Asiman Eyniyev. Detektiv roman
Bu kəskinsüjetli detektiv əsər müəllifin yaradıcı təxəyyülünün məhsulu sayılır. Romanda təsvir edilən hadisələr, ədəbi surətlərin adları, məkan, eləcə də başqa cəhətlər həyatda və reallıqdakılarla üst-üstə düşməsi istisna olunmur. Belə hallarda yazıçı milli qanunvericilik, ayrı-ayrı fərd, eləcə də rəsmi qurumların qarşısında heç bir məsuliyyət daşımadığını bəri başdan bəyan edir...
33
Lara yuxudan ayılan kimi telefonuna gələn zəngləri yoxlamağa, nömrələri gözdən keçirməyə başladı. Mayorun altı cavabsız zəngini görüb dərhal ona zəng etdi. Mayor telefona bir neçə dəqiqə cavab vermədi. Lara eyni nömrəni bir neçə dəfə yığdı.
Mayor telefonu götürəndə, sanki işi tamamlayıblarmış kimi, danışdı.
– Salam, Lara, nə olub, niyə belə həyəcanlı danışırsan? – O, hirsini boğmağa çalışdı.
– İndicə yuxudan ayılmışam. Bu gün istirahət günü olduğunu düşünmüşdüm.
Mayor telefonda səsini qaldırdı:
– Bizim üçün nə istirahət? – Deyəsən hətta əlini masanın üstünə çırpdı. Bu səsi Lara telefonda açıq-aydın duya bildi.
– Lara, mən sənə söz demək istəmirəm. Rza Abdullayevə aid şəkillər toplanılıb. Onlara baxış keçirilir. Sən bu vaxta qədər yatmısan. Sonra da mənə istirahət günündən danışırsan.
– Bağışlayın, bu dəqiqə gəlirəm. – Xəttin o başında telefon söndürüldü.
34
İşıqforda dayanan “Range Rover” markalı minik avtomobili uzun maşın sırasının dərinliyində sanki itmişdi. Abbas Abdullayev telefonu ilə zəng edirdi. Bir neçə saniyə gözləyəndən sonra danışmağa başladı:
– Danışan Abbas Abdullayevdir. Sizə maraqlı məlumatlar verəcəyəm. Qız Qalasının yanında sizi gözləyirəm. Mütləq gəlin, – deyib telefonu söndürdü.
– Qalanın yanında bir yerdə saxlayarsan, – sürücüyə tapşıran Abbas Abdullayev saatına baxdı. Bahalı qol saatının əqrəbləri saat 11:00 göstərirdi. Sanki özü-özüylə danışırmış kimi söylədi: –Yaxşı vaxtdır. Söhbətimiz uzun olmayacaq, o adamla görüşəndən sonra dərhal işə yollanacağıq.
Sürcüyə gözləməyi tapşıran Abbas Abdullayev maşından düşdü. Bərk əsən isti cənub-şərq küləyi arxadan Abbas Abdullayevin əynindəki qara ipək kostyumunun astarını üzə çıxardırdı. O, qalstukunu bir az boşaldıb addımlarını sürətləndirdi. Yolu keçəndə telefonunu çıxardıb zəng etdi. Sürücü onun arxasınca baxırdı. Qız Qalasının giriş qapısında iki mühafizəçi ətrafa nəzarət edirdi. Xarici turistlər qalanın aşağıdan-yuxarıya doğru ucalan silindrik hissəsinin şəkillərini rəqəmli fotoaparatın yaddaşına köçürdür, qalanın tarixi barədə yenicə eşitdiklərini müzakirə edirdilər. Divarlarının hündürlüyü iyirmi səkkiz metr, qalınlığı beş metr olan qalanın tarixi XII əsrə aid edilsə də, bəzi mütəxəssislər onu daha qədimi tikili sayırdı. Əhəng daşından hörülən qala iki hissədən ibarət idi. Qala daxildən yastı günbəzlərlə səkkiz mərtəbəyə bölünmüşdü. Qalanın zirvəsinə daxilindən pillələr vasitəsilə qalxmaq mümkün idi. 1964-cü ildən eyni zamanda muzey kimi fəaliyyət göstərən qala, əcnəbi turistlərini valeh etmişdi.
Bu gün həm də məktəbli uşaqlar və universitet tələbələri bu möhtəşəm abidəni ziyarətə gəlmişdilər. Bir neçə xarici turist qaladan bir qədər kənarda Azərbaycan xalçaçılıq sənətinin inciləri ilə tanış olurdular.
Skot qol saatına baxanda əqrəblər 11:20 göstərirdi.
– Salam, – deyə Abbas Abdullayev ona əl uzatdı.
Skot arxaya dönüb ona tərəf uzanan əli sıxdı.
– Sizinlə çox əhəmiyyətli bir məsələni müzakirə etmək istəyirəm. Bir az gəzək.
Abbas Abdullayev pencəyini çıxarıb əlində tutdu. Ağ, qısaqol köynəyinin boğazını qaldırıb qalstukunu çıxartdı.
– Buyurun, sizi dinləyirəm, – deyə Skot ətrafa göz gəzdirirdi.
– Kiminlə gəlmisiz? – Skot ilk sualı özü verdi.
– Sürücüm məni maşında gözləyir.
Skot arxaya baxanda, yolun o biri hissəsində dayanan qara “Range Rover” markalı maşının sürücüsünü şəhər icra hakimiyyətinin binası qarşısında görmüşdü.
– Sizə bir söz deyim, – Abbas Abdullayev əlavə etdi: – Mənimlə əlaqə yaradanda, bir az diqqətli olun. Çünki bilirəm bu dəqiqə sizi məndən çox izləyirlər.
– Siz bunu haradan bilirsiz? – Skot tərəddüdlə soruşdu.
– Bilirəm.
– Mənə zərf gəlmişdi. İçində məni tapdıqlarını bildirmişdilər.
– Zərf sizdədir? – soruşan Abbas Abdullayev özünü itirdi.
– Məndədir.
Abbas Abdullayev ətrafa göz gəzdirib bildirdi:
– Mən çox qorxuram. Bilirsiz ki, ailəm hələ də məzarlıqdan ayrılmayıb. Mən bu dəqiqələrdə evdə ailəmin yanında olmalıyam. Amma bilirəm ailəm təhlükədədir. Rza torpağa tapşırılıb. Bunun davamı gələcək. Növbədə mənəm.
Skot müəmmalı səslənən son cümləyə diqqətini cəmlədi. Baxışlarını Abbas Abdullayevin gözlərindən ayrımayaraq onun qarşısına keçdi:
– Niyə?
– Çünki mən sizinlə əmin olmadığım, amma şübhələndiyim bir sirri müzakirə etməyə gəlmişəm. Bu sirri oğlum mənə açmışdı. Çox keçmədi onu qətlə yetirdilər. Oğlumun hansısa məxfi bir cəmiyyətə qoşulduğunu hiss edirdim. Ola bilsin, hadisələr üst-üstə düşsün. Olsun ki, mənim bildiyim bu sirrin içində bir sıra qaranlıq fikirlər cəmlənib. Skot, mənim bir dostum var, daha doğrusu o adam, oğlum Rzanın dostu idi. Həmin adamla məni Rza özü tanış etmişdi. O, Akademiyada işləyir.
– Hansı akademiyada? – deyə maraqla soruşan Skot ani bir səs eşitdi. Abbas Abdullayev göz qapaqlarını geniş açıb Skotun gözlərinin içinə baxandan sonra onun üstünə yıxıldı. Arxadan açılan atəş Abbas Abdullayevin ürək nahiyəsinə dəymişdi. Ağ köynəkdə qan ləkəsi çoxalırdı. Skot özünü itirmədən yolun kənarında dayanan maşına baxdı. Sürücü maşından düşüb yolu əl hərəkətləri ilə maşınları saxlayaraq keçdi. Skota yaxınlaşan sürücü:
– Nə oldu? – həyəcanla soruşub tez Abbas Abdullayevin yerə düşən pencəyini qaldırdı.
Arxadan gələn səs:
– Əllərinizi qaldırın, təslim olun, – dedi.
Sürücü əlini yerə yıxılmış Abbas Abdullayevin üstündən çəkib pencəyi yerə buraxdı. Məktəblilər yerə yıxılmış adamın köynəyinin qana bulaşmasını görüb çığırdılar.
– Əllərinizi başınıza qoyun, diz üstündə oturun. – Xəbərdarlıq edən mühafizəçi əlaqələndiricini çağırıb dəstək istədi.
Skot gözünü sürücüdən ayırmırdı. İkisi də əllərini başına qoyub diz üstündə oturdu. Bir azdan hadisə yerinə adamlar toplaşdı.
Sonra yaxınlıqda polis maşını dayandı. Mülki formada olan iki polis əməkdaşı vəsiqələrini göstərib onlara yaxınlaşdılar. Dərhal iki nəfərin əllərini bağlayıb maşına apardılar.
– Təclili Yardım maşını çağırın, – bir nəfər ucadan dedi.
– Artıq gecdir, adam ölüb, – polis əməkdaşlarına özünü həkim kimi təqdim edərək yerə sərilmiş Abbas Abdullayevə yaxınlaşan adam söylədi.
35
Skot polis bölməsinin yerləşdiyi binanın pilləkənlərindən enəndə, bir neçə media nümayəndəsi Abbas Abdullayevin sürücüsünü dindirirdi. Sürücü gözlərini ona tərəf gələn adama zillədi. Skot onun yanından ötüb keçəndə, sürücü onu çağırdı.
– Skot Reyn, bir dəqiqə. – Jurnalistlərdən ayrılan sürücü yaxınlaşdı: – Təşəkkür edirəm, sərbəst buraxılmağımda sizin rolunuz böyük oldu.
Skot əlini adamın kürəyinə vurub bildirdi:
– Belə hallar çox olur... – deyib sonra soruşdu: – Abbas Abdullayevə arxadan atəş açdılar. Siz atəş açan adamı görə bilərdiz. Siz onu gördünüzmü?
Skot sürücüyə hipnozedici baxışlarla nəzər yetirdi.
Özünü itirən sürücü dilucu dilləndi:
– Mən heç kimi görmədim...
Skot başını yellədi, sonra küçəyə çıxıb taksi saxlamağa çalışdı.
Jurnalistlər Skota yaxınlaşıb tez maraqlandılar:
– Bu adamı haradan tanıyırsınız?
– Köhnə iş yoldaşım olub, – deyə Skot onları başından edib maşına oturdu.
Sürücü onun arxasınca bir qədər baxandan sonra öz maşınına oturub yola düşdü.
Mikrofona geniş, izahalı məlumatlar verməyi xoşlayan reportyor xanım ölkənin öndə gedən televiziya kanalı ilə canlı bağlantı yaratmış, həyəcanlı danışırdı:
“Bu yaxınlarda Rza Abdullayev torpağa tapşırılandan sonra növbə Abbas Abdullayevə çatdı. Bu gün Abbas Abdullayevi şəhərin mərkəzi küçələrindən birində, Qız Qalasının ətrafında qətlə yetiriblər. Abdullayevlər ailəsi dünənki dəhşəti hələ beyinlərindən atmadıqları halda, bu gün törədilən qətl onları daha çox məyus edəcək. Silsilə qətllər çoxmu davam edəcək? Bunu bilən yoxdur. Hadisə yerində olan Abbas Abdullayevin sürücüsünün bildirdiyinə görə, hadisə yerindən bir qədər kənarda, müdirinə aid “Range Rover” markalı maşında oturmuş, rəhbərin tanışıyla kiçik söhbətindən sonra onu iş yerinə yəni, Beynəlxalq Turizm Agentliyinə aparacaqmış. Qəflətən Abbas Abdullayevin müavizinətini itirdiyini görüb dərhal ona yaxınlaşıb. Abbas Abdullayev onunla söhbət edən adamın üstünə yıxılıb. Sürücü və hadisənin şahidi olan bir neçə adam atəşin arxa tərəfdən açıldığını qeyd edirlər. Abbas Abdullayevin kiminlə söhbət etdiyi məlum deyil. Bu qədər. Son məlumatları Liana Serkova çatdırdı.
36
Dolaşıq dalanın sakitliyini pozan naməlum adam axsaya-axsaya cibindən telefonunu çıxartdı. Havanın hərarəti yüksək olduğundan, köynəyinin yaxasını üstdən üç düymə açmışdı. Boynundan asılan boyunbağının ortasından bumeranqa bənzər dəmir parçası asılmışdı. Əlindəki çamadanını yerə qoyandan sonra “alo” dedi. Telefonda xırıltılı səslər eşidilirdi.
– İşi tamamladım. Tam əmin olun. Dediyiniz kimi oldu. Bəli həmin adamla görüşdü. Artıq qəzetlər yazmağa başlayıb. Abbas Abdullayev öldü. Bundan əmin olun. Onun söhbətləşdiyi adamı nə vaxt Abdullayevin yanına yollayacağıq? Oldu. Zənginizi gözləyəcəyəm.
Telefonu söndürən naməlum adam çamadanını götürüb dar dalandan çıxdı. Dalanın sonu “Counter Strike” adlı internet klubla tamamlanırdı. O, klubun yanından keçəndə qəfildən “Vur, vur, vur, əla qazandıq...” kimi səslər eşidəndə diksindi.
37
Milli Təhlükəsizlik Nazirliyi.
Skot hər dəfə ona yaxşı tanış olan bu binaya girəndə, burada işlədiyi köhnə vaxtlar yadına düşürdü. Binanın yuxarı mərtəbəsinə qalxanda, köhnə vaxtlarda olduğu kimi, pillələri saymağa başladı. Foyedə Nazirliyin yeni, cavan əməkdaşlarını görəndə sanki öz-özümə dedi: “Bu ölkənin kəşfiyyatçıları ən güclülərdən olmalıdır! Rusiya, Amerika, İsrail kimi bir çox ölkələr vaxt gələcək bizim praktikamızdan istifadə edəcək. Necə ki, indi bəziləri təcrübəmizdən yararlanırlar...”
Qapını döyüb açdı.
– Buyur, – deyən mayor ayağa qalxıb onu qarşıladı.
Köhnə tanışlar kimi görüşdülər.
– Sən sürücüdən şübhələnirsən? – Soruşan mayor qələmi əlində oynadıb kresloya oturdu.
Skot bir an duruxdu.
– Abbas Abdullayevə yaxın olan hər kəsdən artıq şübhələnməyə başlamışam. – Skot cavab verdi.
– Skot, səni əməkdaşlığa dəvət etmək istəyirəm. Əgər razı olsan, biz bu işi birlikdə görə bilərik.
– Mayor qəflətən ona əməkdaşlıq təklif etdi.
– Böyük məmnuniyyətlə. – Skot tərəddüdsüz razılaşdı.
– Laranı sənə, həmişə olduğu kimi, köməkçi verəcəyəm.
– Bu isə lap yerinə düşər. Lara bəs haradadır? – Skot soruşdu.
– İndicə, bu dəqiqə gələcək, – deyə mayor siyirməni açıb Rza və Abbas Abdullayevlərə aid müxtəlif vəziyyətlərdə fotoşəkilləri çıxardıb masanın üstünə qoydu.
Skot fotoşəkilləri əlinə aldı, əvvəlcə ekspertizadan çıxan Rza Abdullayevin şəklinə diqqətlə baxdı. “Nebe” yazısına təkrar rast gəldiyində bədənində ürpərti hiss etdi.
– Son görüşdə Abbas Abdullayev sənə nə dedi? – Mayor sualedici nəzərlə ona baxdı.
Skot şəkillərdən fikrini yayındırmayaraq suala cavab verdi:
– Çox qorxduğunu bildirdi. Bildirdi ki, “Ailəm təhlükədədir!” “İndi növbə mənimdir...” deyəndə arxadan atəş açıldı. Abbas Abdullayev mənimlə üzbəüz dayanmışdı. O mənim üstümə sərldi.
Sürücüsü maşından düşüb bizə tərəf qaçdı. Sonra polis əməkdaşları ikimizi də tutub apardı.
Mayor diqqətlə Skotu nəzərdən keçirib söhbətin dəqiqliyinə əmin olmaq istəyirdi.
– Başqa bir söz demədi? – Mayor dəqiqləşdirmək üçün onu süzdü.
– Yox...
– Ardbaard iki müəmmalı qətl hadisəsi. Abdullayevin ailəsi bu yükü daşıya bilməyəcək. Təzəcə Rza Abdullayevin ölüm xəbərini eşitmişdilər, bu gün də Abbas Abdullayevin. Çox böyük faciə, səs-küylü hadisədir. Skot, səni polis bölməsindən azad etmək üçün bir qədər əziyyət çəkməli oldum. Yuxarı rəhbərliyə kimi xəbər verdim. Hər halda razılaşaq ki, qətlə yetirilənlər heç də sıravi vətəndaşlar deyil, ölkənin tanınmış insanlarından, vəzifəli şəxslərindən idilər. Polis bölməsinin rəisi ilə danışanda o bir ağıza bildirdi ki, “Biz bu işi həll edəcəyik!” Abdullayevlər ailəsinin bütün işlərinə biz baxırıq dedim. O isə heç cür razılaşmaq istəmirdi.
– Niyə razılaşmadı? Mən polis rəisinə bir-iki maraqlı əhvalat danışardım, amma yeri deyil.
– Birini danış, biz də bilək, – deyə mayor gülümsündü.
– Xatırladım ki, Rza Abdullayevin reanimasiyada olan cəsədinə baxmaq üçün həkimlər polis nəfərlərini çağırıblar. Həkimlərdən onun öldüyünü öyrənən polis əməkdaşları telefonun dəstəyini asıblar. İndi hansı ölüm işindən danışmağa hünərləri çatar?
– Nə isə, olan artıq olub. Polis rəisi ilə telefon söhbətindən sonra rəhbərliyə mərüzə etdim. Heç beş dəqiqə keçmədi, xəbər gəldi ki, səni buraxıblar.
Söhbətin bu yerində Lara otağa daxil oldu.
– Salam, Skot Reyn artıq azadlıqdadır? – Lara gülümsəyib soruşdu.
– İstəmirdiz? – deyə Skot da güldü.
– Əlbəttə istəyirdim. – Lara ciddiləşib cavab verdi.
– Skot, mənə elə gəlir ki, Abbas Abdullayevin sürücüsünü dindirmək lazımdır. – Mayor təklif etdi.
– Bu işi mən özüm görmək istəyirəm. İcazə versəniz, onunla özüm görüşərdim. – Skot arxayınlıqla fikrini bildirdi.
–İcazə verirəm. Bu dəqiqələrdə Abbas Abdullayevin nəşini torpağa tapşırırlar. Onu ekspertizadan hərtərəfli müayinə edəndən sonra ailəsinə təhvil veriblər. Həyat yoldaşı Flora Abdullayevanı isə xəstəxanaya aparıblar. İndi təkcə kiçik oğlu İsa Abdullayev bütün işləri aparır.
– Abbas Abdullayevi bizim ekspertlər müayinə etdi? – Skot dərhal xəbər aldı.
– Əlbəttə, onu bizim ekspertlər müayinə etdilər. Ürək nahiyəsini deşən güllə snayper tüfəngindən atılıb. Xüsusi hazırlanıb. Beynəlxalq Turizm Agentliyi ilə Şəhər İcra Hakimiyyətinə yeni rəhbərlər təyin ediləcək. Şəhər İcra Hakimiyyəti rəhbərliyinə namizədlik Rza Abdullayevin köməkçisinin adı hallanır. Əhməd Ziya. Ola bilsin, rəhbərliyi o etsin.
– Ola bilsin yox, artıq o, idarə edəcək, – dəqiqləşdirən Skot adamı gözünün önündə canlandırdı. Pərdənin arxasından onları izlədiyi an bir anlıq gözlərinin önündən ötüb keçdi.
– Mən o adamı da danışdırmaq istəyirəm.
– Kimi? – Mayor ayağa qalxdı.
– Rza Abdullayevin yerinə müvəqqəti təyin olunmuş adamı deyirəm. – Skot açıq-aşkar sanki meydan oxuyaraq fikrini bildirdi.
– O hələ təyin olunmayıb. Sən onu tanıyırsan? – Mayor şübhəli-şübhəli soruşdu.
– Bəli, tanıyıram. O adamdan şübhələnirəm. Bu işdə mütləq onun əli olduğuna inanıram.
– Lara sizin orada olduğunuzu və sənin heç kimdən şübhələnmədiyini mənə demişdi, – mayor Laraya diqqətlə baxdı.
Lara heç bir söz demədi.
– Mən özüm Laraya elə danışmışdım, – Skot əlavə etdi: – Tam əmin olmaq üçün bir az gözləməyi düşündüm. Bəli, mən ora getmişdim. Oradan Rza Abdullayevin sonuncu dəfə olduğu ünvanla də tanış olmuşam.
– O yer haradır? – Mayor Skota bir qədər də yaxınlaşdı.
– Mən onun son dəfə mobil telefonunun siqnalının harada kəsildiyini öyrəndim. Sonra həmin yerə getdim orayla yaxından tanış oldum.
– O ünvanı bilmək olar? – soruşan Mayor barmaqlarını sıxıb şıqqıldatdı.
Skot gülümsünüb əlavə etdi:
– Şəhərin mərkəzi küçələrindən biri, insanların sıx olduğu yer. Köhnə katolik kilsənin qarşısı. Rza Abdullayevin mobil telefonun siqnalı orada itmişdir.
– Bir şeyə rast gəldin?
– Xeyr.
Skot stolun üstündəki mineral suyu götürüb stəkana süzdü, sonra bir nəfəsə başına çəkdi.
– Mənim bunlardan xəbərim yox idi, – deyə mayor əsəbiləşdi. – Onda belə çıxır ki, Lara mənə çox şeyi danışmayıb.
– Skot məndən Rza Abdullayevin telefon nömrəsinin nə vaxtdan bağlı olduğunu soruşanda, hələ bizə onun ölümü barədə məlumat gəlməmişdi. Düzdür, mən bir az şübhələndim ki, görəsən, şəhər merinə məxsus telefon nömrəsinin bağlanması Skotu niyə bu qədər maraqlandırır? Mən sizə bunu deməmişəm. Bu mənim böyük səhvimdir. Sizi inadırıram ki, bu mənim sadəcə yadımdan çıxmışdı. Həmin anda özümü tamam itirmişdim. – Mayora etiraf edən Lara çox məyus görünürdü.
– O adamı niyə sorğuya çəkmək istəyirsən? – Mayor başını yelləyib təkrar soruşdu.
– O adamla söhbət etdim. Danışığında bir səhvə yol vermədi. Amma özünü şübhəli aparırdı. Oradan ayrılanda bizi pərdənin arxasından güdürdü. Mən onu gördüm, o, dərhal pərdəni bağladı. Düzünü desəm, kürsüsündən qalxıb bizi heç yola da salmadı.
– Skot, iş artıq sənindir. – Mayor əminliklə qeyd etdi. – Lara sənə lazım olan köməyi edəcək.
Lara razı halda başını yellədi.
– Mənə rəsmi vəsiqə lazımdır, – deyə Skot gülümsündü. – Buna görə bir neçə dəfə böyük problemlərlə qarşılaşmışam.
– Hazırlanar, – deyə mayor otaqdan çıxdı.
– Lara, telefonunu artıq aça bilərsən. Bir də bu elektron poçt ünvanını yoxla, Rza Abdullayevə məxsusdur. Şifrəsini qırmaq lazımdır. – Skot əlindəki kiçik kağız parçasını Laraya uzatdı.
– Mənim bölməmə keçək, – deyə Lara qapıya tərəf addımladı.
O, telefonu söndürdüyünə görə peşmanlıq hissi keçirtdi. Lakin bu hissini bildirmədi. Dəhlizdə iri addımlar atan Skot qapıya yaxınlaşanda qapının üstündəki yazını oxuyub Laraya göz vurdu.
– A.Ş. N 01.
Lara baş barmağını elektrikli qapının sağ tərəfinə yaxınlaşdırdı. O, divara vurulmuş qara şüşənin üzərinə barmağını qoydu. Qapı iki hissəyə ayrılaraq açıldı. Kompyuter sistemli otağa daxil olanda Skot dilləndi:
– Bura necə də müasirləşib? – O, “Səs müşahidəsi” aparatına yaxınlaşdı.
– Siz hamını dinləyə bilirsiz? – Skot soruşdu.
– Yox, təkcə səni dinləyirik, – Lara əsəbi halda əlinə qələm alıb nə isə qeyd etdi.
Otaqda bir neçə sistemli aparatlar Skotun diqqətini çəkdi.
– Mənim vaxtımda belə aparatlar yox idi. Deməli, inkişaf var. – Skot əminliklə başını tərpətdi.
Son texnologiya aparatları, xüsusi hazırlanmış avadanlıqlar. “Barmaq İzləri Eyniləşdirməsi Sistemi”, “Ad Yoxlama”, “Eşelon”...
– Oho, bu aparat bizdə də quraşdırılıb? – deyə “Eşelon”u göstərib soruşan Skot lap məəttəl qalmışdı.
– Sən hələ çox şeyə təəccüb edəcəksən. – Lara gülümsəyib onun verdiyi elektron ünvanı qeyd etdi.
Skot aparata diqqətlə baxırdı. Bir neçə saniyədən sonra aparat qeyd edilən elektron ünvanın şifrəsini qırdı.
– Bütün yaddaş silinib. – Lara təkərli kürsünü arxaya verib üzünü Skota çevirdi.
– Bilirdim belə olacaq. O adamla görüşməliyəm.
– Kiminlə? Lara ayağa qalxdı.
– Mənə bu elektron ünvanı verənlə, Rza Abdullayevin köməkçisi Əhməd Ziyayla.
O, bir anlığa fikrə getdi. Nədənsə yorğunluğu hiss olunurdu. Nə qədər özünü şux göstərsə də, yorğunluq, bütün insanlar kimi, onu da ruhdan salırdı. Skot bu dəqiqələrdə çox yorğun görünürdü.
– “Eşelon” – yaddaşımda ikən qeyd edim, – aparatı göstərən Skot əlavə etdi: –Çeçenistanın lideri Dudayev bu aparatın ucbatından öldürüldü. Danışıqlarını dinləyəndən sonra siqnalla yerini təyin etmişdilər. Onun yerini bu aparat təyin etdi. Bu məlumat artıq qüvvədən düşsə də, düşünmək üçün deməyi məsləhət bildim. Çünki bu məlumatı qəzetlər, müxtəlif internet saytları lap çoxdan yazmışdılar.
– Bunları biz vaxtında öyrənmişdik, – Lara gülümsədi.
– Mən bilirəm bizim kəşfiyyatımız ən güclülərdəndir...
Skot güzgünün qarşısında saçını əli ilə arxaya verib kabinetdən çıxdı.
– Lara, bilirəm, bəlkə də məndən incimisən, amma mayora onu bildirməliydim.
– İncimədim, kim deyir ki, incidim?! Onsuz da mən o məlumatı mayora verəcəkdim. Bir az başımı itirmişdim.
– Onda mən tez tərpənmişəm, – deyə Skot güldü. Onun telefonuna zəng gəldi. Skot narazı halda başını tərpədib danışmağa başladı: – “Leo, əgər xəbərin varsa, deməli, mənim səndən əvvəl xəbərim var. Bügün işim olduqca çoxdur...”
Telefonu söndürən Skot narazı halda bildirdi:
– Bu adam məni yaman yorub...
Lara Skotdan o adamın kim olduğunu soruşdu.
– Dostum, həm də qonşum Leo məndən Abbas Abdullayevin ölüm xəbərini eşidib, – eşitmədiyimi soruşur. Mən də söylədim ki, eşitmişəm.
Skot tələsik pilləkəni düşüb maşına oturdu. Lara onun arxasınca baxırdı. Maşının pəncərəsindən Laraya əl eləyən Skot dedi:
– Telefonunu söndürmə, səninlə əlaqə saxlayacağam... – sonra üzünü sürücüyə tutdu: – Gedək.
38
Bir neçə həvəskar balıqçı istirahət gününün ləzzətini çıxartmaq üçün dənizin sahilində balıq tuturdu. Yerli insanlarla bərabər türk və bir neçə başqa əcnəbiyə də rast gəlmək mümkün idi. Günəş sanki dənizin üfüq xəttinin arxasında istəksiz yoxa çıxırdı. Sahildən kənarda, atraksiyonlarda uşaqlarla bərabər yaşlı insanların sevinc dolu yüksək, həyəcanlı səsini duymaq o qədər də qeyri-adi görünmürdü. Yaşlılar da artıq uşaqlaşmağa meylli idilər.
Diyircəkli konkiçilər öz məharətlərini boş oturacaqların üstündən aşmaqla göstərirdilər. Gənc ailələr arabalarda yenicə doğulmuş körpələrini parka təmiz hava almaq üçün çıxartmışdı. Dəniz çox sakit görünürdü. Dalğanın hündürlüyü demək olar ki, adi gözlə görsənmirdi. Sahilin kənarında uzun, ağ rəngli yaxta cüzi dalğalanan suyun üzərində bir balaca yellənirdi. Yaxtanın üstündə dayanan iki mühafizəçi, havanın hərarətinin yüksək olmasına baxmayaraq, rəsmi formalarını düymələmişdi.
Qulaqcığı qulağına sıxıb içəri məlumat ötürən mühafizəçi ağsaçlı bir nəfəri yaxtanın giriş qapısından içəri buraxdı. Ağsaçlı adam içəri daxil olanda onu qarşılayan şəxs, hündürboylu, ağırçəkili, enlikürək, sarışın, üz cizgiləri və qamətindən məşhur “Agent 007” – Ceyms Bond rolunu oynayan, Hollivud ulduzu Şon Konrini xatırladırdı.
– Xoş gördük, – qarşıdakı adam yelləncəkdən ayağa qalxıb onunla qucaqlaşdı.
– Doktor, nə gözəl mənzərədir! Ağsaçlı adam əlini uzadıb yaxtanın qarşısında gözəl panorama yaradan günəşin batmasını göstərdi.
– Həyat gözəldir. Yaşamaq isə ondan da gözəl. Dəniz gözəldir. Günəş də ondan gözəl. İşlərini hazır edəndən sonra dincəlmək isə saydığım bütün gözəlliklərin toplu halıdır, – qəribə bir əminliklə bildirən, “Doktor” ləqəbi ilə şifrələnən naməlum adam ağ, yumşaq yelləncəyə uzanıb masanın üstündən bahalı viski şüşəsini götürdü.
– İçirsən? – soruşan Doktor ikinci badəni doldurmaq istəyəndə ağsaçlı adam tez dilləndi:
– Mən spirtli içki qəbul etmirəm!
– Sənin bildiyin Fələstin malı deyil. – Doktor şüşəni qaldırıb viskinin markasını – “Macallan”ı göstərdi: – Şotland məhsuludur. Ötən əsrdə hazırlanıb, 1945-ci ildə buraxılıb. İkinci Dünya müharibəsi bitəndən sonra doldurulub.
– Yox, mənim üçün fərqi yoxdur. İstər Fələstin malı olsun, istər İsrail, spirtli içki qəti surətdə qəbul etmirəm.
Şüşəni qaldırıb badəni dolduran Doktor xəfifcə gülümsədi. Şüşəni yerə qoyub, masanın küncünə yerləşdirilən siyiriməni açdı. Kiçik soyuducudan buz dolu qabı götürdü. Gümüş maşa ilə kub şəkilli buz parçasını götürüb badəsinə saldı. Badəni əlində silkələyib bir qurtum içdi.
– Köhnə vaxtlar artıq geridə qaldı, – deyə Doktor içinin birdən-birə sərinləşdiyini hiss edərək gözəl həzzin dadını çıxartmaq üçün gözlərini qapadı. – Elə bilirsən yenə təlimlərdəsən? Artıq yaşlaşmısan, daha təlimlər yoxdur. Ancaq idarə etmək var. İdarə etmək. İndi rəhbər vəzifəsini yerinə yetirirsən. İndi sənin əmrinlə təlimlər həyata keçirilir. Gəncliyində, bilirəm, bütün gözəl hisslərdən uzaq durmusan. Elə mən də sənin kimi. Amma indi əziyyətlərimin faydasını görürəm. İndi içib dünyaya başqa gözlə baxıram. Tamam başqa nəzərlərlə...
Ağsaçlı adam:
– Təlimin də ayrı yeri var idi, – deyib dərindən nəfəs aldı.
Doktor təkrar viskidən bir qurtum içəndən sonra dedi:
– Nə qədər caza qulaq asmaq olar. İndi balaban səsinə çox xoşum gəlir. Ümumiyyətlə, Azərbaycan milli musiqi alətləri məni həmişə valeh edib.
– Başa düşmədim, balaban məgər Azərbaycan musiqi alətidir? Mən bilən, bu qədim musiqi aləti ermənilərə məxsusdur.
Ucadan gülən Doktor:
– Bu ermənilərdən nə desən, gözləmək olar. Balabanı da özlərinin milli musiqi aləti kimi qələmə verməyi xoşlayırlar. Tarixi sənədlər, Şərq klassiklərinin əsərlərində də göstərilir ki, balaban sırf Azərbaycan milli musiqi alətidir.
Ağsaçlı adam çiyinlərini çəkdi:
– Bilmirdim...
Doktor məsafədən idarəedici ilə musiqini dəyişdi. Yaxtada həzin balaban səsi ətrafa yayıldı.
– Yaxşı, de görüm, qəzetlərin əsas xəbər başlıqlarına baxmısan? – Doktor masanın üstündə olan qəzeti ona tərəf uzatdı.
Ağsaçlı adam üstdəki qəzetin birinci səhifəsində olan şəkilə baxdı. Abbas Abdullayev Skotun üstünə yıxıldığı vaxt həvəskar telefon kamerası ilə çəkilmiş foto öz işini görmüşdü. Şəkildəki mənzərədə Skot, Abbas Abdullayevi qucağında saxlayıb diqqətlə onun kürəyinə baxırdı.
– Bu sənə nəyi xatırladır? – Doktor ağsaçlı adama göz vurub badəni masanın üstünə qoydu.
Ağsaçlı adam:
– Yox, xatırlamadım, – dedi.
– Mikelancelonun məşhur “Pieta” əsərinə bənzəyir, – deyib bərkdən gülən Doktor ağsaçlı adamın kürəyinə vurdu. Ağsaçlı adam da güldü.
– Vedat bu dəfə işinin öhdəsindən layiqincə gəlib. Onu gördüyü işə görə qiymətləndirmək vacibdir. İndi növbə başqasınındır.
Ağsaçlı adam onu diqqətlə dinləyirdi.
– Skot Reyn, bu adamın zamanı, məncə, çatıb! – Doktor ayağa qalxıb yaxtanın qabaq tərəfinə keçdi. – Onun barəsində sizə bir dəfə məlumat vermişəm. Adam artıq özündən böyük işə yanaşmaq istəyir. Biz onun cəzalandırmalıyıq. Azərbaycanın köhnə kəşfiyyatçılarındandır. Belə desək, MTN-nin dincələn rezidentidir. Deyəsən, yenidən rəsmi işə dəvət alıb. Bizim əməliyyatları çökdürmək istəyir. Fikrimcə, Skot Reyn öz şəxsi kimliyini daşımır. Skot Reyn onun şərti adıdır. Sən necə fikirləşirsən, Lavri, – deyə geriyə çevrilən Doktor uzun burunlu “Revolver” markalı silahının güllələrini çıxarıb ovcuna tökdü. Yenidən yelləncəyə yaxınlaşıb oturdu. Dəsmal ilə güllələri bir-bir silməyə başladı.
– Məncə də öz kimliyini daşımır, – ağsaçlı adam, Lavri Xetser başını yelləyib əlavə etdi: – Fikrimcə, həyatına son qoyulmalıdır.
Güllələrdən gözünü ayıran Doktor qaşlarını sıxaraq dedi:
– Skot Reynin ölüm əmri verildi. Aradan götürülsün...
39
Skot binanın pilləkənini qalxdıqca, Əhməd Ziya ilə olan söhbəti yadına salırdı. Deyəsən bu gün də lift yubanmışdı. Yaşadığı mənzilin qapısını açanda üzbəüz qonşu Leon ləqəbli avara qapıya çıxdı.
– Skot, bu gün səni ikinci dəfə evdə görürəm. Bu, inanılmazdır.
– Sən məni izləyirsən? – Skot arxasını ona tərəf çevirib qapının kilidini açdı.
– Bir bura bax, sənin sifarişini yerinə yetirdim.
– Yenə nə olub, – Skot qapını açıq saxlayıb evə daxil oldu. Arxasınca içəri daxil olan Leon qapını örtüb dedi: – Budur! – Əlindəki DVD, diski ona tərəf uzatdı: – “Reguiem For a Dream” adlı filmi tapmağı o gün mənə tapşırmışdın. Nə tez unutdun! Al, bu da sənin filmin.
Skot diski əlinə aldı və minnətdarlığını bildirdi:
– Təşəkkür edirəm!
– Səbrini bas, Skot Reyn.
Leon bugünki qəzeti ona uzatdı. Skot qəzetin ilk səhifəsində olan fotoşəkilə baxdı.
– Bu, fotomontajdır. – Skot qəzeti ona tərəf uzatdı, Leona əhəmiyyət verməməyə çalışdı.
– Sən nə danışırsan, ölkənin tanınmış simalarından birini sənin qucağında niyə montaj etsinlər? Özü də güllələnmiş vəziyyətdə.
– Yaxşı, onda məlumatın olsun ki, o, hadisə zamanı mənimlə bərabər olub, indi inandın? – deyə Skot Leonla üzbəüz dayandı.
– Hadisə necə baş verib, xahiş edirəm, mənə də danış.
– Leon, söz verirəm, vaxtı çatanda, mütləq sənə ətraflı danışacağam. Amma mənə bir az vaxt ver. İndi çox yorğunam. Özün gördüyün kimi, bir neçə saat bundan əvvəl dəhşətli bir hadisə ilə üzləşmişəm. Səncə, halım necə olmalıdır?
– Söz verirsən ki, ətraflı danışacaqsan?
– Söz verirəm. Qaldı gətirdiyin filmə, hə, bu filmin soundtrekinə çox xoşum gəlir. Film özü də pis deyil.
– Hə, bilirəm. Səhər gözəl espresso hazırlamışdın. Dadı hələ də damağımdan getməyib.
– Gəl damağına bir zərbə endirim, onda daha dad bilməyəcəksən. – Skot əsəbiləşib köynəyini çıxarıb başını soyuq suyun altına saldı.
– Skot, sənə isti-isti yeni bir xəbər verim. Təxminən bir saat bundan əvvəl “Hyundai Grandeur” markalı maşın binanın qarşısında dayanıb, içindəki şəxs məhəllə uşaqlarından sənin burada yaşayıb-yaşamadığını dəqiqləşdirib. Mənə də bu barədə uşaqlar dedilər.
Başını suyun altından çəkən Skot gözləri qapalı vəziyyətdə soruşdu:
– Kim görüb? – Skot gözlərini siləndən sonra sinəsinə axan suyu dəsmalla quruladı.
– Uşaqlar görüb.
– Hansı uşaqlar?
– Bir neçə balaca uşaq. Onlar həyətdə oynayanda maşın dayanıb, içindən bir adam düşüb.
– Adam necə adam idi? – Skot kresloda oturub diqqətini cəmlədi.
– Uşaqların dediyinə görə, balacaboy, kostyum geyinmiş bir cavan olub. İstidə necə kostyum geyinirlər, bax, bu məni həmişə düşündürüb də...
– Görəsən onun təxminən neçə yaşı olardı?
– Mən haradan bilim. Mənə də uşaqlar dedilər.
– Onunla danışan uşaqları çağır gəlsin, mən də sənə dadlı qəhvə hazırlayım...
Leon tələsik qapıdan çıxdı. Skot divara işlənmiş güzgünün qarşısına keçib üzqırxan maşını işə saldı. Üzünü qırxandan sonra dodağının altından çənəsinə doğru özü bilmədən piramida şəkli alan tüklər, Skotun bədəninə soyuq külək kimi təsir etdi. Bir neçə dəqiqə güzgüdə üzündə yaranmış mənzərəyə baxandan sonra bucağı simasından itirdi. Mətbəxə keçib ayaqüstü yeməyə hamburger hazırladı. Soyuducunu açıb, sərin portağal şirəsi götürdü. Yenidən zala daxil olan Skot divana oturub ayaqlarını stulun üstünə qoydu. Hazırladığını iştahayla yemək istəyirdi ki, qapı döyüldü. Yanındakı uşaqla içəri daxil olan Leon üzünü balacaya tutub buyurdu:
– Budur o, danış görüm...
Skot əlindəkini masanın üzərinə qoyub diqqətlə uşağa qulaq asdı.
– Qara “Hyundai Grandeur” maşını binanın qarşısında saxladı. İçindən cavan oğlan düşdü. Məndən sizin evi soruşdu. Mən eyvanınızı göstərdim.
Skot əlini başına aparıb hirsini boğmaq üçün başını qaşıdı.
– Adam məndən soruşdu ki, burada yaşayır? Cavab verdim: gecələr gəlir...
– Əla etmisən, – deyən Skot, Leonu göstərib, ironiyayla əlavə etdi: – Bundan fərasətli olmayacaqsan ki? İkiniz də çıxın bayıra...
– Bəs qəhvə? – Leon xəbər aldı.
Uşağa “Çıx gedək!” deyən Leon üzünü Skota tutub incik halda bildirdi:
– Görüşərik... O, qəhvə adını çəkəndə Skotun sərt baxışlarıyla üzləşmişdi.
Skot arxadan qapının kilidini bağladı.
– Onlar artıq məni izləməyə başlayıblar. – Siyirməyə yaxınlaşıb açdı. Tünd qara rəngli “FN Five-Seven” 20 patronluq tutumu olan Belçika istehsallı tapançasının darağını açıb yoxlayandan sonra silahı hazır vəziyyətə gətirdi. – Mənim həyatım həqiqətən də təhlükədədir.
Silahı kürəyinə salıb köynəyini geyindi. Pilləkəni düşəndə telefonunu çıxardıb zəng etdi: “Lara, vəsiqəni hazırladılar? Oldu, gəlib götürəcəyəm...”
“Volkswagen Passat” markalı maşın uğuldayaraq qabağa şığıdı...
40
– ...Sən artıq öz işinin peşəkarısan, – ucadan gülən Vedat bəy siqarın arxa hissəsini kəsib klassik, xaçpərəstlərin xaçına bənzəyən alışqanla onu yandırdı. – Mənə zəng gəldi. Sənə yeni iş tapşıracağam. – Vedat xüsusi qeyd etdi.
Naməlum adam ayağa qalxıb Vedat bəyin əlindən öpdü.
– Mən insanı aradan götürəndə özümü çox yaxşı hiss edirəm, – naməlum adam yerinə oturanda axsadı.
– Yeni işin əsl istədiyin adamdır. Mənə telefonda “Onun işini nə vaxt bitirəcəyik!” soruşduğun şəxsi, Skot Reyni deyirəm.
Axsaq sevincindən təkrar ayağa qalxıb yenə Vedat bəyin əlindən öpdü.
– Bir də ikinci işin, Rza Abdullayevin məzar daşının üzərindəki işini tamamlamaqdır.
– Bos, – deyə axsaq, vahiməli, xırıltılı səsi ilə bildirdi: – Məzar daşı hazır deyil!
Başını razı halda tərpədən Vedat bəy:
– Bu, Skot Reynin yaşadığı ünvandır. Onun ünvanı bir neçə saat əvvəl dəqiqləşdirilib.
Kağızı axsağa uzatdı. Axsaq ünvana baxandan sonra boynundan asılan bumeranqa bənzəyən dəmiri öpdü.
– Bu mənə uğur gətirir. Uğurlu pərgardır.
Vedat bəy ona göz vurub dedi:
– İnanıram bizlər kimi, sənə də o pərgar uğur gətirəcək.
Axsaq ayağa qalxıb Vedat bəyin əlindən təkrar öpəndən sonra axsaya-axsaya qapıya tərəf addımladı. Vedat bəy siqarından bir udumluq tüstü sinəsinə verəndən sonra baxışlarını tavana tərəf apardı və yüksək dizaynla işlənmiş göz rəsminə zillədi.
– Hər şeyi görən göz! – deyə bərkdən güldü.

Комментариев нет:
Отправить комментарий