11.08.2012

Xərçəng

2971014_123 (466x700, 371Kb)Zəka Vilayətoğlu

Qırmızı körpüyə çatanda maşın karvanını görüncə kefsizləyən Ceyhun, bilərəkdən uzun-uzadı növbə yaradanları dodaqaltı söydü: “Tfu, sizin!.. Düzələn deyillər, vallah! Rüşvət almamış canları çıxar. Bunların canına girən rüşvət xəstəliyi xərçəngdən betərdir. Heç olmasa xərçəngin erkəyinin sağalmasına ümid  var, bunların “xərçəngi”nin hamısı dişidir, deyəsən, kəsdikcə artıb-çoxalır. Bəla, dəhşət burasındadır ki, bu “xərçəng”dən ölmək əvəzinə daha da şişir, gümrahlaşırlar!.. Nə vaxt düzələcəklər, axı bunlar?.. Tfu sizin!..”
Şüşələri qara rəngli bahalı eynəyini gözünə taxdı və  maşından düşüb üst tərəfdəki ağacların kölgəsinə çəkilərək, gözləməyə başladı.
Bakıdan buracan keflə gəlmişdi. Yolboyu  yüksək sürət üzündən maşını iki dəfə radara düşmüşdü; birini əlli manat rüşvət verib yerindəcə sildirmişdi, ikincisi isə,.. cavan bir polis, deyəsən hələ rüşvət xərçənginə yoluxmadığından onu eşitməmiş, cəriməni yazmışdı.

Hələ bir dənə də olsun, sıraya düzülüb növbə gözləyən maşınlardan biri sərhəddən o yana buraxılmamışdı.
Səbri tükənirdi. Bayaqdan bəri qaralan qanı damarına sığmırdı. Az sonra baş verənlər kefini açmasaydı, qanı heç durulmayacaqdı.
Çiynində ağır çanta olan yaşlı qadın arxadan sərhəd piyada keçid məntəqəsinə doğru inamla irəliləyirdi. Arxasınca da yaşlı bir kişi gəlirdi. Onun da çiynində ağır, nə iləsə dolu bir çanta vardı.
Sərhəd keçid xəttində abadlıq işləri getdiyindən maşınlar da, piyadalar da kələ-kötür, çox narahat torpaq yolla keçib gedir-gəlirdilər.
Yaşlı qadın Ceyhunu, elə bil qəfil gördü. Görən kimi də arxadan gələn kişidən soruşdu:”Ayə, a Sirəfil, ölöm, bu gədə hancarı da xalam nəvəsinin kürəkəni Baxcalıya oxşooor!”
“Sirəfil” deyilən kişi Ceyhuna baxmadan soruşdu: “Baxcalı kimdi, aaaaz?”
“Ölöm, keçən il Urusetdə yoxa çıxmadımı?.. Deeerəm, bəlkə, o xavar yalan xavarıymış, ölöm, bu gədə elə Baxcalının özüdür!”
“Hansı gədə, a yəəən ölsün?”-Sirəfil maraqla soruşdu.
“Ölöm, görmörsənmi, odu bax, ağacın altında, gözündə də qara çeşmək!”
“Həəə, vallah, a yəəəsi ölmüşün qızı, nətəəəri də oxşooor?.. Azzz, bəlkə doğrudan da odu?”-bunu deyərkən Sirəfilin ayağı çuxura düşdü və yazıq kişi dolu çantayla birgə kəllə-mayallaq getdi. Çantadakı mandarinlər bir anda darmadağın olub yola səpələndi. Kişi yerə uzanıqlı vəziyyətdə arvada deyindi : “Vay sənin,.. azz, niyə qoymorsan öldüyüm yerdə ölöm?.. A yəəəən ölsün, maaa Baxcalımı lazımıydı?..”
Ceyhun eynəyin altdan seyr etdiyi mənzərədən uğunub getdi. Eşitdikləri də bir ayrı kef vermişdi ona. Gülə-gülə yaxınlaşıb kişini yerdən qaldırdı. Arvad isə kişiyə məhəl qoymadan yola-izə səpələnmiş mandarinləri yığa-yığa Ceyhuna yaxınlaşdı və altdan-yuxarı baxıb soruşdu: “Ölöm, sən Baxcalı döysənmi?”
Gülməkdən özünü zorla saxladı. Arvada cavab versə, pıqqıldayıb güləcəyindən ehtiyatlanıb cavab vermədi və kişini ayağa qaldırdıqdan sonra cəld onlardan uzaqlaşıb sərhəd keçid məntəqəsinə yaxınlaşdı. Bir az da dayanıb gözləsə, olub-qalan gəzmək həvəsi büs-bütün bu avqust istisində yanıb qarsıyacaqdı. Hər şeyə lənət oxuyub maşının istiqaməyini dəyişəcək, təzədən Bakıya sürət götürəcəkdi.
Dəmir hasarın arxasında gəzişən gənc əsgərə üzünü tutub uca, bir az da qətiyyətlə soruşdu:
-Komandir hardadır?
-Orda-içəridə,-əsgər cavab verdi.
-Get, ona de ki, kral gəlib!
-Kim gəlib?
-Kraaal!
-Kraaaal?!-Əsgər ona baxıb təəccüblə soruşdu. Bir şey anlamadan komandirin əyləşdiyi otağa doğru addımladı. Bir azdan qayıdıb, onu içəri buraxdı və komandirin gözlədiyini bildirdi.
Otağa daxil olub ərklə, gülə-gülə salam verdi.
Komandir  bir az ehtiyatla, bir az da təəccüblə ona baxıb dedi:
-Buyurun, eşidirəm!
-Komandir sizsiniz?
-Bəli. Sizə nə lazımdır?
-Sərhəddi keçmək!.. Toya tələsirəm. Tiflisdə yaxın dostumun toyudur.
-Kral deyilən sizsiniz?-komandir maraqla soruşdu.
-Bəli, mənəm!-güldü.
-Haranın kralısınız?
-Əşi, nə kral, isti başımı qaynatdı, nə qədər gözləmək olar, axı?
-Deməli, toya gedirsiz?
-Bəli.
-Dostunuz gürcüdür, yoxsa bizimkilərdən?
-Gürcüdür.
-Yəqin toya nəmər salacaqsınız?-komandir hər şeyi yerli-yataqlı öyrənməkdən özünü saxlaya bilmədi.
-Bəli.
-Nə qədər?
-Kasıb oğlanıq, baxaq, görək imkan nəyə çatır?
-Geyiminizdən heç də kasıba oxşamırsınız!.. Piyadasınız?
-Yox. Maşınlayam.
-Nə maşındır?
-Heeç, kasıb malıdır.
-Bilmək olmaz yəni, bu kasıb nə maşın sürür?
-Heeç, balaca bir Cipdir-Lexsus, - Ceyhun bic-bic güldü.
-Kasıb maşınına bax, aaa!.. Kasıb bizik, qardaş, cəmisi iyirmi manata işləyirik,-komandir, “arifə bir işarə...”ylə dilləndi.
-Olsun!.. Buyurun!-portmanatından iki dənə iyirmilik çıxarıb komandirə uzatdı.
Komandir pulu həvəslə alıb cibində gizlətdikdən sonra gülə-gülə dedi:
-Hə, indi inandım ki, Kralsınız!.. Yaxşı yol!..
Birinci maneəni “krallığı” hesabına keçdi. İkincidə də onu saxlayan olmadı. Ücüncü keçiddə adam əlindən tərpənmək olmurdu. Ümidliydi ki, burdan da rahat keçəcək, amma yanılırdı. Onu dinləmək istəmirdilər. Sənədləri yoxlayan gömrükçünü acıladıqdan sonra işləri lap korladı. Sənədlərini götürüb bir küncə atdılar və hələ bayırda gözləməsini tapşırdılar. Suyu süzülmüş bayıra çıxdı. Ətrafına göz dolandırdı. İstidə lap haldan düşmüşdü. Bu an ağacın altında kölgələnən şişmanqarınlı sərhəd qoşunlarına məxsus geyimdə olan adama yaxınlaşdı. Salam verdi. Söhbətə giriş üçün dedi:
-İsti adamı mələdir haaa!
-Hə. Adamın lap nəfəsini kəsir!-adam dedi.
-Siz nə əcəb burda dayanmısınız?..
-Neynim, işim budur!
-İnsanları burda niyə bu qədər incidirlər?.. Heç bir ölkənin sərhəd keçid məntəqəsində burdakı kimi özbaşınalıq yoxdur.
-Kimdir özbaşınalıq edən?
-O boyda kişinin qohumunu sərhəddə saatlarla gözlətmək, bilirsiniz nə deməkdir?
-Hansı kişinin?!-Adam soruşdu.
Yüksək çinli məmurun adını çəkdi.
-Kimdir, dediyiniz o məmurun qohumu?
-Mən!
-Elə isə, deyə bilərsinizmi onun qardaşının, arvadının, gəlininin adı nədir?
-Eyy, arvadın, gəlinin bu işə nə dəxli? Deyəsən, doğrudan da gün başınızı xarab eləyib!.. Qohumuq, vəssalam! Gedin, mənim sənədlərimi alın, gətirin! Qohumluğumuza şübhəniz varsa, bu saat həmin adama zəng edib, sizə başa salaram!-dediyi an Adam qarnını yırğalayıb hərəkətə gəldi və həyəcanla dedi:
-Lazım deyil. Hanı sənədləriniz?
-İçəridə.
-Adınız, soyadınız, atanızın adı?
-Şamxalov Ceyhun Malik oğlu.
-Gözləyin, bu saat yazdırıb gətirərəm!..
Sərhəddi keçdikdən sonra maşını Tiflis istiqamətində sürətlə idarə etməyə başladı. Kefi açılmış, qanı öz rənginə qayıtmışdı.  Sərhəddə baş verənləri xatırladıqca qəşş edirdi.  Yüksək çinli məmurla “qohumluq” məsələsinin  gözlənilmədən ağlına gəlməsi və bu kələyin baş tutması isə  əhvalını lap yaxşılaşdırmışdı.
Hələ yoldaykən gürcü dostu Şakroya zəng çalıb xəbərdarlıq etmişdi ki, Tiflisə gəlir.  Şakro onunla iki saatdan sonra görüşə biləcəyini bildirdikdən sonra o, əvvəlcə maşını yudurdub-təmizlətməyə, vaxt qalarsa, şəhərin dükan-bazarlarını dolaşmağa qərar verdi.
Tiflisə səfər etməkdə məqsədi  vardı. Arvadının xahiş-yalvarışlarından sonra qəti qərara gəlmişdi ki, Tiflisin ən gözəl yerindən üçotaqlı bir mənzil alsın. Ötən ilin yayında Antaliyada ailəvi istirahət zamanında dostlaşdığı gürcü Şakro bu məsələdə ona yaxından kömək olacağını bildirmişdi. Onu da demişdi ki, şəhərin mərkəzində, ən yaxşı yerdə, ən yaxşı, super təmirli, üçotaqlı mənzili, uzaqbaşı  yetmiş min dollara almaq olar. Özü də elə bir mənzil ki, Bakıda onun qiyməti, nə az, nə çox, üç yüz min dollardan yuxarı olardı.
Ceyhunun arvadı  yunan əsilli idi. Hələ Osmanlı imperiyası dövründən Gürcüsatanda məskunlaşmış yunan tayfalarından-benderlərdən olan arvadı  tər-təmiz türk dilində-Osmanlı türkcəsində danışırdı.
Osmanlı imperiyasının əsirlərinə çevrilmiş həmin yunanların qarşısına Osmanlı padşahı iki şərt qoymuşdu: onlar ya dillərindən, ya da dinlərindən birdəfəlik vaz keçməli idilər. Həmin yunanlar da dinlərini üstün tutaraq, dillərindən əl çəkmiş, ömürlük türk dilini qəbul etmişdilər.
Ceyhun iyirmi il əvvəl Şeytanbazar tərəfdə rastlamışdı  indi arvadı olan həmin qıza. Gürcüstanda-Borçalıda yaşayan türklərlə sıx ilişgiləri olduğundan bura tez-tez gəlirdi. Ömrünün çoxunu ticarətlə keçirən bu Adam indinin özündə də bu işlə məşğul olur, indi daha böyük şəhərlərlə daha böyük ticari əlaqələr qururdu.
Arvadının səsi, yalvarışları onun beynində tez-tez kilsə zəngi  kimi səslənir, “burdan-Bakıdan çıxaq gedək” deyirdi.  Deyirdi: “Nə var e, nə görmüsən bu Bakıda?.. Havası yox, suyu yox, hər yanda rüşvətxorluq!.. Görürsən, Mişa necə düzəldib oraları?.. Gedək, ömrümüzün qalanını da orda yaşayaq. Burdakı evimiz qalsın burda. İstəyəndə çıxıb gələrik. Ən azı, qoy Tiflisdə bir gözəl yay evimiz olsun, yayda yığışaq gedək, üç ay dincələk!..”
Maşını tərtəmiz yudurtduqdan sonra şəhərin düz mərkəzinə sürdü. Kür çayı, bu yerin saf, təmiz havası, çayın sahili boyunca-qayalıqların üstündə tikilmiş yaraşıqlı evlər, odalar göz oxşayırdı. Yeni tikililərsə çox az-az gözə dəyirdi. Güclü istehsalı olmayan, təbii sərvətləri az olan bir ölkədən başqa cür nəsə gözləmək də olmazdı.
Şakronun gəlməsinə hələ yarım saat qalırdı.
Şakro Gürcüstan DİN-ində yüksək vəzifə sahibi idi. Bununla belə o qədər sadə, mehriban adam idi ki, onun bu cür böyük bir vəzifə tutmasına Ceyhunun hərdən inanmağı gəlmirdi. Şübhələri, Şakronun göstərdiyi vəsiqədən sonra yox olmuşdu. Hərdən təəssüf hissilə düşünürdü: “Şakro kimi Bakıda bir dostum olsaydı, dağı dağ üstünə qoyardım!.. Bizim şakrolarla bu cür dostluq eləməmizə imkan verməzlər, amma bu gürcülər,..  Ləzzət eləyir də, bunlarla oturub-durmaq-yekəxanalıq yox, təkəbbür, lovğalıq yox...”
Şakroyla görüş vaxtınacan şəhərdəki mağazalara baş çəkdi. Gözünə silah mağazası dəyəndə maraqdan boğuldu. İçəri girib müxtəlif cür odlu silahları görəndə çaşıb qaldı. Əvvəl elə sandı ki, adi uşaq oyuncaqlarıdır. Amma biləndə ki, hamısı odlu silahdır, satıcıdan soruşdu:
-Burda açıq satışdııır?
-Bəli,-satıcı dedi.
-İstəsəm ala bilərəm?
-Bəli. Sənədləriniz qaydasındadırsa, yerindəcə sənədləşmə aparıb, istədiyiniz silahı sizə təhvil verə bilərik!
-Hımm. Əladır dəəə... Amma düşməni olan adam üçün çox pisdir. Bir də gördün istənilən vaxt, istənilən yerdə təpəni odladılar!
-Yoox, elə düşünməyin!
-Mənə də yox, dəəə. Qadasın aldığım Azərbaycanın belə şeydə əvəzi yoxdur dəəə. Silah nədir, açıq satış nədir. İstəyən birini alacaq, gündə birini vurub öldürəcək. Elə bilirsən, hamı sənin kimi ağıllıdır?
Telefonu zəng çaldı. Şakro idi. Harda olduğunu söylədi. Bir azdan Şakro öz xidməti maşınınd gəlib çıxdı. Mehribanlıqla görüşdülər. Sürücüyə işarəylə Şakrodan soruşdu:
-Bunu neynirsən?
-Sürücümdür.
-Bilirəm. Burax getsin, mənim maşınımda gəzərik!
-Mümkündür, bico, mən bu saat onu yola salaram...
Şəhərin mənzərəli, göz oxşayan bir guşəsində-Kür çayının düz sahilində yerləşən restoranın həyətində, istirahət üçün nəzərdə tutlmuş çardaqların altında əyləşmişdilər.
-Bir şey içəcəyik?-Şakrodan soruşdu.
-Xəstə-zad deyilik ki, bico?
-Yox daaa, sən hökumət adamısan!
-Sabah bazar günüdür, bir az içmək olar.
-Mən araq içəcəm.
-Mənimki çaxırdır. Bir az təmiz gürcü çaxırı içməyə dəyər. Ən təmiz çaxır bu restoranda olur.
-Elə isə mən də çaxır içəcəm.
Restoran yerli və əcnəbi qonaqlarla dolmuşdu. Bir qız və bir oğlan müğənni gürcü, rus, ingilis dillərində mahnılar oxuyur, qonaqları əyləndirirdilər. Qəfildən Bakının, ardınca da Ceyhunun adı hörmətlə səslənəndə Ceyhun dik atıldı. Sonra müğənnilər “Bakı” haqqında mahnı oxumağa başladılar. Eşitdiklərindən vəcdə gələn Ceyhun portmanatından iki dənə əllilik lari çıxarıb ofisianta verdi ki, müğənnilərə çatdırsın...
Gecəyarısınacan restoranda əyləşdilər.  Hər şey ürəklərincə idi. Hava xoş, Kürdən əsən meh sərin-bir sözlə hər şey gözəl idi o gecə.
Sərxoş olsala da, ağıllarını tam itirməmişdilər. Şakro öz sürücüsünə zəng etmək, onları gəlib aparmasını tapşırmaq istəsə də Ceyhun razılaşmadı:
-Qorxma, sərxoş deyiləm, özüm sürərəm!
-Sən bizim qanunları bilmirsən, olmaz!
-Bilirəm. Yol polisləri qonaq olduğumu bilib bizə hörmət edərlər, qorxma!
-Özün bilən məsləhətdir, bico. Amma bizdə qanun qonaq üçün də, yersli sakinlər üçün də eynidir!..
-Şakrocan, gecələyəcəyimiz otel burdan çox uzaqdır?
-Beş-altı kilometr olar.
-Mən yaxşı istirahət etmək istəyirəm... Amma sənə olmaz, sən hökumət adamısan.
-Narahat olma, bico. Mən səni otelə yerləşdirəndən sonra gedəcəm evimə. Səhər yenə görüşərik. Tapşırmışam, səninçün şəhərin ən yaxşı yerindən bir neçə gözəl mənzil tapıblar, sabah baxar, hansını bəyənsən, alarsan!
-Mənzil qalsın sabaha. Könlüm yaxşı gürcü, erməni,.. qızları istəyir, gedəcəyimiz oteldə buna imkan vaaar, yoxsa onu da burda rüşvət kimi birdəfəlik qadağan ediblər?
-Orda səninçün hər şərait yaradacaqlar, bico, narahat olama!
-Bico, birdən polis yolda bizi saxlasa, sənin sözün keçməəz?.. Yəni, deyirəm; içkiliyik, sən tapşırsan, bizi buraxmazlar?
-Yox, bico, bilsələr ki, mən qanunu pozmuşam, səhərisi məni işdən qovarlar!
-Halal olsun, Mişa. Kişinin oğlunda hünərə bax e! Xarabazara çevrilmiş Gürcüstanı nə təhər düzəldib, qaydaya saldı e?.. Köçüb gələcəm, bico, köçüb gələcəm. Burda çox şey bizdəkindən yaxşıdır. Hələ restoran xidmətləri... Bir bu qədər yeyib-içdik, bizdən cəmisi əlli lari hesab aldılar. Bakıda yüz manatla qurtara bilməzdik. Hər şey bizdə olduğundan üç dəfə ucuzdur. Başlıcası, rüşvət yoxdur. Havası, suyu da ki, tər-təmiz. Nooslun ki, kasıblıqdır, insanlar olduqca kasıb yaşayırlar; amma insaf, hörmət, ehtiram, qanun-qayda var burda, xoşum gəldi vallah!
Şəhərin, gecələr bom-boş olan hamar küçələrində sağa-sola ləngərlənərək sürətlə şütüyən Lexsusu, sanki idarə edən yox idi. Kənardan son dərəcə kefliliyi üzündən ləngər vura-vura yeriyən, hərdən kəllə-mayallaq aşmaqdan özünü zorla saxlayan adam təsiri bağışlayırdı. Sanki çaşıb qalmışdı və bilmirdi necə, hansı istiqamətdə hərəkət etsin. Bu çaşqın, “sərxoş” Lexsusu bayaqdan izləyən polis maşınından gələn güclü səsi, nəhayət Ceyhun eşitdi.Maşının yan güzgüsündən baxanda arxada yol polisinə məxsus maşını gördü. Polis maşınından gələn səs, ona maşını sağa çəkib saxlamasını əmr edirdi. Güldü və astadan Şakroya dedi: “Həəə, başlandııı!..”
Maşını saxlayıb polisin gəlməsini gözlədi. Cavan bir polis ona yaxınlaşıb çox ədəblə özünü təqdim etdi və maşının sənədlərini istədi. Çıxarıb verdi. Polis diqqətlə sənədləri yoxlayarkən Şakroya gülə-gülə dedi:
-Bico, sizin iki-üç polisinizdən bizim bir polisimiz çıxar, ha-ha-ha!.. Xoşum gəldi sizinkilərdən: arıq, cavan, mərifətli!.. Bizimkilər kök qarınlarını zorla hərləyirlər...
Gürcü polisi sənədləri yoxladıqdan sonra əlindəki cihazı onun ağzına yaxınlaşdırıb, hovxurmasını tələb etdi. Hovxurdu. Cihaz bir neçə dəfə siqnal verdi. Polis, maşında əyləşib gözləyən komandirinə gürcü dilində, onun sərxoş olduğunu söylədi. Ceyhun bunu deyiliş tonundan anlasa da Şakrodan soruşdu:
-Nə deyir o?
-Deyir ki, sərxoşdur.
-Pul versəm, buraxmaz?
-Yoox, elə şey etmə. Götürsə belə, yerin də qulağı var, onu işdən atarlar.
Polis yenidən Ceyhuna yaxınlaşdı və yenə də çox nəvazişlə dedi:
-Zəhmət olmasa, avtomobili tərk edin!
-Bico, mən Bakıdan gəlmişəm, qonağam,-dedi və portmanatından yüz dollar çıxarıb polisə uzatdı: -Alın bunu, bizi incitməyin!
-Olmaz! Siz bizə rüşvət təklif edirsiniz?
-Alın, bu da iki yüz,.. üç yüz,.. dörd yüz,.. götürün, xahiş edirəm, kefimizə soğan doğramayın!.. Vadar etməyin ki, əlimdən xəta çıxsın!.. Eyy, bico, axı biz sizə belə deyilik! Bakıda, bilirsiniz nə qədər gürcü vaaar? Onlar heç vaxt bizdən bu cür hörmətsizlik görməyiblər!.. Axı, biz qonağıq. Heç olmasa, qonaq adına bağışlayın!
Polis ona əhəmiyyət vermədi. Harasa zəng etdi. Az sonra bir nəfər gəlib maşını əməlli-başlı yoxlanışdan keçirdi və bir kağız parçasına nəsə yazıb oa uzatdı. Alıb baxdı. Sabah maşını götürəcəyi ünvan və cərimə olaraq, ödəyəcəyi məbləğ-iki yüz lari qeyd olunmuşdu.
Onu zor-xoş maşından düşürdülər. Şakro da düşdü. Amma bacardıqca üzünü gizlətməyə çalışdı ki, tanıyan, bilən olmasın.
Ceyhun az sonra gözdən itən Lexusunun arxasınca son dəfə baxıb köks ötürdü və astadan dedi: “Off, qurban olum sənə, ay Bakı!”
İki dost qaranlıq küçədə dayanıb baş-başa vermişdilər. Şakro sürücüsünə zəng etmək istəsə də, çox gec olduğunu düşünüb onu narahat etmək istəmədi. Üstəlik də sürücüsünün onu bu vəziyyətdə görməsini istəmirdi.
Dayanıb ünvana getmək üçün taksi gözləyirdilər. Bu vaxt bir kişi qəfildən hardan və necə peyda oldu, bilmədilər.  Kişi Ceyhuna yaxınlaşıb gürcü dilində soruşdu:
-Bico, harasa aparmaq lazımdıır?
-Yox. Elə bura yaxşıdır,-Ceyhun dedi. Hələ də inanmaq istəmirdi ki, onun maşınını əlindən alıb aparıblar. Elə güman edirdi ki, bir az sonra, “qonaqdır, Bakıdan gəlib” deyə, hörmət, ehtiram naminə maşınını geri qaytaracaqlar.
Şakro bərk sıxılır, utanırdı. Eşidən, bilən olsaydı ki, o gecənin bu çağında küçənin ortasında belə bir axmaq vəziyyətə düşüb, qınayardılar onu.
-Kardeş, sizi bir dakka olaar?-bayaqkı kişi Ceyhunun türk olduğunu danışığından bilincə, türkcə dedi.
-Hə, buyur görək!.. Gürcüstanda qonağa qarşı bu cür hörmətsizlik, sayğısızlıq olduğunu bilsəydim, bura ayaq basmazdım!.. De görək, sən nə istəyirsən?
-Kardeş, şura yaklaşıın!-kişi Ceyhunu aralıda saxladığı mavi rəngli köhnə Jiqulisinə doğru apardı. Əyilib maşından balaca bir dəmir qutu götürdü və onun gözləri qarşısında silkələdi. Qutunun içində dəmir cingiltisi eşidildi.
-Həə, noolsun?
-Kardeş, şu karşıdakı kazinoyu görüyormusunuz?
-Hə, sözünün canını de!-kişinin burda yaşayan benderlərdən olduğunu anlayıb gülümsədi. Hətta düşündü ki, bəlkə də arvadınn qohum-əqrəbasındandır.
-Ben tüm paramı haman kazinoda uduzdum, kardeş. Olan-kalanım şu kutudaki  kuruşlardır. Evime gitmeye korkuyorum. Karım beni suçlayacak. Siz onu tanımıyorsunuz, vahşinin teki.
-Nə istəyirsən, pul verməliyəm sənə?
-Kardeş, əlli lari yetər. Sizi seherecen hara isteseniz aparar, gezdirerem!
-Ermənisəəən?
-Yok, kardeş gürcüyüm!
-Yalan danışırsan! Bu cür gürcü olmaz! Odur bax, gürcü mənim Şakro qardaşımdır. Əsil gürcü o cür olar!.. Bender olmayasan?
-Evet, kardeş, benderim!-sürücü gülə-gülə dedi.
-Əla. Day de ki, bizim arvadağanın tayfasındansan dəəə!..
Maşına əyləşdilər. Kişinin aşığı şeş atırdı. Yolda üzünü Ceyhuna tutub dedi:
-Kardeş, istersiniz, sizinçün super kızlar da getirerim. Gecesi, elli dolar . Çok yakışıklı kızlardır.
-Ey, bender, biz küçə adamı deyilik, sür otelə!..
Benderin tanış qadınları vardı. Əksər hallarda öz müştərilərinə təklif edirdi onları. İstəyən olan kimi zəng edib qadınları çağırır, müştərilərdən hər qadın üçün aldığı əlli dolların otuzunu onlara verir, iyirmisini isə özünə götürürdü...
...Gecəni yata bilmədi. Gözlərinə yuxu getmədi səhərəcən. Maşını əldən getdiyi üçün özünü alçaldılmış, təhqir olunmuş hiss edirdi. Elə hey “Bakının qadasını alım. Ağrısını alım bizim polsilərin. İstəyirsən bir litr araq iç, maşın sür, saxlasalar əllicə manat verirsən, düz mənzilinəcən səni müşayiət edirlər! Bir yox ey, lap yüz qanun yazılsa, yüz fərman verilsə, yenə də kişidirlər, sözlərindən dönməzlər; pulunu ver, al canını, qurtardı, getdi. Yoxsa, burda,.. iş tapıblar özlərinə. A kişi, dörd yüz dollara yaxın durmadılar e!.. Az puldur, dörd yüz dollar?.. Ona görə də acından ölürsünüz dəəə. Polis deyilsiniz ki, qarnınızın dərisi acınızdan dalınıza yapışıb... Belə çıxır ki, burda pul, rüşvət hesabına universitetə-zada uşaq da qəbul etdirmək olmaz!.. Qurban olum sənə, Azərbaycan, qurban olum!..”
Oğlunu özəl universitetlərdən birinə ötən il rüşvət hesabına qəbul etdirmişdi. Bu il də yenə rüşvət verib özəldən dövlət universitetlərindən birinə keçirtmişdi. İmtahan qiymətləri də rüşvət hesabına yazılırdı.
O, özü də bilmədən, hiss etmədən yoluxmuşdu; rüşvət öldürücü xərçəng xəstəliyi kimi onun da ruhuna, hissinə, duyğusuna, ədəbinə, mərifətinə, insanlığına yerikləmişdi. Bu “xərçəng” insanı cismən yox, ruhən məhvə aparır, mənliyini şikəst edir, hissis, duyğusuz, rəhmsiz, mərhəmətsiz bir müqəvvaya çevirirdi...
Səhəri gün maşınını cərimə meydançasından götürüb Şakro ilə görüşdü. Gecə baş verənlərlə ilgili üzr dilədi və Tiflisdən mənzil almaq fikrindən birdəfəlik daşındığını söyləyib, sağollaşaraq, ayrıldı.
Maşını Qırmızı Körpüyəcən sürətlə, dəli-tərsinə idarə etdi. Sanki bununla kimlərdənsə heyfini çıxmaq istəyirdi. Arxayın idi; yol polisi sürətə görə onu saxlamayacaqdı. Azərbaycandakı tək burda saysız-hesabsız radar yox idi. Burda yeganə tələb olunan o idi ki, sərxoş halda maşını idarə etməyəsən.
Öz-özünə zümzümə edir, hərdən ucadan səslənir: “Gəlirəəəm, gəlirəm qoynuna, anam Azərbaycan! Özüm ölüm bir dənəsən! Tayın, bənzərin yoxdur yer üzündə!.. Səni atıb getsəm, verdiyin çörək haramım olsun, içdiyim suların gözülərimdən gəlsin!..”-deyib hayqırırdı. Bütün varlığına hakim kəsilmiş dəhşətli “Xərçəng” xəstəliyindən isə, qətiyyən xəbəri yox idi...

Комментариев нет:

Отправить комментарий