Ülvi Məmmədli
Azərbaycan Müəllimlər İnstitutu
Yazı niyə cəmiyyət problemlərinin kökünə təsir edə bilmir? Çox adi. Çünki qəzet oxuyanlar varsa onlar yazılanlardan xəbərsizlər deyil. Çevrəmdə nə qədər insanda qəzet oxumağa həvəs yaratmağa çalışsam da pozitiv nəticə əldə edə bilmirəm. Hətta olur ki, məcbur qalıb maraqlı hesab etdiyim yazıları şifahi səsləndirirəm, onların əvəzinə oxuyub işlərini yüngülləşdirməyə cəhd göstərirəm. Deyirəm bəlkə intonasiam, təsirli vurğularım maraq oyadar. Gülməli yerlərində gülür, kədərli yerlərdə melanxolik görünməyə çalışıram. Qarşı tərəfdən dinləmə reaksiyasına hətta bəzən həvəslənməyə nail olsam da növbəti təşəbbüsün onlardan gəlməsinə heç vəchlə nail ola bilmirəm. Belə çıxır ki, əvvəlcə yazmalıyıq, sonra bu yazıları oxumayanlara oxumalıyıq. Daha düzü, oxucu əldə edə bilmiriksə dinləyici tapıb yazılarımızı onlara dinlətməliyik. Əla. Bundan ekstravaqant ədəbi mühit ola bilməz. Uzun-uzadı hecalamalardan sonra qənaətə gəldim. Mətbuat ona görə fərdiliyini itirmir ki, özündən başqa onunla maraqlanan çox azdır. Özümüzə Üzeyir bəyin sözünü aforizm sayaraq təskinlik veririk. "Əgər zalda bircə nəfər tamaşaçı varsa, deməli, onunçün oynamağa dəyər". Bir-birimizin yazısını oxuyub sevinirik. Bundan gözəl nə ola bilər?
Yazılar da müəlliflər üçün həqiqətdir. Çünki yazıları müəlliflər uydururlar. Müşahidələr də uydurmadır. Çünki hamı üçün eyni məna daşımır. Vətəndə narahat yaşayan yazarların nəzərinə: özünüz üçün bir qürbət uydurun. Orada istədiyiniz qaydalarla, arzuladığınız insanlarla yaşayın, rahatlıq tapdığınız işlərlə məşğul olun. Vətən üçün darıxanda bir avtobusa minin, bir toya, hərdən bir yasa gedin. Lap çox darıxsaz, qonum qonşuların, dostların söhbətlərinə qulaq verin, qatılmaq vacib deyil. Dəhşət darıxsaz efirdə istənilən bir verilişə baxın. Dərhal çoxlu darıxmayıb qayıdın qürbətinizə. Sərhəddən sonra da yaşamaq alınmırsa dərd etmək lazım deyil. Sərhəddən sonra belədir ki, darıxanda qayıtmaq bir az vaxt çəkir. Həm də elə qürbət yoxdur ki, orada tamamən rahat olasan. Əvvəlcə gərək qürbət deyəndə nəzərdə tutulanı müəyyən edəsən. Uzaqdan hər yer maraq doğura bilir. Hətta ins-cinsi olmayan Antarktida da. Olur. Lənət sənə ey müqəddəs, deyib Antarktidaya, ağ ayılara getmək istəyirsən. Bəs orada istədiyin qürbət olacaqmı?- düşünüb geri çəkilirsən.
Комментариев нет:
Отправить комментарий