17.03.2013

Dəyərlərin dəyəri

Elçin Bayramlı

Son dövrlərdə milli və bəşəri dəyərlərə qarşı hücumlar artıb. Öz əxlaqını, vicdanını, namusunu - dəyərlərini qoruyan insanlara Söylü demiş, belə birtəhər baxırlar. Bunu konkret kimlər edir, Şərif demişkən, “subutalni-dokumentalnı” sizə deyə bilmərəm, amma necə və niyə edir, bu haqda bəzi mülahizələrim var.
Avropa, Qərb dəyərləri adı altında bizə sürətlə və ardıcıl sırınan dəyərlərin mənəvi tərəfləri faciədir. Bunu çox vaxt maddi, texnoloji inkişafla bağlayıb deyirlər ki, görürsünüzmü, onlar mənəvi dəyərləri kənara qoyublar deyə necə inkişaf ediblər.
Lakin bir ağıllı çıxıb onlara tək bir Yaponiyanı nümunə göstərəndə boğazları quruyur. İndi necə izah etsinlər ki, bir xalq öz dəyərlərini, dinini, ənənələrini, əxlaqını qoruyaraq da dünyanın ən inkişaf etmiş xalqına çevrilə bilir. Qısası, bu arqumentə bir quş.
İkinci arqument insan hüquqları adı altında cəmiyyətimizə dürtülən dəyərlərdir.
Məsələn, qadın hüquqları, uşaq hüquqları, cinsi azlıqların hüquqları və s.  Mən başa düşmürəm, bizim cəmiyyətdə qadınlar, uşaqlar, xəstələr əzilirmi? Psixi xəstələri nəzərə almasaq, xeyr!
Kişilərin həmişə onlara diqqətlə, qayğıyla, fədakarlıqla yanaşdığını görmüşük. Azərbaycan qadını həm evinin, ailəsinin xanımı olub, həm də cəmiyyətə xeyirli ictimai fəaliyyət göstərib. Qadın azadlığı budur, indi TV-lərdə, seriallarda təbliğ olunanlar deyil. Məncə, bir xanımın elmi ixtiralar etməsi üçün onun 1 qarışlıq mini-yubkada gəzməsi və ya müxtəlif kişilərlə intim münasibətlərdə olması tələb olunmur.
Bizim ailə institutumuzda və cəmiyyətimizdə qadının, qızın öz layiqli yeri var. Amerikalı və avropalıya azərbaycanlı kişinin öz anası, xanımı, bacısı, qızı uğrunda düşünmədən canını qurban verməsi bəlkə qəribə gələr, amma bizdə bu, müzakirəsi belə mümkün olmayan avtomatik reaksiya hesab olunur.
Bizdə uşaqlar döyülüb öldürülürmü? Xeyr! Sadəcə valideyn bəzən tərbiyəsi pozulmasın deyə uşağına qulaqburması verir. Əks halda həmin uşağın axırı məsələn, hippiyə, emoya, ən yaxşı halda cinayətkara və ya narkomana çevrilər. Uşağını qorumaq, onun pozulduğunu gördükdə cəzalandırmaq valideynin borcu və haqqıdır.
Məgər dövlət cinayət törədən vətəndaşı cəzalandırmırmı? Məgər bəzi qayda və qanunlar, tələblər havayı yerəmi qoyulub? Niyə valideynin öz uşağını danlamağa, qulaqburması verməyə haqqı çatmamalıdır? Bəlkə 15 yaşlı qızcığaz gecə saat 3-də pritondan atasına zəng eləyib desin ki, mənim bəzi vacib işlərim var, özüm kefim istəyəndə evə gələcəm?
Ya da bizdə cinsi azlıq nümayəndəsi şallaqlanırmı, ya da küçədə döyülürmü? Xeyr! Sadəcə onlar cəmiyyətə nümunə göstərilib başa çıxarılmır. Onlara vəziyyətdən asılı olaraq ya xəstə kimi, ya da əxlaqi cəhətdən pozğun adam kimi baxırlar. Haqlıdırlar da.
Yaxşı, bəs onda nə deyib bizim ailə institutumuzu dağıtmaq, cəmiyyətin əxlaqını dəyişmək istəyirlər? Çətin sualdır. Bunu bu işlə ciddi məşğul olan beynəlxalq və yerli təşkilatların rəhbərlərindən soruşun. Mən imkan düşdükcə soruşuram ki, boğazları qurusun...
Dəyərlər dəyişib, dəyişir, dəyişəcək. Amma bu dəyişmə mütləq mənfi istiqamətdəmi olmalıdır? Müsbətə doğru dəyişmək olmazmı? Məgər mənəvi keyfiyyətlər maddi nemətlərdən istifadə, elmi-texniki inkişaf üçün problem yaradır? Yaratmır! Bəs onda nə baş verir? Əslində, nə baş verdiyi, necə baş verdiyi yox (bunlar məlumdur), niyə baş verdiyi müzakirə obyektidir.
Mənə aydın deyil, inkişaf etmək üçün mənəvi dəyərləri başqa sivilizasiyadanmı qəbul etməliyik, özümüzünkü yaramırmı? Yaramırsa, niyə sovet dövründə, həm dəyərlər qorunurdu, həm də ictimai, sosial, mədəni, elmi, texnoloji inkişaf gedirdi?
Hər mədəniyyətin özünün psixoloji-ruhi-mənəvi dəyərləri var. Texnoloji inkişafın bura heç bir dəxli yoxdur. Olsaydı, konservativ Yaponiya ilə rasional Qərb arasında elmi-texnoloji cəhətdən fərqlər çox olardı.
Əgər inkişaf etmək üçün üzümüzü mütləq harasa tutmalıyıqsa, niyə bu məhz Qərb (Amerika, Avropa) olmalıdır? Məgər dünyanın başqa tərəflərində nümunəvi cəmiyyətlər yoxdurmu? Bəlkə Şərqə inteqrasiya edək, məsələn, Yaponiyaya. Nə deyirsiniz?

elçin.bayramli@hotmail.com                  teleqraf.com

Комментариев нет:

Отправить комментарий