28.12.2010

Daş ağlamaz, qardaş!

Hüsamə bin Sərxan
 
 Fəzail Ağamalı olub Ulu Öndəri sevməyə nə var ki?..

1400 il əvvəl: İslam dünyasının ən əzəmətli fikir və düşüncə sahibi Həzrəti Əli ona qılınc çalan şəxsin kimliyini biləndə şaşırmış və demişdi: «Mən ona heç bir yaxşılıq etməmişdim.»

1400 il sonra: İslam dünyasının etiqad və inancları bəlli olmayan azəri adlı milləti 2010-cu ilin günəşli noyabr günlərindən birində inanılmaz və ağlagəlməz yaxşılıq nümunəsi göstərdi. Bu yaxşılığın ona neçəyə başa gələcəyini fikirləşmədən. O mənada ki, heç kim seçki məntəqəsinə gəlib öz seçim hüququndan istifadə etmədi. Şəxsən mənim tanıdığım hər hansı seçki məntəqəsində real səsverənin sayı 60-dan yuxarı yüksəlmədi. Halbuki hər bir seçki məntəqəsində minimum 1200 nəfərlik seçici siyahısı asılmışdı.
Dünya ölkəmizdəki sakitlikdən və əmin-amanlıqdan əməlli-başlı şokdadı və keçirilən seçkiyə münasibət bildirməyə nə münasib ad, nə də obyektiv qiymətləndirmə sistemi tapa bilmir. Məhz bu üzdən bütün müşahidə missiyalarının xüsusi olaraq qeyd etdiyi yeganə bir fraza mövcuddur: «Seçki çox sakit keçdi». Fəqət bunu ciddi, yaxud ironiya ilə qeyd etdikləri isə hələ də anlaşılmır. Bütün bu kimi anlaşılmazlıqların fonunda ölkəmizin ən «dəqiq, qərəzsiz, vicdanlı» jurnalisti Mirşahin ağa kəndiri ilan, ilğımı su kimi göstərməkdə davam edir. İqtidar ideoloqlarınınsa dünya heç qulaqlarının ucuna da deyil. Onlara elə gəlir ki, qazandıqları və əldə etdikləri nailiyyətlər sırf Tanrı hədiyyəsidir və xalqa-zada aidiyyatı yoxdur.
Hər halda, seçkini xoş-naxoş tutuzdurdular. İqtidar öz siyahısındakı «daş»ları Milli Məclisin komfortlu və yumşaq oturacaqlarında «düzməyə» nail oldu. Bu isə o deməkdir ki, xalqın xəzinəsi daha 5 il talan ediləcək, daha 5 il icrasına nəzarət edilməyən düşük və mənasız qanunlar doğulacaq. «Daş»ların doğduğu «daş qanun»lar!

1. «Qabbar Sinq» gəlsin, gəlməsin?» Olanlar olub, olacaqları deməyə cəsarətim çatmır. Desəm əvvəlcə evimin işığını, sonra öz işığımı kəsəcəklər. Tək mən bu gündə deyiləm. Bütün millət danışmağa, zir-zibillə dolu ürəyini boşaltmağa yer gəzir. Yer hardaydı, atam-qardaşım… Canlı-sansız juçokların əlindən durub-oturmağa, itirə biləcəyimiz bir tikə çörəyə xatir dilimizi soxmağa anus dəliyi gəzirik.
Minimum yaşayışını təmin edə bilmədiyimiz övladlarımız bütün arzu və istəklərini içlərində Daşa döndəriblər. Əllərindən ana-bacı əmcəyi kəsməkdən, oğurluq etməkdən, «qara» satmaqdan, «Toy olsun»da məzələnməkdən, «Onun yarısı»nda avaralanmaqdan başqa heç iş gəlməyən övladlarımızın gələcək aqibəti qeyri-müəyyən olaraq qalır. Bulaşdığımız, içində boğulduğumuz çirkabdan, üfunətdən qurtulmağa nə cəhd edirik, nə səsimizi qaldırırıq. Çünki qorxuruq. Qorxuruq ki, «Qabbar Sinq» gəlib bizi aparar.
Məəttəl qalmalı millətik, qardaş! Yüz illərdir bu millətin kişisi Daş əkib Daş biçir, qız-gəlini Daş yeyib Daş doğur. Yüz illərdir bu millətə böyüklük edənlər həmin daşlardan imarətlər, holdinqlər, vətəgələr, silah-sursat anbarları, saunalar, «quşxana»lar, qumarxanalar, həbsxanalar tikir. Yüz illərdir bu millət bir-birinə ağlamır. Heç öz əkdiyi, doğulduğu doğma daşa ağlayanı da yoxdu. Söz yox ki, Daşın Daş missiyası var. Əzəldən Daş ağlamaz, Daş Daşı sındırar, qardaş!

2. Qəribə noyabr ayı. Bu ilki noyabr ayı təkcə parlamentə seçkilərlə deyil, həm də Həcc ziyarəti və Qurbanlıq bayramı ilə rövnəqləndi. 125 deputatın yeri məlum, üstəlik ölkəmizdəki hacıların sayı daha 2000 baş artsa da, iri və xırda buynuzlu heyvanlar öz yerində, at və eşşək kimi heyvanların başsayında da kəskin azalma prosesi yaşandı. Rayonlardakı icra orqanları özlərini və pul verib almadıqları heyvanları ölkəmizin telekanalizasiyaları vasitəsilə bəh-bəhlə çəkdirdikdən sonra, əldə olunan ət məhsullarını özləri və əlaltıları arasında pay-püş etdi.
Noyabr ayının ən əlamətdar və sevindirici hadisəsi qəhrəman şəhidlərimizin cəsədlərinin qaytarılması oldu. Seçkidə iştirak etməyən millət, bütün müsbət enerjisini bu mühtəşəm hadisənin qeyd edilməsinə sərf etməklə bütün seçki prosesi ərzində yükləndiyi mənfi emosiyalardan da qurtuldu.
Dekabır ayı Turqut Ər qalmaqalı ilə başlandı. Çoxdandır danışmağa söz tapa bilməyən «Ana Sakit Partiyası»nın sədri Fəzail Ağamalı qollarını çırmalayıb, dilini yağlayıb atıldı meydana.
Deyirəm ay brat, Fəzail Ağamalı olub Ulu Öndəri sevməyə nə var ki?.. Kişi o adama deyərəm, mənim günümdə olub (daxmada yaşayıram, aylıq əmək haqqım 80 manatdır) Ulu Öndəri sevsin…

Yazımın dabanı: … Biz heç vaxt ermənilərlə barışmayacağıq. Yəni – küsülü qalacağıq.

                                                                                               xural.com

Комментариев нет:

Отправить комментарий