01.06.2013

Avanqard Ədəbiyyat Haqqında Mühazirə

Namiq Hüseynlinin tərcümələri

Vitezslav Nezval


Xanımlar və cənablar, iltifat göstərib məni avanqard ədəbiyyat haqqında mühazirə oxumağa çağırmışınız və mən indi bir az çətinlik qarşısındayam. Bu mövzunu axı necə başa düşmək olar! Düşünürəm ki, siz məndən ədəbi dərgilərdə və məcmuələrdə ədəbiyyatla maraqlanan hər bir kəsin oxuya biləcəyi, bir-birinə bənzəyən ifadələrin təkrarını eşitmək istəmirsiniz. Avanqard ədəbiyyat haqqında çoxlu tədqiqatlar dərc olunub və əlbəttə ki, onlar sizə məlumdur. Mən prinsipial adlanan məsələlər üzərində dayanmayacağam. Məni hal-hazırda ədəbiyyatda meyarların, böhranların yersiz olub olmaması, yaxud incəsənətin müasir cəmiyyətdə hansı funksiya daşıması heç də narahat etmir və gələcəkdə onun necə olması kimi tapmacalarla özümü gücə salmaq istəmirəm.
Bu qəbildən olan sualları başqasının öhdəsinə buraxıram.
Şəxsən mən elə hesab edirəm ki, incəsənət elə təbiətin özü kimi başa düşülməlidir və şairlə oxucu arasında vasitəçi rolu oynamaq iddiasına düşənlər elə də uğurlu peşə seçməyib. Mən özüm sənətkarın getdiyi yolu, onu məqsədə aparan fikirləri dərk etməyə kömək edən tarixi-ədəbi əsərləri maraqla oxuyuram. Deməliyəm ki, müxtəlif düsturlarla poeziyanı divara hörən müəlliflərin nəzəri mülahizələrindən zövq alıram. Sənətkarla nəzəriyyəçinin düşüncə tərzi arasındakı uçurum keçilməzdir. Bunu kiçik bir misalla sübut etməyə çalışım.
On doqquz yaşlı dahi fransız şairi Artur Rembo, öz hisslərini xurafatla azca da olsa ağırlaşdırmamış, hər hansı bir sistemə sığmayan ahəngdarlığa yiyələnmiş, qeyri-adi, inkişaf etmiş ədəbi yaddaş qazanmışdı.
Heç kəsə bənzəməyən bu gənc, günlərin bir günü, əlifba haqqında xatirələrlə təmas nəticəsində təkcə öz fantaziyası və qafiyə tapmaq qabiliyyətinə arxalanaraq saitləri mədh edən bir şeir yazmaq fikrinə düşdü. O incə hissiyyatlı, rəngləri görmək qabiliyyətinə malik biri olduğu üçün, hər bir saitin öz rəngi olduğunu aşkarladı.
Heç şübhəsiz ki, psixoloq səslərin, rəngini qavrama prosesinin nə qədər subyektiv olduğunu, fərdi assosiyasiyalardan asılılığını və formullarla məhdudlaşdırmağın mümkün olmadığını bilir, ancaq bütün bunlar nəzəriyyə fanatiklərinə şeir yazarkən sözləri təşkil edən hərflərin rəngini nəzərə almağın vacib olduğu inamına əsaslanan ədəbi məktəb yaratmağa heç də mane olmadı. Əlbəttə, Rembo belə şablon cızmaqaralarının sənətkarın improvizasiyası nəticəsində meydana çıxdığını başa düşməyən, qayda və üslub fanatiklərinə gülərdi.
Əgər əsl şair onlara istehza edirsə, həssas oxucu onu artıq bir şey sayırsa, bilmirəm onda belə nəzəriyyə kimə lazımdır. Ola bilsin, ikinci dərəcəli şairlər bu nəzəriyyəni müdafiə üçün yarayar, onların plaqiat yaratmasına imkan verər və özlərini elə göstərlər ki, güya onlar metodologiyaya uyğun yazırlar.
İkinci dərəcəli şairlər və ədəbiyyat nəzəriyyəçiləri ittifaq gizli ittifaq yaratmış adamlardır. Onların məqsədi imkan daxilində kütlənin başını aldatmaqdan ötrü bir-birinə kömək etməkdir. Əsil şair və nəzəriyyəçi isə həmişə bir-birlərinə yabançı olurlar, çünki nəzəriyyəçi, şairin yaratdığı qeyri-adiliyi ehkamlandırmağa macal tapmamış, şair yeni bir qeyri-adiliklə onu çıxılmaz vəziyyətə salır.
Marsel Prust son dərəcə incə və əsaslı bir üsulla fərdin nə qədər çoxmənalı olduğunu sübut etmiş və bir qədər də obrazlı ifadə etmək arzusu ilə demişdir ki, ümumiyyətlə insan çoxlu müxtəlif “mən”lərdən ibarətdir. Təbiidir ki, o hər hansı bir patoloji halı, fikir və hisslərin, lunatiklərdə olduğu kimi təzahürünü nəzərdə tutmurdu, o sözün ən ciddi mənasında insanla məşğul idi və onun çox mənalılığını kəşf etmişdi. Onu personajları şəxsiyyətləşdirməkdə günahlandırırlar, ancaq belə qənaət yalnız Prustu və yeni psixologiyanı başa düşməməkdən irəli gələ bilərdi. Əgər biz zahiri bir baxışla insanda monolit fərdilik aşkara çıxarırıqsa, bir başqası insanda şəxsiyyət əvəzinə ancaq paltarını və maskasını görürsə, Prust xarakterin ardıcıllığı ilə bağlı cəfəngiyyatla əylənməyi özünə rəva bilməyərək, ətrafında insan “mən”i kristallaşmış saysız-hesabsız maqnetik mərkəzlər tapdı.
Bizim daxilimizdə üsyankarlıq, yaxud sosial hissləri ifadə edən mərkəzlər vardır. Lakin cəmiyyətə münasibətimizdə bizim şəxsiyyətimizə xas olan cəmiyyətə zidd qeyri-etik indifferent başlanğıclar cəmlənmiş başqa mərkəzlər də özünü göstərir. Səhərlər yuxudan oyanarkən siz gah qanısoyuq, adamayovuşmaz birisi olursunuz, gah da özünüzü ən xoşbəxt varlıq hesab edirsiniz.
Öpüşdən fərqli olaraq diş ağrısı dünyanı gözümüzdə son dərəcə dəyişdirir. Və qismətimizə bədbəxt bir gün düşəndə bizə elə gəlir ki, həmin gün öz arxasınca bədbəxt günlərdən ibarət uzun bir yük qatarı çəkib gətirir, hamısı da bizə ümidsizlik gətirmiş həmin günə bənzəyən xoşagəlməz günlərdir.
Bax bu cür içərimizdə gəzdirdiyimiz çoxlu “mən”in hər biri öz poeziyasını yaratmaq qabiliyyətinə malikdir.
Beləliklə, əgər “Avanqard ədəbiyyat” termini təqribən, akademik xurafatla ideya və məzmundan məhrum edilməmiş ədəbiyyat kimi başa düşülərsə onda bu ədəbiyyat insanın çoxcəhətli daxili dünyasının canlı ifadəsi olacaqdır.
Oxuduğunuz kitab sizə bir çox başqa kitabları xatırladırsa, siz onu köhnə və cansız bir şey kimi kənara qoyursunuz.
Buna görə də müvəffəqiyyət qazanmaq istəyən şair bu vaxta qədər deyilmiş şeylərdən qaçmağa başlayır. Hər hansı hətta adət olunmamış şeir yazmaq üsulu, əgər ondan çox istifadə edərlərsə, zaman keçdikcə ənənəvi olur və bir zaman incəsənətdə qəti dönüş yaratmış estetik nəzəriyyə ikinci dəfə istifadə olunduqda dustaq ayağındakı qurğuşun kündəyə çevrilir və ilhamın uçuşuna mane olur.
Bunun üçün də incəsənətdə bizim marağımızı oyadan ilk şey onun yeniliyidir. Əlbəttə, yenilik canlı incəsənətin yeganə əlaməti deyil. Belə olsaydı, onda pianino arxasında oturan hər bir kəs yumruğunu klavişlərə vurub özünü novator hesab edərdi. Mən sizə Benjamin Kremyenin Marsel Prustun bədii orijinallığı necə başa düşməsi haqqında pasajını oxuyacam:
“Hər hansı yad bir fikrin bizim fikrimizi əvəz etməsindən “kağızdan kəlmə” “kitabdan kəlmə” olmaqdan nəyin bahasına olursa olsun qaçmaq lazımdır. Ancaq bizim hər birimiz az da olsa bu günaha batırıq...
Bədii əsər vərdiş olunmuşa qarşı mübarizədir. Bizim gerçəkliyə normal baxışımız vərdişin mütləq hakim olduğu passiv, avtomatik baxışdır... Şairin vəzifəsi isə bu avtomatizmi qırmaqdan, gerçəkliyi daha aktiv qavramaqda bizə köməkdən, vərdişkarlığın həmin gerçəkliklə bizim aramızda necə pərdə çəkdiyini göstərməkdən ibarətdir.
Böyük yazıçı və böyük sənətkar o kəsdir ki, heç nəyi vərdişkaranə qəbul etmir, ətrafda nə varsa hər şeyi başqa bir şəkilə salır, cavanlıq gətirir. Dünyaya belə bir baxış nə qədər orijinal olsa oxucuya onun passiv və vərdişə əsaslanan dünya duyumunun saxtalığı bir o qədər aydın olar, lakin eyni zamanda yenilik yaradıcısının nöqteyi-nəzərinə qoşulmaq da oxucu üçün həmin dərəcədə çətin olar. Uyğunlaşmaq üçünsə oxucudan sənətkarın təklif etdiyi gerçəkliyə baxışın yeniliyinə və gözlənilməzliklərinə cavab verəcək səy tələb olunur. Ona dünyanı yeni tərzdə dərk etmək lazım gələcək. Ona vərdiş etdiyi bütün irsi və sonradan qazanılmış assosiasiyalardan, hər hansı hamıya məlum və hamı tərəfindən qəbul olunmuş həqiqətdən imtina etmək bahasına dünyanı yeni tərzdə dərk etmək lazım gələcək. Sözsüz, əgər hər bir insan özbaşına, Dekart Hollandiya kurortunda etdiyi kimi, sıfırdan başlaya bilsəydi, son dərəcə gözəl olardı. Ancaq hamıdan bu cür zehni iş tələb etmək olmaz. Bu səbəbdən də bu işi orijinal sənətkarların öz ixtiyarına buraxmaq lazımdır və qoy onlar köhnə zövqlərdən əl çəkmək istəməyən kütlənin müqavimətinə zidd olaraq dünyanın mənzərəsini təzələsinlər və əvvəlcə seçilmiş adamlara, sonra isə bütün insanlara yeni obrazları və assosiativ təsvirləri təlqin etsinlər...  Lakin əslinə qalsa, şeylərin zahiri tərəfinə orijinal baxış hələ kifayət deyil. Çox vaxt hətta ən “istedadlı” sənətkarlarda belə zahiri görünüş arxasında duyulan, hisslərlə dərk edilən gerçəkliyi görmək üçün tələb olunan iradə çatışmır. Əslində sənətkar odur ki, öz intiusyasının köməyilə gerçəkliyə vara bilir... Belə olduqda incəsənət kökündən büsbütün düşünülmüş şəkildə orijinallıq axtarışına çevrilərək, gerçəkliyə əsl orijinal baxışın yalnız asan olmayan mübarizə nəticəsində mümkün olması, atavizmin, tərbiyənin və vərdişin bizə miras verdiyi nə varsa, sadəcə olaraq başlı-başına buraxılması və hər şeydən əvvəl öz düşüncəmizə hopmuş bu irsi qatların kökünü kəsməyin vacibliyi fikrinə əsaslanacaqdır. İdeal kitab o kitabdır ki, az-çox zəmanənin xarakterinə uyğun, gerçəkliyi təhlil edən, dünyaya hamı tərəfindən qəbul olunmuş baxışları, yaxud ayrı-ayrı predmetləri alt-üst edən və tamamilə başqa, orijinal və subyektiv, seçilmiş adamların, oxucu elitasının mənəvi fəaliyyətini sürətləndirən, onlara yeni bir istiqamət verməyə yönəlmiş baxışları təlqin edən bir dildə yazılsın. Tədricən həmin baxış geniş dairələr tərəfindən mənimsənilir, hamı tərəfindən qəbul olunur və artıq yaşamaq hüququ qazanmış və qəbul olunmuş bu baxışı titrədən və daha yeni təsvirlər təlqin edən yeni bir kitab meydana gələnə qədər hökmranlıq edir”...
Kremyenin bu sözləri ədəbiyyat tarixində, elədə də ayrı-ayrı şəxsiyyətlərin tarixçələrində gedən prosesləri çox aydın xarakterizə edir.
Buna görə də şair təzə-təzə dünyanı qeyri-adi bir bucaq altında görməyə başladığı, şərtilikləri dəf etdiyi, təzə-təzə onun yeni görmə üsuli ayaq tutduğu bir vaxtda o, daha yeni kəşflər etməklə, öz kəşfinə qarşı durmalı olur. Jan Kokto yazır ki, şair yorulmadan öz oyun qaydalarını dəyişir.
Rembo öz hisslərini sistemli şəkildə uçurmaq yolu ilə incəsənətdə yeni kəşflərə nail olan aydın görüşlü şair olmaq arzusundaydı. Hisslərin uçurulması isə vərdişə, əldə edilmiş xasiyyətə qarşı mübarizə deyilsə bəs nədir!
Bu gün öz orijinal yaradıcı “mən”lərini yuxugörmədə axtaran sürrealistləri görürük. Təlim və təhsillə, vərdişlə ağırlaşmış ağıl əvəzinə onlar heç olmasa yuxuda öz azadlıqlarının bir hissəsini qoruyub saxladıqları təhtəlşüur “mən”ə daha artıq etibar edirlər.
Biz yeni psixologiyadan bilirik ki, əhəməyyətsiz və zahirən kiçik səbəblər tez-tez mürəkkəb ruhi hala gətirir, ruhi xəstəliklər əhəmiyyətsiz, subyektiv təəssüratlardan doğa bilir, buna görə də incəsənəti bu və ya digər əlamətə əsasən növlərə bölən poeziya haqqında məlumat kitablarının səmimiyyətinə inanmamalıyıq.
Ədəbiyyatşünaslıq vasitələrinin və reformatorlanın metodu, səthi, təxmini metoddur və kobudcasına uydurulmuş bu cür tezislər ətrafında aparılan polemikalar da ciddi oxunmağa dəyməz.
Sənətkarlar və onların əsərlərinə aid olan ədəbiyyat tarixi və analizi, əgər onlar qarşılarına efemer ədəbi tənqidi jurnalistika məqsədi deyil, daha dərin məqsədlər qoyurlarsa, əsaslandırılmış və yaxşı sənədləşdirilimiş elmə çevrilməlidir.
Əgər mənə avanqard incəsənət haqqında yekun olaraq bir söz demək lazım gəlsəydi, onda mən deyərdim: özünü yüksək nailiyyətlərinə forma və fikirlərin zənginliyinə görə o, ötüb keçmiş yüzilliklərin yaradıcılığını üstələyən bir incəsənətdir.
Müasir sənətkar hamının ümumi malı olmuş şeylərdən bacardığı qədər xilas olmalıdır, bacardıqca yeniliyə özünəməxsusluğa meyl etməlidir. Müxtəlif təsəvvürlər arasında qəribə, qeyri-adi rabitə kəşf etmiş Rembonu yada salın, sözləri qeyri-ənənəvi şəkildə yanaşı qoymaqla onlara qarşılıqlı surətdə parlaqlıq vermiş, beləliklə fransız sintaksisinə yeni məna gətirmiş Maarimeyə nəzər salın. Apolinerin dərketmənin insan qəlbini ovsunlayan incəlikləri ilə zəngin olan dəyişkən ölçülü şeirlərini oxuyan Jan Koktonun, Marinettinin, Prustun, Andre Bretonun, asanlıqla başa düşdüyünüz çex şairlərinin yaradıcılığına diqqətlə baxsanız avanqard adlanan ədəbiyyatın nə qədər çoxrəngli olduğunu anlayarsınız.
  Siz çoxlu ilk kəşf edənlə yanaşı, bu kəşləri öz sözləri ilə heç olmasa təkrar edən və xoşbəxtliyi bunda tapan kütlə ilə rastlaşacaqsınız və siz başa düşəcəksiniz ki, poetik yaradıcılıq bir-iki formulla və meyarla idarə olunmur.
Mən, nəzəriyyəçilərin ayıqlığınızı əlinizdən almaq üçün etdikləri, sizin qarşınızda tovuzquşu yelpazəsi kimi açılan bir sistem ortaya qoya bilərdim, ancaq mən sizinlə söhbətdə daha vicdanlı yol seçməyi qərara aldım.
Uşaqlar hədiyyə sevdikləri kimi biz də poeziya və ədəbiyyat sevirik, əgər sehrbazlar bizə artıq albomumuzda qorunan bir hədiyyə gətirirlərsə, biz kədərlənirik. Bu da bayram münasibəti ilə təbrik etmək kimi aydın və sadədir.

Çeviri: Namiq Hüseynli

Комментариев нет:

Отправить комментарий