25.12.2010

Sadə bir ailənin “sirləri”

Bu ailədə olduqca maraqlı bir insan da yaşayır – 35 yaşlı subay, 1-ci qrup əlil (ayaqları şikəst olduğu üçün yeriyə bilmir), ali təhsilli tarix müəllimi, yaxşı Quran oxuyan, fars dilini həvəskar səviyyəsində bilən, arabir də şeir yazan Zülfüqar

İndi təqdim etdiyimiz yazı isə sensasiyalardan, qışqıran məlumatlardan uzaq, olduqca adi, sakit, “tikansız” həyat keçirən bir ailə haqqındandır. Onlar elə də təmtəraqlı, zəngin yaşamır. Ehtiyac içində çabalayan ailələrdən də deyil. Bəs bu ailəni digərlərindən fərqləndirən nədir? Oxucu bu ailənin “portreti” ilə niyə tanış olmalıdır? Bir az obrazlı desək, bu ev kəndin “azadlıq adalarından” birdir. Bu evdə yaşayanlar təkcə ona görə qürur duymurlar ki, ata da, ana da, qardaş və bacıların bir çoxu da ali təhsillidir. Ona görə öyünürlər ki, bu evə heç vaxt haram tikə gəlməyib. Bu evdə atanın da, ananın da, övladların da özünə məxsus azadlığı, müstəqilliyi, həyata, insanlara orijinal baxışları var. 7 oğul-qızın, 10 nəvənin “baş idarəsi” sayılan bu ocaqda kitab oxumayan, mütaliə etməyən yoxdur. Zorla abunə edildikləri “hökumət” qəzetlərini ala bilməsələr də ailənin bütün üzvləri demək olar ki, vaxtaşırı “Azadlıq”, “Yeni Müsavat” və bir də “Cənub xəbərləri” qəzetini oxumamış mənəvi rahatlıq tapmırlar.
İndi isə bu ailəni sizə adlı, ünvanlı təqdim edək – ailənin başçısı 70 yaşı bu günlərdə tamam olmuş ali təhsilli coğrafiya müəllimi Fazil Məhərrəmov və həyat yoldaşı ali təhsilli ibtidai sinif müəllimi Əfruzə Məhərrəmovadır. Masallı rayonunun Həsənli kəndində yaşayırlar.
Fazil Məhərrəmov nəinki Həsənlinin, eləcə də ətraf kəndlərin sayılan, hörməti uca tutulan kişilərindəndir. Özü deyir ki, hansı üstün keyfiyyəti varsa, ona görə rəhmətlik atası Zülfüqar kişiyə borcludur.
Fazil müəllim :- Kəndimizdə müxtəlif vaxtlarda bir az davakar qruplar olsa da, atam həmişə dava-dalaşdan uzaq, öz alın təri ilə yaşayan bir kişi olub. Bizə də onu aşılayardı ki, heç kimin qarşısında borclu olmayın, təmtəraqdan, paxıllıqdan, ləyaqətsiz yaşamaqdan uzaq olun. İndi də özümü ona görə bəxtəvər sayıram ki, valideynlərim, həyat yoldaşım, övladlarım, eləcə də müəllimlərim və vicdanım qarşısında üzüm ağdır. Nə sovet dövründə, nə müstəqillik dövründə heç partiyanın üzvü olmamışam, amma həmişə haqsızlığa müxalif olmuşam. Nəyi bacarıramsa, xalqım üçün onu etməkdən əsirgəməmişəm.
2 il öncə ağır zəhmət bahasına olsa da, Fazil müəllim öz vəsaiti hesabına “Masallının coğrafiyası” adlı bir kitabı ərsəyə gətirib. Kənddə elə xeyirxah iş olmaz ki, orada Fazil müəllimin nəfəsi hiss edilməsin. Nə qədər mülayim olsa da, özünün və digərlərinin hüquqları pozulanda olduqca sərt və dönməz olur Fazil müəllim.
Bu ailədə ikinci hörmətə layiq insan onun həyat yoldaşı Əfruzə müəllimədir. Həsənli məktəbində ibtidai siniflərə dərs deyən bu qadın həm də fəal ictimaiyyətçidir. Qadın hüquqları sahəsində əməyini əsirgəmir. Rayon mərkəzindən 10-15 kilometr aralıda yaşasa da, bu sahədəki tədbirlərdə fəal iştirak edir, hətta bır neçə problemli ailənin müşkülünü də həll edib, boşanmaların qarşısını alıb.
Bu ailədə olduqca maraqlı bir insan da yaşayır – 35 yaşlı subay, 1-ci qrup əlil (ayaqları şikəst olduğu üçün yeriyə bilmir), ali təhsilli tarix müəllimi, yaxşı Quran oxuyan, fars dilini həvəskar səviyyəsində bilən, arabir də şer yazan Zülfüqar Fazioğlu. Onu zarafatca ailənin filosofu da adlandıranlar var.
Zülfüqar əlilliyinə görə orta məktəbə getməyib. Heç onunla məktəb müəllimləri evdə də məşğul olmayıb. Sadəcə formal şəkildə bir attestat veriblər. Lakin Zülfüqar öz inadkarlığı ilə evdə daim oxuyub, mütaliə edib, öyrənib və Lənkəran Dövlət Universitetinin tarix fakültəsinə daxil olub. Zülfüqar ali təhsil diplomu alıb, bir müddət müəllim işləyib, sonra səhhətindəki ağırlaşmalara görə bu fəaliyyətinə son qoyub.
Zülfüqar olduqca maraqlı həmsöhbətdir. Ağır şikəstliyi də onda bədbinlik yaratmayıb. O, qüruru, inadkarlığı ilə sanki şikəstliyinə meydan oxumaq istəyir. Zülfüqar:
- Məni heç kim xoşlamadığım işə məcbur edə bilməz. Xoşbəxtəm ki, belə saf, azad ailədə doğulmuşam. Cabir Novruz demişkən “Məni bu cür doğulmağım, mərd elədi, sərt elədi” Lakin hər iki valideynin müəllim olduğu ailələrdə böyüməyin də öz problemləri var. Onlar az qala ən yetkin yaşda da adama uşaq kimi baxır, nəyisə adama diqtə etməyə çalışırlar. Mən isə müstəqil olmağı daha çox xoşlayıram. Düzü, bu azadlıq duyğusu məndə türk yazıçısı Otqan Qoca Türkün “Atatürk” kitabını oxuduqdan sonra yarandı. Hazırda Müsavat partiyasının üzvüyəm. Boş vaxtım olanda Quran oxuyur, şer yazıram, klassikləri mütaliə edirəm. Heyf ki, ətrafımızda maraqlı, mərd insanlar çox azalıb, ədalət hissi itib. Sabaha nikbin baxsam da, dünyada ədalətin olduğuna inanmıram.
Ailənin sonbeşiyi Aydəniz də arabir şer yazır. Dövlət imtahanlarında 350-dən artıq bal yığsa da, ali məktəbə qəbul ola bilməyib. Lakin ruhdan düşmür. İndi Aydəniz kənddə ən yaxşı tort bişirən qız kimi tanınır. Onun hazırladığı tortlar həm dadı, həm də olduqca yaraşıqlı bəzəkləri ilə diqqəti çox çəkir. Heyf ki, yaşadığı kənd rayon mərkəzindən uzaqda yerləşdiyi üçün məhsullarını geniş meydana təqdim edə brilmir.
Bu ailədə ali təhsillilər az deyil. Ailənin ilk övladı Vüqar coğrafiya-biologiya ixtisası üzrə, qızı Natəvan coğrafiya üzrə ali təhsil alıb. Aytəkin plan-uçot, Toğrul isə yeyinti-sənaye texnikumlarını bitiriblər.
Bu ailədə öz orijinallığı və çılğınlığı ilə seçilən Toğrulu xüsusi təqdim etmək istəyirəm. O da orta məktəbi yaxşı oxuyub. Hətta Hərbi Akademiyaya da qəbul olunub. Lakin bəzilərinin saxtakarlığı ucundan uğurunu davam etdirə bilməyib. Toğrul əqidəsi, amalı yolunda canından keçməyə hazır olan bir insandır. İndi onun ən maraqlı peşəsi kənddə yaratdığı icmanın fəaliyyətini genişləndirməkdir. Toğrul və onun komandasının ilk işi Muğan gənclərini Milli Qəhrəman Mübariz İbrahimovun ailəsini kütləvi yürüşlə ziyarət etmələri olub. Bu günlərdə isə Toğrul daha bir xeyirxahlıq edib. Toğrul:
- Kənddə çoxu heyvandarlıqla məşğul olur. Lakin südü bizdən olduqca ucuz – 20 qəpiyə alırdılar. Bizim ciddi səyimizlə həmin südə yeni müştəri tapdıq və onlar əhalidən südü az qala 2 dəfə bahasına - 38 qəpiyə almağa başladılar. Bəlkə də bu, adi bir iş sayılır. Lakin dərindən fikirləşəndə bu addım 100-dən artıq ailənin gəlirlərinin az qala 2 dəfə artırılması deməkdir. Toğrulun isə planları genişdir.
Toğrul:
- İndi ətrafımızda xeyli gənc var. Kəndimizdəki insanların problemlərini öyrənir. Çalışırıq ki, elə yerli sakinlərin xeyriyyəçiliyi və köməyi ilə onlara kömək edək. Vəd verməyi xoşlamıram. Yaxın vaxtlar keçirtdiyimiz xeyirxah aksiyalarımız haqqında qəzetinizə məlumat verəcəyik.
...Bu ailədə adam özünü başqa aləmdə hiss edir. Hamının üzündə bir nur, baxışlarında bir duruluq, saflıq var. Belə ailədə pis övlad yetirmək, burada pis adam olmaq mümkünsüzdür. Nəinki həyatın çətinlikləri, heç taleyin vurduğu yaralar, bəzi uşaqların şikəstliyi də onları sarsıda bilmir. Kimi dərs deyir, kimi mal-qara alqı-satqısı ilə məşğul olur, kimisi şirniyyat bişirib hazırlayır... Bu ailənin oğlanları siqaret çəkməyi, spirtli içki içməyi, hər hansı bəd əməllə məşğul olmağı sadəcə xəyallarına gətirmirlər.
Bütün ailə isə qürur duyur ki, halal çörək qazanır, ailənin saflığını, azadlığını, mübarizliyini həmişə qoruya bilirlər.

Ülvi Məmmədli                                          cenubxeberleri.com

Комментариев нет:

Отправить комментарий