19.12.2010

Məmməd Həbib, şeir

Məmməd Həbib 

Bu çiçəklər yaz çiçəyinə bənzəməyir,
Ləçəklərində sazaq sığalı var!
Bu çiçəklər qaranlıqdan güc alır.
Ölüm qoxusu verir,
Ölüm rənginə boyanır.
Bu çiçəklər qoca doğulur,
Ölürmü bilmirəm…
Vaxtı çatanda solurmu, bilmirəm…
Bu çiçəkləri şeytanın yaxasında,
İblisin əllərində görüblər.
Bu çiçəkləri ölmüş səyyarələrin üfüqlərində,
Sönmüş ulduzların göylərində görüblər.
Bu çiçəklər yaz çiçəyinə bənzəməyir,
Sən bu çiçəkləri nədən mənə göndərin?
Sən bu çiçəkləri
Vaxtın sədlərini aşıb necə dərdin?
Kim aldatdı səni?
Yadından çıxıb yoxsa?
Sənin yaz çiçəklərin vardı.
Hərarətdən parlaqlanır,
İşığa boy atardı.
Ağa boyanardı, qırmızıya boyanardı.
Butasında açardı.
Payızın nəğməsindən xəzəllənər, solardı.
Qızların yaxasına,
Oğlanların əllərində gözəllikdən yanardı.
Kim aldatdı səni?
İblismi?
Ayıl!
Yaxandan tutub silkələyimmi səni?
Eşidirsən, bu çiçəklər yaz çiçəyi deyil!

  ***
Bir budaqda bir payız yükü-
Xəzan vurmuş bir cüt yarpaq.
Bir ovucda bir tale yolu-
Ölümü içinə almış torpaq.
Bir bağda bülbül və gül,
Gülün ətrində bülbül,
Bülbülün nəğməsi gül.
Bir evdə sən və mən,
Sənin ürəyində mən,
Mənim ürəyimdə başqa birisi…

Комментариев нет:

Отправить комментарий