.
İngilis mütəxəssislər 494 yerdə satılan dönər ətini araşdıraraq, maraqlı rəqəmlər açıqladılar. Araşdırmaya görə, tək bir dönər ətində bir qadının gündəlik ehtiyacının yarısı olan təxminən min kalori olduğu müəyyən edildi. Amma sağlamlıq mövzusunda nə qədər iddia ortaya atılsa da, Avropada heç bir şey dönəri taxtından endirə bilmir.
Almaniyada gündə 350 ton dönər satılır. 400-ə yaxın dönər istehsalçısı və 25-30 min arasında dönər köşkünün illik dövriyyəsi 4,5 milyard avrodur. 150 min adamın birbaşa və ya qismən iş tapdığı bu sektorun gəliri “Mcdonalds”, “Burger king” və “Wienerwald fast food” nəhənglərini belə keçir.

Sevinc TELMANQIZI                        musavat.com

Комментариев нет:

Отправить комментарий